Azərbaycan Prezidenti İlham Əliyevin
Qusar rayonuna səfəri
Şahdağ qış-yay turizm
kompleksinin tikintisinin birinci mərhələsi üzrə
tamamlama işləri ilə tanışlıq
Fevralın 17-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva Şahdağ qış-yay
turizm kompleksinin tikintisinin birinci mərhələsi üzrə
tamamlama işləri ilə tanış olmuşlar.
Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev kompleksin tikintisinin
gedişi ilə bağlı dövlət
başçısına ətraflı məlumat verdi.
Bildirildi ki, Şahdağ qış-yay turizm kompleksi
dünyadakı bu tipli komplekslərdən nadirliyi və
universallığı ilə fərqlənəcəkdir.
Kompleksin tikintisinə hazırlıq işlərinə
2006-cı ildən başlanılmışdır. Həmin il
keçirilən tenderdə dünyanın aparıcı
şirkətləri qalib gəlmişdir. 2009-cu ilin
sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə
bu kompleksin təməli qoyulmuşdur.
Diqqətə
çatdırıldı ki, Şahdağ qış-yay turizm
kompleksi Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə
Şahdağ Milli Parkının ərazisində yerləşir.
Dövlət başçısının
tapşırığına uyğun olaraq, Şahdağ
qış-yay turizm kompleksinə çəkilən avtomobil
yolu genişləndirilir, körpülər salınır,
torpaq sürüşmələrinin qarşısının
alınması üçün mühafizə tədbirləri
həyata keçirilir və digər müvafiq işlər
görülür. Tikintinin aparıldığı ərazi
ekoloji təmizliyi, flora və faunasının zənginliyi ilə
seçilir. Bu turizm obyekti dəniz səviyyəsindən
1300-2300 metr yüksəklikdədir. Turizm kompleksinin əsas
hissəsi isə dəniz səviyyəsindən 1440-1640 metr
yüksəklikdəki yaylaqda yerləşir. Kompleksin 2058
hektar ərazisi vardır. Azərbaycanda və ümumiyyətlə,
dünyada ən mükəmməl layihələrdən biri
olan Şahdağ qış-yay turizm kompleksi oxşar istirahət
mərkəzlərindən bənzərsizliyi ilə fərqlənəcək
və il boyu fəaliyyət göstərəcəkdir. Bu layihənin
reallaşdırılması respublikamızda dağ-xizək
idmanı və digər qış idman növlərinin
inkişafı üçün hərtərəfli imkanlar
açacaqdır. Turistlər yay mövsümündə də
burada mənalı istirahət edə biləcəklər.
Qeyd olundu
ki, Şahdağ qış-yay turizm kompleksi Azərbaycan
tarixində ilk dağ-xizək kurortudur. Kompleksin inşası
bir neçə mərhələdə aparılacaqdır.
2011-ci ilin fevralında Prezident İlham Əliyev kompleksin 2
nömrəli kanat yolunun və xizək enişinin
açılışında iştirak etmişdir. Bu möhtəşəm
obyektin inşasını daim diqqət mərkəzində
saxlayan dövlət başçısı ötən ilin
sonunda tikintinin gedişi ilə tanış olmuşdur.
Prezident
İlham Əliyev kompleksin lift bazasında həyata
keçirilən işlərlə maraqlandı. Bildirildi ki,
artıq lift bazasında tamamlama işləri
görülür. Bu baza kompleksə 2-3 günlük istirahətə
gələn turistlər üçün nəzərdə
tutulmuşdur. Baza biri yeraltı olmaqla, üç mərtəbədən
ibarətdir. Burada xizək avadanlığı kirayəsi
bölməsi də vardır.
Dövlət
başçısına xizək bölməsində istifadə
olunacaq və turistlərin ixtiyarına veriləcək xizək
avadanlığı barədə məlumat verildi. Bazada
Prezident İlham Əliyevin tapşırığına
uyğun olaraq, uşaqların dağ-xizək idmanı ilə
məşğul olmaları və əylənmələri
üçün də hərtərəfli şərait
yaradılmışdır.
Azərbaycan
Prezidentinə məlumat verildi ki, turistlərin xizək
enişinə çatdırılması üçün
kanat yolları inşa olunur. 2, 4, 8 və 9 nömrəli liftlərin
quraşdırılması başa
çatdırılmış, 3 nömrəli liftdə
sınaq işi aparılır, 7 nömrəli liftin
inşası isə yekunlaşdırılmaq üzrədir.
Kompleksdə turistlərin xizəklə sürüşməsi
və qış istirahətini sığortalamaq məqsədi
ilə süni qaryağdırma sistemi yaradılır. Bunun
üçün bütün enişlərdə qar
generatorları quraşdırılmışdır. Bazada
Almaniya istehsalı olan avadanlıqdan qarın bərkidilməsində
və xizək trassının lazımi səviyyəyə gətirilməsində
istifadə olunacaqdır. Burada birinci mərhələ çərçivəsində
9 kanat yolu fəaliyyət göstərəcəkdir.
