Kredit regionların inkişafında vacib elementlərdən biridir

 

Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında açıqlanan rəqəmlər dünya iqtisadiyyatına inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin aparıcı qüvvəsinə cevrilən, sosial-iqtisadi sahədə ardıcıl uğurlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın dinamik inkişaf etdiyini bir daha təsdiqləmişdir.

 

Prezident İlham Əliyevin həmin iclasda qeyd etdiyi kimi, Azərbaycanın  sosial - iqtisadi, siyasi-hüquqi və mədəni sahələrdə inkişafı üçün bütün zəruri tədbirlərin həyata keçirilməsi nəticəsində ölkənin iqtisadiyyatında dinamik-iqtisadi artım tempi qorunub saxlanılmışdır. Şəhərlə regionlar arasındakı fərq bir qədər də azalmış, qeyri-neft sektoruna, o cümlədən kənd təsərrüfatının inkişafına yetərincə dəstək verilmiş, dövlət başçısının sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərinin uğurla reallaşdırılması davam etdirilmişdir.

Prezidentin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial - iqtisadi inkişafı" Dövlət  Proqramı çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində təkcə 2011-ci il  ərzində 94 min yeni iş yerləri açılmışdır ki, onun da 73 mini daimidir. Ümumilikdə isə son illər respublikada, 1 milyondan çox yeni iş yerlərinin açılması ölkədə qeyri - neft sektoruna, o cümlədən kənd təsərrüfatına göstərilən diqqətin sayəsində mümkün olmuşdur.

Görülmüş bu tədbirlərin nəticəsidir ki, ötən ilin yekunları bazar iqtisadiyyatı yolunu seçmiş Azərbaycanda sosial məsələlərin həllini daim diqqət mərkəzində saxlamağa imkan vermişdir. Artıq  tarixə çevrilən  2011-ci ildə dövlət büdcəsində sosialyönümlü xərclər əhəmiyyətli dərəcədə artmış, yoxsulluğun, işsizliyin aradan qaldırılması istiqamətində yüksək  nəticələr əldə olunmuşdur.

Dünyada qlobal maliyyə böhranının təsirinin davam etdiyi 2011-ci ildə Azərbaycanın qazandığı bu və bir çox digər, nailiyyətlər olduqca ürəkaçandır. Nazirlər Kabinetinin iclasında dövlət başçısının dediyi kimi: "Azərbaycanda orta pensiyanın səviyyəsi hazırda təqribən 180-190 dollar səviyyəsindədir. Deyə bilərəm ki, MDB məkanında bu, çox gözəl göstəricidir. Ancaq əlbəttə ki, bu bizi tam şəkildə qane edə bilməz. Növbəti illərdə görüləcək tədbirlər, həm ayrılacaq vəsait, həm yaradılacaq yeni iş yerləri, həm də apardığımız uğurlu investisiya siyasətimiz bizə kömək edəcəkdir. Əlbəttə ki, həm maaşlar, həm pensiyalar daha da artmalıdır və artacaqdır".

Görülmüş işlərin sayəsində 2011-ci il ərzində ölkənin strateji valyuta ehtiyatları 9 milyard manat artaraq, 40 milyard dollar səviyyəsinə çatmış, ümumi daxili məhsul istehsalı 0,2 faiz artaraq 45,5 milyard manata çatmış, onun adambaşına düşən həcmi 7 min, orta aylıq əməkhaqqı  isə 460 dollar təşkil etmiş, əhalinin pul gəlirləri 17,6 faiz artmışdır. 2003-cü il ərzində əhalinin adambaşına düşən gəlirləri inflyasiyanı 11,3 faiz üstələdiyi halda, 2011-ci ildə əhalinin pul gəlirləri inflyasiyanı 2 dəfə üstələmiş, iqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9 faiz artmışdır.

Həyata keçirilmiş genişmiqyaslı tədbirlər nəticəsində ölkədə yoxsulluğun səviyyəsi 2003-cü ildəki 47 faizdən 2011-ci ildə 7,6 faizə enmişdir. Milli iqtisadiyyatımız  nəinki öz tarazlığını qorumuş, hətta qeyri-neft sektorunda 9,4 faiz artım qeydə alınaraq məhsul istehsalı 11,1 faiz təşkil etmişdir.

