Sosial-iqtisadi
nailiyyətlərlə zəngin mərhələ
Hər bir ölkədə inkişaf onun davamlılığının təminindən, ilk növbədə, qarşıda duran vəzifələrin düzgün müəyyənləşdirilməsindən və perspektiv üçün səmərəli fəailyyət proqramlarının hazırlanmasından asılıdır. Bu zaman həm də konkret müddətdə həyata keçirilən islahatları emprik baxış bucağından təhlil edib qazanılmış uğurlardan bəhrələnmək, çatışmazlıqlardan nəticə çıxarmaq imkanı yaranır. Son illərdə Azərbaycanda məhz belə bir idarəçilik sisteminin formalaşması hökumətin fəaliyyətində yüksək səmərəliliyi, şəffaflığı və hesabatlılığı təmin edir. Nazirlər Kabinetinin hər rüb üzrə keçirilən iclaslarına ictimai marağın yüksək olması, bu mənada, kifayət qədər başadüşüləndir. Həmin iclaslarda bir tərəfdən konkret dövrün nəticələri əsasında hökumətin fəaliyyətinə qiymət verilir, digər tərəfdənsə gələcək vəzifələr müzakirə olunur.
Təqdirəlayiq məqam həm də bundan ibarətdir ki, ölkə rəhbərliyi hər bir konkret mərhələdə respublika qarşısında hansı əsas problemlərin, vəzifələrin dayandığını yaxşı bilir və onların həlli üçün mükəmməl konsepsiyaların hazırlanaraq icra olunmasını təmin edir. Məhz bu cür məqsədyönlü, uzaq perspektivlərə hesablanmış inkişaf strategiyası iqtisadi sahədə qazanılan uğurların ardıcıllığını təmin edərək ölkə əhəmiyyətli iri layihələrin reallaşdırılmasına imkan vermişdir. Tarix baxımından kifayət qədər qısa sayılan zaman kəsiyində sürətli tərəqqi yolu keçən respublikamız dünya miqyasında "İnkişafın Azərbaycan modeli" mövzusunda müzakirələrə nail olmuşdur. Konseptual əsasları ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bu modelin əsasını, ilk növbədə, sosialyönümlülük təşkil edir. Başqa sözlə, sərbəst bazar iqtisadiyyatı yolu ilə inkişaf edən Azərbaycan üçün insan amilinin tərəqqi və yüksəlişinə xidmət edən islahatlar prioritet məsələ kimi həyata keçirilir.
Fəal sosial
siyasət ili
"Hər bir məmur xalqının xidmətçisi olmalıdır" - deyərək hakimiyyəti xalqa layiqli xidmət məramı kimi dəyərləndirən dövlət başçısı İlham Əliyevin qətiyyəti və prinsipiallığı hökumətin daha çevik və məsuliyyətli fəaliyyətini şərtləndirməklə yanaşı, son illərdə həyata keçirilən islahatların səmərəli nəticələr verməsini təmin etmişdir. Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası göstərir ki, dəqiq hesablama əsasında reallaşdırılan çevik islahatlar nəticəsində respublikamız iqtisadiyyatın bütün sahələrində əhəmiyyətli nəticələr əldə etmişdir.
Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının davam etdirilməsi, Azərbaycanı Cənubi Qafqaz regionunda böyük nüfuz sahibinə çevirən qlobal enerji və kommunikasiya, habelə qlobal infrastruktur layihələrinin həyata keçirilməsi, ölkədə bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin maddi rifah halının yaxşılaşdırılması məsələləri 2011-ci ildə də Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir. Ötən il qeyri-neft sektoru 9,4, qeyri-neft sənayesi 11,1, kənd təsərrüfatı məhsulları istehsalı 5,8, əhaliyə göstərilən pullu xidmətlər 7,8 faiz artmışdır. Ümumi daxili məhsulun adambaşına həcmi 7 min dolları ötmüş, Azərbaycan yuxarı orta gəlirli ölkələr sırasında mövqeyini daha da möhkəmləndirmişdir. Xarici dövlət borcunun ÜDM-ə nisbəti beynəlxalq tələblərə cavab verməklə 7,3 faiz təşkil etmişdir. Bundan başqa, il ərzində vətəndaşların sosial rifahı baxımından vacib olan inflyasiyanın birrəqəmli - 7,9 faiz olması, eyni zamanda əhalinin pul gəlirlərinin 19,6 faiz artması da hökumətin ötən ilki fəaliyyətinin səmərəliliyinə dəlalət edir.
