«Milli təhsilimizin gələcəyi: əsas hədəflər və vəzifələr» mövzusunda «dəyirmi masa» keçirilmişdir

 

Fevralın 16-da "Park İnn" mehmanxanasında Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının  hazırlanması  çərçivəsində "Milli təhsilimizin gələcəyi: əsas hədəflər və vəzifələr" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə YAP İdarə Heyətinin, siyasi şurasının üzvləri, ziyalılar, Milli Məclisin deputatları, təhsil müəssisələrinin rəhbərləri iştirak etmişlər.

YAP sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov çıxış edərək Azərbaycan təhsilinin inkişaf perspektivlərinin müzakirəsinə həsr olunmuş tədbirin mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. Ölkəmizdə  həyata keçirilən islahatlar, xüsusən də, təhsil sahəsində görülən işlər yeniləşmə, modernləşmə prosesi Azərbaycanın bugünkü inkişafının fundamental əsası kimi qəbul olunur, onun gələcək inkişafının əsasının formalaşdırılması kimi nəzərdən keçirilir. Bu mənada, Prezident İlham Əliyev Azərbaycanın 2020-ci ilə istiqamətlənmiş inkişaf konsepsiyasının hazırlanması ilə əlaqədar çox əhəmiyyətli sərəncam imzalamışdır. Sərəncamda inkişafımızın növbəti illərdə əsas istiqamətləri və bu inkişaf nəticəsində qarşıya qoyulan hədəflərin   konsepsiya şəklində müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur.  İnkişaf konsepsiyasında əhəmiyyətli yer tutan sahələrdən biri də Azərbaycanın milli təhsilidir.  Təhsilin inkişafı, yeniləşməsi, daha aydın hədəflərin müəyyənləşməsi Azərbaycanın inkişafının ən vacib istiqamətini və  bünövrəsini təşkil edir.

Ə.Əhmədov vurğulamışdır ki, ölkəmizdə  təhsil sahəsində son illər böyük işlər görülmüşdür. Təhsilin inkişafı və təhsilə qayğı  dövlətimizin  siyasətinin və  hökumətimizin fəaliyyətinin prioritetinə çevrilmişdir. Azərbaycanda təhsil infrastrukturunun yeniləşməsi, bu  sahədə dövlət proqramlarının qəbulu, təhsilin modernləşməsi sahəsində həyata keçirilən islahatlar ümumilikdə  təhsilə böyük diqqət və qayğının bariz nümunəsidir.

Sonra təhsil naziri Misir Mərdanov "Milli təhsilimizin gələcəyi: əsas hədəflər və vəzifələr" mövzusunda məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, hələ 1970-1980-ci illərdə ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə təhsil ölkənin ən prioritet sahələrindən biri olmuşdur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu sahəyə diqqət daha da artmışdır. Ötən illər ölkənin müxtəlif sahələrini əhatə edən 60-dan çox dövlət proqramı qəbul olunmuşdur. Təhsil sahəsində belə proqramların sayı 10-dan çoxdur. Həmin dövlət proqramları təhsil sahəsində qazanılan uğurların əsasını təşkil etmişdir.

Bildirilmişdir ki, 1999-cu ildə ulu öndər Heydər Əliyev tərəfindən təsdiq olunmuş "Təhsil islahatı" proqramına uyğun olaraq, Dünya Bankı ilə birlikdə iki layihə həyata keçirilmişdir (1999-2003, 2003-2008). 2009-2014-cü illəri əhatə edən üçüncü layihənin icrası isə davam etdirilir.

Nazir dövlətin təhsilə ayırdığı büdcə vəsaitinin, təhsilə yatırılan investisiyaların ilbəil artırıldığını diqqətə çatdırmışdır.

M.Mərdanov dövlət proqramları çərçivəsində Təhsil Nazirliyinin gördüyü işlər və əldə olunmuş  nəticələr barədə də məlumat vermişdir.

