Gəlib, görüb oğurlamaq
ermənilərə xas xarakterdir
Son iki yüz illik tarixin ayrı-ayrı dövrlərində nəinki Qafqazda, əslində, dünyanın bir çox bölgələrində terrorçuluqla məşğul olmaqda "ad çıxaran", dəhşətli vəhşiliklər törətməkdən çəkinməyən ermənilərin kimliyi barədə son vaxtlar çoxsaylı həqiqətlər üzə çıxmaqdadır. Həmin faktlara nəinki xarici ölkələrin arxivlərində, hətta erməni mənbələrində də rast gəlmək mümkündür. Məsələ burasındadır ki, bu qədər vəhşiliklər törətmiş ermənilər bəşəriyyətə özlərini hələ də ən məzlum və yazıq formada təqdim etməkdədirlər. Belə olmasaydı, Fransa Senatı saxta erməni soyqırımını tanımayanların cəzalandırılmasını nəzərdə tutan qanun qəbul etməklə Avropanın mədəni xalqlarından sayılan fransızları çıxılmaz vəziyyətdə qoymazdı.
Tarixi mənbələrdən göründüyü kimi, ermənilər daim digər xalqları üz-üzə qoymaqla, hətta vuruşdurmaqla özlərinin "böyük Ermənistan" xülyalarının gerçəkləşməsinə çalışmışlar. Ermənilərin Qafqazda gəlmə olmaları barədə məlumat verən mənbələrin sayı çoxaldıqca onların simasızlığı daha çox üzə çıxmaqdadır.
Tarixi türk və Azərbaycan torpaqlarına zaman-zaman diş qıcayan, törədilməyən soyqırımını dünyaya sırımaq istəyən ermənilərin iştahası qonşu dövlətlərin ərazilərini işğal etməklə bitmir, digər xalqlara məxsus (təbii ki, xüsusən türk və Qafqaz xalqları nəzərdə tutulur) maddi və qeyri-maddi mədəniyyət abidələrini, xüsusən folklorunu mənimsəmək, beləliklə, özlərinin etnoqrafiyasını formalaşdırmaqdır.
Təbii ki, belə faktları ortaya qoymaq üçün tarixin müxtəlif dövrlərindəki yazılı mənbələrə müraciət edilməlidir. Dili və mənşəyi məlum olmayan ermənilərin öz mənbələrinə istinadən çoxsaylı nümunələr göstərmək olar ki, onlar müxtəlif etnoslardan törəmədirlər və ona görə də daim tarixi təhrif etməklə qədim xalq olmalarını təsdiqləməyə çalışırlar. Təkcə dil məsələsi ilə bağlı ermənilərin bugünədək yürütdüyü çirkin siyasətin bəzi məqamlarına toxunmaq yerinə düşər. Yazıçı Xaçatur Abovyanın hələ 1939-cu ildə erməni dilində İrəvanda çap olunmuş "Ranı Armenii" kitabında göstərilir: "Türkcə (Azərbaycan dili) bizim dilə o qədər daxil olub ki, bizdə mahnılar, şeirlər, atalar sözləri türkcə səslənir. Bizim dil, ən azı, 50 faiz türk sözlərindən ibarətdir".
Elə həmin müəllif 1940-cı ildə erməni dilində nəşr etdirdiyi "Naxaşaviq" əsərində bir daha ermənilərin Azərbaycan dilini necə mənimsədiklərini yığcam şəkildə belə yazırdı: "Türk (Azərbaycan) dili bizdə o qədər yayılmışdır ki, onu hətta qadınlar və uşaqlar başa düşürlər. Ona görə də xalq içərisindən çıxmış istedadlar arasında bu dildə şeirlər yaradılması və oxunması adi hala çevrilmişdir".
O, daha sonra, 1950-ci ildə "Seçilmiş əsərləri"nin V cildində xüsusi olaraq Azərbaycan dilinin poetikliyini və digərlərindən daha rəvan olduğunu qeyd edirdi: "...Öz işlənməsi, poetikliyi və ahəngdarlığı ilə qrammatik cəhətdən tatar dili başqa dillər arasında ən yaxşısıdır".
Son vaxtlar bu tip araşdırmaların genişlənməsi təqdirəlayiqdir. Bu istiqamətdə fəaliyyəti genişləndirməyə əsas səbəb Azərbaycan Prezidentinin Ermənistanın işğalçılıq siyasətini ifşa edən faktları ortaya qoymağın zəruriliyi barədəki fikirləridir. Memarlıq və İnşaat Universitetinin professoru, bir sıra tarixi, elmi-publisistik əsərlərin müəllifi Kamran İmanovun oxuculara rus dilində təqdim etdiyi "Erməni əcnəbi nağılları" kitabı da bu qəbildən olan mənbədir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Eldar Mahmudovun məsləhəti və filologiya elmləri doktoru professor İsrafil Abbaslının elmi redaktorluğu ilə nəşr edilən kitabdakı faktlardan da göründüyü kimi, ermənilər zaman-zaman qonşu xalqların folkloruna belə göz dikmişlər. Kitabın digər nəşrlərdən fərqli cəhəti ondan ibarətdir ki, müəllif xüsusilə erməni mənbələrinə əsaslanaraq onların daim özgələrin ədəbiyyatından bəhrələndiklərini, Azərbaycan xalqının folklor nümunələrini özgələşdirdiklərini növbəti dəfə rusdilli oxuculara çatdırır. Daha maraqlısı isə kitabın "Gəldim, gördüm,E mənimsədim" hissəsindəki erməni etiraflarıdır. Gəlib, görüb mənimsəməyin yalnız ermənilərə xas xarakter olmasını təsdiqləyən məşhur erməni şairi Yeqişe Çarents deyib: "Bizdə riyakarlıq ana bətnində olarkən yaranır". "Gəldik" deyərkən - onlar (ermənilər) Cənubi Qafqaza gəlmə olduqlarını söyləyirlər. "Gördük" - gördükləri hər nə varsa, yalnız onlara məxsus olmasını arzulamalarıdır. "Mənimsədik"lə - artıq onlar gördükləri hər nə varsa, nə görüblərsə özlərininkiləşdirdiklərini təsdiqləyirlər.
