Zamanın özü və sözü
Bilikli, bacarıqlı mütəxəssis
yetişdirilməsinin ən önəmli yolu
Tarixin
sınaqlarından uğurla çıxan
bir həqiqət bu gün də çox
aktualdır. Əgər millət və dövlət öz gələcəyini parlaq,
bütün problemlərdən uzaq görmək istəyirsə, mütləq
təhsilini ən yüksək səviyyədə qurmalı, bu sahədə şəffaflığa xüsusi önəm verməlidir. Təhsil
bazası güclü olan
dövlətdə inkişaf xətti düzgün qurulur, təbii
ki, ilk növbədə,
kifayət qədər kadr potensialı
formalaşır. Nəticədə dövlətin bütün struktur
bölmələrində özünü
lazımi qaydada təmsil edən cox fundamental qüvvələr
yaranır.
Azərbaycanda
da bu sahəyə xüsusi diqqət ayrılıb. Maddi-texniki
baza gücləndirilib, ulu
öndər Heydər Əliyevin tapşırığına əsasən
respublika Təhsil Nazirliyi
tərəfindən dünya standartlarına
cavab verən islahatlar
həyata keçirilib. Ən önəmlisi
ali təhsil müəssisələrinə
qəbulda şəffaflığa yol
açılıb. Elə bir
ağıllı sistem qurulub
ki, onu heç
nə ilə əvəz etmək olmaz. Söhbət 1992-ci ilin iyul ayının 21-də Prezident
tərəfindən imzalanan fərmanla
yaradılan Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasından (TQDK) gedir. İlk olaraq onu deyim ki,
birbaşa ölkə prezidentinə tabe edilən bu qurum təhsilimizin əsaslı
inkişafına güclü təkan verir. TQDK respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının
təşkili, metodiki təminatı üçün elmi, elmi-metodiki xarakterli işlərlə
yanaşı, gənclərin seçilməsi və yerləşdirilməsi
qaydalarını müəyyən edir,
mütəxəssis və ixtisaslar üzrə
ehtiyacları araşdırır, təhsil müəssisələrində
test sistemi əsasında
dövlət tərəfindən həvalə olunmuş
digər attestasiya tədbirlərini həyata
keçirir.
Belə bir
qurumun yaradılması əslində qəbul imtahanlarında
mövcud olan subyektivizmə
qarşı siyasi qərar idi. Ancaq yeni tətbiq edilən kütləvi test imtahanlarının hələ sınaqdan
çıxmış metodikaları, texniki,
elmi nəzəri bazası
olmadığından istənilən nəticəni əldə
etmək çətin idi. Bu gün
fəxr etdiyimiz uğurlar
ümummilli lider Heydər
Əliyevin ikinci dəfə hakimiyyətə
qayıdışından sonra
qazanıldı. Dövlətin qayğı və köməyi
sayəsində işin miqyası və məzmunu
kifayət qədər genişləndirildi. 1993-cü ildə
"Abituriyentin ərizəsi" və
"Cavab kartı" formalarının
kompyuterə köçürülməsi
üçün optik
oxuyucu qurğuları alındı.
Abituriyentlərin biliklərinin qiymətləndirilməsi və
ixtisaslar üzrə yerləşdirilməsi
TQDK-da yaradılmış proqram
təminatı vasitəsilə həyata keçirilməyə
başlanıldı. Beləliklə, imtahan
nəticələrinin ölkədən kənarda emalına ehtiyac qalmadı.
1994-cü
ilin iyununda Prezident Heydər Əliyevin imzaladığı fərmana
əsasən, yeni qəbul qaydaları təsdiq edildi. Özəl
ali məktəblərə və xüsusi təyinatlı təhsil
müəssisələrinə tələbə qəbulu
aparmaq səlahiyyəti də bilavasitə TQDK-ya verildi.
1994-1995-ci
illəri Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının təşkilatlanma və texnoloji təminatı
baxımından xüsusi mərhələ hesab etmək olar.
Həmin illərdə komissiyada fənlər üzrə test
banklarının yaradılmasının əsası qoyuldu,
elmi-metodiki seminarlar və ekspert şuraları fəaliyyətə
başladı, ictimaiyyətlə əlaqələr sahəsində
yeni addımlar atıldı, qəbul imtahanlarının nəticələri
operativ şəkildə emal edildi və bir həftə ərzində
ictimaiyyətə çatdırıldı.
