Fikrət
Əmirovun 90 illik yubileyinin
keçirilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
2012-ci ilin noyabr ayında görkəmli Azərbaycan bəstəkarı, tanınmış ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı Fikrət Məşədi Cəmil oğlu Əmirovun anadan olmasının 90 illiyi tamam olur.
Azərbaycanın musiqi sənəti tarixinə parlaq səhifələr yazmış Fikrət Əmirovun musiqinin ən müxtəlif janrlarını əhatə edən çoxsaylı əsərləri, o cümlədən opera, balet, simfoniya, mahnı və romansları xalqımızın mədəni sərvətlər xəzinəsinin qızıl fondunda xüsusi yer tutur. Böyük bəstəkar milli musiqimizin zəngin ənənələri ilə dünya musiqi mədəniyyətinin mühüm nailiyyətlərinin qovuşuğunda misilsiz sənət inciləri meydana gətirmişdir. Bəstəkarın dünyanın ən iri konsert salonlarında mötəbər orkestrlərin ifasında səsləndirilən simfonik muğamlarının Azərbaycan mədəniyyətinin tanıdılmasında müstəsna rolu vardır.
Milli musiqi mədəniyyətimizin inkişafına və təbliği işinə mühüm töhfələr vermiş bəstəkar Fikrət Əmirovun 90 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, Fikrət Əmirovun 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
6 fevral 2012-ci il
Azərbaycan.- 2012.- 7 fevral.- S.1.