Ölkə iqtisadiyyatına 2010-cu ildə 17,6 milyard dollar, 2011-ci ildə isə ölkə iqtisadiyyatına 20,0  milyard dollar sərmayə qoyulmuşdur. Bu vəsaitlər regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında nəzərdə tutulmuş məqsədlərin gerçəkləşdirilməsinə, ilk növbədə, infrastrukturun yeniləşdirilməsinə yönəldilmişdir. 2011-ci ildə bölgələrdə genişmiqyaslı tikinti-abadlıq, sosial-mədəni quruculuq işlərinin həyata keçirilməsi, mədəniyyət və incəsənət abidələrinin bərpası, yeni məktəblərin, səhiyyə ocaqlarının inşası və digər mühüm tədbirlər məhz investisiya xərclərinin artması sayəsində mümkün olmuşdur.

Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin  başlıca istiqamətlərindən birini təşkil edir. Bu barədə Prezident İlham Əliyev belə demişdir: "...Həmişə olduğu kimi,  ərzaq təhlükəsizliyi məsələlərinə çox böyük diqqət göstərilməlidir. Sahibkarlara kreditlərin verilməsi davam etdiriləcəkdir, 2004-2011-ci illər ərzində Sahibkarlığa Kömək Milli Fondu, yəni, dövlət tərəfindən yerli sahibkarlara verilmiş 850 milyon manata yaxın güzəştli kreditlərin 80 faizi regionlarda yerləşdirilmişdir. Biz bu yolla həm sahibkarları dəstəkləyəcək, həm də kredit resurslarımız daha da artacaqdır. 2011-ci ildə sahibkarlara verilən kreditlərin həcmi əvvəlki illərə nisbətən daha da artmış və 138 milyon manat həcmində olmuşdur. 2012-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən veriləcək vəsaitlərin 200 milyon manata çatdırılması nəzərdə tutulmuşdur. Bununla bərabər, fermerlərə subsidiyalar davam etdiriləcəkdir, güzəştli şərtlərlə gübrə veriləcək, kənd təsərrüfatının inkişafı ücün bütün lazımi tədbirlər görüləcəkdir".

Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial davamlığının başlıca şərtidir. Ona görə də cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsi çox vacibdir.

Bu, bir faktdır ki, son dövrlərdə inkişaf etmiş ölkələrin maliyyə bazarında baş verən qeyri-sabitlik, maliyyə və iqtisadi böhran, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın artması, iqlim dəyişikliyi, içməli su ehtiyatlarının məhdudlaşması və digər səbəblərə görə əsas ərzaq məhsullarının dünya bazarında qiymətləri artmağa başlamış, bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilmişdir. Bu problemi öncədən görərək, hələ keçən əsrin 90-cı illərinin ortalarında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq ölkədə torpaq islahatları həyata keçirilmiş, kənd təsərrüfatı məhsulları istehsalçılarına yardım mexanizmi formalaşdırılmış, beynəlxalq təşkilatlarla birlikdə bu sahədə əhəmiyyətli layihələrin icrasına başlanılmışdır.

Dövlət başçısı İlham Əliyevin imzaladığı "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişafı üzrə Dövlət  Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət  Proqramı", "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial - iqtisadi inkişafı Dövlət  Proqramı" və digər qəbul olunmuş dövlət əhəmiyyətli sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarlara maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi, yerli məhsulların, xüsusən, ərzaq məhsullarının xüsusi çəkisinin artmasını təmin etmişdir. Dünya ərzaq bazarında müşahidə olunan qeyri-sabitlik Azərbaycanda ərzaq məhsullarının qiymətinə öz təsirini göstərir. Mövcud vəziyyət daxili bazarın idxaldan asılılığının maksimum azaldılması və ərzaq ehtiyatlarının yaradılması məsələsi kompleks yanaşma tələb edir. Məhz bu məqsədə nail olmaq üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına uyğun olaraq hazırlanmış Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı 2008-2015-ci illər ərzində müvafiq tədbirlərin həyata keçirilməsini özündə əks etdirir.

Bütün bunlar onu göstərir ki, Azərbaycan qeyri-neft sektorunun prioritetliyinə əsaslanan inkişaf yolu seçməklə yanaşı, aqrar sənaye  sahəsinin yüksəlişinə də xüsusi diqqət yetirir.

Qeyd olunduğu kimi, 2011-ci ildə  aqrar bölmədə real artım 6,2  faiz təşkil etmişdir ki, bu artımda "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının da özünəməxsus payı var.

Ötən illər ərzində təşkilatımız tərəfindən sosial-iqtisadi inkişafın təmin edilməsinə köməklik məqsədilə kənd yerlərində çalışan sahibkarlara, fiziki və hüquqi şəxslərə kreditlərin verilməsi, yeni iş yerlərinin açılmasının təmin edilməsi, əhaliyə göstərilən maliyyə - kredit xidmətinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüşdür.