Son 8 ildə Azərbaycanda həyata keçirilən islahatların insan və vətəndaş amilinin yüksəlişinə xidmət etdiyini xüsusi vurğulamağa ehtiyac yoxdur. Ölkənin iqtisadi cəhətdən inkişaf etmiş dövlətə çevrilməsi məqsədinin özü də, ilk növbədə, ölkə vətəndaşlarının sosial rifah səviyyəsinin yüksəldilməsi məqsədinə hesablanmışdır. Ümumiyyətlə, müasir dövrdə sosial ədalət meyarını rəhbər tutan hər bir dövlətin qarşıya qoyduğu ən ali məqsəd vətəndaş amilinin tərəqqisi, insanlar üçün maksimum firavan yaşayış şəraitinin təmin edilməsidir.
Dövlət başçısı iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymayaraq tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsinin vacibliyini önə çəkir. Bu baxımdan geridə qalan 2011-ci ili fəal sosial siyasət ili kimi də dəyərləndirmək olar. Hesabat ilində büdcə xərclərinin strukturunda sosialyönümlü xərclər 33 faiz təşkil etmişdir. Dövlət büdcəsindən sosialyönümlü xərclərə 16,5, o cümlədən sosial müdafiə və sosial təminat xərclərinə 33,2 faiz çox vəsait yönəldilmişdir. Ötən il yoxsulluğun səviyyəsi 7,6 faizə düşmüş, ölkədə 100 minə yaxın yeni iş yeri açılmışdır. 2011-ci ildə dövlət büdcəsindən maliyyələşən təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, elm və bir sıra digər sahələrdə əməkhaqqı orta hesabla 10 faiz artırılmış, qaçqın və məcburi köçkünlərin sosial vəziyyəti yaxşılaşdırılmışdır.
Prezident İlham Əliyevin tapşırığına əsasən, 2006-cı ilədək pensiyaya çıxmış vətəndaşların pensiyalarının yenidən hesablanması istiqamətində addımlar atılmış, Milli Məclis vətəndaşların pensiya ilə təminatını nəzərdə tutan mövcud qanunlara müəyyən əlavə və dəyişikliklər etmişdir. Nəticədə 2011-ci ilin 1 iyul tarixindən 900 minədək pensiyaçının pensiyası 40 faiz artmışdır. Nəticədə 2011-ci ilin əvvəli ilə müqayisədə ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği 28,7 faiz artaraq 145,2, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 36,4 faiz artaraq 160,4 manata çatmışdır. Ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40, yaşa görə əmək pensiyaları üzrə isə 45 faiz təşkil etmişdir.
Hesabat ilində vətəndaşların əmək hüquqlarının qorunması, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçilərin maddi, sosial, mənəvi və digər həyati tələbatlarının ödənilməsi istiqamətində atılan daha bir addım Prezident İlham Əliyevin 2011-ci il 15 noyabr tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı"nın təsdiqlənməsi olmuşdur. Ciddi əhəmiyyətə malik dövlət proqramı əhalinin məşğulluğu sahəsində dövlət siyasətinin ardıcıllığını təmin etmişdir. Sözügedən proqram Prezidentin 2005-ci il 26 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)"nın ikinci mərhələsinin reallaşdırılmasına xidmət edir. Proqram işçi qüvvəsinə tələbatın stimullaşdırılmasını, səmərəli işgüzarlıq mühitinin formalaşmasını, struktur islahatlarının dərinləşdirilməsini, investisiya fəallığının daha da artırılmasını, insan kapitalının yüksək inkişaf səviyyəsinin təmin edilməsini nəzərdə tutur. Dövlət proqramının əsas məqsədi əhalinin səmərəli məşğulluğunun inkişafına yönəldilən siyasi, iqtisadi, sosial və institusional mühitin yaradılması əsasında "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasında (2006-2015-ci illər)" nəzərdə tutulmuş prioritet istiqamətlərin həyata keçirilməsidir.
