Ürəkləri
yandıran Xocalı faciəsi
Məhəmməd
Şükürov Xocalı
soyqırımının canlı şahidi
olub. Taleyi minlərlə
xocalının taleyinə bənzəyir. Faciə zamanı
anası Əntiqə Şükürovanı, əmisi Rəşid
Kərimovu itirib. Qardaşları Akif və Vaqif də şəhid
olublar. Qanlı günlər onun gözü
önündə qəlbinin başından keçib.
Məcburi köçkün həyatı
yaşayır. Xocalı təhsil şöbəsinin müdiridir.
Ötən günlər həmişə qəlbini
dağlayır. Bu yaxınlarda Xocalı
soyqırımının iyirminci ildönümü ərəfəsində
"Xocalı: Daş yaddaşım, qan yaddaşım" adlı sənədlər
toplusunu hazırlayaraq nəşr etdirib. Elə bu qeydlər
də həmin məcmuədəki faktlar əsasında
yaranıb.
Misli
görünməmiş faciə
Ermənilərin
Xocalıya ilk irimiqyaslı hücumu 1988-ci il
sentyabrın 18-də oldu. Həmin
gün Xankəndidəki nümayişdən
çıxan beş minə qədər
erməninin bir qismi piyada, bir qismi
maşınlarla Xocalıya hücum etdilər.
Şəhərə azca qalmış hücumdan xəbər tutan
xocalılar onun qarşısını
aldılar və ermənilərə layiqli
cavab verdilər.
Vəziyyətin
getdikcə gərginləşdiyini görən xocalılar
könüllü müdafiə dəstələri
yaradırdılar. O
dövrdə Xocalının müdafiə qüvvələrinin
ixtiyarında çox az
sayda avtomat, bir top, iki
"Alazan" tipli raket qurğusu var idi. Həmin
vaxtlar Xocalının ətrafında, ermənilər
yaşayan kəndlərdə - Daşbulaq, Mehdikənd, Ballıca, Pirəməki,
Noraguğ və Mirzəcanda ermənilərin
515 nəfər canlı qüvvəsi, 3 "Alazan"
raketi, 10 zirehli transpartyoru, 3 PDM-i və bir neçə
tankı var idi.
1992-ci ilin
yanvar ayında Paris yaxınlığında məxfi təlim
düşərgəsi yaratmış "ASALA" erməni
terrorçu təşkilatının 26 üzvü mayor
Aşin Simonyanın başçılığı ilə
Xankəndiyə gəldi. Digər ölkələrdən də
terrorçular, quldur dəstələri cəlb olunurdu.
1992-ci il
fevral ayının 12-də və 13-də Xocalı qonşu
erməni kəndləri tərəfindən atəşə
tutuldu və bundan çox keçməmiş erməni hərbi
qüvvələrinin Xankəndidən Xocalıya tərəf
yerdəyişməsi baş verdi.
Yaxınlaşmaqda
olan fəlakət göz qabağında idi. Ölkəmizin
o dövrkü səriştəsiz
rəhbərləri isə laqeydcəsinə susurdular.
Şəhər və kəndləri qoruya
bilmirlərsə, heç olmasa
əhalini xilas etmək lazım idi. Belə gərgin bir vaxtda, fevralın 13-də Xocalı İcra Hakimiyyətinin sabiq
başçısı Elman Məmmədovun
səyi ilə Xocalıya sonuncu vertolyotlar gəldi. Həmin vertolyotlarla
üç yüz nəfər
qoca, qadın, uşaq
mühasirədən çıxarıldı. Vertolyotlar
bir çox səbəbdən
istənilən vaxtda uça
bilmirdi. Ermənilər yanvar-fevral aylarında Xocalı və Şuşaya gələn yeddi
sərnişin vertolyotunu gülləyə
tutmuşdular. 1992-ci il
yanvarın 28-də Şuşa şəhəri
səmasında içərisində 44 nəfər dinc azərbaycanlının olduğu
mülki vertolyotun
vurulmasından sonra Xocalı ilə hava əlaqəsi də, demək olar, tamamilə kəsildi.
Xocalıya
axırıncı dəfə avtomobil 1991-ci il oktyabrın
30-da gedib, noyabrın 1-dən şəhər artıq
mühasirə vəziyyətində idi. 1992-ci il yanvarın
2-dən şəhərə elektrik enerjisinin verilməsi
dayandırıldı. Fevral ayının 19-da saat 17.00-da
Xocalı hər tərəfdən PDM-lərdən,
iriçaplı pulemyot və avtomatlardan bir neçə saat
ara verilmədən atəşə tutuldu.
