Tanınmış
ictimai xadim Lidiya Rəsulova
son mənzilə yola
salınmışdır
Fevralın 6-da tanınmış ictimai-siyasi xadim, uzun illər respublikamızda müxtəlif rəhbər vəzifələrdə çalışmış Lidiya Rəsulova ilə vida mərasimi keçirilmişdir.
Vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
AzərTAc xəbər verir ki, mərhumun cənazəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının konfrans salonunda matəmsayağı bəzədilmiş postament üzərinə qoyulmuşdur.
Mərhumun tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdur.
Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdür.
Vida mərasimində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev, təhsil naziri Misir Mərdanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov çıxış edərək Lidiya Rəsulovanın əsl şərəfli ömür yolu keçməsindən, tutduğu bütün vəzifələrdə əsl vətəndaşlıq mövqeyi nümayiş etdirməsindən, insanlara səmimi münasibətindən danışmışlar.
Bildirilmişdir ki, hər hansı vəzifədə çalışmasından asılı olmayaraq o, həmişə insani keyfiyyətləri, bacarığı, biliyi ilə ətrafındakılara nümunə göstərmiş, ehtiyacı olanlardan köməyini əsirgəməmişdir.
Vurğulanmışdır ki, Lidiya Rəsulovanın fəaliyyəti ulu öndər Heydər Əliyevin qadınların cəmiyyətin həyatında fəal iştirakının təmin edilməsinə yönəlmiş siyasətinin nəticələrinin parlaq nümunələrindən biridir.
Müstəqillik illərində təhsil naziri kimi məsuliyyətli vəzifəni şərəflə yerinə yetirmiş Lidiya Rəsulova həm də Azərbaycanın qadın hərəkatında fəal rol oynamışdır. Daim bu hərəkatın öncüllərindən biri olan Lidiya Rəsulova bütün qadınlarımızın cəmiyyətdə layiqli yerini tutmasına səy göstərmişdir.
Lidiya Rəsulova dövlət qulluğunda çoxillik fəaliyyətini tamamladıqdan sonra da xalqımıza xidmət işini davam etdirmişdir. Onun rəhbərliyi altında fəaliyyət göstərən Gender Araşdırmaları Mərkəzi bu sahədə ilk qurumlardan biri kimi müstəsna rol oynamışdır. O, apardığı tədqiqatlarla gender məsələlərini bir elm səviyyəsinə qaldırmış, öz ətrafında güclü həmfikirlər kollektivi yarada bilmişdi. Onun keçirdiyi maraqlı görüşlər, "dəyirmi masa"lar, elmi-praktiki konfranslar yüksək peşəkar səviyyəsi ilə seçilirdi.
Qeyd edilmişdir ki, dövlətimiz Lidiya Rəsulovanın xidmətlərini həmişə yüksək qiymətləndirmiş, o, bir sıra orden və medallarla təltif olunmuş, müstəqil Azərbaycan Respublikasının "Şöhrət" ordeninə layiq görülmüşdür.
Diqqətə çatdırılmışdır ki, Azərbaycanın görkəmli qadınları sırasında layiqli yer tutmuş Lidiya Rəsulovanın əziz xatirəsi daim qədirbilən xalqımız tərəfindən hörmət və ehtiramla anılacaqdır.
Mərhumun ailəsi adından çıxış edən Emin Rəhimov Lidiya Rəsulovanın xatirəsinə göstərilən hörmət və ehtirama görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.
Sonra tanınmış ictimai xadimin cənazəsi son mənzilə yola salınmışdır.
Mərhum Fəxri xiyabanda torpağa tapşırılmışdır.
Allah rəhmət eləsin!
Azərbaycan.- 2012.- 7 fevral.- S.2.