Həmin
vaxtdan etibarən qəbul imtahanlarının nəticələrinin
geniş elmi-statistik təhlilinin aparılmasına və nəticələrin
çap edilib abituriyentlərin, müəllimlərin və təhsili
idarəetmə orqanlarının istifadəsinə verilməsinə
başlanıldı. Əgər 1992-ci ildə
imtahanların nəticələrinin elan
olunması
bir aydan çox çəkirdisə, kompyuter
texnologiyalarının tətbiqi prosesi
1990-cı illərin ortalarından başlayaraq
sürətləndi və hazırda ən qısa müddətdə
həyata keçirilir. Bu,
TQDK-nın uğurlu inkişaf
yolu keçdiyini
aydın göstərir.
Kompyuter
texnologiyasının imtahan prosesinə tətbiqi qayda
pozuntularını aşkar etməyə və qüsurları
aradan qaldırmağa da imkan yaratdı. Bu texnologiyaların
köməyi ilə abituriyentlərə aid məlumatlarda məntiqi
yoxlamalar aparıldı və saxta attestatların
aşkarlanması üçün
avtomatlaşdırılmış sistem yaradıldı.
Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası 1997-ci ildə
daha böyük yeniliklərə imza atdı. İlk
dəfə təhsili ödənişli və ödənişsiz
əsaslarla olan ixtisaslara
qəbul işi eyni zamanda, yəni, birgə aparıldı. İmtahan nəzarətçilərinin zallar üzrə paylanması
avtomatlaşdırıldı, köçürmə
hallarının aşkar edilməsi və
qarşısının alınması üçün
yeni texnoloji sxem tətbiq edildi.
Abituriyentlərin qəbul imtahanlarına
hazırlaşmasına kömək məqsədilə "Abituriyent" hazırlıq kursu
yaradıldı. Həmin ilin yeniliklərindən
biri də abituriyentlərə sınaq
imtahanlarının keçirilməsi oldu.
Aylar, illər
keçdikcə yeni abituriyentlərin qəbul imtahanlarına
hazırlığı və imtahanların daha yüksək səviyyədə
təşkili üçün bir sıra mühüm əhəmiyyətli
işlər görüldü. Ölkənin
bütün rayon və
şəhər təhsil şöbələrində sənəd
qəbulu komissiyaları yaradıldı. Abituriyentlərin qəbula
daha səmərəli
hazırlaşmalarına kömək məqsədilə 1992-1998-ci
illərdə qəbul imtahanlarında istifadə olunmuş test
tapşırıqları ayrıca kitab
şəklində çap edildi.
2000-ci il
yanvarın 17-də ulu öndər Heydər Əliyev
respublikada hakim vəzifəsinə namizədlərin
seçilməsi qaydalarının təkmilləşdirilməsi
haqqında fərman imzaladı. Həmin fərmana
görə, ölkədə hakim vəzifəsinə
namizədlərin şəffaf prosedur əsasında,
beynəlxalq tələblərə uyğun seçilməsinin təmin
edilməsi məqsədilə hakim vəzifəsinə
namizədlər test üsulu
ilə imtahan verməli və müsahibə
qaydasında seçilməli idi. 2001-ci il iyunun 19-da Prezidentin digər bir fərmanı
ilə "Prokurorluğa işə qəbul
olunmaq üçün
namizədlərə müsabiqə keçirilməsi haqqında" əsasnamə
təsdiq edildi. Həmin əsasnaməyə
uyğun olaraq prokurorluq orqanlarına işə girmək istəyən
şəxslərin test üsulu
ilə imtahanı keçirildi.
Sonralar
Prezident İlham Əliyevin 19 yanvar 2005-ci il tarixli 180 nömrəli
fərmanı ilə Azərbaycan Respublikası Dövlət
Qulluğu Məsələləri üzrə Komissiya
yaradıldı. 2005-2009-cu illərdə dövlət
qulluğuna qəbul prosesi
bu komissiya ilə TQDK
tərəfindən birgə aparılırdı. Bununla belə, bir çox dövlət
qurumlarına (Azərbaycan Respublikasının Baş
Prokurorluğu, Daxili
İşlər Nazirliyi, Vəkillər
Kollegiyası, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi,
Fövqəladə Hallar Nazirliyi
və s.) işə qəbul üçün test
imtahanları yenə də TQDK tərəfindən həyata keçirilir.
Azərbaycan
Respublikası Prezidentinin 6 aprel 2005-ci il tarixli, 219 nömrəli
fərmanı ilə təsdiq edilmiş "Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasamə"yə
uyğun olaraq təşkilati-hüquqi və mülkiyyəti
formasından asılı olmayaraq bütün ali məktəblərin
magistratura səviyyəsinə mərkəzləşmiş
qaydada qəbul keçirmək səlahiyyəti də TQDK-ya
verildi.