1992-ci il
fevral ayının 25-dən 26-na keçən gecə tarixdə
ən böyük faciələrdən biri - Xocalı
soyqırımı baş verdi. Həmin gecə ermənilər
üç istiqamətdən Xocalıya hücum etdilər. Genişmiqyaslı hücumda Ermənistan Respublikası silahlı
qüvvələrinin tabeliyində olan qruplar, muzdlu əsgərlər,
özünü "Arsak"
xalq azadlıq ordusu
adlandıran Dağlıq Qarabağın erməni bölmələri
və 366-cı sovet hərbi alayı iştirak etmişdi.
Bu faciəli
gecədə dinc əhalidən 613 nəfər, o cümlədən
63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıq və
işgəncə verilməklə
öldürülmüş, 76-sı uşaq olmaqla, 487 nəfərə
ağır bədən xəsarəti yetirilmiş, 1275 sakin -
uşaqlar, qadınlar və qocalar girov götürülərək
ağlasığmaz zülmə, təhqirlərə və həqarətə
məruz qalmışlar. Onlardan 150 nəfər
itkin düşmüşdür.
Sonradan onlardan - əsir
götürülənlərdən yalnız 1165 nəfərini
geri almaq mümkün olmuşdur. Bu qətliam zamanı 8 ailə tamamilə məhv
edilmiş, 25 uşaq
hər iki valideynini,
224 uşaq bir valideynini itirmişdir. Bundan başqa, 230 ailə öz başçısnı itirib.
200 nəfərin ayaqları soyuqdan qanqrena olmuşdur. Girov götürülənlərdən 150 nəfərin,
o cümlədən 68 qadının və
26 uşağın taleyi bu
günədək məlum deyil.
Ermənilərin
Xocalıdakı vəhşiliyini əks etdirən
çoxsaylı sənədlər göstərir ki, Ermənistan Respublikası silahlı
qüvvələrinin, onların tabeliyində olan
muzdlu əsgərlərin, terrorçu
dəstələrin törətdikləri vəhşilik məhz
soyqırımı aktıdır və bunu
o qanlı günlərin
şahidləri də açıq-aydın etiraf
edirlər.
"Məxfi
arayış"dan sətirlər
Vladimir Savelyev Rusiya Federasiyası
baş hərbi kəşfiyyat idarəsinin
polkovniki, o zaman Dağlıq Qarabağda
hərbi hissənin əks-kəşfiyyat şöbəsinin
rəisi olub. Qanlı
qırğının canlı şahidi olmuş polkovnik deyib: "Mən bütün
bunları yazmaya bilmərəm. Hər şey gözlərimin önündə baş verib.
İnsanların, uşaq və
qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmərəm. Qoy azərbaycanlılar
məni bağışlasınlar ki, bütün bu qanlı və
amansız sonluğu olan
hadisələr zamanı əlimdən heç
nə gəlmədi. Yalnız insanlara əsl
həqiqəti söyləyə bilərəm. On doqquz səhifəlik məxfi
arayışı həm BMT-yə, Avropa
Şurasına, həm də Kremlə, Müdafiə Nazirliyinə,
Baş Kəşfiyyat İdarəsinin
generallarına göndərdim. "Oxuyun"
- dedim. Biz rusların zabit şərəfi görün
necə ləkələndi... Bu oyunlara rusları qoşmaqla
onları alçaltdılar və zabit
şərəfimizə lənət damğası vurdular. Mən on
addımlıqda güllə yarasından can
verən səkkiz-doqquz yaşlı qızcığaza heç cür kömək
əlimi uzada bilmədim, sözün
tam mənasında,
sarsılmışdım..."
Ermənilərin
öldürülən azərbaycanlıları dəfnetmə
üsulları, ümumiyyətlə, insanlığa
yaraşmayan bu alçaq hərəkətləri də qəzəb
və nifrət doğurur. Bu məsələdən
bəhs edərkən V.Savelyev yazır:
"Onları yarım metr
qazılmış çalalara atıb üstünü torpaqlayırdılar. Axşamlar çalaların ətrafında itlərin
və çaqqalların səs-küyündən,
dartışmalarından qulaq tutulurdu, adam vahimələnirdi.
Hər yerdən laxtalanmış qan və
cəsəd iyi gəlirdi".
Polkovnik
V.Savelyev bu gərgin günlərdə Bakının da biganəliyinə
aydınlıq gətirirdi: "Mən Bakı hadisələrini
də izləyirdim. Hiss olunurdu ki, prezident
Ayaz Niyazoviçi
aldadıb tora salıblar. O, kələfin
ucunu itirmiş, hər
şeyi nəzarətdən
çıxarmış, qarşıdurmanın mərkəzində
dayanmış, nüfuzunu itirmiş
Ali Baş
Komandandır...
