Xocalıdan erməni təyyarəsi qalxmamalıdır yaxud 20 yaşlı faciə yaddaşımızın gözü ilə

 

Qara siyahı

 

Dönə-dönə deyilmiş və yazılmış bu faciə haqqında həqiqətləri insanların, xüsusən gənclərin diqqətinə çatdırmaqdan yorulmamalıyıq...   

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndidə yerləşdirilmiş 366-cı motoatıcı hərbi alayının köməyi ilə Xocalı şəhərinə hücum etdilər. Əvvəlcə şəhər hər tərəfdən mühasirəyə alındı, sonra isə artilleriya və ağır hərbi texnikadan güclü atəşə tutuldu. Az vaxt ərzində yanğın baş verdi, şəhər tamamilə alova büründü. Şəhərin müdafiəçiləri və yerli əhali başdan-ayağa silahlanmış hərbçilərin və quldur dəstələrinin xüsusi qəddarlıqla həyata keçirdikləri amansız hücumuna davam gətirə bilmədilər. Fevralın 26-sı səhər saat 5-dək qədim Xocalı yer üzündən silindi, əhalisi dəhşətli soyqırımına məruz qaldı...

Erməni vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək, ağlasığmaz işgəncələrə, təhqir və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər hətta meyitləri də təhqir etmişlər... Bu, əsl soyqırımı idi. Miqyasına və qəddarlığına görə tarixə düşmüş Xatın, Sonqmi faciələrındən geri qalmırdı...

Onu da xatırlatmalıyıq ki, "qara siyahı" adlandırdığımız bu faktlar Xocalı dəhşətinin tam mənzərəsi deyildir. Erməni vəhşiliyinin qurbanı olmuş yüzlərlə insanın taleyi hələ də "rəsmi məlumat"  siyahılarından kənarda qalmaqdadır...

 

Əcnəbi jurnalistlərin şahidliyi

 

20 il  öncə baş verən o müdhiş faciənin nəticələrini öz gözləri ilə görüb dəhşətə gələnlər arasında çoxlu sayda əcnəbi jurnalistlər də var idi. Onların hadisə yerindən ötürdükləri operativ xəbərləri dərc edərək dünya ictimaiyyətinə çatdıran mətbuat orqanlarından misallar çəkməyimiz heç də təsadüfi deyil:

"Krua Eveneman" jurnalı (Paris), 29 fevral 1992-ci il:  "Ermənilər Xocalıya hücum ediblər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər".

"Sandi Tayms" qəzeti (London), 1 mart 1992-ci il: "Erməni əsgərləri minlərlə ailəni məhv ediblər".

"Tayms" qəzeti (London), 4 mart 1992-ci il: "Çoxları eybəcər hala salınıb, körpə qızın ancaq başı qalıb".

"İzvestiya" (Moskva), 4 mart 1992-ci il: "Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdi. Kişilərin skalpları götürülmüşdü".

"İzvestiya" (Moskva), 13 mart 1992-ci il: mayor Leonid Kravets: "Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü".

"Le Mond" qəzeti (Paris), 14 mart 1992-ci il: "Ağdamda olan xarici jurnalistlər, Xocalıda öldürülən qadın və uşaqlar arasında skalpları götürülən, dırnaqları çıxarılan 3 nəfəri görüblər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır".

"Valer aktuel" jurnalı (Paris), 14 mart 1992-ci il: "Bu "muxtar regionda" erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları var. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv ediblər".

R.Patrik, İngiltərənin "Fant men nyus" teleşirkətinin jurnalisti (hadisə yerində olub): "Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz".

