İnkişaf bütün sahələri
əhatə edir
Nazirlər
Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının
yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyevin
söylədiyi dəyərli fikirlər, verdiyi qiymətli
tövsiyələr bölgələrdə geniş təhlil
olunur, cari ilin aydın fəaliyyət istiqamətlərini
müəyyənləşdirir. Mingəçevir şəhər
fəallarının yığıncağı da məhz bu məsələyə
həsr olunmuşdur.
Hesabat məruzəsi
ilə çıxış edən Mingəçevir Şəhər
İcra Hakimiyyətinin başçısı Mübariz
Ağayev keçən il şəhərin sosial-iqtisadi həyatında
qazanılmış nailiyyətləri geniş təhlil etdi.
O, davamlı dövlət qayğısının
ünvanına çevrilmiş Mingəçevirin öz
simasını sürətlə dəyişərək
gözəlləşməsini, şəhər əhalisinin həyat
şəraitinin ildən-ilə
yaxşılaşmasını dövlət
başçısının ölkənin əsas enerji təminatçısı
olan nur şəhərinə və bu şəhərin qədirbilən,
əməksevər sakinlərinə xüsusi münasibətinin
məntiqi nəticəsi olduğunu dönə-dönə
vurğuladı.
Tikilib
qurulması xalqımızın ümummilli lideri Heydər Əliyevin
adı ilə sıx bağlı olan Mingəçevir son illər
dinamik inkişaf etməkdədir. Tərəqqi, yüksəliş
yolunda 2011-ci ilin xüsusi yeri vardır.
Ötən il şəhərdə sosial-iqtisadi inkişafın yekunları kifayət
qədər uğurlu olmuşdur.
İl ərzində ümumi
məhsul buraxılışı 41,5 faiz artaraq 287 milyon manata çatmışdır. Sənaye məhsulu
istehsalı 24,9 faiz,
tikinti-quraşdırma işlərinin həcmi 2,6 dəfə,
ticarət və iaşə xidməti 17,6 faiz,
kənd təsərrüfatı məhsulları istehsalı
28,5 faiz artmışdır. Nailiyyətlərlə yola
salınan 2011-ci ildə abadlıq, tikinti-quruculuq
işləri diqqət mərkəzində olmuşdur.
İl ərzində şəhərin
küçələrində və yaşayış massivlərində
bütövlükdə 7 milyon
manatlıqdan çox abadlıq və əsaslı
təmir işləri aparılmışdır.
Küçə və meydanlarda məhəllədaxili
ərazilərdə 225 kvadratmetr sahəyə
asfalt örtüyü
salınmış, 540 işıqlandırıcı dirək
quraşdırılmış, binaların 32 min
kvadratmetr fasad hissəsi
rənglənmişdir. "Dostluq"
parkı bərpa edilərək yeni
görkəm almışdır. Şəhərin sağ sahil hissəsində
yeni istirahət parkı
salınmışdır. Park və xiyabanlarda 15 min kvadratmetr sahəyə tamet
və metlax döşənmişdir.
Şəhərin müxtəlif yerlərində üç yeni fəvvarə
inşa edilmiş, 15 min kvadratmetr sahədə
yaşıllıq salınmış, 30 mindən çox ağac və dekorativ gül kolları əkilmişdir.
Şəhər
əhalisinin aztəminatlı təbəqəsinə
davamlı dövlət qayğısı təmin
edilmişdir. 2011-ci ildə 1891 ailəyə
ünvanlı sosial yardım verilmiş, 4576 nəfərə sosial müavinət ödənilmişdir.
Şəhərin elektrik, qaz
və su təsərrüfatı, istilik təchizatı sistemində zəruri təmir-bərpa
işləri aparılmış, xidmət sahələrinin ahəngdar
fəaliyyəti təmin olunmuşdur.
Hesabat ilində
vətəndaşlardan daxil olan ərizə və şikayətlərin
xeyli azalması yığıncaqda razılıqla qeyd
olunmuşdur. Bu, ilk
növbədə, vətəndaşlarla düzgün
qurulan əlaqənin,
qarşılıqı inam və etimaddan qaynaqlanan
yaradıcı işin məntiqi nəticəsidir.
Bu məsələdə
ənənəyə çevrilmiş səyyar
qəbulların da rolu
böyükdür. Şəhər sakinlərinin
rahatlığına hesablanan
genişmiqyaslı abadlıq və quruculuq
işləri, vətəndaşların mənzil şəraitini
yaxşılaşdırmağa yönələn tədbirlər
və onların maddi rifah halının
yaxşılaşdırılması istiqamətində artan dövlət qayğısı cəmiyyətin
müxtəlif təbəqələrində razılıqla
qarşılanır, dövlət
başçısının humanist və
sosialyönümlü daxili
siyasəti birmənalı şəkildə müdafiə olunur.
Yığıncaqda
Prezident Administrasiyasının məsul işçisi Habil Əzəmmədov
və Milli Məclisin deputatı Aydın Mirzəzadə
çıxış etdilər.
Lazım QULİYEV,
Azərbaycan.- 2012.- 16 fevral.- S.5.