Prezident
İlham Əliyev Qusar Rayon Mərkəzi Xəstəxanasının
açılışında iştirak etmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev fevralın 16-da Qusara səfəri çərçivəsində
rayon mərkəzi xəstəxanasının
açılışında iştirak etmişdir.
Dövlət başçısı xəstəxananın
rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin prezidenti, Milli Məclisin deputatı Rövnəq
Abdullayev dövlət başçısına məlumat verdi
ki, 170 çarpayılıq Qusar Rayon Mərkəzi Xəstəxanasının
təməli 2008-ci ildə Prezident İlham Əliyevin
iştirakı ilə qoyulmuşdur. Tikintisi Dövlət Neft
Şirkətinin vəsaiti hesabına həyata keçirilən
xəstəxananın ümumi sahəsi 2,9 hektardır. Ərazidə
əsas korpus, vərəm dispanseri və yoluxucu xəstəliklər
şöbəsinin binalarından əlavə 12 müxtəlif
yardımçı tikili və qurğu inşa olunmuşdur.
Xəstəxana bütün lazımi inventar və
avadanlıqla təchiz edilmişdir.
Qeyd olundu ki, ölkəmizdə tibb müəssisələrinin
ən son elmi-texniki yeniliklərə əsaslanan avadanlıqla
təchiz olunması, ilk növbədə əhaliyə
göstərilən tibbi xidmətin səviyyəsini yüksəltməyə
xidmət edir. Bu, həm də dövlətimizin səhiyyə
sahəsinin müasirləşdirilməsi istiqamətində
gördüyü işlərin tərkib hissəsidir.
Respublikamızda səhiyyə xidmətinin səviyyəsinin
qaldırılması və bu sahənin maddi-texniki
bazasının möhkəmləndirilməsi istiqamətində
Heydər Əliyev Fondu xüsusi fəallıq göstərir.
İndi Azərbaycanın bütün bölgələrində
mürəkkəb cərrahiyyə əməliyyatları
aparılır, istənilən xəstəliyin müalicəsi
mümkündür. Son illərdə ölkəmizdə 400-dək
səhiyyə müəssisəsi inşa olunmuş və ya əsaslı
təmir edilmişdir. Ölkəmizdə dövlət səhiyyə
müəssisələrində əhaliyə xidmət
pulsuzdur. İndi dövlət tibb sahəsində təhsilin səviyyəsinin
yüksəldilməsi, həkimlərin və tibbi heyətin
beynəlxalq səviyyədə ixtisasartırmasına
xüsusi diqqət yetirir. Azərbaycan dövləti yeni səhiyyə
ocaqlarının yaradılması, tibbi xidmətin səviyyəsinin
yüksəldilməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi
istiqamətində tədbirləri daha da gücləndirir.
Xəstəxana binasının foyesində ulu
öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin
tibb sahəsinin inkişafına göstərdikləri
qayğını əks etdirən fotostendlər
yaradılmışdır. Xəstəxanada
şüa-diaqnostika, qəbul, təcili tibbi yardım,
poliklinika, doğum, ginekologiya, pediatriya, terapiya, cərrahi-stasionar,
anesteziologiya, reanimasiya şöbələri, qadın məsləhətxanası,
əməliyyat bloku yaradılmışdır.
Dövlət başçısı xəstəxananın
dördüncü mərtəbəsindəki əməliyyat
bloku ilə tanış oldu. Məlumat verildi ki, əməliyyat
bloku ən son avadanlıqla təchiz olunmuşdur. Burada ekspress laboratoriya, reanimasiya zalı,
palatalar və intensiv terapiya palataları vardır. Xəstəxanada
quraşdırılan avadanlıq inkişaf etmiş ölkələrdə
istehsal olunmuşdur. Bu avadanlıq səhiyyə sahəsində
müasir tibbi əməliyyatlarda istifadə edilir.