Vurğulanmışdır ki, son illər təhsildə ən yüksək nəticə ümumtəhsil məktəbinin infrastrukturunun yeniləşməsi sahəsində əldə olunmuşdur. Bu sahə ilə əlaqədar bir neçə proqram  təsdiq edilmişdir. Əsas məqsəd ümumtəhsil məktəblərinin maddi-texniki və tədris bazasının gücləndirilməsi və müasirləşdirilməsidir. Bu proqramların, eləcə də Heydər Əliyev Fondunun və digər mənbələrin hesabına son illər  ölkəmizdə  550 min şagird yerlik 2 min 200 yeni məktəb binası tikilmişya əsaslı təmir olunmuşdur. 708 məktəb müasir avadanlıqla, 400 məktəb tədris laboratoriyaları ilə təchiz olunmuş, 7 min məktəbin istilik sistemi yenidən qurulmuşdur. Görülən işlərin nəticəsində ikinövbəli məktəblərin sayı 73 faizdən 44 faizə, ikinci növbədə təhsil alan şagirdlərin sayı 34,5 faizdən 21 faizə enmiş, bir milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşdırılmışdır.

M.Mərdanov vurğulamışdır ki,  əsas hədəfimiz birnövbəli və beşgünlük həftəsinə keçməkdir və yaxın zamanlarda buna nail olunacaqdır.   

Nazir yeni ümumtəhsil modulunun əsasının qoyulması sahəsində mühüm işlərin görülməsindən, bu məqsədlə yeni təhsil proqramlarının,  kurikulumların, yeni dərsliklərin  hazırlanmasından danışmışdır.  Yeni fənn proqramları ilə tədrisə başlayan 40 minədək ibtidai sinif müəlliminin təlimdən keçdiyini diqqətə çatdırılmışdır. Bildirilmişdir ki,  400 adda  dərsliyin məzmunu yeniləşdirilmiş,  son illər  50 milyon nüsxədən çox dərslik çap olunaraq  şagirdlərə pulsuz paylanmışdır.

Ölkəmizdə "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı"nın  həyata keçirilməsinin əhəmiyyətini vurğulayan nazir  demişdir ki, 1998-2011-ci illərdə Azərbaycan məktəbliləri dünya fənn olimpiadalarında və beynəlxalq səviyyəli digər bilik yarışlarında 18 qızıl, 38 gümüş, 71 bürünc medal qazanmışlar. Ümumtəhsil  məktəblərinin məktəbdənkənar müəssisələrə cəlb olunmuş şagirdləri respublika və beynəlxalq yarışlarda ümumilikdə 1886 medal qazanmışlar.

M.Mərdanov aliorta məktəblərdə informasiya kommunikasiyaları texnologiyalarının tətbiqinin genişləndirilməsi sahəsində görülən işlər, təhsilin stimullaşdırılması istiqamətində keçirilən müsabiqələr haqqında da ətraflı danışmışdır.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil alanların sayının ilbəil artdığını qeyd edən nazir 2015-ci ilədək onların sayının 5 minə çatdırılmasının əsas hədəflərdən olduğunu vurğulamışdır. Bildirilmişdir ki, proqram çərçivəsində xaricdə təhsil almaq üçün göndərilmiş 1204 nəfərdən   322-si artıq təhsili başa vurmuşdur. 853 nəfər isə   23 ölkənin 200-dək universitetində təhsilini davam etdirir. Ümumilikdə 10 mindən çox azərbaycanlı gənc hazırda xarici ölkələrdə təhsil alır.

Daha sonra M.Mərdanov  gələcəkdə  təhsil sahəsində həyata keçiriləcək mühüm layihələrdən, görüləcək işlərdən  ətraflı bəhs etmişdir.

Milli Məclis sədrinin müavini Bahar Muradova  təhsil sahəsində inkişafın gələcək istiqamətlərinin müəyyənləşdirilməsində tədbirin əhəmiyyətindən danışmışdır. B.Muradova  təhsil sahəsinin həmişəki kimi gələcəkdə də   Azərbaycanın əsas prioritetlərindən biri olacağını,  "dəyirmi masa"nın qarşıya qoyduğu hədəflərə nail olduğunu bildirmişdir.

Tədbirdə Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik  Abel Məhərrəmov, Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı, professor  Gülçöhrə Məmmədova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, AMEA-nın müxbir üzvü   Yusif Məmmədov, AMEA-nın müxbir üzvləri  Asəf Hacıyev, Səlahəddin Xəlilov, akademik Zərifə Əliyeva adına orta məktəbin direktoru Məhəbbət Vəliyeva çıxış edərək, mövzu ilə bağlı fikirlərini  bölüşmüşlər.

Tədbirdə təhsilimizin inkişafı sahəsində mühüm əhəmiyyəti olan bu cür tədbirlərin mütəmadi keçirilməsinin vacibliyi vurğulanmışdır.

 

 

Azərbaycan.- 2012.- 17 fevral.- S. 3.