 "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının kollektivi  2011-ci ildə də fəal çalışmış, il ərzində Kənd Yerlərinin Kreditləşməsi xətti ilə 606 sahibkarlıq subyektinə 6,3 mln manat, o cümlədən heyvandarlığın inkişafına 3,3 mln manat, bitkiçiliyin inkişafına 0,5 mln manat, ticarət və xidmət sahələrinə 2,4 mln manat, sair sahələrə  0,1 mln  manat kredit verilib. Ümumilikdə isə bu layihə  fəaliyyətə başlayandan 6,5 min sahibkara 49,2  milyon manat kredit verilmişdir.

Regionların sosial-iqtisadi inkişafında Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına verilmiş güzəştli kreditlərin əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Biz müvəkkil kredit təşkilatı kimi yola saldığımız 2011-ci ildə SKMF vəsaitləri hesabına Kredit Təşkilatı tərəfindən 139 sahibkara 1,8 mln manat məbləğində kredit verilmişdir. Ümumilikdə isə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 910 sahibkara 11,2 milyon manata yaxın  kredit vermişik.

Kredit Təşkilatının strateji məqsədlərindən biri də beynəlxalq maliyyə təşkilatlarının, habelə Azərbaycan Respublikası hökümətinin aqrar sahənin inkişaf etdirilməsi layihələri üzrə agent funksiyalarını yerinə yetirməkdir. Belə ki, təşkilatımız tərəfindən 1998-ci ildə icrasına başlanılmış Dünya Bankının "Təsərrüfatların Özəlləşdirilməsi Layihəsi"nin  kredit  komponenti  doqquz  ilə  yaxın bir müddətdə həyata keçirilmişdir. Kəndlərdə ilk özəl fermer təsərrüfatlarının  yaradılmasında  mühüm  əhəmiyyət  kəsb etmiş bu layihənin əvvəlindən  5770  kəndli təsərrüfatına  11,1 milyon manatdan cox  kreditlər verilmişdir.

Bundan əlavə, kənd yerlərində yoxsulluğun azaldılmasına kömək məqsədilə "Aqrarkredit" Səhmdar Kredit Təşkilatı Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) maliyyələşdirdiyi "Şimal-Şərq İnkişaf layihəsi" çərçivəsində Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında layihənin əvvəlindən 423 sahibkarlıq subyektinə və borcalan qrupuna 1,2 milyon manat, o cümlədən 2011-ci ildə bu rayonlarda 24 sahibkarlıq subyektinə və 101 borcalan qrupunun 400 üzvünə 342 min manat kreditlərin verilməsini təmin etmişdir.

Kənd təsərrüfatı sahəsində, habelə kənd yerlərində sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə həmin fondun maliyyələşdirdiyi digər "Şimal-Qərb kənd inkişaf layihəsi" çərçivəsində tərəfimizdən Qazax, Ağstafa, Tovuz, Şəmkir rayonlarında 730 borcalan qruplarına və fərdi sahibkarlara 2,0 milyon  manat  kredit  verilmişdir. Bu layihələr üzrə girovun tələb olunmaması, zaminlik əsasında kreditlərin verilməsi, daha çox insanın bu kreditlərdən yararlanmasına şərait yaradır.

Ümumilikdə keçən dövr ərzində "Aqrarkredit" Səhmdar Kredit Təşkilatı  tərəfindən kənd yerlərində fəaliyyət göstərən 14,300   sahibkarlıq subyektinə 75,0 milyon manata yaxın kreditlər verilmişdir ki, bu da kənd təsərrüfatı məhsullarının istehsalını, emalını, kənd yerlərində infrastrukturu stimullaşdırmaqla yanaşı, yeni iş yerlərinin yaranmasına şərait yaratmışdır.

2011-ci ildə "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının filiallarında kənd təsərrüfatı məhsulları istehsalçılarına mikrokreditlərin verilməsinə başlanmışdır. Bununla bağlı  Kredit Təşkilatında  "Mikrokreditləşmə üzrə daxili qaydalar" təsdiq edilmiş və İmişli, Ucar, Şəki və Xacmaz regional filiallarına  mikrokreditlərin verilməsi səlahiyyəti verilmişdir. Filialların yerli kredit komissiyalarının qərarı ilə verilən həmin kreditlər kənd təsərrüfatı məhsullarının istehsalçılarının kredit alma prosedurunu sadələşdirmiş və qısa müddətdə kreditlərin rəsmiləşdirilməsinə şərait yaratmışdır. 2012-ci ilin sonunadək daha bir neçə regional filiala mikrokreditlərin  verilməsi səlahiyyətinin verilməsi nəzərdə tutulur. Mikrokreditlər  girov  tələb  olunmadan zaminlik əsasında verildiyi üçün bu  kreditlər  vasitəsilə  daha çox insanı əhatə etmək, onların xırda tələbatlarının ödənilməsinə şərait yaradır.