Haşiyə: Misallardan göründüyü kimi, o zaman Xocalı faciəsini ermənilər tərəfindən azərbaycanlılara, bütövlükdə türklərə qarşı soyqırımı aktı olduğunu ilk təsdiqləyənlər arasında Fransanın ziyalıları, mətbuat orqanları da az olmamışdır. Elə olan halda Fransa hökumətinin (Senatının) bu gün qondarma "erməni soyqırımını" təsdiqləyən rüsvayçı qərarına nə ad vermək olar? Belə unutqanlıq və ikiüzlü siyasət heç kimə, xüsusən özünü Avropada demokratiyanın carçısı elan etmiş Fransa kimi dövlətə başucalığı gətirməz!

 

Xocalı aeroportu təslim olmadı

 

Sovet dönəmində onu "Stepanakert aeroportu" adlandırırdılar. Dağlıq Qarabağ Muxtar Vilayətinin paytaxtı Stepanakert (Xankəndi) şəhərinin 18 kilometrliyində yerləşən bu hava limanı nəinki vilayətin həyatında, həm də bütün ölkədə mühüm strateji obyekt sayılırdı. Aeroportun xidmətindən birinci növbədə erməni separatçıları faydalanırdılar. Onlar bu liman vasitəsi ilə dünyanın hər yerinə yol tapır, gələcək planlarını həyata keçirmək üçün ekstremist erməni təşkilatları ilə əlaqə saxlayırdılar. "Gələcək plan" isə hər vasitə ilə silahlanmaq (istər ideoloji, istərsə də hərbi cəhətdən) və növbəti dəfə  Azərbaycanın ərazisinə təcavüz etmək siyasətindən ibarət idi. Stepanakert aeroportundan Yerevana və Rusiyanın şəhərlərinə uçan təyyarələr təkcə sərnişin daşımırdılar. Onlar qayıdan başı gizli şəkildə silah və təxribat materialları gətirirdilər. Əslində "sülhməramlı missiya" ilə Xankəndi yaxınlığında yerləşdirilmış 366-cı motoatıcı alayı da erməni separatçılarının dəyirmanına su tökürdü. Əvvəla, nizamnaməyə görə, bu alayın şəxsi heyətinə yerli əhalinin nümayəndələrinin qəbulu qadağan idi. Lakin müxtəlif yollarla bu alaya daxil edilən erməni zabitlərinın sayı ildən-ilə artmaqda idi. 90-cı illərin axırlarında, yəni Dağlıq Qarabağ separatçılarının açıq-aşkar baş qaldırdığı dövrdə 366-cı motoatıcı alayında ermənilərin sayı 30 faizi aşırdı. Məhz bu səbəbdən də münaqişə hallarını yatırmaq, yerli millətlər arasında dostluğu, sülhü bərpa etmək missiyasını yerinə yetirməli olan sovet hərbi qoşun hissəsi ikiüzlü siyasətçilərin oyuncağına, rüşvətxorluq yuvasına, erməni ekstremizminin və onların əcnəbi havadarlarının quluna çevrilmişdi. O zaman Xankəndi aeroportuna enən hərbi təyyarələrdə 366-cı alayın ünvanına göndərilən sursat yükündən erməni separatçılarına "yağlı" pay ayrılırdı...

1990-cı ilin sonlarından başlayaraq Dağlıq Qarabağın hava limanı erməni nəzarətindən çıxırdı  və tədricən bu proses azərbaycanlıların xeyrinə davam edirdi. Bu, təsadüfi deyildi. Vilayətin separatçı qüvvələri ölkə rəhbəri Qorbaçovun ermənipərəst siyasətindən istifadə edərək quduzlaşmışdılar. Bir-birinin ardınca Azərbaycan kəndləri yandırılır, türk əsilli yerli əhali qovularaq aşağılara doğru sıxışdırılırdı. Ətraf kəndlərdən qovulan azərbaycanlılar, o cümlədən bu yerlərdə sığınacaq tapmış məhsəti türkləri Xocalı ətrafında cəmləşir, ermənilərin hava limanına giriş yolunu bağlayırdılar. Xüsusən yerli əhali arasında "ermənilərin qənimi" adı ilə məşhurlaşan milis mayoru Əlif Hacıyevin aeroporta rəis təyin edilməsi bu strateji obyektin erməni separatçılarının əlindən çıxmasını sürətləndirirdi. SSRİ-nin süqutu isə bu işə bir qədər də təkan verdi. Bu zaman (1991-ci ildə) Azərbaycan hökuməti "Stepanakert aeroportu" adının dəyişdirilərək, "Xocalı aeroportu"  adlandırılması haqqında rəsmi qərar qəbul etdi. Beləliklə, vilayətdə yeganə olan bu aeroport bütünlüklə müstəqil Azərbaycanın ixtiyarına keçdi. Ermənilərin "Xocalı aeroportuna" yolu tamam bağlandı...