Diqqətə
çatdırıldı ki, xəstəxanadakı palatalar ən
müasir tələblərə cavab verir. Burada xəstələrin
özlərini rahat və təhlükəsiz hiss etmələri
üçün geniş imkanlar yaradılmışdır. Xəstəxanadakı
doğum, pediatriya və digər şöbələr də
tibb elminin ən son elmi-texniki tələblərinə cavab verən
avadanlıqla təmin olunmuşdur. Burada onkoloq, nevropatoloq,
uroloq, kardioloq və digər həkim otaqları
yaradılmışdır. Xəstəxananın
laboratoriyası da yüksək səviyyədə
qurulmuşdur. Buradakı müasir avadanlıq laboratoriyada
biokimyəvi, bakterioloji və ümumi klinik laborator müayinələr
aparmaq üçün geniş imkanlar yaradır.
Qusar Rayon Mərkəzi
Xəstəxanasının bu cür müasir şəraitlə
təmin edilməsi, ilk növbədə, burada tibbi müayinə
və müalicə işinin ən yüksək səviyyədə
təşkili və aparılması üçün hərtərəfli
imkanlar verir. Bu xəstəxananın istifadəyə verilməsi
həm də ölkədə səhiyyə sahəsinin ən
müasir səviyyəyə çatdırılması istiqamətində
Prezident İlham Əliyevin atdığı addımların
növbəti uğurudur. Dövlət
başçısının təşəbbüsü ilə
həyata keçirilən bu tədbirlər Azərbaycan səhiyyə
sisteminin daha yaxşı təşkilinə geniş imkanlar
açmışdır. Bu sahənin yenidən
qurulmasını, əhalinin sağlamlığının
daha yaxşı təşkilini, bu sahədə müasir
texnologiyaların tətbiqini və yeni kadr potensialının
hazırlanmasını özündə əks etdirən
dövlət proqramları tibbi xidmətin səviyyəsini də
yüksəldib. Qusar Rayon Mərkəzi Xəstəxanasında
yaradılan şərait bütün bunları bir daha
sübut edir.
Səhiyyə
ocağında yaradılan şəraitlə tanış olan
Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri
və xəstəxananın kollektivi ilə
görüşdü.
Prezident İlham ƏLİYEV mərasim
iştirakçılarını salamlayaraq dedi:
- Yenidən
Qusarda olmağımdan çox məmnunam. Xüsusilə, biz
sizinlə gözəl gündə
görüşürük. Biz bu gün Qusar rayon xəstəxanasının
açılışını qeyd edirik. Çox gözəl
hadisədir.
Əminəm
ki, bu xəstəxana qusarlıların xidmətində,
onların sərəncamında olacaqdır. Bu, gözlənilən
hadisə idi. Bu xəstəxananın təməlini biz bərabər
qoyduq və ondan sonra tikinti başlamışdır. Xəstəxana
çox böyükdür. Bu zonanın - şimal zonasının
ən böyük xəstəxanasıdır. Burada ən
müasir avadanlıq quraşdırılıb, ən gözəl
şərait yaradılıb və bütün şöbələr
nəzərdə tutulub. İndi xəstəxana ilə
tanış olarkən bir daha gördük ki, bu xəstəxana
istənilən inkişaf etmiş ölkənin
standartlarına cavab verir, bəlkə də onlardan
üstündür. Həm palatalar, reanimasiya şöbələri,
əməliyyatxana, pediatriya,
doğum şöbəsi. Bu da çox vacibdir,
uşaqlarımız sağlam doğulmalıdır, sağlam
böyüməlidir.
Xəstəxananın
açılışı doğrudan da, böyük hadisədir,
çox gözəl hadisədir. Ümid edirəm ki, burada
göstəriləcək tibbi xidmət də yüksək səviyyədə
olacaqdır. Yəni, burada yaradılan şəraitə
uyğun olmalıdır. Burada quraşdırılan yeni, ən
müasir avadanlıq əlbəttə ki, insanların
sağlamlığının keşiyində duracaqdır.
