Qaradağlı faciəsinin 20-ci ildönümünə həsr olunmuş sənədli filmin təqdimatı keçirilmişdir

 

Fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamın 20-ci ildönümünə həsr olunmuş sənədli filmin təqdimatı və anma mərasimi keçirilmişdir. AzərTAc xəbər verir ki, mərasimdə Milli Məclisin deputatları, diplomatik korpusların nümayəndələri, ziyalılar və KİV təmsilçiləri iştirak etmişlər.

Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirmişdir ki, 1992-ci il fevralın 17-də Qaradağlı kəndinin işğalı zamanı ermənilər tərəfindən 118 nəfər girov götürülmüş, 33 nəfər yerindəcə güllələnmişdir. Ermənilər öldürülmüş və yaralanmış azərbaycanlıları quyulara tökərək basdırmışlar. Bundan başqa, girov götürülən azərbaycanlılardan 68 nəfər öldürülmüş, 50 nəfər isə böyük çətinliklərlə sonradan əsirlikdən azad edilmişlər. Girovluqdan azad edilən soydaşlarımızdan 18 nəfər ermənilərin verdikləri işgəncələr və törədilən fəsadlar nəticəsində vəfat etmişdir. Kənddə 2 ailənin hər birindən 4 nəfər öldürülmüş, 42 ailədə isə ailə başçısı qətlə yetirilmiş, 140-a yaxın uşaq yetim qalmışdır.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımına, o cümlədən də Qaradağlı faciəsinə hüquqi qiymətin verilməsinin vacibliyini vurğulamışdır. Baş nazirin müavini Qaradağlı qətliamına həsr olunmuş filmin digər dillərə tərcümə olunaraq xaricdə yayımlanması üçün göstəriş verildiyini demişdir.

Ə.Həsənov bildirmişdir ki, hər bir erməni bunu başa düşməli və anlamalıdır ki, Azərbaycanın səbri tükənməz deyildir. Çünki bunu nə qədər tez başa düşsələr, o qədər xeyirlərinə olacaqdır.

Baş nazirin müavini ermənilərə dəstək verən və dayaq olan dövlətlərə də müraciət etmişdir. Ə.Həsənov bu gün ermənilərə dəstək verən ölkələrin sabah özlərinin bununla qarşılaşacaqlarını vurğulayaraq demişdir: "Bu gün ermənilər Rusiyanın cənubuna, Gürcüstanın bölgəsinə, Türkiyənin şərqinə iddia edirlər. Sabah deyəcəklər ki, Fransa ata-baba torpağımızdır. Amerikanın da bir-iki ştatını özlərininki elan edəcəklər. O zaman bizim nə çəkdiyimiz anlaşılacaqdır".

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev Xocalıya qədər neçə-neçə soyqırımılarının və faciələrin baş verdiyini demişdir. Hərbi prokuror təkcə Qaradağlı, Xocalı deyil, ermənilərin bu vaxta qədər törətdikləri bütün soyqırımı və faciələrin hüquqi qiymətinin verilməsinin vacibliyini vurğulamışdır.

X.Vəliyev 2005-ci ildən başlayaraq Qaradağlı, Meşəli və Xocalı faciələrini törədənlərin aşkarlanaraq məsuliyyətə cəlb olunması istiqamətində işlər aparıldığını demişdir. O bildirmişdir ki, amma bu  cinayəti törədənlərin Ermənistan tərəfindən himayə olunmaları onların istintaqa cəlb edilməsini çətinləşdirmişdir. Buna baxmayaraq, faktlar toplanır və sənədləşdirilir, müvafiq tədbirlərin görülməsi istiqamətində işlər aparılır.

Tədbirdə soyqırımı yaşamış Qaradağlı sakinləri də çıxış etmiş, üzləşdikləri faciələri anlatmışlar.

 

 

Azərbaycan.- 2012.-18 fevral.- S.  4.