İnsani yanaşma
və ya hər kəsin öz
"Eurovision"u və
siyasət əxlaqı var
- Sən baxırdın, deyilmi?
- Əlbəttə.
- Sevindin, eləmi, bu böyük qələbəyə?
- Şübhəsiz. Çünki bu, dövlətimizin, millətimizin adına bağlı idi. Birdən-birə yüz milyonlarla insan Azərbaycanın qələbəsini görürdü, qeyd edirdi və bu, dünyanın mədəni, informativ məkanında bir dövlətin və bir millətin təqdimatı idi.
"Lakin sənin sevinməyinin başqa səbəbi var ki", - deyə biri sual etsəydi, adam təəccüblənərdi. Axı sevinməyin bircə səbəbi vardı. O da vahid bir VƏTƏNİN adı ilə bağlı idi. Yox, görünür, bu sevinc və qələbənin dalğasında başqa siyasi maraqlar da qurula bilərmiş. Bu, özünü çox keçmədən göstərəcəkdi.
Elə buradaca başqa bir paralel yerinə düşər. Birinci cahan savaşında Rusiya imperiyası dünya ilə toqquşduğu bir şəraitdə bolşevizm
onun həyatını
çulğamışdı və hakimiyyətin
astanasında idi. Sizcə, bu dönəmdə bolşeviklər nə etdilər? Onlar çarizmin iflasını
öz ölkələrinin
məğlubiyyətində görərək hakimiyyət
planlarını işə
saldılar və əməli fəaliyyətə
keçdilər. Xalqın məğlubiyyəti
üzərində bolşeviklər
nailiyyət qazandılar.
Belə paralel bəlkə də kimisə təəccübləndirir,
axı yüz il bundan
əvvəl baş vermiş və sonra sosialist sistemi ilə dünyanı ələ keçirmiş bir qüvvənin mübarizə
üsulu ilə "Eurovision"un Azərbaycanda
keçirilməsi arasında
hansı ictimai-siyasi oxşarlıqlar tapmaq olar? Biri totalitar sistem
quruculuğuna xidmət
edən proletar inqilabı, o biri isə ötən əsrin ikinci yarısında meydana gəlmiş mədəni
ekspansiya hadisəsi.
Amma görünür ki, var.
Çox
mühüm olan həm də başqa bir məsələni aydınlaşdırmaqdır:
siyasət həqiqətənmi
hər şeydən istifadəni nəzərdə
tutur? Onun əsas kriteriyalarına
nələr daxildir?
Yəni,
fundamental prinsiplər içərisində
o müəyyənləşibmi ki, bütün milli məsələlər
üzərində hansısa
taktiki fəaliyyətini
reallaşdırmaq gərəkdir?
Zənnimcə, bu məsələ Azərbaycanda sona qədər
həllini tapmayıb. Çünki bizdə adi təbiət
hadisəsi, yaxud beynəlxalq məkanda baş verən fövqəladə
hadisə Azərbaycan üçün
çıxarışlar etməyə, müxtəlif
proqnozlarla eyforik duruma çatmağa "əsas"lar
yaradır. Məsələn, İndoneziyada hakimiyyət dəyişir
- səhəri günü Azərbaycanın mediası siyasilər
hesabına iki ölkənin gündəmini birləşdirir,
bizi Asiya mentallığına kökləyir və bundan
strateji planlar qurur. Amma düşünürsən ki, başqa
bir məkanda, fərqli reallıqlarda gerçəkləşən
bir prosesin bizə nə aiddiyyəti var?