Ancaq bu avadanlıqla işləmək üçün həkimlər
təlim kursları keçməlidirlər. Bu məsələ
ilə bağlı müvafiq göstərişlər
verilmişdir və burada insanlara ən gözəl xidmət
göstərilməlidir.
Bütövlükdə
şimal zonasının səhiyyə məsələləri
uğurla həll olunur, əvvəlki dövrlərdə ətraf
rayonların hamısında tibb mərkəzləri
tikilmişdir. Qubada Müalicə-Diaqnostika Mərkəzi
tikilmişdir. Siyəzəndə hələ 2004-cü ildə
Dövlət Neft Şirkəti tərəfindən xəstəxana
tikilmişdir. Ondan sonra biz Xaçmazda, Şabranda və nəhayət,
Qusarda bu xəstəxananın
açılışını qeyd edirik. Beləliklə,
şimal zonasının əsas səhiyyə məsələləri
öz həllini tapır. Bütövlükdə ölkə
üzrə hər bir bölgədə yeni xəstəxanalar,
diaqnostika mərkəzləri açılır və
açılacaqdır. Gələn ilin sonuna qədər biz
çalışmalıyıq ki, hər bir rayonda, rayon mərkəzində
ən müasir standartlara cavab
verən tibb mərkəzləri fəaliyyətə
başlasın.
Təbii ki,
Bakı şəhərində də bu proses geniş vüsət
almışdır. Bakıda son illər ərzində ən
müasir xəstəxanalar tikilmişdir. Bu xəstəxanaların
fəaliyyətə başlaması Bakını bölgənin,
yəni, regionun, o cümlədən səhiyyə sahəsində
mərkəzinə çevirəcəkdir.
Xəstəxananın
tikintisini Dövlət Neft Şirkəti icra etmişdir.
Dövlət Neft Şirkəti Azərbaycanın və
bölgənin, regionun ən böyük şirkətidir,
böyük funksiyaları, vəzifələri vardır, Azərbaycan
iqtisadiyyatının əsas hissəsi neft-qaz sektoruna aiddir.
Bununla bərabər, Dövlət Neft Şirkəti
çoxsaylı sosial proqramları icra edir. Vaxtilə mən
bu göstərişi vermişəm ki, ölkəmizin ən
böyük şirkəti sosial sahədə də ən
böyük nailiyyətlərə çatmalıdır. Mən
çox şadam ki, Dövlət Neft Şirkəti tərəfindən
artıq ondan çox yeni müalicə-diaqnostika mərkəzi
tikilmişdir.
Bütövlükdə
Qusar rayonunun inkişafında da Dövlət Neft Şirkəti
fəal iştirak edir, yeni parklar salınır, yeni muzeylər
açılır. Bu sosial funksiya hesab edirəm ki,
qusarlıların ürəyincə olmalıdır.
Qusar rayonunun
inkişafı ilə bağlı konkret proqramlar icra edilir. Mən
dəfələrlə Qusarda olmuşam və çox
şadam ki, bu rayonda həm sosial, həm infrastruktur layihələri
icra edilir. Rayonun inkişafı üçün vacib olan
Şahdağ Elektrik Stansiyası bir müddət bundan əvvəl
tikilmişdir. Bu stansiya bütün şimal zonasını
elektrik enerjisi ilə təchiz edir. Rayonun inkişafı yollar
tikilmədən mümkün deyildir. Bu məqsədlə
Bakı-Quba-Qusar avtomobil yolu tikilir və Quba-Qusar hissəsi
indi tikilməkdədir. Bununla bərabər, rayon rəhbərliyinin
xahişini nəzərə alaraq kənd yollarına da vəsait
ayrılmışdır. Əvvəlki dövrdə burada
olarkən biz Samur-Həzrə kənd yolunun
açılışını qeyd etdik. Ancaq Həzrədən
o tərəfdə yaşayan sakinlər də müraciət
etmişlər ki, onların yolları da abadlaşsın və
bu qərar da verildi. İndi Zuxul kəndinə qədər
yeni yolun çəkilişi davam edir. Bu layihə başa
çatandan sonra 30-a yaxın kənd artıq gözəl
yoldan istifadə edəcəkdir.