Azərbaycanın iqtisadiyyatının sosialyönümlü olduğunu 2012-ci ilin dövlət büdcəsi də təsdiqləyir. Ümumilikdə, sosial müdafiə və sosial təminat xərcləri büdcə vəsaitləri 1781614,7 min manatını təşkil edir. Məhz bu vəsait hesabına bu il üçün əhalinin gəlirlərinin və orta aylıq əməkhaqqının müvafiq olaraq 6,8 və 5,5 faiz səviyyəsində artması nəzərdə tutulur. Orta aylıq əməkhaqqının məbləği bu ilin sonuna gözlənilən məbləğlə müqayisədə 45,7 manat çox olmaqla, 432,5 manat və ya 547,5 ABŞ dolları təşkil edəcək. 2012-ci ildə inflyasiyanın 6 faiz səviyyəsində proqnozlaşdırılmasına baxmayaraq, əhalinin gəlirləri üzrə artımın inflyasiyanı 0,8 faiz üstələməsi fərdi istehlak tələbinin qorunub saxlanılmasına müsbət təsir göstərəcək.
Azərbaycan
böyük investora çevrilir
Nazirlər Kabinetinin 2011-ci ilin
sosial-iqtisadi inkişafının yekunları ilə
bağlı iclasında çıxış edən Prezident
İlham Əliyev mühüm makroiqtisadi göstəricilərlə
yanaşı, hesabat dövründə Azərbaycanın
investisiya cəlbediciyiliyinin yüksəldiyini də
razılıqla qeyd etmişdir: "Biz
2011-ci ildə investisiya qoyuluşu sahəsində də rekord
göstəriciyə nail ola bilmişik. İldən-ilə
ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi
artmaqdadır, böyük templərlə artır. 2010-cu ildə 17,6 milyard
dollar investisiya qoyulmuşdur. 2011-ci ildə isə ilk dəfə
olaraq investisiyalar 20 milyard dollara bərabərdir. Təkcə 2 il ərzində ölkə iqtisadiyyatına 37
milyard dollar vəsait qoyulmuşdur. Əvvəlki
dövrdəki investisiyaları da əlavə etsək görərik
ki, Azərbaycanda nə qədər böyük işlər
görülür. Həm yerli, həm
xarici investorlar ölkə iqtisadiyyatına maraq göstərirlər.
Xarici investorlar ölkəmizin uğurlu
inkişafına bizimlə bərabər, bizim kimi
inanırlar".
2011-ci ildə
ölkə iqtisadiyyatına yatırılmış 20 milyard
dollar investisiyanın 13 milyardını məhz daxili sərmayələr
təşkil etmişdir ki, bu da respublikanın iqtisadi qüdrətinin
real göstəricilərindən biridir. Hesabat
ilində Azərbaycanın strateji valyuta ehtiyatlarının 41
milyard dollara yüksəlməsi, habelə dövlət
büdcəsinin gəlirlərinin 20 milyard dolları ötməsidə
bu sırada xüsusi vurğulanmalıdır.
İnvestisiyaların 15,7 milyard dolları
qeyri-neft sektorunun, 4,3 milyard dolları isə neft sektorunun
payına düşmüşdür. Respublikamız
eyni zamanda strateji valyuta ehtiyatlarının idarə
olunmasından böyük məbləğdə gəlir əldə
etmişdir.
Azərbaycanın 2011-ci ildə əldə etdiyi nailiyyətlər
nüfuzlu beynəlxalq qurumlar tərəfindən də
yüksək qiymətləndirilmişdir. İnkişaf etmiş bir
sıra ölkələrin reytinqləri aşağı
salındığı halda "Standart & Poor's" reytinq
agentliyi Azərbaycanın mövcud uzunmüddətli müstəqil
kredit reytinqini ötən ilin dekabr ayında bir pillə
artıraraq "BBB-" investisiya reytinqi səviyyəsinə
çatdırmış, reytinq üzrə proqnozunu isə
"sabit" saxlamışdır. "Fitch
Ratings" və "Moody's" reytinq agentliklərinin də
Azərbaycan iqtisadiyyatına dair qiymətləndirmələri
müsbət olmuşdur. Dünya
İqtisadi Forumunun "Qlobal Rəqabət Qabiliyyəti
İndeksi" hesabatına əsasən, Azərbaycan
iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə
görə 142 ölkə arasında 55-ci, MDB-də isə
1-ci olmuşdur.