Əlbəttə, hadisələrin bu cür gedişi erməni qəsbkarlarını razı sala bilməzdi. Aeroportun əldən çıxması separatçı qüvvələri dünyadan, ələlxüsus Ermənistandan və havadar ölkələrdən təcrid etmişdi. Bu isə onların qanlı planını pozur, nəticə etibarilə məğlubiyyətə aparan yollarını qısaldırdı. Odur ki, düşmən təcili və təsirli tədbirlər görməli idi... 

Özünü rüşvətə qurşanmış sovet generallarının himayəsi sayəsində yaradılan "Artsax azadlıq ordusunun" komandiri elan etmiş general Ohanov 366-cı motoatıcı alayının rəhbər heyəti qarşısında belə bir tələb qoymuşdu: "Xocalı aeroportunu ələ keçirməkdə, yaxud məhv etməkdə bizə kömək etməlisiniz... Ümumiyyətlə, Xocalını yer üzündən silmək üçün sizə arxalanırıq..."

...Bu cür razılaşmalar nəhayət ki, baş tutdu. Həmin şaxtalı fevral gecəsində qədim Azərbaycan şəhəri Xocalını viran qoydular. "Xocalı aeroportunu" da məhv etdilər. Lakin onu ələ keçirə bilmədilər.

 

"Air-Artsax" uçuşa hazırlaşır

 

 Dağlıq Qarabağdakı separatçı erməni rejimi neçə müddətdir ki, Stepanakert  (Xankəndi) yaxınlığındakı İvanyan qəsəbəsində (Xocalı yurdunu belə adlandırıblar) tikilən  yeni aeroportun tezliklə  istifadəyə veriləcəyi barədə məlumat yayır. Xankəndidən yayılan açıqlamalarda deyilir ki, aeroportun istifadəyə verilməsinə son hazırlıq işləri gedir və tez bir zamanda oradan ilk sərnişin təyyarəsi havaya qalxa bilər. Qeyd edək ki, Ermənistan bir neçə ildir ki, erməni diasporunun və xarici havadarlarının  vəsaiti hesabına Qarabağ müharibəsi zamanı şəhid olmuş Xocalı aeroportunun yerində yeni təyyarə limanının tikintisinə başlayıb. Erməni mənbələrinin xəbərlərinə inansaq, tikinti işləri başa çatıb və hazırda zəruri avadanlıqların quraşdırılması prosesi gedir. Lakin ermənilər özləri də etiraf edirlər ki, belə avadanlıqların alınmasında problemlər var. Çox güman ki, mülki aviasiya limanları üçün avadanlıq istehsal edən xarici şirkətlər Azərbaycanın işğal edilmiş ərazilərində fəaliyyət göstərən qondarma rejimlə əməkdaşlıqdan çəkinirlər. Odur ki,  ermənilər üçüncü tərəf vasitəsilə bu avadanlıqları almağa çalışırlar...