Əvvəlki
dövrdə Qusarda gözəl Olimpiya idman kompleksi açılmışdır.
20-yə yaxın məktəb tikilib və təmir
edilmişdir. İndi gözəl xəstəxana
açılır. Rayonun inkişafı üçün
lazım olan maliyyə dəstəyi də verilir.
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə
sahibkarlara kreditlər ayrılır və ölkə
miqyasında qeyri-neft sektorunda ən böyük investisiya layihəsi
də məhz Qusar rayonunda həyata keçirilir.
Şahdağ Qış-Yay Xizək Mərkəzinin tikintisi
sürətlə və uğurla gedir. Ümid edirəm ki, bu
gözəl, möhtəşəm mərkəz öz
qapılarını bu ilin sonuna qədər insanların
üzünə açacaqdır.
Yenə də
deyirəm ki, qeyri-neft sektorunda, xüsusilə, turizm sektorunda ən
böyük sərmayə Azərbaycanda Qusar rayonuna qoyulur. Bu
sərmayənin əsas hissəsini dövlət öz üzərinə
götürmüşdür. Dövlət büdcəsi
hesabına hazırda burada üç mehmanxana tikilir, istirahət
zonaları, yollar salınır, bütün kommunikasiyalar
çəkilir - işıq, qaz, su, kanalizasiya. Mən
çox şadam ki, özəl sektor da bizim təşəbbüslərə
qoşulmuşdur. Özəl sektor tərəfindən də
mehmanxanalar tikilməkdədir.
Beləliklə,
Şahdağ Xizək Mərkəzi dünyanın ən
gözəl mərkəzlərindən birinə çevriləcəkdir.
Buraya gələcək turistlərin sayı hesab edirəm ki,
minlərlə ölçüləcəkdir.
Təbii ki,
bu, rayonun inkişafına çox böyük təkan verəcək,
yüzlərlə, bəlkə minlərlə yeni iş yerləri
açılacaq və Qusar rayonu Azərbaycanın turizm mərkəzinə
çevriləcəkdir. Biz bu layihəni bir neçə il
bundan əvvəl başlamışdıq. Onu da demək istəyirəm
ki, layihə mənim təşəbbüsümlə
başlamışdır. Vaxtaşırı o tikinti ilə
maraqlanıram. Bir daha demək istəyirəm ki, bu tikintini
dünyanın qabaqcıl tikinti və dizayn şirkətləri
aparır və ən gözəl xizək mərkəzinə
çevriləcəkdir.
Bununla bərabər,
rayonun sosial infrastrukturunun təkmilləşdirilməsi
üçün konkret addımlar atılır. Dövlət
Neft Şirkəti burada böyük qazlaşdırma layihələrini
icra edir. Rayon mərkəzi qazlaşdırılıbdır.
İndi ətraf kəndlərdə qazlaşdırma gedir. Hələ
ki, qazlaşdırma istədiyimiz səviyyədə deyil,
ancaq qarşıya vəzifə qoyulubdur ki, gələn ilin
sonuna qədər Qusar rayonunda maksimum kəndlər
qazlaşdırılsın. Bununla bərabər, içməli
su və kanalizasiya xətlərinin yenilənməsi layihəsi
də başlamaq üzrədir. Bu layihə də çox
vacibdir. Hər bir yerdə içməli su, kanalizasiya,
işıq, qaz olmalıdır və olacaqdır.