Son illər regionda iqtisadi liderliyini gücləndirmiş
Azərbaycan investisiya ixrac edən ölkəyə çevrilmiş,
xarici ölkələrə 6 milyard dollar sərmayə
yatırmışdır. Respublikamızın ötən il investisiya qoyduğu ölkələr
sırasında Türkiyə, Gürcüstan, Rusiya kimi
qonşu ölkələrlə yanaşı,
İçveçrə kimi inkişaf etmiş Avropa dövləti
də vardır. Ötən il, Türkiyə
ərazisində Azərbaycan sərmayəsi əsasında
inşa olunacaq böyük neft-kimya kompleksinin təməlqoyma
mərasimi keçirilmişdir.
Azərbaycanın "SOCARTurjalyans"
şirkətlər alyansı Türkiyənin nəhəng
"Petkim" neft-kimya kompleksinin nəzarət-səhm
paketinin həlledici hissəsinin sahibidir. 2014-cü
ilə qədər "Petkim" təsisatlarına
yatırılacaq sərmayələrin həcminin 10 milyard
dolları aşacağı gözlənilir.
Enerji sərmayələrin qoyuluşundan başqa digər
sahələrə, məsələn, qiymətli
kağızlar bazarına, aktivlərə, səhmlərə
də maraq göstərilir. Azərbaycanın
valyuta ehtiyatlarının daim davamlı şəkildə
artması və maliyyə imkanlarının genişlənməsi
isə ölkənin daha böyük həcmdə investisiyalar
qoyuluşuna geniş şərait yaradır. Dövlət
başçısı İlham Əliyevin
tapşırığına əsasən, ötən il aidiyyəti nazirlik və komitələrin
nümayəndə heyətləri Balkan ölkələrinə
və Rusiya Federasiyasının Şimali Qafqaz regionuna səfər
etmişlər. Həmin səfərlər
çərçivəsində yaradılmış səmərəli
əlaqələr milli şirkətlərin xarici ölkələrdə
fəal investisiya yatırımlarının həyata
keçirilməsi imkanlarını genişləndirməyə
xidmət etmişdir.
Ümumiyyətlə,
ötən il respublikanın xarici ticarət tərəfdaşlarının
sayı 150-yə çatmış, xarici ticarət
dövriyyəsi 9,2 faiz artaraq 33,2 milyard, müsbət xarici
ticarət saldosu 16,1 milyard dollar təşkil etmiş, ixrac
idxalı 2,9 dəfə üstələmişdir. Müasir
texnologiyaların tətbiqinin genişləndirilməsi,
istehsal proseslərinin beynəlxalq standartlara uyğun
qurulması tələbi nəticəsində mexanizm və
avadanlıqların idxalı 1,7 dəfə
artmışdır.
Bir neçə gün əvvəl İsveçrənin
Davos şəhərində keçirilən Ümumdünya
İqtisadi Forumu (Davos Forumu) da Azərbaycanın investisiya cəlbediciliyini
bir daha təsdiqləmişdir. Davos Forumu bir sıra
uğurlu nəticələrlə yadda qalmaqla yanaşı,
dünyanın əsas iqtisadi güc mərkəzlərinin və
fövqəl şirkətlərinin Azərbaycanla əməkdaşlığa
hədsiz marağını aşkara çıxarmış,
respublikamızın zəngin potensialının
bütövlükdə dünya miqyasında yüksək dəyərləndirildiyini
təsdiqləmişdir. Prezident İlham Əliyevin
mühüm geoiqtisadi əhəmiyyət kəsb edən bu
toplantıya hər il dəvət
alması da respublikamıza artan marağın əyani təzahürü
kimi diqqəti çəkir. Toplantı çərçivəsində
müxtəlif səviyyəli görüşlər
keçirən dövlət başçısı İlham
Əliyev Azərbaycanda həyata keçirilən iqtisadi
islahatlar, respublikamızın regionda yeri və rolu, eləcə
də əlverişli sərmayə və biznes mühiti barədə
ətraflı məlumat vermişdir.
