Azərbaycan Prezidenti İlham Əliyev
Fransanın nəqliyyat nazirini və Fransa Prezidentinin diplomatiya məsələləri üzrə müşavirini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Fransa Respublikasının nəqliyyat naziri Tierri Marianini və Fransa Prezidentinin diplomatiya məsələləri üzrə müşaviri Damien Lorası qəbul etmişdir.
Nəqliyyat naziri Tierri Mariani Fransa Prezidenti Nikola Sarkozinin məktubunu dövlət başçısına təqdim etdi. Fransalı qonaq ölkəsinin Azərbaycan ilə tərəfdaşlıq əlaqələrini bundan sonra da inkişaf etdirəcəyinə əminliyini ifadə etdi.
Dövlət başçısı Fransa Prezidenti Nikola Sarkozinin məktubunda ikitərəfli münasibətlərimizin inkişafına dair səmimi fikirlərə görə minnətdarlıq etdi, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev "erməni soyqırımı"nın inkar edilməsinə görə cəza nəzərdə tutan qanunun qüvvəyə minməyəcəyinə ümidvar olduğunu dedi.
Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2012.-19 fevral.- S. 1.