Ötən ilin sentyabr ayında  jurnalistlər qarşısında çıxış edən Ermənistan iqtisadiyyat naziri Tiqran Davtyan bildirib ki, "Stepanakert aeroportu" artıq hazırdır və tez bir zamanda (ermənilər bu tarixi adətən "9 may - Qələbə günü"nə təyin edirlər-Y.K.) fəaliyyətə başlaya bilər. Onun çıxışında yeni aeroportun sərnişindaşıma gücü (sutkada 100 sərnişin), ilk reysin marşrutu (Stepanakert-Yerevan-Stepanakert) və havaya qalxacaq ilk təyyarənin markası (50 yerlik "CRJ-200") barədə məlumat yer alıb.     O  da bildirilib ki, bütün bu uçuşları yeni yaradılacaq "Air-Artsax" aviaşirkəti həyata keçirəcək... Eyni zamanda, erməni rəsmiləri ümid edirlər ki, Azərbaycan bu uçuşlara problem yarada bilməyəcək, çünki "beynəlxalq konvensiyalar sərnişin təyyarələrinin vurulmasını qadağan edir". Bu yerdə istər-istəməz bir xalq məsəli yada düşür: "Ac toyuq yuxusunda darı görər..."

Rəsmi Bakı işğal olunmuş Azərbaycan ərazisində yeni aeroportun tikintisinə başlanan vaxtdan xəbərdarlıq edərək bildirib ki,  Azərbaycanın icazəsi olmadan belə bir qurğunun yaradılması və istifadə olunması yolverilməzdir. AZAL Dövlət Konserni bu məsələ ilə bağlı beynəlxalq hüquq normalarını dəfələrlə erməni separatçı rejiminin diqqətinə çatdırıb. Lakin faydası olmayıb. Belə görünür ki, qeyri-qanuni aeroportun tikilməsi və oradan uçuşlar təşkil olunması məsələsi beynəlxalq hüquq müstəvisinə keçir və Azərbaycan hökuməti bu mübarizədə qətiyyət nümayiş etdirir.

Xocalı aeroportu uğrunda birinci mübarizəni vaxtilə mayor Əlif Hacıyev aparıb. 1992-ci ilin fevralında Xocalı uğrunda gedən ağır döyüşlər zamanı şəhərin könüllü müdafiəçiləri bu strateji obyektin düşmənin əlinə keçməsinə imkan verməmək üçün son patronlarına qədər vuruşublar. Bu döyüşə aeroportun o vaxtkı komendantı, mayor Ə.Hacıyev başçılıq edirdi. Fevralın 25-də erməni birləşmələri sovet ordusunun 366-cı alayı ilə birlikdə Xocalı üzərinə hücuma keçəndə Ə.Hacıyevin dəstəsi səhər saat 5-ə qədər aeroporta nəzarəti saxlaya bilib. Lakin qüvvələr tükənəndə o, aeroportun əsas qurğularının partladılmasını əmr edib. Özü isə həlak olub. Aeroport o vaxtdan işləmir və belə görünür ki, ermənilərin onu yenidən diriltmək planları təkcə mülki reyslərlə bağlı deyil. Separatçı rejimin "mülki aviasiya limanı" adlandırdıqları bu aeroportdan hərbi məqsədlər üçün istifadə etməyəcəyinə heç kim zəmanət verə bilməz...

Mülki aviareyslərlə bağlı məsələlər 1947-ci ildən qüvvədə olan "Beynəlxalq mülki aviasiya haqqında konvensiya" ilə nizamlanır. Bu, sadə deyimdə  "Çikaqo Konvensiyası" adı ilə tanınır. BMT-nin qurumu olan Beynəlxalq Mülki Aviasiya Komitəsi isə bu sahədə üzv dövlətlər arasında münasibətləri tənzimləyən əsas beynəlxalq orqandır. Beynəlxalq Mülki Aviasiya Komitəsinin rəsmi sanksiyası olmadan heç bir aeroport fəaliyyətə başlaya bilməz. Çünki komitə fəaliyyətə başlamaq üçün aeroportlara müvafiq beynəlxalq kod verir. Elə isə Çikaqo Konvensiyası ermənilərin işğal etdikləri ərazidə hava limanı yaratmasına və oradan uçuşlar keçirməsinə necə yanaşa bilər?