Sonra fərqli libaslar geyinilir və deyilir ki, demokratiya üçün məhz narıncı rəng optimaldır və yenə də xaricdən gələn dalğalar üzərində planlar çızıılır. Lakin indi bir soran yoxdu ki, o demokrat köynəkləri hansı rəngə düşüb və siyasi mübarizənin növbəti dəb simvolu hansıdır? Əsas odur ki, bircə qandan toxunulmuş olmasın. Heç unutmuram - NATO-nun tədbirlərində tez-tez səslənirdi: müsəlman aləmində qan sudan müqəddəsdir. Yox deyib dünyanı ittiham etmək - bunu məxfi beyin mərkəzlərinin politoloji dövriyyəyə çıxardığı və təfəkkür savaşında əsassız ittihamı da saymaq olar. Onda son illərin müharibə coğrafiyasını necə görməzliyə vurasan? Diktaturalara son qoyduqlarını iddia edən ərəb qardaşlarımız demokratiyanın dördüncü dalğası kimi xarakterizə olunan bu yeni minillikdə, deyəsən, antik vəziyyətlərinə qayıdıblar. Hələ də meydanlarda olan postMübarək və postQəzzafi bədəvisi, əməvisi, ələvisi, yaxud qeyri-islam ümməti indiki müasir inqilabçı obrazı ilə kimə daha çox bənzəyir: radikala, ekstremistə, təməlçiyə, yoxsa yeni hüquqi cəmiyyət qurucusuna? Heç bir milləti günahlandırmadan, onun mental mahiyyətinə varmadan və keçmiş tiraniya adı ilə xəlqi bəlaları izah etmədən Liviya başçısının səhrada tökülən qanı və təhqir olunmuş - soyuducuya qoyulmuş cəsədi üzərində müxtəlif demokratik poza sərgilənməsi məndə nikbinliyə əlyeri qoymur. Siyasi mübarizənin əsas hədəfi insan olmalıdır və bu fəaliyyət əsasında kimlərsə öz ideyalarını təqdim edərək seçici içərisində mövqelərini möhkəmləndirməli və hakimiyyətin üzərinə getmək imkanı əldə etməlidir. Yalnız bu yolla təşkilatın gücünü artırmaq və hakimiyyət qarşısında alternativə çevrilmək imkanları mövcuddur. Nə qədər ki bir ölkənin daxili gündəliyi beynəlxalq məkandan asılı olacaq, bu elə həmin istəkdə olan insanların da gələcəyini zədələyəcəkdir. Çünki bu halda xarici küləklər, hətta bu qüvvələrin özü də hakimiyyətə gəlmiş olsa, onları yıxacaq. Son illər bir sıra dövlətlərin həyatında bu özünü qabarıq göstərdi. Mən müxtəlif qüvvələrin "Eurovision"a indekslənmiş fəaliyyətini inqilabi, yaxud onların dediyi kimi, köklü dəyişikliklərə hesablanmış cəhdlər sayırammı?
İsa Qəmbər bu günlərdə öz virtual dostlarına müraciət edərək bu müsabiqədə iştirak haqqı qazanan hər bir müğənninin səhnədən istifadə edərək məhbusları azadlığa buraxmağı hakimiyyətdən tələb etməyi xahiş edir. İlk baxışda adi mübarizə üsuludur, deyilmi? Yəni müxalif qüvvələr iqtidara gəlmək üçün ölkəmizə yönələn beynəlxalq diqqətdən faydalanmaq, özünün siyasi varlığını xarici informasiya vasitələrinə çıxarmaq istəyir. Əgər belədirsə, onda əziyyət çəkib yol xəritəsi niyə hazırlayırsız? Elə hamıya elan edin ki, sizin hakimiyyət marşrutunuz Büllur saraydan keçəcək və İctimai Palata ÖZ "Eurovision"unu təşkil edəcəkdir. Belədə səhnə tam açılır və aydın olur ki, sizin bu Avropa yarışmasından güc və ideya alaraq AZADLIQ tələb etməyiniz həbsxana insanlarından daha çox PALATANIZA lazımdır. Əks halda öz ölkəsinin qələbəsi üçün gələn müğənni dünyanı qoyub ayrıca bir məhbus üçün oxumayacaq. Bu səhnəni daxili məziyyətlərimiz və idarəçilik sistemimizin təftişinə yönəldən müxalif hökm sahibləri beləcə uzunmüddətli ideya qıtlığından qurtulmuş olur. Bu sözlərdən belə nəticə çıxarmayın ki, kimisə həbsxanada saxlamaq tərəfdarı kimi çıxış edirəm. Əsla yox. Fazil Mustafa demiş, onların çoxunun xüsusi bir siyasi dəyəri olmadığından azadlığa çıxmaları dəmir barmaqlıqlar arxasında qalaraq şişirdilmələrindən daha məqsədəuyğundur. Biz qarşınıza xətt çəkmək üçün bunu ixtira etmirik. Dünyanın əksər ölkələrində elə davranış modelləri bərqərar olub ki, kənardan baxanlar da buna yüksək qiymət verir. Bu həm də o ölkənin mədəni inkişaf göstəricisi sayılır. Barrikadalarda, siyasi düşərgələrdə bir-birinə qarşı ən ciddi ittihamlarda bulunan insanlar müxtəlif dönəmlərdə bir arada ola bilirlər. Bu, həqiqətən də çox yaxşıdır. O deməkdir ki, ideyalar savaşı, təfəkkürlərin rəqabəti ilə yanaşı, siyasi çərçivədə götürülməyən nəsnələr də var.