Bir sözlə,
biz Qusar rayonunun timsalında ölkəmizin ümumi inkişaf
dinamikasını görürük. Həm iqtisadi inkişaf,
infrastruktur layihələrinin icrası, sosial infrastrukturun
yaradılması, Olimpiya mərkəzi, xəstəxana, məktəblər,
yollar, qazlaşdırma, su layihələri - yəni, ölkədə
gedən quruculuq-abadlıq işləri bu rayonda
özünü çox qabarıq şəkildə büruzə
verir və bu, məni çox sevindirir.
Bütövlükdə
ölkəmiz inamla inkişaf edir. Bütün iqtisadi göstəricilərimiz
yüksək səviyyədədir. Dünyada hökm sürən
maliyyə və iqtisadi böhran dövründə beynəlxalq
maliyyə qurumları Azərbaycanın iqtisadi reytinqini
artırırlar. Avropanın inkişaf etmiş ölkələrinin
reytinqləri aşağı düşdüyü halda, Azərbaycanın
reytinqi qalxır. Bu, ölkəmizdə görülən
işlərin nəticəsidir. İş olan yerdə nəticə
də olur. Biz işləyirik və özü də
yaxşı işləyirik.
Keçən
ilin göstəriciləri də çox sevindiricidir. Keçən
il qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox
artmışdır. Bu ilin birinci ayının yekunları da
müsbətdir. Qeyri-neft sənayemiz 10 faizdən çox
artmışdır. Hər bir yerdə yeni sənaye müəssisələri,
yeni binalar, yeni zavodlar, fabriklər, turizm mərkəzləri
yaradılır. Ancaq əlbəttə ki, hər bir rayonun
öz xüsusiyyəti var və biz ümumi inkişaf
planımızı buna uyğun şəkildə həyata
keçiririk.
Qusar rayonunun
inkişafı daha çox turizmlə, kənd təsərrüfatı
ilə bağlı olacaqdır. Biz bu gözəl təbiəti
qorumalıyıq. Bu, böyük dəyər, böyük sərvətdir.
Həm təmiz hava, həm gözəl şərait, gözəl
dağlar. Biz öz işimizlə, konkret layihələrimizlə
bu gözəlliyə əlavə gözəllik
qatmalıyıq. Qusar şəhəri də abadlaşır.
Gözəl parklar salınır, yollar çəkilir, şəhərin
bütün infrastrukturu yeniləşir və gələcəkdə
bu proses daha da sürətlə gedəcəkdir.
Bu gün bu
gözəl xəstəxananın açılışı
həm qusarlılar, həm də bütün Azərbaycan vətəndaşları
üçün çox vacibdir və qiymətlidir.
Qusarlıların burada sağlamlığını bərpa
etmək üçün bütün şərait vardır.
Mənim yeganə xahişim ondan ibarətdir ki, rayon sakinləri
gəlsinlər, heç olmasa, ildə bir dəfə burada
müayinədən keçsinlər. Ölkəmiz
düzgün istiqamətdə inkişaf edir, yolumuz
açıqdır, niyyətlərimiz təmizdir. Biz ölkəmizi
gücləndirəcəyik.
Azərbaycan
bu bölgədə sabitlik, təhlükəsizlik
adasıdır, inkişaf məkanıdır. Azərbaycanda
bütün xalqlar bir ailə kimi yaşayırlar. Bu da bizim
böyük üstünlüyümüzdür, böyük
dəyərimizdir. Biz bunu qiymətləndirməliyik və
ölkəmizdə yaşayan bütün xalqlar arasında bu
qardaşlığı, dostluğu daha da möhkəmləndirməliyik.
Bu, bəlkə də bizim ən böyük sərvətimizdir.
Əsrlər boyu Azərbaycanda yaşayan bütün xalqlar bərabər
hüquqlara malik idilər. Çox şadam ki, müstəqillik
dövründə də, - birinci iki ili istisna etmək şərti
ilə, - bu gözəl ənənələr yaşayır.
