İnsan hüquqlarına etibarlı təminat mexanizmi
İqtisadi
sahədə keçid dövrünü
başa vuran Azərbaycan
üçün hazırda son dərəcə vacib məsələlərdən
biri demokratikləşmə prosesini, siyasi və hüquqi islahatları cəmiyyətin inkişaf ahənginə uyğun
daha da dərinləşdirmək,
son nəticədə qanunun
aliliyini, insan
hüquqlarının
prioritetliyini bütün
səviyyələrdə təmin etməkdir. Dövlət
başçısı İlham Əliyev
məhz bu reallıqdan
çıxış edərək xüsusi
vurğulayır ki, respublikamızın dinamik inkişaf
fazasına daxil olduğu
indiki mərhələdə hüquqi islahatların dərinləşdirilməsinə
daha ciddi ehtiyac yaranmışdır.
Azərbaycanda
təkamül yolu ilə gerçəkləşən, tədrici
xarakter daşıyan sistem dəyişkənliyi, habelə
modernləşməyə keçid, ilk növbədə,
idarəçiliyə yeni ruh və müasirliyin, habelə innovativ
yeniliklərin gətirilməsi prinsipinə əsaslanır. Sabitləşmədən
modernləşməyə aparan bu strategiya, eyni zamanda, cəmiyyətin
müxtəlif təbəqələrinin mənafelərinin daha etibarlı müdafiəsi, ictimai
qüvvələrin tarazlığının qorunub
saxlanılması, cəmiyyətə xas mülki, demokratik,
özünüidarə meyillərini adekvat
realizə etmək imkanlarını genişləndirir. Başqa sözlə, Azərbaycanın maliyyə
imkanlarının genişlənməsi ilə paralel
insan hüquqlarının daha
etibarlı təminatına yönəlmiş islahatlar
ardıcıl və sistemli surətdə
həyata keçirilir.
Prezident
İlham Əliyev ölkədə insan hüquq və
azadlıqlarının müdafiəsinin səmərəliliyini
artırmaq məqsədilə 2011-ci il dekabrın 27-də
imzaladığı sərəncamla "Azərbaycan
Respublikasında İnsan Hüquqları sahəsində Milli Fəaliyyət
Proqramı"nı təsdiq etmişdir. Proqramın həyata
keçirilməsinin əlaqələndirilməsi üzrə
işçi qrupunun fəaliyyətinə
rəhbərlik Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə
tövsiyə olunmuşdur. Belə bir proqramın imzalanması son
15 ildə Azərbaycanda insan hüquqlarının
təmini sahəsində həyata keçirilən kompleks tədbirlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini
göstərir.
Ümumiyyətlə,
müasir dövrdə insan hüquq və
azadlıqlarının təmin edilməsi ayrı-ayrı
dövlətlərin müstəsna daxili işi deyil,
bütün beynəlxalq birliyin ümumi problemi kimi nəzərdən
keçirildiyi üçün müasir dövrdə hər
hansı dövlətin hüquq sistemini hamılıqla qəbul
edilmiş beynəlxalq hüquq normalarından, dövlətlərarası
müqavilələrdən kənar təsəvvür etmək
mümkün deyildir. Ölkə Konstitusiyasının 151-ci maddəsinə əsasən, Azərbaycan
Respublikasının qanunvericilik sisteminə
daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla
qəbul edilən aktlar istisna
olmaqla) Azərbaycan Respublikasının tərəfdar
çıxdığı dövlətlərarası
müqavilələr arasında ziddiyyət yaranarsa,
beynəlxalq müqavilələr tətbiq edilir.
Bu maddə Azərbaycan
Konstitusiyasının liberallığını və demokratikliyini bir daha sübuta yetirməklə
yanaşı, ölkədə milli qanunvericiliyin Avropa
standartlarına uyğunlaşdırılmasına
yaxşı imkanlar
açmışdır.
Konstitusiyanın
qəbulundan sonra insan hüquqlarının təminatına
xidmət edən çoxsaylı qanunlar yaradılmağa
başlamış, Əsas Qanunun müddəalarına
uyğun yenidən işlənmişdir. 1998-ci ildə
"Məhkəmələr və hakimlər haqqında" qanun, 2000-ci ildə Cinayət, Cinayət-Prosessual,
Mülki, Mülki-Prosessual və digər
məcəllələr qüvvəyə minmişdir.
İnsan və vətəndaş
hüquq-azadlıqlarının təminatlı müdafiəsi
üçün 2000-ci ildə
üçpilləli məhkəmə sisteminin
yaradılması
da Konstitusiyada əks olunan mühüm müddəalardan
biridir. İnsanlara hüquqi xidmətin keyfiyyətini yüksəltmək
üçün hakim
korpusunun yeni forma və metodlarla - test üsulu ilə
formalaşdırılması da bu sırada xüsusi vurğulana bilər.