Əks halda necə ola bilər ki, bu böyük prosesə siravi vətəndaşdan məsul dövlət rəhbərlərinə qədər hər kəsin hazırlaşdığı bir dönəmdə və bu hadisəyə milli ideyaların yayılması tribunası kimi baxdığımız zamanda kimsə lokal firqə marağı ilə ortaya çıxır? Həqiqətənmi Azərbaycan adına Xocalıdan, Qarabağdan, millətimizin və dövlətimizin tarixindən bu "Eurovision" üzərindən dünyanın informasiya məkanlarına çıxaracaq bir hadisəmiz, mövqeyimiz yoxdur? Bunlar birinci olmalı deyilmi? Əlbəttə, hər kəs deyərdi ki, "bəli". Çünki nə yazıqlar ki, indiyədək hansısa bir mədəniyyət, iqtisadiyyat hadisəsinə öz biçimində yanaşmağa çalışsaq da, Ermənistan və erməniçilik bizi hər yerdə siyasi olmağa vadar edib. "Eurovision" bir müsiqi və mədəniyyət hadisəsi olmaqdan çoxdan çıxıb. Bu yarışmaların keçirildiyi məkanlarda beynəlxalq dairələrin siyasi məqsədi varmış kimi bir konspirativ əminliklər də mövcuddur. Bəlli mərkəzlər ölkələrin və coğrafiyaların geosiyasi şəkli dəyişdirmək üçün gizli planlara malik ola bilər. Əgər belədirsə, bunun üzərində siyasi layihələr qurulmalıdırsa, xalq həyatına bağlı o qədər mühüm məsələlər var ki. Bizim istəyimizdən kənarda onsuz da ermənilər bura musiqidə Qarabağ savaşı üçün gəlir. Yəqin, bakılı keçmiş erməni qızının bizə sürpriz vədi ilə tanışsınız. Milli Məclisin tribunasından söylədiyimi təkrarlayıram: "Mən bu ölkə haqqında ən pis düşünən müxalifətçini düşmən millətin bizə yaxşı olanından çox üstün tuturam". Amma gərək məntiqlər də eyniləşməsin. Görəndə ki, hər iki leksikonda işlənən kəlmələr və hakimiyyəti ittihamlar eynidir, onda düşünürsən: bəlkə siyasi kateqoriyaya heç zaman aid edilməyən anlayışların kodeksini yaradaq? Vətəni məğlub etmək, şəxsiyyətin ölümünü istəmək nə vaxtdan siyasət olub? Çox da uzaq keçmişimizdə qalmayan bioloji mübarizəni, "x" gününə hesablanan davranışları nəzərdə tuturam. Hələ o insanlara aydın deyil ki, onlar elə buna görə ulu öndərin cismani yoxluğunda da müqəddəs ruhuna məğlub oldular. O bədnam cağırış İ.Qəmbərin siyasi tərcümeyi-halı üçün də daimi qınaq səhifəsidir. Şübhəm yoxdur ki, çevrəsi və "sivil çayxana" adlandırdığı şəbəkə dostları mənə qarşı ittihamlarda bulunacaqlar. Zatən millətimə böyük əqidə və əməllə xidmət etdiyimdən bunlara hazıram. Kimisə təhqir etmirəm və özlərinin tələb etdikləri tolerantlığı ona arzulayıram. İş ondadır ki, tarix boyu müharibələr zamanında, milli matəm və bayram dönəmlərində, qələbə paradlarında müxtəlif siyasi qərəzlər, qarşıdurmalar, hətta düşmənçiliklər arxa plana keçirilir. Hər kəs öz hikkəsindən bir addım geri çəkilir. Bunun nümunəsini Azərbaycanda da göstərmək olar, xarici məkanda da, qardaş Türkiyədə də. İş ondadır ki, "Amnesty International"da, "Articl 19"da və ya digər beynəlxalq qurumların hesabatlarında yer alan ittihamları daxili qüvvələr öz tribunalarına çıxarırlarsa, bu, haradasa başa düşülür. Lakin axı "Eurovision" qələbə hadisəsidir. Bunun üzərində illərlə Azərbaycan insanları çalışıb və qələbənin sahiblərinin də haqqıdır ki, bu prosesi öz biçimində, öz müstəvisində saxlasın.