Forumda iştirak edən dövlət
başçıları, dünyanın aparıcı şirkətlərinin
rəhbərləri və digər rəsmi şəxslər
Prezident İlham Əliyevlə görüşərək Azərbaycanda
gedən iqtisadi inkişaf prosesləri ilə
maraqlanmış, gələcək perspektivlər barədə
fikir mübadiləsi etmişlər. Bu müzakirələrdə
dünyanın aparıcı şirkətlərinin Azərbaycanla
əlaqələrinin genişləndirilməsi, xüsusən
də qeyri-neft sektorunda əməkdaşlıq perspektivləri
əsas müzakirə mövzusu olmuşdur.
Respublikamızın dünya iqtisadi çevrələrində
kifayət qədər böyük nüfuza malik olması,
ciddi diqqət cəlb etməsi eyni zamanda Xəzər hövzəsində
gerçəkləşdirilən mühüm
enerji-kommunikasiya layihələri ilə şərtlənir. Bütövlükdə
Avropanın enerji təhlükəsizliyində, iqtisadi əməkdaşlıq
bağlarının möhkəmlənməsində vacib rol
oynayan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum,
Bakı-Tbilisi-Qars kimi layihələr də
respublikamızın dünya iqtisadi məkanında mövqelərini
möhkəmləndirir. Azərbaycanda bazar
iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması,
xarici investiyaların daha çox qeyri-neft sektoruna,
regionların inkişafına yönəldilməsi, əlverişli
sahibkarlıq və münbit biznes mühitinin təmin edilməsi
ölkədə həyata keçirilən iqtisadi siyasətin
aparıcı xətti kimi diqqəti çəkir. İri biznes dairələrinin respublikamıza olan
marağı eyni zamanda sərmayələrə dövlət
səviyyəsində etibarlı təminat mexanizminin
mövcudluğu ilə şərtlənir.
Sənaye potensialının
inkişafına yeni təkan
Hökumətin
fəaliyyət prioritetində mühüm yer tutan regionların
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı
çərçivəsində aparılan islahatlar 2011-ci il ərzində ardıcıl və sistemli
şəkildə həyata keçirilmişdir. Prezident
İlham Əliyev ötən il regionlarda
300-dək müxtəlif təyinatlı obyektlərlə
tanış olmuş, yeni müəssisələrin
açılış və təməlqoyma mərasimlərində
iştirak etmiş, hər bir rayonun inkişafı ilə
bağlı qarşıda duran spesifik vəzifələrin həllinə
yönəlmiş 54 sərəncam imzalamışdır.
Azərbaycan davamlı və tarazlı inkişafın təmini
baxımından 2011-ci ildə infrastruktur layihələrini də
uğurla davam etdirmişdir. Nazirlər Kabinetinin
iclasında verilən məlumatlardan aydın olur ki, hesabat
ilində regionlarda müasir texnologiyalara əsaslanan 110-dan
çox müəssisə tikilib istifadəyə
verilmişdir. Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı
üzrə təkcə ötən il 53 məktəbin, 47
uşaq bağçasının, 6 səhiyyə obyektinin təmir-tikinti
işləri yekunlaşdırılmış və bu istiqamətdə
işlər davam etdirilir. Hesabat ilində həm Bakı qəsəbələrində,
həm də regionlarda elektrik enerjisi, qaz və istilik təchizatı,
rabitə və informasiya, kənd təsərrüfatının
infrastruktur təminatı, ekologiya, su və kanalizasiya, yol təsərrüfatı
və nəqliyyat, sosial infrastruktur sahələrində zəruri
tədbirlər həyata keçirilmişdir.
Hesabat
ilində nəqliyyat və tranzit potensialının genişləndirilməsi
məqsədilə regional və yerli əhəmiyyətli iri
infrastruktur layihələrinin reallaşdırılması, o
cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı
Beynəlxalq Dəniz Ticarət Limanının, TRASEKA və
Şimal-Cənub, Şərq-Qərb beynəlxalq dəhlizlərində
yolların tikintisi davam etdirilmiş, yeni metro stansiyaları və
hava limanı istifadəyə verilmişdir. Həmçinin,
dövlət əsaslı vəsait qoyuluşu hesabına
ötən il nəqliyyat, İKT, turizm, kommunal, irriqasiya,
energetika, ekologiya və digər sahələrin
inkişafına 5,9 milyard, o cümlədən
sosialyönümlü layihələrə 1,7 milyard manat
investisiya qoymuşdur.