Müstəqilliyimizin ilk illərində o vaxtkı iqtidar
bütün sahələrdə, o cümlədən milli
münasibətlər sahəsində çox böyük səhvlər
buraxmışdır, deyə bilərəm ki, cinayətlər
törətmişdir. Ulu öndər Heydər Əliyevin Azərbaycana
qayıdışından sonra bütün məsələlər
öz həllini tapdı və Azərbaycana xas olan dostluq, həmrəylik,
qarşılıqlı dəstək meyilləri yenə də
gücləndi.
Hər bir vətəndaş
dinindən, dilindən, millətindən asılı olmayaraq,
Azərbaycanın qiymətli, dəyərli vətəndaşıdır.
Bizi bəzi başqa ölkələrdən fərqləndirən
məhz budur. Heç vaxt heç bir yerdə
ayrı-seçkiliyə yol verilməyəcək və
verilmir. Bunun qarantı mənəm - Azərbaycan Prezidenti!
Heç vaxt Azərbaycanda milli zəmində qarşıdurma
olmayıbdır və olmayacaqdır. Əksinə, bizim təcrübəmiz
dünya ictimaiyyəti tərəfindən öyrənilir. Necə
ola bilir ki, müxtəlif dillərdə danışan,
müxtəlif dinlərin nümayəndələri bir ailə
kimi, problemsiz yaşayırlar?! Biz öz həyatımızla
və siyasətimizlə sübut edirik ki, bu,
mümkündür. Bəzi hallarda bəzi Avropa ölkələrində
belə ifadələr, fikirlər səslənir ki,
multikulturalizm iflasa uğrayıb. Yəni ki, müxtəlif
millətlərə mənsub olan xalqlar bir yerdə yaşaya
bilmirlər. Gəlsinlər Azərbaycana baxsınlar, bu,
mümkündür! Özü də yaxşı yaşamaq
mümkündür. Məhz buna görə Azərbaycanda
müxtəlif beynəlxalq tədbirlər keçirilir. Dinlərarası,
mədəniyyətlərarası, millətlərarası
dialoqun gücləndirilməsinə yönəlmiş tədbirlər
keçirilir. Biz istəyirik ki, dünya ictimaiyyəti də
bizim təcrübəmizi bilsin və harada lazımdır
öyrənsin, tətbiq etsin. Bu baxımdan da Azərbaycan
dünyada seçilən ölkələrdəndir.
Bizim beynəlxalq
mövqelərimiz də güclüdür. Azərbaycan
dünyanın ən mötəbər qurumunun
üzvüdür - BMT-nin Təhlükəsizlik
Şurasının üzvüdür. Bu, böyük məsuliyyət,
böyük etimaddır, gördüyümüz işlərin
böyük nəticəsidir.
2012-ci il də
ölkəmiz üçün uğurlu olacaqdır. Mən
buna şübhə etmirəm. Hər bir vətəndaş
öz yerində ölkəmizin, doğma Azərbaycanımızın
inkişafına dəyərli töhfəsini verməlidir.
Bir daha sizi
bu gözəl hadisə münasibətilə təbrik edirəm.
Bütün qusarlılara cansağlığı və yeni
uğurlar arzulayıram.
* * *
Xəstəxananın
həkimi Natəvan XAMEDOVA
qusarlılar adından dövlət başçısına
minnətdarlıq edərək dedi:
- Möhtərəm
cənab Prezident! İcazə verin Sizi bütün
qusarlılar adından salamlayım və Sizə "Xoş gəlmisiniz!"
deyim.
Bu gün
Qusar rayonunun həyatında mühüm, yaddaqalan və əlamətdar
bir gündür. Biz hər an bu günü - Sizinlə
görüşəcəyimiz günü səbirsizliklə
gözləyirdik. Çünki Sizin Qusara hər gəlişiniz
elimizin bayramına çevrilir. Sizin hər gəlişiniz
Qusara yeni ab-hava, yeni nəfəs, yeni həyat gətirir.