Hər bir məsələdə iqtidarı qınayanlar nədən qələbə məsələsində hakimiyyətdən danışmaq istəmirlər? Qalibiyyəti iqtidarın əleyhinə çevirmək nümunəsi nə vaxt olub? Dünyanın harasında belə hadisəyə rast gəlmisiniz ki, ölkə uğur qazanıb, onu hansısa siyasi dairələr dövləti idarə edənlərin əleyhinə təbliğat alətinə çeviriblər?! Bu, nonsensdir! Belə bir halı görməzsiniz! Onda gəlin böyük Qarabağ müharibəsinin də anonsunu verək: Prezident İlham Əliyev bu savaşı başlayır və udur. Mənzərəni təsəvvür edirsinizmi: bu, millətimizin və dövlətimizin qələbəsi olmaqla bərabər, LİDERİN də nüfuzuna və tarixdə əbədiyaşarlığına xidmət etdiyindən kimlərsə yaşamağa yer tapmır. Elə isə məşhur milli misalımızı dəyişə bilərik: indi dostlar dar günü və kədəri bölüşənlər deyil, qələbəni bölüşməyi bacaranlardır.
Mən nümunələrdən danışdım. Qardaş Türkiyənin həyatında "Wikiliks" sızması fonunda MHP-nin lideri Dövlət Baxçalı mediada geniş açıqlama ilə çıxış etdi və söylədi li, həmin informasiyalarda Ərdoğanla bağlı gedən məsələlərə onlar geniş yer verməyəcək, əleyhinə kompromat savaşına çevirməyəcək və bu mövzuda siyasi plan qurmayacaqlar. Nə qədər xoş davranışdır! Hər kəsin gözündə D.Baxçalının şəxsiyyətinin mərd və qeyri-fürsətkeş obrazı bir qədər də gücləndi.
Yaxud bunun Azərbaycanda olan gerçək nümunəsini göstərə bilərik. Əgər onlar Türkiyənin həyatından nümunə götürmək istəmirlərsə, onda özlərinin ideya rəhbəri saydıqları Əbülfəz Elçibəyin davranışlarından hansısa təcrübəni əxz etsinlər. Onun, ola bilsin ki, Heydər Əliyevin lider və ideya rəhbəri obrazına özəl yanaşması olub və fərqli bir dünyagörüşü daşıyıb - hərçənd ki, Heydər Əliyevə münasibət taixi kateqoriyaya çevrilib və subyektlərin qiymətindən asılı deyil, fərqli bir dünyagörüşü daşıyıb. Amma 1987-ci ildə məhz Azərbaycana yönəldilən planlar səbəbindən Heydər Əliyevin Kremldə məruz qaldığı təzyiqlər və sonra da işdən getməsi fonunda Əbülfəz Elçibəy Heydər Əliyevin portretini başı üstündən asdı. Uzun illər boyu həmin portret onun evində saxlandı və qorundu. Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdanda Xalq Cəbhəsindən dağılmış ölkə miras qalmışdı. O, bunun üçün keçmiş hakimiyyətləri kəskin tənqid etmək haqqını özündə saxlayırdı. Bununla belə, Əbülfəz Elçibəy dünyadan gedəndə onun cənazəsi önündə sayğı duruşunda iştirak etdi və bununla fərqli bir siyasi dünyagörüşə, əxlaqa sahib olduğunu nümayiş etdirdi.
Biz bunu o insanlardan gözləyirik ki, o düşərgələrdə özlərini lider seçiblər. Müxtəlif siyasi mövzularda bir-birini kəskin ittiham etməkdən o yana milli məsələlərdə vahid münasibət sərgiləmək fərqli miqyas və böyüklük ölçüsüdür. Əks halda bizə Şuşadan, Laçından çıxarılan şəhidlər, tabutlar üzərində hakimiyyətlər qalacaq. Millətin matəm və bayram duyğularını istismar edib uğur qazanmaq mümkün deyil! Onun ömrü uzun olmur!
Biz həmin bəylərə və cənablara müraciət edirik: "Eurovision"u Azərbaycanda keçirilən çox mühüm beynəlxalq proses kimi görərək ona öz insani yanaşmalarınızı ortaya qoyun və bu prosesdə iştirakı Azərbaycan xalqı adına, Azərbaycan milləti adına ən yüksək səviyyədə reallaşdırmaq üçün töhfələrinizi verin.
Başqa "Eurovision"lara seçim turu keçirməyə bu xalqın nə maddi, nə də mənəvi ehtiyacı var...
Zahid ORUC,
Milli Məclisin deputatı
Azərbaycan.- 2012.- 17 fevral.- S. 4.