Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
2012-ci ilin oktyabr ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadənin) anadan olmasının 130 illiyi tamam olur.
Hüseyn Cavid dərin fəlsəfi-estetik məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Sənətkarın dünya romantizm ənənələri zəminində bəşəriyyətin mənəvi həyatı ilə bağlı axtarışlarının ifadəsi olan lirik əsərləri, mənzum faciə və tarixi dramları qiymətli söz inciləri kimi xalqımızın zəngin bədii fikir xəzinəsində layiqli yer tutur. Ölkəmizdə teatr mədəniyyətinin yüksək nailiyyətlər qazanmasında Cavid dramaturgiyası mühüm rol oynamışdır.
Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Hüseyn Cavidin 130 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 16 fevral
2012-ci il
Azərbaycan.- 2012.-17 fevral.- S. 1.