Sənəddə deyilir ki, Beynəlxalq Mülki Aviasiya Komitəsinə üzv ölkələr öz ərazisi üzərindəki hava məkanında tam suverenliyə malikdir. İndiki halda BMT Dağlıq Qarabağı Azərbaycan sərhədləri daxilində qəbul edir. Deməli, Dağlıq Qarabağ və ona bitişik ərazilər işğal altında olsa da, Azərbaycanın bu ərazilərin üzərindəki hava məkanına tam sahiblik hüququ vardır. Başqa sözlə, Azərbaycan özünün hava məkanında bütün uçuşlara nəzarət etmək hüququna malikdir. Onun icazəsi olmadan Azərbaycan səmasında heç bir aviauçuş həyata keçirmək olmaz!

Doğrudur, Çikaqo Konvensiyasının müddəalarına  əsasən üzv ölkələr öz üzərlərinə mülki təyyarələrə qarşı silah işlətməkdən çəkinmək, hava məkanını pozan mülki təyyarələrin məcburi endirilməsi zamanı sərnişinlərin həyatı üçün risk yaratmamaq kimi öhdəliklər götürüblər. Ermənilər məhz bu müddəaya arxayındır və hesab edirlər ki, Azərbaycan onun icazəsi olmadan Xankəndidən qalxan mülki təyyarələrə qarşı silah işlədə bilməz. Lakin onlar unudurlar ki, söhbət BMT-yə üzv dövlətlərdən gedir. Dağlıq Qarabağdakı rejimi isə hələ heç kim beynəlxalq hüququn subyekti kimi tanımır və tanımağa hazırlaşmır. Sözügedən konvensiya onu da tələb edir ki, hər bir ölkə öz suveren hava məkanında uçan mülki təyyarələrin silah daşıdığı, yaxud digər təhlükəli əməllərdə istifadə olunduğu haqda şübhələrə malik olsa, onların məcburi endirilməsini tələb etsin. İndiki halda Xankəndi aeroportuna reyslər Ermənistanın mülkiyyəti kimi qeydiyyatdan keçmiş təyyarələrlə həyata keçirilə bilər. Çünki sözügedən konvensiya hər bir hava gəmisinin beynəlxalq orqanda aid olduğu ölkənin mülkiyyəti kimi qeydiyyatdan keçməsini tələb edir. Lakin bu halda Ermənistan Azərbaycan ərazilərinə reyslər təşkil etmək üçün hökmən Bakının razılığını almalıdır.

İki il öncə Gürcüstanın separatçı Abxaziya bölgəsi də Suxumi aeroportundan reyslər həyata keçirməyə, o cümlədən beynəlxalq reyslərin təşkilinə cəhd etmişdi. Lakin rəsmi Tbilisi bu cəhdin qarşısını Beynəlxalq Mülki Aviasiya Komitəsi vasitəsilə ala bildi. Azərbaycanın da əlində hazırda Xocalı aeroportunun ermənilər tərəfindən işə salınmasına yol verməmək üçün müvafiq beynəlxalq mexanizmlər var, bunlardan biri də Beynəlxalq Mülki Aviasiya Komitəsi və onun əsaslandığı Çikaqo Konvensiyasıdır. Həmin beynəlxalq normalar imkan verir ki, Azərbaycan öz suveren hava məkanı üzərində onun razılığı olmadan separatçı rejimin uçuşlar təşkil etməsini əngəlləsin, lazım gələrsə, silah tətbiq etsin.

