Polis Akademiyasında Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilmişdir

 

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.

Polis Akademiyasının mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, akademiyanın ümumi kitabxanasında və kursların yataqxanalarında Xocalı faciəsini əks etdirən fotostendlər təşkil edilmiş, müdavim heyətinə qətliamın səbəbləri, bu dəhşətli soyqırımının mahiyyəti, onu təşkil edən şəxslər barədə ətraflı məlumat verilmişdir. Akademiyada Xocalı faciəsinin qurbanlarının anım mərasimi təşkil olunmuşdur.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzmüş, "Heydər Əliyev irsinin öyrənilməsi üzrə ideoloji mərkəz"lə tanış olmuşlar.

Tədbiri akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev açdıqdan sonra müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü uğrunda, eləcə də xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının, Xocalı faciəsinin qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. N.Əliyev qanlı qırğın barədə iştirakçılara məlumat vermişdir.

Tədbirdə çıxış edənlər Xocalı soyqırımının tarixi, bu qanlı faciəni həyata keçirən erməni separatçılarının vəhşiliyi və vandalizmi, soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində görülən tədbirlərdən danışmışlar.

 

Azərbaycan.- 2012.- 16 fevral.- S. 6.