Milli QHT Forumu bəyanat yayıb

 

Milli QHT Forumu bəyanat yaymışdır. Forumdan AzərTAc-a bildirmişlər ki, bəyanatda "Eurovision" mahnı müsabiqəsinin bu il Bakıda keçirilməsi respublikamızın son illər əldə etdiyi hərtərəfli uğurların məntiqi nəticələrindən biri kimi dəyərləndirə biləcəyimiz bir hadisə, ölkə həqiqətlərini nümayiş etdirmək üçün bir şans olmaqla yanaşı, eyni zamanda hər bir vətəndaşımız üçün həm də məsuliyyət kimi qiymətləndirilmişdir.

Bəyanatda  vurğulanmışdır ki, mədəniyyət və incəsənət, həmçinin turizm sektorunun nümayəndələri üçün şans və məsuliyyət vəd edən "Eurovision-2012" vətəndaş cəmiyyəti qurucularının qarşısında vəzifələr qoymuşdur. Regionun lider dövlətinə çevrilən respublikamızın iqtisadi və mədəni yüksəlişinə dostlarımız ilə birlikdə düşmənlərimiz də biganə deyildir. Bir sıra maraqlı dairələrin yenidən ölkəmizə qarşı çirkin kampaniyaya başlaması deyilənlərə sübutdur. Bildirilir ki, müsabiqəyə hazırlıqla bağlı xəbərlər, eləcə də bütövlükdə ölkəmizdə əldə olunan inkişaf artıq dünya mətbuatının gündəmindədir. Dünyanın nüfuzlu mətbu orqanları bu və ya digər şəkildə ölkəmizə müraciət edir, Azərbaycandan söhbət açır.

Bəyanatda qeyd olunmuşdur ki, belə məqamlar antiazərbaycan mövqeli bir sıra dairələrin fəallaşmasına rəvac vermişdir. Konkret olaraq "singfordemocracy.org" portalını yaradanların fəaliyyəti ölkəmizdə keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsinə qara yaxmaqdan ibarətdir. Bu layihənin "əlaqələndiriciləri" arasında Leyla Yunus və Arif Yunus cütlüyünün ölkəmizin imicinə zərbə vuran hərəkətlərini qınayır, onları bu yoldan çəkinməyə dəvət edirik.

Sənəddə Azərbaycana qarşı həyata keçirilən bədnam kampaniyada yer alan iddiaların məhz ermənipərəst qüvvələrin respublikamıza, xalqımıza qarşı irəli sürdüyü əsassız ittihamlarla qəribə eyniyyət təşkil etdiyi vurğulanmışdır. Bildirilmişdir ki,  beynəlxalq əlaqələri olan QHT rəhbərləri öz fəaliyyətində bu cür çirkin kampaniyalarla deyil, yüz minlərlə qaçqın və məcburi köçkünümüzün taleyi, erməni vandalizminin, düşmən təcavüzünün acı nəticələri ilə bağlı çıxış etməlidirlər.

Bəyanatda vətəndaş cəmiyyəti qurucularından bu çirkin kampaniyaya uyğun şəkildə cavab vermələri tələb edilir. "Siyasi müxalifətçilik etmək, hökuməti tənqid etmək normal hadisədir, ancaq dövlətə, dövlətçiliyə, xalqa qarşı müxalifətdə olmaq heç kəsə, xüsusilə "QHT rəhbəriyəm" deyən şəxslərə başucalığı vəd etmir. Biz hər birimiz belə məsuliyyətli vaxtda milli və dövlət maraqlarımızı şəxsi istəklərimizdən ön plana keçirməyə borcluyuq", - deyə Milli QHT Forumunun bəyanatında bildirilir.

 

 

Azərbaycan.- 2012.-17 fevral.- S. 4.