1996-2000-ci
illərdə Azərbaycan insan hüquq və
azadlıqlarının, demokratik təsisatların təminatı
ilə bağlı mühüm beynəlxalq konvensiyalara,
sazişlərə qoşulmuşdur. Ulu
öndərin 1993-cü ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmü
1998-ci il fevralın 10-da tamamilə ləğv
edilmiş, Azərbaycan
bütövlükdə Şərqdə bu
qətiyyətli və tarixi qərarı
verən ilk ölkə olmuşdur.
Ölüm hökmünün
ləğvi ilə əlaqədar Azərbaycan Respublikası Mülki və Siyasi Hüquqlar
haqqında Beynəlxalq Paktın ikinci protokoluna da qoşulmuşdur. O vaxt hətta
Avropa Şurasının üzvü
olan bir sıra
dövlətlər də analoji
addımı hələ atmamışdılar. Yüksək
humanizmin və insanpərvərliyin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmiş, 2001-ci ilin 25 yanvarında müstəqil
respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata
tamhüquqlu üzv qəbul
edilmişdir.
Ümummilli
lider Heydər Əliyevin 1998-ci ilin 22 fevral tarixli "Azərbayan
Respublikasında insan və vətəndaş
hüquqlarının və azadlıqlarının təmin
edilməsi sahəsində tədbirlər haqqında" fərmanında
insan hüquqlarının təminatı yönümündə
həyata keçirilən konsepsiya müəyyən
edilmişdir. Azərbaycanın yeni inkişaf mərhələsinə
adekvat olaraq insan hüquqlarının müdafiəsi sahəsində
həyata keçirilən tədbirlərin səmərəliliyini
artırmaq məqsədi ilə Azərbaycan
Respublikasının Prezidenti 18 iyun 1998-ci il tarixli sərəncamı
ilə "Azərbaycan Respublikasında İnsan
hüquqlarının müdafiəsinə dair Dövlət
Proqramı"nı təsdiq etmişdir.
Azərbaycan
Respublikasında insan hüquq və azadlıqlarının təmini
istiqamətində həyata keçirilən hüquqi
islahatların və milli qanunvericiliyin beynəlxalq, Avropa
standartlarına uyğunlaşdırılması prosesinin məntiqi
davamı kimi 24 dekabr 2002-ci il tarixdə qəbul edilmiş
"Azərbaycan Respublikasında İnsan hüquq və
azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi
haqqında" Azərbaycan Respublikasının Konstitusiya
qanunu da tənzim etdiyi məsələlərin dairəsinə
görə çox mühüm əhəmiyyət kəsb
edir. Konstitusiya qanunu əsasən Azərbaycan Respublikasında
insan hüquq və azadlıqlarının həyata
keçirilməsinin "İnsan hüquqlarının və
əsas azadlıqlarının müdafiəsi haqqında"
Konvensiyaya uyğunlaşdırılması məqsədinə
hesablanmışdır.
Bu siyasəti ötən 8 ildə inamla davam etdirən
Prezident İlham Əliyev insan hüquqlarının yüksək
səviyyədə təminatını demokratik inkişaf
yolunu seçmiş Azərbaycan üçün prioritet məsələlərdən
biri sayır. Bu
mənada, dövlət başçısının 28 dekabr 2006-cı il tarixdə
imzaladığı "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi
üzrə milli fəaliyyət
planının təsdiq edilməsi haqqında" sərəncam
ölkədə insan hüquq
və azadlıqlarının təmini istiqamətində daha qətiyyətli və prinsipial
addımların atılmasına imkan
yaratmışdır. Sərəncamda Azərbaycan
Respublikasının icra hakimiyyəti
orqanlarına, məhkəmələrinə və Baş Prokurorluğuna normativ hüquqi
aktların tətbiqi zamanı Azərbaycan Respublikasının
insan hüquqlarının müdafiəsi
sahəsində qanunvericiliyin tələblərinə
riayət olunmasına nəzarətin gücləndirilməsi
tövsiyə olunmuşdur.
Bu
islahatların mühüm tərkib hissəsi olaraq son illərdə
məhkəmə orqanlarında zamanın tələbi ilə
səsləşən islahatlar geniş vüsət
almışdır. Ədalət mühakiməsinin
səmərəliliyinin yüksəldilməsi, obyektiv və şəffaf şəraitdə hakim korpusunun
formalaşdırılması, məhkəmə
orqanlarının fəaliyyətində şəffaflığın
təmini, bəzi neqativ halların aradan qaldırılması istiqamətində
qətiyyətli
tədbirlər həyata keçirilmişdir.
Vətəndaşların hüquq və
azadlıqlarını pozan 80-dək hakimin fəaliyyətinə xitam
verilmiş, regionlarda yeni inzibati-iqtisadi,
ağır cinayətlər və hərbi məhkəmələr
yaradılmışdır.
