Rusiya Dövlət
Kitabxanasının baş direktoru Azərbaycanın mədəniyyət
və turizm naziri ilə görüşmüşdür
Ölkəmizdə səfərdə olan Rusiya Dövlət Kitabxanasının baş direktoru Aleksandr Vislı Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşmüşdür.
Ə.Qarayev qonağı səmimi salamlayaraq qeyd etmişdir ki, Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə, o cümlədən kitabxana işi sahəsində əlaqələr sürətlə inkişaf edir.
Nazir Azərbaycanda kitabxanaların elektron sistemə köçürülməsi üzrə aparılan iş barədə söhbət açaraq qeyd etmişdir ki, son bir ildə respublikanın bütün kitabxanaları vahid internet məkanı şəklində birləşdirilmiş, elektron kataloqlar yaratmaq mümkün olmuşdur.
Ə.Qarayev daha sonra bildirmişdir ki, paytaxtda və regionlarda oxucuların maraqlarını təmin etmək məqsədilə hər il kitab yarmarkaları, kitab bayramları keçirilir, MDB, türk dünyası və islam ölkələrinin kitabxanalarının rəhbərləri ilə mütəmadi görüşlər təşkil edilir.
Bakıda ilk dəfə səfərdə olan Aleksandr Vislı səmimi qəbul üçün təşəkkürünü bildirərək, Azərbaycan paytaxtının gözəlliyinə, aparılan tikinti işlərinin miqyasına valeh olduğunu qeyd etmişdir.
Qonaq Azərbaycan Milli Kitabxanası ilə məmnuniyyətlə əməkdaşlıq etmək istəyini qeyd etmişdir. O, Rusiya Dövlət Kitabxanasının strukturu və fəaliyyəti barədə məlumat verərək bildirmişdir ki, bu kitabxananın fondlarında Azərbaycana aid xeyli kitab saxlanılır.
Rusiya Dövlət Kitabxanasında latın qrafikası ilə Azərbaycan dilində nəşr edilmiş kitablara tələbat olduğunu qeyd edən A.Vislı gələcəkdə bu iki kitabxana arasında kitab mübadiləsi aparılacağına əmin olduğunu bildirmişdir.
Görüşdə əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi zərurəti vurğulanmışdır.
AzərTAc
Azərbaycan.- 2012.-17 fevral.- S. 5.