«Xocalıya ədalət»
kampaniyası çərçivəsində İstanbulda rəsm
və foto sərgisi açılmışdır
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclik Forumunun (DƏ-İKGF) təşkilatçılığı ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində İstanbuldakı "Taksim" metrosunun sərgi salonunda Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı rəsm və foto sərgisi açılmışdır.
Sərginin açılış mərasimində çıxış edən DƏ-İKGF-nin nümayəndəsi Nabat Qaraxanova 2008-ci ildə forumun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət" kampaniyası çərçivəsində görülmüş işlərdən ətraflı danışmışdır. Məhz bu səylər nəticəsində keçən ay İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Xocalı qətliamını soyqırımı kimi tanımış, Pakistan, Meksika parlamentləri də müvafiq addımlar atmışlar. Türkiyə və Azərbaycanda bütün gənclər bu təşəbbüsə daha çox dəstək olmalı, Xocalı soyqırımının bütün dünyada tanınması üçün səylərini birləşdirməlidirlər.
N.Qaraxanova bildirmişdir ki, Türkiyə parlamenti Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclik Forumunun tədbirlərinə diqqəti artırmışdır. Yaxın günlərdə Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımı haqqında kitabın təqdimatı, rəsm və foto sərgisi təşkil olunacaqdır.
Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov forumun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə aparılan "Xocalıya ədalət" kampaniyasının öz bəhrəsini verdiyini, artıq bütün dünyada bu soyqırımının geniş tanıdılması prosesinin davam etdiyini vurğulamışdır. Baş konsul Xocalı qətliamının BMT-nin Soyqırımı Konvensiyasının bütün maddələrinə uyğun olduğunu, vəhşicəsinə qətlə yetirilmiş dinc insanların məhz etnik mənsubiyyəti - türk olduqları üçün soyqırımına məruz qaldıqlarını demişdir.
Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı, Milli Məclisin deputatı, "İrəli" gənclər hərəkatının sədri Ceyhun Osmanlı, Mərmərə Universitetinin dosenti Nəsrin Sarıəhmədoğlu Xocalı soyqırımı və Azərbaycanda əsrlər boyu ermənilərin törətdikləri qətliamlardan ətraflı bəhs etmişlər. Onlar Türkiyə vətəndaşlarını, habelə qardaş ölkədə yaşayan azərbaycanlı və digər xalqların nümayəndələrini fevralın 26-da Taksim meydanında Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar keçiriləcək mitinqə qatılmağa dəvət etmişlər.
Xocalı sakini Anar Yusifov bildirmişdir ki, bu soyqırımında onun 18 qohumu erməni vandalizminin qurbanı olmuş, bir çoxu isə itkin düşmüşdür. Bu şəhidlərin ruhu o zaman dinclik tapacaqdır ki, Xocalı və işğal edilmiş digər ərazilərimiz azad olunacaqdır. Bunun üçün lazım gələrsə, xalqımız hərb yolu ilə torpaqlarımızı düşmən tapdağından qurtaracaqdır.
Sonra mərasim iştirakçıları Xocalı soyqırımı haqqında sənədli filmə baxmış, sərgi ilə tanış olmuşlar.
Oqtay BAYRAMOV,
AzərTAc-ın
xüsusi müxbiri
İstanbul
Azərbaycan.- 2012.-18 fevral.- S. 4.