«YARAT! Müasir İncəsənət
Məkanı» «012 Bakı
Public Art Festivalı»nı
təqdim edir
Müasir Azərbaycan incəsənətinin
inkişafı və təbliği ilə məşğul olan
"YARAT!" qeyri-kommersiya təşkilatı birinci
"012 Bakı Public Art Festivalı"nın açılışını
elan edir. Fevralın
25-dən sentyabrın 1-dək Bakıda keçiriləcək
bu festivalda qədim şəhərin
ictimai yerlərini əks etdirən müasir incəsənət
əsərləri nümayiş
olunacaqdır.
"YARAT!"dan AzərTAc-a bildirmişlər ki, "012 Bakı Public
Art Festivalı"nda həm tanınmış, həm də
yeni fəaliyyətə başlayan 21 rəssam iştirak edir. Onlar Bakıda tarixi keçmişi olan bir sıra
yerləri öz əsərlərində əks etdirəcəklər.
Rəssamlar tarixçilərlə bir yerdə məlumat
toplayaraq seçdikləri yerlərin - binaların,
küçələrin, parkların və hətta
ayrı-ayrı eyvanların tarixini ətraflı şəkildə
öyrənmişlər.
Festivalın açılış mərasimində layihənin
ümumi ideyası, konsepsiyası və eləcə də
yaradıcılıq prosesi gedişində toplanmış
eskizlər, qeydlər, fotoşəkillər təqdim
olunacaqdır.
Açılış mərasimi "ÜNS
Yaradıcılıq Səhnəsi"ndə keçiriləcək
və tamaşaçılar buradakı bütün
eksponatları fevralın 25-dən martın 1-dək seyr edə
biləcəklər.
Martın
9-dan başlayaraq (ilk sənət işinin təqdimi) layihə
21 həftə davam edəcəkdir. Layihə planı çərçivəsində
hər cümə günü növbə ilə rəssamlar
öz əsərlərini seçdiyi ərazidə yerləşdirib
təqdim edəcəklər. Bu, şəhər üzrə
keçirilən festivalın bir hissəsi olaraq
tamaşaçıya hər bir rəssamın əsərini
ayrılıqda qiymətləndirməyə imkan
yaradacaqdır.
Beləliklə,
rəssamlar öz əsərlərini daha açıq məkanda,
geniş şəkildə təqdim edərək
qalereyaların və muzeylərin yaratdığı müəyyən
məhdudiyyətdən azad olaraq tam yaradıcılıq sərbəstliyi
əldə edəcəklər. Bu, sözsüz ki, şəhər
sakinlərinin və qonaqların - geniş auditoriyanın diqqətini
cəlb edəcəkdir.
Festivalda iştirak edən rəssamların əksəriyyəti gənc nəslin nümayəndələridir və onlar yaşlı nəsillə birlikdə zəngin mədəni irslə əlaqəni qoruyaraq müasir Azərbaycan incəsənətinin inkişafı üçün çalışırlar. Sərgidə rəssamlar Altay Sadıxzadənin, Ağa Hüseynovun, Fuad Salayevin, Məmməd Mustafayevin, Hüseyn Haqverdinin, Mahmud Rüstəmovun, Teymur Daiminin, Niyaz Nəcəfovun, Mehdi Məmmədovun, Rəşad Ələkbərovun, Əli Həsənovun, Aidə Mahmudovanın, Faiq Əhmədin, Leyla Əliyevanın, Fərid Rəsulovun, Sitarə İbrahimovanın, Rəşad Babayevin, Nail Ələkbərovun, Orxan Hüseynovun, Nəzrin Məmmədovanın və Şərqiyyə Rəhmanlının əsərləri nümayiş olunacaqdır.
"YARAT!" təşkilatının qurucusu Aidə Mahmudova deyir: "Mən Azərbaycan incəsənətinin çoxcəhətliliyini, özünəməxsusluğunu və inkişafını göstərəcək festivalı elan etməyə sevinirəm. Bütün bunlar dünyanın ən cəlbedici şəhərlərindən biri olan Bakının səhnəsində təqdim olunacaqdır. Azərbaycan mədəniyyətində təsviri incəsənət həmişə mühüm rol oynamış, Bakı isə Azərbaycan rəssamları üçün vacib bir məkan, oriyentir olmuşdur. "012 Bakı Public Art Festivalı" nikbinliyi və gələcəyə inamı ifadə edən, eyni zamanda, şəhərin tarixi ənənələrini və mədəni irsini nəzərə çarpdıran müasir incəsənət nümunələrinin çox maraqlı dəstini təqdim edəcəkdir".
"012 Bakı Public Art Festivalı" çərçivəsində
bir sıra mükafatlara
layiq görülmüş
gənc kinorejissor Rüfət Həsənov
layihənin daxili həyatı və
inkişafı haqqında sənədli film
çəkəcəkdir. Müəlliflərlə ünsiyyət
nəticəsində rejissor layihəyə
hazırlıq prosesini lentə alacaq və hər həftə sənət əsərlərinin
sərgisinin açılması filmin
kulminasiyasını təşkil edəcəkdir. Film "012 Bakı
Public Art Festivalı"nın
sentyabrda bağlanma mərasimində göstəriləcəkdir.
2011-ci ildə Aidə Mahmudova tərəfindən
yaradılan "YARAT!" qeyri-kommersiya
təşkilatı müasir
incəsənətin həm
ölkəmizdə, həm
də xaricdə peşəkarlıqla təbliği
və inkişafı ilə məşğul olur. "YARAT!"ın ilk sərgisi 2011-ci ilin oktyabrında "Ön Söz" adı ilə keçirilmiş və bir ay ərzində 20 min tamaşaçı
cəlb etmişdir. "YARAT!"ın müasir incəsənət
məkanının təşkil
etdiyi növbəti mühüm hadisə
"012 Bakı Public Art Festivalı"
olacaqdır. "YARAT!" həmçinin təhsil təşəbbüsləri təklif
etmək, yerli və xarici rəssamlar üçün
beynəlxalq tədris
və yaradıcı tanışlıq proqramları
hazırlamaq və həyata keçirmək niyyətindədir.
Aidə Mahmudova 14 yaşından Londonda təhsil almışdır. Orada məktəbi bitirdikdən
sonra məşhur
Central Saint Martins İncəsənət və
Dizayn Kollecində oxumuşdur. Bakıda olarkən rəssamlarla, onların yaradıcı üslubu və potensialı ilə yaxından tanış
olduqdan sonra yeni birlik yaratmağın
vacibliyi ideyasına gəlmişdir. Rəssam Aidə Mahmudova
"YARAT!" qeyri-kommersiya təşkilatının vasitəsi
ilə elə bir özül yaratmaq istəyir ki, onun sayəsində
müasir Azərbaycan
rəssamları peşəkar
sərgidə inkişaf
edərək daha geniş yerli və beynəlxalq auditoriya qarşısına
çıxmaq imkanı
əldə etmiş olsunlar. Aidə həmçinin öz
fəaliyyətində təsviri
incəsənətdə Şərq
və Qərb mədəniyyətlərinin sintezini
təmsil edə biləcək bir quruma rəhbərlik edir. Festivalın baş sponsoru
"Bank Respublika" və
sponsoru isə "Azercell" Telekom MMC-dir.
Azərbaycan.- 2012.- 18 fevral.- S. 7.