Cənab
Prezident, bu gün Sizin bizə bəxş etdiyiniz bu xəstəxananın
açılışına toplaşmışıq. Onu da
xatırladım ki, keçmiş illərdə rayonumuzun
müxtəlif istiqamətlərində yerləşən qəzalı
xəstəxanalarda əhali yardım alır və ya normal
müayinə və müalicə üçün müxtəlif
yerlərə üz tutmalı olurdular. Təmiz suyu, səfalı
təbiəti olan Qusarda normal şəraitə malik xəstəxananın
olmaması biz səhiyyə işçilərinin işini
xeyli çətinləşdirirdi. Bütün bunları nəzərə
alaraq Siz Qusara səfərlərinizdən birində rayonda mərkəzi
xəstəxananın tikintisi ilə bağlı göstəriş
verdiniz.
Bu gün
açılışına təşrif buyurduğunuz bu xəstəxana
cərrahiyyə, terapiya, pediatriya, poliklinika şöbələrindən
ibarətdir. Bu xəstəxana əhaliyə yüksək səviyyədə
tibbi xidmət göstərəcəkdir.
Cənab
Prezident, bu gün biz çox gözəl yaşayırıq.
Əhalinin rifahı günbəgün
yaxşılaşır, güzəranımız gündən-günə
yüksəlir. Bütün bunlar Sizin diqqət və
qayğınız sayəsində başa gəlmişdir.
Möhtərəm
cənab Prezident, mənə verilən bu xoş anlardan, bu fərəhli
dəqiqələrdən istifadə edərək,
camaatımızın, o cümlədən səhiyyə
işçilərinin dərin minnətdarlığını
həmkarımız, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevaya çatdırmaq istəyirəm.
Bildirmək istəyirəm ki, Mehriban xanım kimi yüksək
mədəniyyətə, elmə, intellektə malik bir şəxsin
Azərbaycanımızı və Azərbaycan
qadınlarını dünyada təmsil etməsindən
qürur duyuruq. Bu gün bütün dünya Mehriban
xanımın simasında mübariz Azərbaycan
qadınını görür və tanıyır.
Bu gün
Qusarda aparılan işlərdən danışanda adamın
ürəyi dağa dönür. Həyatı boyu qaz görməmiş
kəndlərə qaz çəkilir, keçilməz
cığırları olan ucqar dağ kəndlərinə
asfalt yollar çəkilir, bir-birinin ardınca gözəl,
yaraşıqlı, geniş təhsil, səhiyyə, mədəniyyət
ocaqları tikilib istifadəyə verilir. Bu gün böyük
iftixar hissi ilə deyə bilərik ki, ulu öndərimizin
adını daşıyan ən yüksək dağ zirvəsi,
dəniz səviyyəsindən ən yüksəkdə
ucaldılan Azərbaycan bayrağı və əzəmətli
abidə məhz bizim rayonumuzda - Qusar rayonundadır. Bax budur,
biz qusarlıların ulu öndərimizə, dövlətimizə
məhəbbətimizin təzahürü. Biz bununla bir daha fəxr
edir, qürur hissi duyuruq.
Cənab
Prezident, bu gün biz hədsiz sevinc içindəyik. Əhaliyə
belə müasir şəraiti olan xəstəxanada tibbi xidmət
göstərmək biz səhiyyə işçilərinin
çoxdankı arzusu idi. Bizim bu arzumuzu Siz gerçəkləşdirdiniz,
əziz Prezidentimiz!
Möhtərəm Prezident, bu gün
bütün Azərbaycan vətəndaşları Sizi təkcə
rəhbər kimi deyil, həm də Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva ilə birlikdə xeyirxahlıq
rəmzi, sağlam Azərbaycan ailəsinin rəmzi kimi
tanıyır. Allah Sizi qorusun. Çox sağ olun, cənab
Prezident.
Prezident İlham ƏLİYEV:
Çox sağ olun.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.- 2012.-17 fevral.- S. 2.