Əqidə və
iman sahibi
Ötən əsrin əvvəllərində şeirləri ilə qəlblərə hakim kəsilən Əhməd Haşım, Məhmət Akif Ərsoy, Yahya Kamal kimi şairlər türk ədəbiyyatında yeni bir cığır salmağa başladılar. Bu dövrün görkəmli nümayəndələrindən olan Yahya Kamal bütün varlığı ilə ədəbiyyata, mədəniyyətə xidmət edən, milli düşüncəsi ilə seçilən çox böyük şəxsiyyətlərdən biri idi. Əslində, Yahya Kamal türk tarix və coğrafiyasının qızıl səhifələrini ustalıqla yaradan böyük vətənpərvər, millət sevdalısı və azadlıq aşiqi idi.
Sovet dövründə biz yalnız bir neçə türkiyəli yazıçı və şair tanıyırdıq ki, onların da üstündə kommunist damğası var idi. Nazim Hikmət, Rəşad Nuri Güntəkin və son dövrlərin satirik yazarı Əziz Nesin. Fərəhli haldır ki, dövlət müstəqilliyimizi qazandıqdan sonra, sadəcə, gediş-gəlişlər üçün yollar açılmadı. Həm də bir-birimiz üçün qapanmış ədəbiyyatın, mədəniyyətin üzərindəki qalın pərdələr də çəkildi. Türkiyə və Azərbaycan ədəbiyyatının tədrisi ilə bağlı əlaqələr öz üfüqlərini genişləndirdi.
Yahya Kamalın elmi və bədii yaradıcılığı ilə bağlı ilk dəfə Azərbaycan oxucularına ətraflı və mükəmməl məlumat verən filologiya elmləri doktoru, professor Maarifə Hacıyevadır. O, uzun illər Türkiyənin müxtəlif ali məktəblərində Azərbaycan dili və ədəbiyyatından mühazirələr oxuyub. Bu gün öz fəaliyyətini yenə də davam etdirir. Təqdirəlayiq haldır ki, Türkiyədə Azərbaycan, Azərbaycanda Türkiyə ədəbiyyatının təbliğatı ilə məşğul olan bu cəfakeş alim hər iki xalqın ədəbi əlaqələrinin araşdırılıb öyrənilməsində, sözün əsl mənasında, fədakarlıq göstərir. Bu yaxınlarda Maarifə xanımın Yahya Kamalın yaradıcılığı ilə bağlı hazırladığı bir kitab da böyük türk oğlu Yahya Kamalla bağlıdır. Kitabı filologiya elmləri üzrə fəlsəfə doktoru Mehmet Rıhtım ilə birlikdə çap etdirən Maarifə Hacıyevanın bu mətbu ərmağanı Yahya Kamalın yaradıcılığı haqqında ilk dəfə olaraq Azərbaycan dilində işıq üzü görmüş nəşrlərdən sayılır.
Xalq şairi Bəxtiyar Vahabzadə Yahya Kamalı "iman şairi" adlandıraraq yazırdı: "Hələ uşaqlıqdan onun qəlbində dərin izlər açmış Quran səsləri türklüklə müsəlmanlığın birləşməsindən doğaraq əqidə və iman səviyyəsinə yüksəlmişdir". Müəlliflərin oxuculara təqdim etdiyi "Yahya Kamal Bəyatılı" kitabında da məhz bu böyük insanın şeir dünyasının mövzuları, duyğuları şərh edilmiş, əsərlərinin gözəlliyindən, insanlarda yaratdığı nəşədən, sevgidən söz açılmışdır.
Azərbaycanın maarifpərvər ziyalılarını düşündürən mövzular var ki, biz onların bir çoxunun əks-sədasını məhz Yahya Kamalın yaradıcılığında izləyə bilirik. 1919-cu ildə Əhməd Cavad İstanbulun gözəlliklərindən söz açan, hüsnünə bir sevgi, məhəbbət yağışı çiləyən "İstanbul" şeirini yazdı. Onu narahat edən və qəlbən üzən bir sıra problemlərini də misraların ahəngində dilə gətirərək "Ah, ey solğun üzlü dalğın, İstanbul" söylədi. Elə Yahya Kamal üçün də bu şəhər dünyanın ən gözəl, möhtəşəm ünvanlarından biri idi. O da üzünü bu gözəllər gözəli İstanbula tutaraq onun mavi gözlərindən axan yaşları öz həzin misraları ilə silmək istəyirdi. Özünü ona qurban verməyə hazır dayanaraq "Aziz İstanbul" adlı kitabında bu şəhərin tarixini yazırdı. O, İstanbulun varlığından vəcdə gələrək ürəyinin məhəbbətini, fəxarət və şərafətini belə naxışlayırdı: "Türkiyə türklərinin Yer üzündə başqa bir əsəri olmasaydı, təkbaşına yalnız bu əsər şərəf naminə yetərdi".
Ümumiyyətlə, Yahya Kamal Bəyatılının yaradıcılığı ilə paralellər aparanda Nizami Gəncəvini, Məhəmməd Füzulini, Abbas Səhhəti, Mirzə Cəlili, Əhməd Cavadı, Hüseyn Cavidi, Səməd Vurğunu xatırlamamaq olmur. Milli düşüncələrin toplumunda, həyat, ölüm haqqındakı fikirlərdə o qədər eynilik, yaxınlıq var ki... Bütün bunlar isə bir daha təsdiqləyir ki, bu unudulmaz klassik şair və yazıçılarımız istər türk, istərsə də Azərbaycan ədəbiyyatının nümayəndəsi olsun, fərq etməz - hamısının bir anası, bir amalı, bir dili, bir dini, bir əqidəsi, bir mücadiləsi var. Məhz bu möhtəşəm və ucadan uca Ananın öz övladlarına verdiyi öyüdün və südün nəticəsidir ki, ayrı-ayrı dövrlərdə yaşamalarından, fərqli bölgələrdə doğulmalarından, müxtəlif quruluşlarda çarpışmalarından asılı olmayaraq, milli düşüncədə, tarixi bağlılıqda eyni kökə əsaslanır.