Hesabat dövründə ölkənin sənaye
potensialının möhkəmləndirilməsi tədbirləri
xüsusi diqqət mərkəzində olmuşdur. İqtisadi təhlillər
göstərir ki, respublikanın sabit və davamlı iqtisadi
inkişafında sənaye potensialının rolu
böyükdür. Azərbaycan Prezidenti
İlham Əliyev bu sahədə həyata keçirilən
dövlət siyasətini vahid mərkəzdən tənzimləmək,
respublikanın investisiya cəlbediciliyinin daha da
artırılmasını təmin etmək məqsədilə
2006-cı ildə Dövlət İnvestisiya Şirkətinin
yaradılmasına qərar vermişdir. Şirkətin
başlıca vəzifəsi ölkə iqtisadiyyatına
investisiyaların təşviqini təmin etmək, bu sahədə
mövcud problemlərin aradan qaldırılmasına
çalışmaqdır.
Sənaye potensialının gücləndirilməsi
dedikdə, söhbət əsla keçmiş ittifaq
dövründə olduğu kimi, dövlətin nəzarətində
olan strateji müəssisələrin yaradılmasından
getmir. Prezident İlham Əliyev dövlətin bu sahədəki
siyasətini, sadəcə, sahibkarlığa kömək tədbirlərinin
davamı hesab edir və perspektivli, iqtisadi nöqteyi-nəzərdən
səmərəli sənaye kompleksinin formalaşmasına
çalışır. Cənab İlham
Əliyev hesab edir ki, hökumət öz tərəfindən
bu cür müəssisələrin normal fəaliyyətinə,
habelə xarici sərmayədarlarla birgə qlobal layihələr
həyata keçirməsinə etibarlı təminat mexanizmləri
yarada bilər. Burada söhbət həm də
sahibkarlıq fəaliyyətinin daha da
stimullaşdırılması,
uyğunlaşdırılması baxımından ölkəmizdə
həyata keçirilən səmərəli tədbirlərdən
gedir.
2011-ci ildə reallaşdırılan sənayeləşmə
siyasəti qeyri-neft sənayesinin xüsusilə dinamik
inkişafını təmin etmişdir. Qeyri-neft sənayesində məhsul
istehsalı 11,1, o cümlədən emal sənayesi
7,1, kimya sənayesi 27,1 faiz, metallurgiya sənayesi 1,9 dəfə,
tikinti materialları istehsalı 4,4, elektrik enerjisi istehsalı
8,4, qida məhsulları istehsalı 5, mebel istehsalı 24,5,
geyim istehsalı 56,5 faiz artmışdır.
Prezident
İlham Əliyevin 2011-ci il 21 dekabr tarixində
imzaladığı "Sumqayıt Kimya Sənaye
Parkının yaradılması haqqında" fərmanı
bu və digər məqsədlərin gerçəkləşdirilməsi
baxımından da vacib əhəmiyyətə malikdir. Preambula hissəsində göstərildiyi kimi, bu fərmanın
imzalanması ölkədə innovativ və yüksək
texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye
istehsalının inkişafı üçün münbit
şərait yaradılması, bu sahədə
sahibkarlığın dəstəklənməsi, qeyri-neft
sektorunun davamlı inkişafının təmin edilməsi, əhalinin
istehsal sahəsində məşğulluğunun
artırılması məqsədinə xidmət edir. Fərmana əsasən, Sumqayıt Kimya Sənaye
Parkının yaradılması nəzərdə tutulur.
Həmçinin sənəddə göstərilir
ki, sənaye parkı sahibkarlıq fəaliyyətinin həyata
keçirilməsi üçün zəruri infrastruktura və
idarəetmə qurumlarına malik olan, müasir
texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli
məhsullar istehsalı və xidmətlər göstərilməsi
məqsədləri üçün istifadə edilən,
sahibkarların səmərəli fəaliyyətinə və
inkişafına kömək edən ərazidir. Sumqayıt Kimya Sənaye Parkının ərazisində
neft-kimya və digər prioritet sənaye sahələri üzrə
rəqabət qabiliyyətli məhsulların (işlərin,
xidmətlərin) istehsalı və emalı müəssisələri
yaradılmalıdır.
