Xocalı hadisələri beynəlxalq hüquqa əsasən soyqırımı kimi tanınmalıdır

 

Bundan sonra dünya xalqları Xocalı faciəsini alman, ingilis, rus və fransız dillərində də oxuyacaqlar. AMEA-nın İnsan Hüquqları İnstitutunun "Xocalı hadisələri beynəlxalq hüquqa əsasən soyqırımı kimi qiymətləndirilir" adlı kitabçası işıq üzü görüb. Kitab XX əsrin ən ağır cinayəti sayılan Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilib.

Fevralın 17-də bu münasibətlə institutda elmi sessiya keçirildi. Tədbiri institutun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva açaraq Xocalı soyqırımının insanlığa qarşı həyata keçirilən ən ağır cinayət olduğunu və bu cinayət hadisəsi haqqında obyektiv məlumatların bütün dünya ictimaiyyətinə yetərincə çatdırılmasının vacibliyini vurğuladı: "Beynəlxalq qurumlara ünvanlanan mühüm sənədlər 4 dildə təqdim olunub. Bu faciə beynəlxalq hüquqa əsasən soyqırımıdır. Hazırlanan sənədlərdə Xocalı hadisələrinin soyqırımı adlanması üçün bütün əsaslar var. Erməni quldurları günahsız insanları məhz etnik mənsubiyyətinə görə qətlə yetiriblər. Bu sənədlər bütün beynəlxalq təşkilatlara, parlamentlərə göndəriləcək. Əsas məqsəd Xocalı soyqırımı ilə bağlı beynəlxalq tribunalın keçirilməsinə nail olmaqdır. 

Toplantıda iştirak edən deputatlar, tarixçi alimlər, ziyalılar xalqımızın başına gətirilən faciələrin tarixi kökünə nəzər salaraq bildirdilər ki, millətimizin soyqırımı uydurulmuş "erməni məsələsi" ilə bağlıdır. Gülüstan və Türkmənçay müqavilələrindən sonra ermənilər kütləvi şəkildə Azərbaycan torpaqlarında məskunlaşdırılmış, bununla da bitib-tükənməyən faciələrimiz başlamışdır. Tədbirdə vurğulandı ki, neçə illərdir bu cinayət aktı barədə müxtəlif səviyyələrdə çox danışılır, tədbirlər keçirilir, müvafiq nəşrlər buraxılır, müzakirələr aparılır. Lakin ən önəmli məsələ dünyada Xocalı hadisələrinə hüquqi cəhətdən qiymət verilməsinə nail olmaqdır. Belə bir qiymət ona görə önəmlidir ki, beynəlxalq ictimaiyyət və nüfuzlu beynəlxalq təşkilatlar 20 il öncə Azərbaycanda köməksiz vəziyyətdə qalmış insanların başına gətirilmiş misligörünməmiş faciəni bilsinlər. Hələ ki, bu faciəni törədənlər də yaşayır, şahid olanlar da. Şəkillər və videogörüntülər də var. Onu da vurğulamaq yerinə düşər ki, son zamanlar aparıcı dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar getdikcə daha çox Azərbaycanın ədalətli mövqeyini müdafiə edir, ərazilərimizin işğal faktını təsdiqləyir, Ermənistandan Azərbaycan torpaqlarını azad etməyi tələb edirlər. Azərbaycan dövləti, xaricdə yaşayan soydaşlarımız Xocalı həqiqətlərinin dünyaya çatdırılması, onun əsl soyqırımı aktı kimi tanıdılması üçün ardıcıl tədbirlər görürlər. Bu cür tədbirlər son vaxtlar intensiv və  əhatəli şəkildə həyata keçirilir, dünya türkləri daha çox fəallıq göstərirlər.

Milli Məclisin deputatları Flora Qasımova, Qənirə Paşayeva, Aydın Mirzəzadə və başqa iştirakçılar da Azərbaycan hökumətinin və parlamentinin erməni terrorçularının azərbaycanlılara qarşı törətdiyi cinayətlərin, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətləri bütün dəhşətləri ilə dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyindən, bu istiqamətdə görülən işlərdən danışdılar. Qeyd etdilər ki, məqsəd Xocalı faciəsinə beynəlxalq hüquqi-siyasi qiymət verilməsinə, onun təşkilatçılarının, ideoloqlarının və icraçılarının dünya ictimaiyyətinin gözündə ifşasına və cəzalandırılmasına nail olmaqdır.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2012.- 18 fevral.- S.4.