Yahya Kamal Bəyatılı müxtəlif janrda şeirlər yazıb. Onun poeziya ümmanında bayatı, qəzəl, rübai, heca vəznində və sərbəst şeirləri diqqət çəkir. Şərq poeziyasında rəngarəng şeir növləri içərisində rübainin özünəməxsus yeri var. Ədəbiyyatda bu janrın yaradıcıları çoxdur. Qətran Təbrizidən başlayaraq Arif Nihata kimi söz ustalarının rübailəri dillər əzbəridir. Məlumdur ki, şeir növünün içərisində rübai çox çətin bir janrdır. Məhz dörd misranın içində dərinməzmunlu fikirləri yığcam və dolğun vermək müəllifdən olduqca böyük poetik istedad tələb edir. Yahya Kamalı həmkarlarından fərqləndirən bir cəhət də budur ki, o, nəinki bunu bacarmış, həm də fani dünyanın mənzərəsini belə əhatəli yarada bilmişdir. Məsələn:
Bir mərhələdən günşələ dərya görünür,
Bir mərhələdən hər iki dünya görünür.
Son mərhələ bir fəsli-xəzandır ki, sürər,
Keçmiş, gələcək cümləsi rüya görünür.
Yahya Kamal Bəyatılının sağlığında şeirləri çox çap edilsə də, əsərlərinin küll halında nəşri ölümündən sonrakı illərə təsadüf edib. Vəfatından sonra ədəbi irsi varisləri tərəfindən öyrənilib, Yahya Kamal institutu yaradılıb. Nəşriyyatlar böyük məmnuniyyətlə onun əsərlərini bu günə kimi çap edirlər. Bu unudulmaz şəxsiyyət haqqında tədqiqat əsərləri yazılır, xatirələr, əlyazmaları toplanılır, müxtəlif tədbirlər, seminarlar, yubiley gecələri təşkil olunur. Bir məsələ də bəllidir ki, Yahya Kamal yaradıcılığını Mustafa Kamal Atatürk də çox sevərmiş. Türk toplumunun ruhunu, düşüncəsini əks etdirən şeirlərin çoxunu Mustafa Kamal Atatürk şairin öz dilindən eşidib. Yahya Kamalın Atatürklə görüşləri, söhbətləri olması barədə də şairin müasirləri, tədqiqatçıları yazıblar. Belə bir xatirə söylənilir ki, 1933-cü ildə xarici ölkədən vətənə dönən Yahya Kamal Atatürkün qonağı olub. Bu görüşlə bağlı öz xatirəsini qələmə alan Behcət Kamal yazır ki, şairin şeirləri oxunan zaman ilk dəfə Atatürkün üzündə iki gözyaşı damlası ilə Yahya Kamala baxdığını görüb.
Yahya Kamal mədəniyyət, sənət, məşhur şəxsiyyətlər haqqında bir dastan bağlamışdı. Geniş biliyə, dərin təfəkkürə sahib olması yazılarında da görünür. Onu oxuyanlar da, dinləyənlər də həmişə bu şairi, nasiri, ictimai xadimi, natiqi heyranlıqla qarşılayardılar. Yazdıqlarının, çıxışlarının da çoxu sağlığında toplulara salınmamışdı. Vəfatından sonra adını daşıyan institut "Edebiyyata dair" adlı bir kitab hazırladı. Uzun müddətdən sonra ərsəyə gələn bu topluda Yahya Kamalın yüzlərlə yazıları cəmləşdi. Yahya Kamalın tədqiqatçıları onun əsərlərini təhlil edərkən bir yüksək cəhəti daha çox qiymətləndirərək yazırdılar: "Türk ədəbiyyatında Yahya Kamal şeir sənəti üzərində ən çox düşünən və şeirlərini bu düşüncəyə görə yazan bir şairdir. Onun şeirləri ilə şeir görüşləri arasında sıx bir münasibət vardır. Yahya Kamal yalnız şeirləri ilə deyil, şeir haqqındakı düşüncələri ilə də çevrəsinə və özündən sonra gələnlərə təsir etmişdi".
Türk dünyasının başqa bir böyük şairi Nazim Hikmətin müəllimi olan Yahya Kamal uzun illər pedaqoji fəaliyyətlə məşğul olub. Ziya Göyalp kimi milli düşüncəli ziyalılarla birlikdə İstanbul universitetində müəllim kimi çalışıb. O, tələbələrə mədəniyyət tarixi, Qərb və türk ədəbiyyatından dərs deyib. Həmin dövrdə Türkiyə mətbuatında cəsarətli yazıları ilə çıxış edən publisistlərin önündə gedənlərdən biri idi. Doqquz il Parisdə yaşayan Yahya Kamal sonralar Polşada, İspaniyada səfirlikdə çalışıb, Pakistanda səfir vəzifəsini aparıb. Müxtəlif vaxtlarda millət vəkili seçilib. Dünyanı dolaşan Yahya Kamala görə insanın doğulduğu torpaq əcdadımızın məzarları, məscidlərin qurulduğu yerdir. Bu səbəbdən də bizi vücuda gətirən bu gerçəklik çox əzizdir. Çünki o, Vətəndir!
Yahya Kamal XX əsr türk ədəbiyyatının böyük şairi olmaqla bərabər, həm də türk ədəbi düşüncəsinin müstəsna şəxsiyyətlərindən biri idi.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2012.-18 fevral.- S. 7.