 

Erməni hiyləsinin həddi yoxdur

 

Ermənıstanın iqtisadiyyat naziri Tiqran Davtyan  xatırlatdığımız mətbuat konfransında olduqca nikbin danışıb: "...Yeni aeroportun işə düşməsi hər iki respublikanın (Ermənistan və Dağlıq Qarabağ rejimi nəzərdə tutulur-Y.K.) iqtisadiyyatına böyük təkan verəcək, xüsusən turizmin inkişafına və investorların axınına səbəb olacaq. Artıq xarici ölkələrin bir sıra turizm şirkətləri ilə razılaşma əldə edilib..."    İşğalçı dövlətin siyasətinə qulluq edən məmurun bu cür məsuliyyətsiz bəyanatlar verməsini haradasa başa düşmək olar. Lakin dünyanın o tayında yerləşən Amerika Birləşmiş Ştatlarının nüfuzlu telekanallarından birinin asanlıqla erməni tilovuna keçməsi təəccüb doğurur. Əslində elə bunun da mayasında erməni fitnə-fəsadı dayandığı bəlli olub.

Bu ilin əvvəlində ABŞ-ın "ABC" telekanalı özünün "2012-ci ilin səyahət marşrutları" portalında  "Dünyanın 7 ecazkar guşəsi"  adlı yazı vermişdi. Həmin yazıda ətraflı təsvir olunan "7 möcüzədən" birinin "Artsax respublikası" (Dağlıq Qarabağ - Y.K.) olduğu bildirilir, Amerika turistlərinin  bu diyara səyahət etməsi məsləhət görülürdü.  Yazı müəllifi diyarın təbii mənzərəsini, dağ yamacında qərar tutan beşulduzlu "Armenia hotelin" rahatlığını, hər addımda "burunları qıcıqlandıran kabab ətrini", "baş gicəlləndirən tut arağını"  tərifləyəndən sonra onu da deməyi unutmurdu ki, "bu diyara yalnız Ermənistandakı nümayəndəlik vasitəsi ilə gəlmək mümkündür"...

Azərbaycan diasporu nümayəndələrinin işə qarışmasından sonra məsələyə aydınlıq gətirilib. Sən demə, bu riyakar yazının müəllifi erməni əsilli jurnalist Oliviya Katrançiyan imiş. Onun yüksək pafoslu çağırışları nəinki turizm həvəskarlarını yolundan azdırmaq, həm də ölkənin tanınmış telekanalını yalançılıqda ittiham etmək üçün zəmin yaratmaq məqsədi güddüyü təsdiq olunub. "ABC" teleşirkətinin rəhbərləri biləndə ki, O.Katrançiyanın yazısında "dünyanın 7 ecazkar turizm guşəsindən biri" adlandırılan "Artsax respublikası"  əslində Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisidir və bu ərazidə terrorçu hərbi rejim hökm sürür, yol verdikləri səhvi düzəltməyin sadə üsulunu tapıblar. Adıçəkilən yazını portaldan çıxarıblar. Bundan xəbər tutan erməni diasporu bərk qəzəblənərək, "ABC"  telekanalına qarşı kampaniyaya başlayıb...

 

Qatilin arzusu

 

Serj Sarkisyan Qarabağ səmasında ölmək istəyir. Hə, söhbət Ermənistanın  indiki prezidenti Serj Sarqsyandan (erməni mənbələri onun soyadını belə yazırlar) gedir. O bildirib ki, "Stepanakert aeroportundan qalxan ilk təyyarənin sərnişinləri arasında mən də  olacağam". İşğalçı dövlətin başçısı bu sözləri Azərbaycan tərəfinin "Beynəlxalq qanunlara zidd olan Stepanakert aeroportundan qalxan istənilən təyyarəni vura bilərik" xəbərdarlığından sonra söyləyib. Xatırladaq ki, Dağlıq Qarabağın işğal olunmasında bilavasitə iştirak etmiş, əli minlərlə günahsız insanın qanına batmış terrorçu qatilin "Qarabağ səmasında ölmək" arzusu çin ola bilər...

 

 

Yusif KƏRİMOV,

əməkdar jurnalist

 

Azərbaycan.- 2012.-18 fevral.- S. 5.