Diqqətə
çatdırıldı ki, lift bazasındakı oteldə 40
otaq, restoran, bar, kafe, bilyard otağı, dükanlar, konfrans
salonu, tibb məntəqəsi, əməkdaşlar
üçün otaqlar, on lift, avtomobil dayanacağı və
digər obyektlər vardır.
Prezident
İlham Əliyev və xanımı Mehriban Əliyeva
nümunə üçün yaradılan otel otaqlarında
şəraitlə tanış oldular.
Daha sonra
yüksəklikdən kompleksin ərazisini seyr edən dövlət
başçısına məlumat verildi ki, birinci mərhələ
çərçivəsində qaz generator stansiyasının
tikintisi, bütün zəruri daxili kommunikasiyalar və xarici
infrastruktur üzrə də xeyli iş
görülmüşdür. Kompleksə Qusar rayonundan 35,7
kilometr uzunluğunda orta təzyiqli qaz kəməri çəkilmişdir.
35 kilometrlik kanalizasiya sistemi də istifadəyə
hazırdır. 29 kilometr uzunluğunda fiber lifli rabitə xəttinin
çəkilişi tamamlanmaq üzrədir. 32,6 kilometrlik 110
kilovoltluq elektrik xəttinin inşası davam edir. İçməli
su kəmərinin və təmizləyici qurğuların
inşası da başa çatdırılmışdır.
Prezident
İlham Əliyevə və xanımı Mehriban Əliyevaya
kompleksdə növbəti mərhələdə həyata
keçiriləcək infrastruktur işləri barədə ətraflı
məlumat verildi. Bildirildi ki, dövlət
başçısının tapşırıqlarına əsasən
Şahdağ qış-yay turizm kompleksinin ərazisində
otellər şəbəkəsi yaradılır. Artıq
"Resort" otelində tamamlama işləri
görülür. Yeddimərtəbəli oteldə turistlərə
prezident nömrəsi, VİP-suit otaq, hər biri ikinəfərlik
170 nömrə, müxtəlif tədbirlərin keçirilməsi
üçün üç konfrans salonu, altı restoran, SPA mərkəzi,
üzgüçülük hovuzu, uşaq
bağçası, xizək kirayəsi məntəqəsi,
xizək məktəbi, yeraltı dayanacaq xidmət göstərəcək
və digər xidmətlər təklif olunacaqdır.
"Resort" otelinin yaxınlığında daha iki yüksək
səviyyəli otel fəaliyyət göstərəcəkdir.
Həmin otellərdən birinin artıq bünövrəsi
qoyulmuş, digərinin isə hazırlıq işləri
aparılır. Yaxınlıqda ən müasir standartlara cavab
verən ticarət mərkəzi də fəaliyyət göstərəcəkdir.
Ərazidə bir kiçik otelin inşası da tamamlanmaq
üzrədir. Burada turistlər üçün 26 otaq,
sağlamlıq klubu, restoran, bar, kafe və digər əyləncə
mərkəzləri nəzərdə tutulur. Həmin otelin
yaxınlığında elektrik stansiyası tikilir.
Qonşuluqdakı digər infrastruktur obyekti isə yay
mövsümündə Şahdağ qış-yay turizm
kompleksindəki bütün obyektlərin sərin hava ilə təmin
olunmasını mərkəzləşdirilmiş qaydada həyata
keçirəcəkdir.
Diqqətə
çatdırıldı ki, Şahdağ qış-yay turizm
kompleksi dünya turizm sənayesində xüsusi layihələrdən
biri olacaqdır. Layihənin növbəti mərhələləri
çərçivəsində yeni kanat yolları
salınacaq, qolf meydançası, müxtəlif klublar,
kiçik mehmanxanalar, pansionat, Şahdağ Gənclər Mərkəzi,
900 nömrəlik "Relax" mehmanxana şəbəkəsi,
200 nəfərlik diskoteka binası inşa olunacaq, at
ferması fəaliyyət göstərəcəkdir.
Qeyd olundu
ki, kompleksin birinci mərhələsi üzrə tikinti işləri
dövlət tərəfindən maliyyələşdirilir.
Tikintiyə nəzarəti Mədəniyyət və Turizm
Nazirliyinin tabeliyində olan Şahdağ qış-yay turizm
kompleksinin müdiriyyəti həyata keçirir. Kompleksin
inşasının növbəti mərhələlərində
özəl sektorun da yaxından iştirakı nəzərdə
tutulmuşdur.
Komplekslə
yaxından tanış olan Prezident İlham Əliyevə və
xanımı Mehriban Əliyevaya əyləncə mərkəzlərinin
yerləşəcəyi məhəllə barədə ətraflı
məlumat verildi.
Dövlət
başçısı növbəti mərhələdə həyata
keçiriləcək tədbirlərlə bağlı
tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.- 2012.-18 fevral.- S. 1.