Qarşıya
qoyulan vəzifələr Yasamal
rayonunda uğurla yerinə
yetirilir
Fevralın 15-də Yasamal
Rayon İcra Hakimiyyətində
(RİH) 2011-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair
hesabat yığıncağı keçirilmişdir. Tədbirdə rayonun idarə, müəssisə və təşkilat
rəhbərləri, ərazi icra nümayəndələri
və ziyalılar iştirak etmişlər.
AzərTAc
xəbər verir ki,
yığıncaq iştirakçıları əvvəlcə
ümummilli lider Heydər
Əliyevin rayon icra
hakimiyyətinin binasındakı abidəsi önünə tər
güllər düzmüş, ulu öndərin xatirəsini ehtiramla
anmışlar.
Sonra Yasamal rayonunda və
ümumiyyətlə, ölkədə 2011-ci ildə dövlət
tərəfindən görülmüş
işləri əks etdirən film göstərilmişdir.
Hesabat məruzəsi
ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev dövlət
başçısının rəhbərliyi ilə respublikada həyata keçirilmiş
genişmiqyaslı tədbirlər və əldə olunmuş uğurlar barədə
ətraflı məlumat vermişdir.
İ.Mehdiyev
vurğulamışdır ki, istər
dövlət proqramları çərçivəsində,
istərsə də Prezident İlham Əliyevin tapşırıq və
tövsiyələrinə uyğun olaraq rayonun daxili imkanları hesabına həyata keçirilmiş tədbirlər nəticəsində
Yasamal rayonu əvvəlki
illərlə müqayisədə sürətli inkişaf yolu keçmişdir. Ötən il
Prezident İlham
Əliyev səkkiz dəfə Yasamal rayonunda olmuş, 11 böyük obyektin
açılışında iştirak etmişdir. "2011-2013-cü illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində
Yasamal rayonunda üç orta məktəb və
səkkiz uşaq bağçası əsaslı
təmir edilmişdir. Cari
ildə də bir sıra məktəb və
uşaq bağçasının bərpa
olunması nəzərdə tutulmuşdur.
Tikinti işləri təkcə təhsil
ocaqlarını deyil, eləcə də səhiyyə,
mədəniyyət və idman müəssisələrini
də əhatə etmişdir.
Bildirilmişdir ki, hesabat ilində rayonda sənaye məhsulunun ümumi
həcmi 231 milyon manat,
nəqliyyat sektorunda xidmətlərin həcmi
1 milyard 625 milyon manat olmuşdur. Əsas kapitala isə 802 milyon manat yönəldilmişdir. Pərakəndə
əmtəə dövriyyəsi 763 milyon manat, əhaliyə göstərilən pullu xidmətlər isə 521 milyon
manat təşkil etmişdir
ki, bu da
əvvəlki illə müqayisədə müvafiq
olaraq 133,5 faiz və
111,9 faiz çoxdur. Orta aylıq əməkhaqqı
12,8 faiz artaraq 456,8 manat olmuşdur. Ötən
il rayonda 3444 yeni iş yeri
açılmışdır ki,
onların 515-i yeni yaradılmış
müəssisə və təşkilatlarda, 223-ü mövcud müəssisələrdə,
2696-sı isə fiziki şəxslər tərəfindən
yaradılmışdır.
Qeyd olunmuşdur ki, əvvəlki
illərdə olduğu kimi,
2011-ci ildə də rayonda
genişmiqyaslı abadlıq və yaşıllaşdırma
işləri aparılmışdır.
Hesabat məruzəsi
ətrafında Bakı Dövlət Universitetinin
rektoru akademik Abel Məhərrəmov, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov
çıxış edərək ötən ildə
respublikamızın uğurlarından, qarşıda duran vəzifələrdən
danışmışlar.
Prezident
Administrasiyasının məsul işçisi
Tağı Tağıyev ötən il ərzində
də ümummilli lider
Heydər Əliyevin siyasi kursunu
layiqincə davam etdirən Prezident
İlham Əliyev tərəfindən
ölkəmizin beynəlxalq arenada
tanınması istiqamətində bir çox genişmiqyaslı işlərin həyata
keçirildiyini diqqətə
çatdırmışdır.
Sonda
iştirakçılar adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Azərbaycan.- 2012.- 16 fevral.-S. 5.