Azərbaycanın
hərbi əks-kəşfiyyatına gəlincə, belə
bir qurum iflic olmuşdu. Aldığımız məlumata görə,
bu qurumun əməkdaşları
orduda kartof kisələrinin,
soğan və ətin...
oğurlanıb-oğurlanmaması ilə maraqlanır, əsas
məsələlərə girişə bilmirdilər. Prezident Xocalıda nəyin baş
verməsini dərk etmirdi. Azərbaycan ordusunun Baş Qərargahında
hamı özünü qərargah rəisi
kimi aparırdı. Ümumordu
qoşun birləşmələrində
isə gərginlik hökm sürürdü.
Bu qoşun birləşmələrində
hər şey Azərbaycan əleyhinə idi. Vəziyyət nəzarətdən
çıxmışdı. Zabitlər başlarını
itirmişdilər...
Məlumat
aldıq ki, Azərbaycanın Prezident Aparatında və
güc nazirliklərində ikitirəlik yaranıb. Fikirlər bir-birini tamamlamır. Hamı siyasi
məqsədlər üçün
"məqsəd kartından" yapışıb. Bu kartı paylayanlara gəlincə,
onların bir qismi Azərbaycanın
Ali Baş Komandanının,
bir qismi də
müxalifətin və əslində, nəyə xidmət
etdiklərini anlamayan savadsız və küt generalların yanını kəsdirmişdilər".
Ermənilər
isə ruslarla birləşib at oynadır, torpaqları zəbt
edir, əhalini qəddarcasına qətlə yetirir, şəhər
və kəndləri talayırdılar.
Ermənilərin
özləri etiraf edirlər ki...
Xocalı
soyqırımının birbaşa
iştirakçısı, türkün
qatı düşməni Zori Balayan "Ruhumuzun
canlanması" adlı bədnam əsərində qanlı
cinayət barədə ağızdolusu, fəxrlə
danışır: "Biz Xaçaturla
ələ keçirdiyimiz evə girərkən
əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə
mismarlamışdılar. Türk
uşağı çox səs-küy
salmasın deyə, Xaçatur
uşağın anasının kəsilmiş döşünü
onun ağzına soxdu.
Sonra onun
başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk
uşağı 7 dəqiqə sonra
dünyasını dəyişdi. İlk
sənətim həkimlik olduğuna
görə humanist idim,
buna görə də türk
uşağına etdiyim bu
əməllərə görə özümü
xoşbəxt sayıram. Amma ruhum xalqımın bir faizinin belə
qisasını aldığı üçün
sevincdən qürurlanırdı. Xaçatur
daha sonra ölmüş türk
uşağının cəsədini hissə-hissə
doğradı və bu türklə eyni kökdən olan itlərə
atdı. Axşam eyni şeyi daha üç türk
uşağına etdik. Mən bir erməni vətənsevəni kimi öz vəzifəmi
yerinə yetirdim. Xaçatur
da çox tərləmişdi,
amma mən onun və
digər əsgərlərimizin gözlərində intiqam və güclü humanizmin mücadiləsini gördüm.
Ertəsi gün bir
kilsəyə gedərək 1915-ci ildə ölənlərimiz
və ruhumuzun dünən gördüyümüz
çirkabdan təmizlənməsi üçün dua etdik. Ancaq biz
Xocalını - vətənimizin bir
parçasını işğal edən otuz min nəfərlik çirkabdan təmizləməyi
bacardıq".
Livanda məskunlaşmış
erməni yazıçı-jurnalist David Xerdiyanın
"Xaç uğrunda" kitabında oxuyuruq: "Səhərin
soyuğunda biz Daşbulaq kəndi
yaxınlığındakı bataqlıqdan keçmək
üçün ölülərdən körpü düzəltməli
olduq. Mən
ölülərin üstü ilə getmək
istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə
işarə etdi ki,
qorxmayım. Mən ayağımı 9-11 yaşlı qız meyitinin sinəsinə basıb
addımlamağa başladım. Mənim ayaqlarım və
şalvarım qan içində idi. Və mən beləcə 1200 meyitin üstündən keçdim".
D.Xerdiyan
daha sonra yazır ki, "martın 2-də "Qafan"
erməni qrupu 2000-ə yaxın monqolun (türklərin) cəsədlərini
toplayıb ayrı-ayrı hissələrlə Xocalının
bir kilometrliyində yandırdı.
Axırıncı yük
maşınında mən başından və qollarından
yaralanmış təxminən on yaşlı
bir qız uşağını gördüm. O, yavaş-yavaş
nəfəs alır. Soyuq, aclıq və
ağır yaralanmasına baxmayaraq, o, hələ də sağ
idi. Ölümlə mübarizə aparan bu uşağın
gözlərini mən heç vaxt unuda bilmərəm. Sonra Tiqranyan familiyalı bir əsgər onu
qulaqlarından tutub üzərinə mazut tökülmüş
cəsədlərin içərisinə atdı. Tonqaldan ağlamaq va imdad səsləri gəlirdi..."