Son illər kosmik sənayenin, ümumilikdə
informasiya-kommunikasiya sektorunun inkişaf etdirilməsi istiqamətində
həyata keçirilən tədbirlər də praktik nəticələrini
verir. Nazirlər Kabinetinin son iclasında açıqlanan
məlumatlar göstərir ki, 2011-ci ildə bu sektor üzrə
əldə olunan gəlirlərin həcmi 2010-cu ilə nisbətən
təxminən 12 faiz artmışdır. Bu
isə ümumdünya orta göstəricisinin gözlənilən
rəqəmindən təxminən 2 dəfə çoxdur.
Hesabat ilində mobil şəbəkə genişləndirilmiş,
hər üç operator müasir 3G xidmətləri göstərməyə
başlamış, nəticədə 3G abonentlərinin
sayı qısa müddətdə 2 milyona
çatmışdır. Hazırda əhalinin hər 100 nəfərinə
110 mobil telefon düşür ki, bu da ümumdünya orta
göstəricisindən təxminən 40 faiz yüksəkdir. 2011-ci ildə internet istifadəçilərinin
sıxlığı 65 faiz, genişzolaqlığı isə
30 faizi ötmüşdür. İnternet
xidmətlərinin qiymətləri isə rəqabətin
genişlənməsi hesabına 35 faiz aşağı
düşmüşdür.
2011-ci ildə
"Azərbaycan Respublikasında kosmik sənayenin
yaradılması və inkişafı üzrə Dövlət
Proqramı"nın
reallaşdırılması istiqamətində də tədbirlər
həyata keçirilmişdir. Azərbaycanın
ilk telekommunikasiya peykinin bu ilin oktyabr ayında orbitə buraxılması
gözlənilir. Dövlət başçısı
Nazirlər Kabinetinin son iclasında Azərbaycanın gələcək
inkişafı baxımından bu sahənin əhəmiyyətini
xüsusi önə çəkmişdir: "Azərbaycan
kosmik sənaye yaradır. Azərbaycan kosmik sənayeyə
malik olan ölkələr sırasına daxil edilir. Bu, uzaqgörən siyasətimizin nəticəsidir.
Mən hesab edirəm ki, Azərbaycan
bütün mütərəqqi və qabaqcıl
texnologiyaları gətirməlidir. Biz gətiririk,
tətbiq edirik, kadrları hazırlayırıq. Beləliklə, ölkəmizin həm siyasi çəkisi,
həm iqtisadi gücü artacaqdır. Telekommunikasiya
o sahələrdəndir ki, burada müxtəlif və hər
bir ölkənin inkişafı üçün vacib olan amillər
cəmləşir. Bu, innovasiyadır,
bilikdir, savaddır. Eyni zamanda, bu,
böyük biznes sahəsidir. Yəni,
ölkə iqtisadiyyatının inkişafı
üçün bizə əlavə gəlirlər gələcəkdir.
Bu, elmi-texniki tərəqqini şərtləndirən
sahədir. Gələcəkdə
informasiya-kommunikasiya texnologiyaları sahəsi dünyada
aparıcı sahə olacaqdır və olmalıdır.
Bu sahədə kim qabaqda gedirsə, o da
söz sahibi olacaqdır. Çünki
bugünkü dünya bundan 10 il, 20 il əvvəlki dünya
deyildir".
2009-cu ildə Azərbaycanın bazar iqtisadiyyatına
keçid prosesini müvəffəqiyyətlə başa
çatdırması təbii olaraq ölkəmizin
sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələyə
qədəm qoymasını şərtləndirir. Burada
mühüm xüsusiyyətlərdən biri iqtisadiyyatda
sahibkarlıq fəaliyyətinin rolunun daha da güclənməsidir.
Sahibkarlığa hərtərəfli dəstəyin
göstərilməsi isə Prezident İlham Əliyevin daim
qarşıya qoyduğu əsas vəzifələrdən
biridir. Bu, ortamüddətli perspektivdə
makroiqtisadi sabitliyin qorunub saxlanılması baxımından zəruri
əhəmiyyət kəsb etməklə yanaşı,
uzunmüddətli və ucuz kreditlərin alınmasına
sahibkarların çıxış imkanlarının
artırılması, qeyri-strateji dövlət mülkiyyətinin
özəlləşdirilməsinin sürətləndirilməsi
kontekstində sahibkarlığın inkişafına əlavə
təkan verir.