Akademik, folklorşünas M.Abeqyanın 1975-ci ildə İrəvanda çapdan buraxılmış "Erməni ədəbiyyatı tarixi" kitabında bildirilir: "...Məzlum erməni xalqınıın kökləri haradadır, buraya, indi yaşadığı məkana necə, haradan, hansı yolla gəldiyini dəqiq bilən yoxdur. Bizdə bunun dəqiq və aydın sübutları, şahidlik edən fakt ortada yoxdur".
Beş ildən sonra isə özlərinə tarix yazmaq istəyən ermənilər bu dəfə əcdadlarının Balkanlardan gəlmə olduğunu ortaya atır.
Məşhur erməni mədəniyyət və incəsənət xadimləri çox irəli gedərək XIX əsrdə Azərbaycan dilindən bəhrələnməklə özlərininkini zənginləşdirməyə çalışmışlar. O cümlədən konkret olaraq X.Abovyan, M.Nalbandyan, Q.Ağayan, Q.Sundukyan və başqaları bu işdə öz "məharət"lərini ortaya qoymuşlar.
Ermənilərin Qafqaza son dövrlər gəlmələrini təsdiqləyən faktlardan biri də onların Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrini özlərininkiləşdirməyə çalışmalarında öz əksini tapır. Çünki bütün bunlar XIX əsrin birinci yarısında baş vermişdir. 1850-ci ildə Almaniyada ələ keçirdiyi üçhissəli "Min bir gecə" nağıllarını avropalı oxuculara erməni və təsadüfən də fars xalq nağılları kimi təqdim edərkən, heç şübhəsiz ki, 1855-ci ildə "Qafqaz ölkələri" kitabında "Əsli və Kərəm"i, Q.Haqverdiyan "Aşıq Qərib və Şahsənəm" nağılını, Q.Ağayan "Şah İsmayıl" və "Koroğlu" dastanlarını da oğurlamaqdan çəkinməmişdilər.
Q.Ağayan bir qədər də "irəli gedərək" "Koroğlu" dastanında Rövşənin kor kişinin oğlu olmasını təhrif edərək həmin sözün mənasını itirməyə çalışmışdır.
Adıçəkilən mənbənin verdiyi əsaslandırılmış məlumatlardan o da aşkar olunur ki, xalqımıza məxsus atalar sözləri, zərb-məsəllər belə çox asanlıqla erməniləşdirilirmiş. X.Abovyan Azərbaycan xalqının yaratdığı "Bir dəli quyuya daş atdı, min ağıllı çıxara bilmədi" atalar sözünü aşağıdakı formaya salaraq asanca erməniləşdirməyə çalışmışdır: "Deyirlər, dəli dənizə bir daş atdı, yüz ağıllı üstünə töküldü, çıxara bilmədi". Yaxud P.Proşyan çörəklə bağlı atalar sözümüzü belə təhrif etmişdir: "Çörəyi çörəkçiyə ver, birini də üstəlik", hansı ki, o, orijinalda belədir: "Çörəyi ver çörəkçiyə, bir çörək də üstəlik".
Çırağın öz dibinə işıq salmadığını sübut etməyə ehtiyac olmasa da, erməni X.Abovyan bu aksioma da əl gəzdirib, atalarımızın sözünün nəinki formasını, mənasını dəyişib özününküləşdirir: "Çıraq öz dibinə işıq salar". Əslində, bununla erməni yazıçı öz xalqının mentalitetindən çıxış edərək belə deyir.
Əsasən erməni və rus mənbələrindən istifadə olunaraq toplanmış faktlar bir daha xalqımıza məxsus folklorun erməni oğrular tərəfindən mənimsənildiyinin geniş oxucu auditoriyasına məhz bu günlərdə çatdırılmasının xüsusi əhəmiyyəti var.
Əlbəttə, Azərbaycan xalqına məxsus milli-mənəvi dəyərlərə sahib çıxmağa cəhd göstərmək ermənilərin əbədi istək və arzusudur. Lakin bütün hallarda özgəyə ümid olanın şamsız qalması tarixən sınaqdan çıxmış və müdrikləşmiş atalar sözüdür. İstər digər xalqların dilini, mədəniyyətini, ədəbiyyatını və musiqisini mənimsəsinlər, istərsə də qonşuların ərazilərinə torpaq iddiasında olsunlar, yaxud fransızları türk xalqları ilə üz-üzə qoymağa çalışsınlar, bunların heç bir nəticəsi olmayacaq, çünki nə tarix saxtalıq sevir, nə də dil. Bunların heç biri ermənilərdə olmayıb və bundan sonra da olmayacaq.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.- 2012.-19 fevral.- S. 6.