2007-ci ildən
etibarən ərizələrin qəbulu və ixtisas
seçimi prosesi elektron üsulu ilə həyata keçirilməyə
başlanıldı. İxtisas
seçimi tələbə qəbulu
prosesində abituriyent və bakalavr tərəfindən yerinə yetirilən
ən vacib və məsuliyyətli mərhələdir.
İxtisas seçiminin
internet vasitəsilə aparılması
abituriyentlərin əvvəllər bu sahədə
yol verdikləri səhvlərin aradan qaldırılmasına lazımi şərait
yaratdı.
Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının
xüsusi diqqət yetirdiyi sahələrdən biri də
imtahanlara fərdi qaydada hazırlaşan abituriyentlərə
metodiki kömək göstərməsidir. Təcrübəli
ekspertlərin qəbul imtahan fənləri
üzrə video mühazirələri
hazırlanır və komissiyanın internet
saytında yerləşdirilir. Bütün
bunlar müstəqil hazırlaşan gənclərə
heç bir ödəniş
etmədən öz bilik
səviyyələrini artırmaq imkanı yaradır.
Prezident
İlham Əliyevin 2010-cu il 23 fevral tarixli fərmanı ilə
təstiq edilmiş "Tələbə
məzun" dövlət elektron məlumat sisteminin
yaradılmasının qəbul komissiyasına
tapşırılması da diqqətəlayiq hadisədir. Bu yeni sistem
bütövlükdə tələbə kontingenti
hərəkətinin dövlət səviyyəsində tənzimlənməsinə
xidmət edir. Həmin sistem "Tələbə məzun" elektron məlumat bazasını, bu bazaya məlumatların daxil edilməsini, dəyişdirilməsini,
mühafizəsini, axtarışların aparılmasını
və digər əməliyyatların həyata keçirilməsini
təmin edən texniki proqram
kompleksidir.
Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin 17 mart 2009-cu il tarixli
qərarı ilə Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının Naxçıvan, Gəncə,
Şəki, Lənkəran və Quba şəhərlərində
regional bölmələri yaradılmışdır. Yeni fəaliyyətə
başlayan bu bölmələr
sınaq imtahanlarından başlayaraq ən
son mərhələyədək işlərin
təşkilində xüsusi rol oynayırlar. Bu da o deməkdir ki, abituriyent test imtahanlarına qədər bütün
mərhələləri keçir və imtahana texniki və nəzəri
baxımdan tam hazır olur.
Qəbul
imtahanına hazırlaşan yuxarı sinif şagirdlərinin
və abituriyentlərin ehtiyacları nəzərə
alınaraq onlar üçün "Abituriyent"
jurnalının xüsusi buraxılışı kimi fənlər
üzrə qəbul proqramına uyğun olaraq vəsaitlər
hazırlanıb nəşr edilir ki, bu da nəticə
etibarı ilə özünü doğruldur.
Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının
yaranmasından 20 il keçir. Bu, elə böyük bir tarix olmasa da,
mahiyyət və məna baxımdan çox
dəyərli illərdir. Sirr deyil ki, ali
və orta ixtisas təhsilinin
birinci mərhələsi qəbul prosesi ilə başlayır. Yəni,
ilk addım və ya
bünövrə necə qoyulursa,
sonrakı mərhələlər də elə davam edir. Ötən 20 il ərzində TQDK qarşıya qoyulan bütün işləri
çox dolğun
şəkildə yerinə yetirir. Şəffaflıq
yüksək səviyyədə qorunur,
abituriyentlərə elmi, texniki
kömək göstərilir, müasir
informasiya texnologiyalarından maksimum səviyyədə istifadə edilir. Qəbul imtahanlarının təşkilində
və keçirilməsində bütün
məsələlər səriştəli surətdə həllini
tapır.
Son olaraq
çox böyük əminliklə deyə bilərəm ki,
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali və orta ixtisas təhsil
bazasının möhkəmlənməsində, bu sahədə
işlərin dünya standartları səviyyəsinə
qaldırılmasında əhəmiyyətli rol oynayır. Hesab
edirəm ki, bu qurum bundan sonra
da yüksək məsuliyyət hissi ilə çalışacaq, müstəqil
ölkəmiz üçün
bilikli, bacarıqlı mütəxəssislərin
yetişdirilməsinə əməli işləri ilə daha sanballı töhfələr verəcəkdir.
Mirdaməd SADIQOV,
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, əməkdar elm xadimi, professor
Azərbaycan.- 2012.- 16 fevral.- S. 5.