Təqdirəlayiq haldır ki, Azərbaycanda
sahibkarlığın inkişafının yeni təşkilati-iqtisadi
modellərinin - xüsusi iqtisadi zonaların, sənaye şəhərciyinin
və biznes inkubatorların tətbiqi sahəsində
müvafiq işlər aparılır. İstehsal
sferasında sahibkarlıq strukturlarının
yaradılmasının məqsədəuyğun istiqamətləndirilməsi
və stimullaşdırılması vasitəsilə
innovasiyaya əsaslanan yüksək keyfiyyətli əmtəələrin
və xidmətlərin təklifinin sabit artımına
dövlət tərəfindən müvafiq şərait
yaradılmışdır. Ötən illərdə
vergi yükünün azaldılması və vergi
prosedurlarının asanlaşdırılması, dövlət
qeydiyyatında və Azərbaycan Respublikası dövlət sərhədinin
buraxılış məntəqələrində "bir pəncərə"
prinsipinin tədbiqi, sahibkarlıq subyektlərinə güzəştli
kreditlərin verilməsi özəl sektorun
inkişafını daha da sürətləndirmişdir.
Sahibkarlığın inkişafı 2011-ci ildə də
hökumətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən
olmuşdur. Sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi,
özəl sektora dövlət dəstəyinin
artırılması, sahibkarların hüquqlarının
müdafiəsi və əsassız müdaxilələrin
aradan qaldırılması istiqamətində işlər
davam etdirilmiş, aparılan yoxlamaların vahid məlumat
reyestri yaradılmışdır. Elektron
xidmətlərin genişləndirilməsi çərçivəsində
fiziki şəxslərin sahibkarlıq fəaliyyətinin
"onlayn" rejimində qeydiyyatına başlanılması
nəticəsində onların vergi orqanında qeydiyyatına
sərf olunan vaxt 3 gündən bir neçə dəqiqəyə
qədər endirilmişdir. Bununla
yanaşı, icazələrə dair yaradılan internet
portalı icazə xarakterli sənədlər və onların
alınması prosedurları, təqdim edilməli sənədlər,
icazələrin verilmə müddətinə dair bütün
məlumatları vahid mənbədən əldə etmək
imkanı yaradır.
Hesabat
ilində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
1643 sahibkara 138
milyon manat güzəştli kredit verilmişdir. Bu hesaba 6500-dək
yeni iş yerinin yaradılacağı nəzərdə
tutulur. Kreditlərin 75 faizi regionların, 25 faizi
isə Bakı qəsəbələrinin payına
düşmüşdür. Müasir
texnologiyalara əsaslanan 85 istehsal, emal və infrastruktur
yönümlü iri layihəyə 118 milyon manat güzəştli
kredit verilmişdir. Bu kreditlər
hesabına 2011-ci ildə 33 müəssisə
açılmışdır. 2012-ci ildə
isə daha 96 müəssisə istifadəyə veriləcək.
Prezident İlham Əliyev Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək məqsədini sadəcə deklorativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də ciddi addımlar atır. Dövlət başçısının "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə 29 noyabr 2011-ci il tarixli sərəncamı bunun bariz nümunəsidir. Belə bir sərəncamın imzalanması deməyə əsas verir ki, ölkə başçısı Azərbaycanın bugünkü dinamik inkişafı ilə arxayınlaşmağı düzgün saymır. Cənab İlham Əliyevin sərəncamı ölkənin uzunmüddətli inkişaf strategiyasının dərin elmi proqnozlar əsasında işlənib hazırlanmasını nəzərdə tutur. Sərəncamda deyilir: "Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır".
Dövlət başçısı İlham Əliyev 2011-ci ildə daha bir iqtisadi hədəf müəyyənləşdirərək 2020-ci ilədək Azərbaycanda ümumi daxili məhsulun azı 10 dəfəyədək artırılması vacibliyini irəli sürmüşdür. Azərbaycanın malik olduğu mövcud potensial isə yeni mərhələnin hədəflərinə çatmağa, eyni zamanda ölkəmizin iqtisadi inkişaf statusunun dəyişməsinə, onun inkişaf etməkdə olan ölkələr sırasından inkişaf etmiş dövlətlər səviyyəsinə yüksəlməsinə etibarlı zəmin yaradır.
Müşfiq ATAKİŞİYEV,
iqtisad elmləri doktoru, professor
Azərbaycan.- 2012.-19 fevral.- S. 3.