Dövlət
başçısı İlham Əliyevin 2011-ci il 27 dekabr
tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında İnsan Hüquqları sahəsində Milli Fəaliyyət
Proqramı" "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasının
hazırlanması istiqamətində də mühüm
addımdır. Bu
sənəd insan hüquqlarının
müdafiəsinin Azərbaycan üçün
strateji əhəmiyyətli məsələ
olduğunu bir daha təsdiqləyir. 6 fəsil və 75 bənddən
ibarət Milli Fəaliyyət Proqramı normativ-hüquqi bazanın təkmilləşdirilməsi; əhalinin müxtəlif qruplarının
hüquqlarının müdafiəsi; dövlət
orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi;
insan hüquqları sahəsində tədris;
elmi-analitik və maarifləndirmə tədbirlərinin
həyata keçirilməsi; insan
hüquqları sahəsində beynəlxalq təşkilatlarla
əməkdaşlıq; Milli Fəaliyyət
Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi;
monitorinqi və qiymətləndirilməsi
kimi vəzifələrin həlli istiqamətində
mühüm tədbirləri özündə
ehtiva edir.
Milli Fəaliyyət
Proqramında dövlətin insan hüquqlarının
müdafiəsi sahəsində fəaliyyətinin
konsepsiyası müxtəlif istiqamətlər üzrə
müəyyən olunmuş, həmçinin həyata
keçiriləcək tədbirlərin icrası, əlaqələndirilməsi,
monitorinqi və qiymətləndirilməsi mexanizmi göstərilmişdir.
Proqramda
respublikada insan hüquq və azadlıqlarının
müdafiəsi sisteminin daha
da inkişaf etdirilməsi,
qanunvericilik bazasının təkmilləşdirilməsi,
əhalinin müxtəlif qruplarının
hüquqlarının daha səmərəli
təmini istiqamətində konkret vəzifələrin
icrası nəzərdə tutulmuşdur. Belə ki, sənəddə qanunvericilik aktları qəbul olunarkən insan hüquqları meyarının rəhbər
tutulması, Azərbaycan Respublikasının insan
hüquqları sahəsində beynəlxalq müqavilələrə
qoşulması prosesinin davam
etdirilməsi, yeni qanunvericilik
aktlarının qəbulu, korrupsiya ilə
mübarizənin gücləndirilməsi, şəffaflığın
artırılması, əhaliyə göstərilən elektron xidmətlərin inkişaf
etdirilməsi nəzərdə tutulmuşdur.
Bu sənəddə bu
tədbirlərin vətəndaş cəmiyyəti
institutları və media ilə sıx əməkdaşlıq
müstəvisində həyata keçirilməsinin vacibliyi də önə çəkilir.
Milli Fəaliyyət
Proqramına əsasən gələcəkdə insan
hüquqları sahəsində maarifləndirmə, elmi-analitik
tədbirlərinin davam etdirilməsi, beynəlxalq təşkilatlarla,
o cümlədən BMT-nin insan hüquqları sahəsində
ixtisaslaşan qurumları, Qaçqınlar üzrə Ali
Komissarlıq, UNESKO, UNİSEF, Dünya Bankı, Avropa
Şurası, Avropa İttifaqı, Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatı və digər
təşkilatlar ilə birgə əməkdaşlıq
proqramlarının həyata keçirilməsi
planlaşdırılır.
Milli Fəaliyyət
Proqramının hazırlanması zamanı müxtəlif
beynəlxalq təşkilatlarla birgə həyata keçirilən
əməkdaşlıq proqramları, müxtəlif sahələrə
aid qanunvericiliyin islahatı prosesi, BMT-nin İnsan
Hüquqları üzrə Ali Komissarlığının
milli fəaliyyət planlarının hazırlanmasına dair bələdçi
kitabı, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin
presedent hüququ nəzərə alınmışdır.
Proqramda eyni zamanda, insan hüquqları sahəsində beynəlxalq
öhdəliklərin davamlı implementasiyası
üçün dövlət orqanlarına konkret
tapşırıqlar verilmişdir.
Ümumiyyətlə,
cəmiyyət həyatında müşahidə olunan
fundamental dəyişikliklər hüquqi-siyasi islahatların dərinləşdirilməsini,
inkişaf etmiş qabaqcıl Avropa dövlətlərinin
mütərəqqi demokratik ənənələrinin mənimsənilməsinə
xidmət edən fəal siyasətin həyata keçirilməsini
aktual məsələ kimi önə çıxarır. Dövlət
başçısı İlham Əliyev bunu nəzərə alaraq
xüsusi qeyd edir ki,
respublikamızın aktiv inkişaf
fazasına daxil olduğu
indiki mərhələdə demokratik normaların ictimai
şüurda möhkəmlənməsinə
və qəbuluna daha yaxşı imkanlar yaranmışdır. Bu çağırışın əsasında
Azərbaycanda liberal dəyərlərin, insan və vətəndaş hüquq
və azadlıqlarının prioritetinə əsaslanan idarəetmə
modelinin formalaşdırılması məqsədi
dayanır.
Hikmət
MİRZƏYEV,
Ali Məhkəmənin inzibati-iqtisadi
kollegiyasının sədri
Azərbaycan.- 2012.- 16 fevral.- S. 5.