Azərbaycan
türklərinə qarşı olan qatı millətçi
M.Şahnazaryan "Xocalı işi" adlı
yazısında etiraf edir ki, "Xocalı faciəsinin əsl
genosidi xatırlatmasına heç bir şübhə yeri
yoxdur".
Günahsız insanlar
qırılır,qatillər isə mükafat
alırlar.
Xocalı soyqırımı
zamanı dinc əhaliyə qarşı daha çox qəddarlıq
edənlər, adam
öldürənlər Ermənistanın xarici
ölkələrdəki havadarları tərəfindən
müxtəlif formalarda
mükafatlandırılırdı. Bu məsələdən
bəhs edən onlarca fakt
və sənəddən yalnız bir
neçəsini göstərmək istəyirik. Zabit İ.Karabelnikovun məlumatında
deyilir ki, birinci batalyonun qərargah
rəisi, mayor A.Çitçiyan
14 nəfərlik Babayevlər ailəsini güllədən keçirib. Bu
"şücaətə görə" ona
1993-cü ildə Fransa erməni diasporu tərəfindən 150 min
dollar və ən böyük
"Kilsə mükafatı" verilib.
Ermənilərin
özünümüdafiə dəstəsi adı ilə
vuruşan, əslində, "ASALA" terror təşkilatının
Xankəndidə yaradılmış özəyinin
başçısı kimi tanınan İllarion Allahverdiyan 24
nəfər rus zabit və əsgərinə çoxlu pul
paylamışdı. Məsələn, zabit Yevgeni Qolubyevə
üstündə "ASALA" yazılmış 25 qramlıq qızıldan tökülmüş
orden və beş min ABŞ dolları məbləğində mükafat təntənəli surətdə təqdim
edilmişdi. Həmin gün
insan qatillərindən biri
Anastas İvanova 10 min dollar təqdim edilməklə
İrəvanda onu gözləyən "Hunday" markalı avtomobilin
sənədləri verilmişdi.
366-cı
motoatıcı alayının komandiri Yevgeni Zaqviqarova
amansız soyqırımı ərəfəsində ilk
tanışlıq üçün 36 min ABŞ dolları
"hədiyyə" edilmiş, 1992-ci il fevral ayının
24-də saat 21.15-də, yəni Xocalı
soyqırımından bir gün əvvəl general rütbəsi
verilmişdi.
Fikir verirsinizmi? Bir anın
içində Zaqviqarov dəyərli
"hədiyyə" alaraq general oldu. Ermənilər
rus qatilini kütləvi
qırğına belə təhrik etdilər. Fevralın 24-də
general rütbəsi alan
kimi V.Zaqviqarov zabitlər
önündə çıxış edərək dedi ki, "regiondakı
müharibə torpaq müharibəsi yox, islamın xristianlığa qarşı
müharibəsidir. Xristianlığa qarşı bir yürüş var. Bu yürüşdə
ya dinimizi, şərəfimizi
qorumalıyıq, ya da
şərəfsizliyi qəbul edib tabe olmalıyıq".
Erməni-sovet
qoşunlarının əli ilə törədilmiş
Xocalı soyqırımının əsl məğzi, mahiyyəti
bax belə idi.
Bəs
dünya niyə susur?
Bu
amansız bəşəri cinayətin ilk qiymətini
ümummilli lider Heydər Əliyev verdi. Ulu öndər
deyirdi ki,
"Bütövlükdə Azərbaycan xalqına
qarşı yönəldilmiş Xocalı soyqırımı
öz ağlasığmaz qəddarlığı
və qeyri-insani cəza üsulları ilə
bəşər tarixində bir vəhşilik
aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün
bəşəriyyətə qarşı tarixi
bir cinayətdir". Ulu
öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev
2012-ci il yanvarın 17-də "Xocalı
soyqırımının iyirminci ildönümü haqqında sərəncam
imzalamışdır. Bu mühüm
dövlət sənədində deyilir: "Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə
mərhələ-mərhələ həyata keçirdiyi
etnik təmizləmə siyasətinin tərkib
hissəsi olan Xocalı
soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici
ölkələrin parlamentlərinə
çatdırılmalı, Azərbaycan xalqının və
ümumən insanlığın əleyhinə yönəldilmiş
bu son dərəcə
ağır hərbi cinayət beynəlxalq miqyasda
öz hüquqi-siyasi
qiymətini almalıdır".
Bu, bütün
sivil dünyanın, zamanın tələbidir.
Əhməd İSAYEV,
Azərbaycan.- 2012.- 16
fevral.- S. 6.