Təşkilatımız barədə danışarkən qeyd etmək lazimdır ki, filiallar tərəfindən kənd yerlərində verilən kreditlərin təminatı kimi kənd yerlərində əmlaklar girov götürülərək yerlərdə kreditlərin rəsmiləşdirilməsi prosesi həyata keçirilir. Kənd  yerlərində əmlakların girov götürülməsi kreditin təminatı olmaqla bərabər, kənd yerlərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarların kredit alma imkanlarını genişləndirir, onların kreditə olan ehtiyacını vaxtında təmin etməklə yanaşı, kreditin vaxtında ödənməsi üçün məsuliyyətini artırır və müqavilədə göstərilən ödəniş qrafiki  üzrə tələb olunan kredit məbləğlərinin vaxtında ödənilməsinə şərait yaradır. Bir sözlə, Kredit Təşkilatı tərəfindən aparılan işlər  kənd yerlərində yaşayanların kreditləşmə imkanlarını yaxşılaşdırmaq və kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına yönəldilmişdir.

"Aqrarkredit" Səhmdar Kredit Təşkilatını regionlarda fərqləndirən əsas cəhət respublikanın bütün regionlarını özündə birləşdirən 12 regional filial şəbəkəsi vasitəsi ilə ölkənin bütün şəhər və rayonlarında, ən ucqar kəndlərində belə, kreditləşmənin həyata keçirilməsidir. Verilən biznes kreditlərinin təminatı kimi rayonlarda, kəndlərdə daşınar və daşınmaz əmlaklar götürülür ki, bu da regionlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan daha çox  hüquqi və fiziki şəxslərin bizim kredit xidmətlərimizdən yararlanmağa imkan yaradır. Bu günə ölkənin  61-dən çox rayonunun 800-dən yuxarı qəsəbə və kəndində kreditləşmə həyata keçirilir.

Ötən illər Kredit Təşkilatı tərəfindən Yaponiya hökumətinin qrantı və Tərəfdaşlıq Fondu hesabına alınmış və lizinq qaydasında kənd təsərrüfatı məhsulları istehsalçılarına icarəyə verilmiş, eləcə də həmin texnikaların istifadəsindən "Tərəfdaşlıq Fondu"  hesabına toplanmış vəsait hesabına 16,7 milyon manat dəyərində 1125 adda kənd təsərrüfatı texnikasının idarə olunması ilə bağlı icarə haqlarının yığılmasında agent funksiyalarını yerinə yetirir. Bu layihə üzrə "Tərəfdaşlıq Fondu" hesabına 260 min manat vəsait toplanmışdır. Artıq həmin lizinq hesabına alınan texnikaların yarıdan çoxu sahibkarların mülkiyyətinə çevrilmişdir.

Kredit Təşkilatı tərəfindən verilən kreditlər Mərkəzi Bankın təlimatları və daxili qaydalar əsasında həyata keçirilir. Müasir dövrün tələblərinə uyğun olaraq "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının Kənd Yerlərinin Kreditləşdirilməsinə dair Kredit Siyasəti və Daxili Qaydalar 2011-ci ilin dekabr ayında Müşahidə Şurasının iclasında baxılmış və təsdiq edilmişdir. Yeni qaydalar müştərilərin işini daha da rahatlaşdırmaqla kredit risklərinin maksimal azaldılmasını nəzərdə tutur. Artıq 2012-ci ildən yeni qaydalarla işləməyə başlamışıq. Hazırda kənd təsərrüfatında işləyən sahibkarlar üçün maraqlı və gəlirli olan istənilən sahəni kreditləşdiririk. Azərbaycanın rayonlarında həmin rayonun yerli xüsusiyyətlərinə uyğun  olaraq fərqli siyasət aparırıq.

Daxili mənbələrlə yanaşı, əlavə mənbələrin tapılması hesabına kiçik və orta sahibkarlara maliyyə dəstəyi göstərilməsi işinin davam etdirilməsi və daha da inkişaf etdirilməsi üçün, hazırda Kredit Təşkilatı tərəfindən əlavə vəsaitlərin cəlb olunması üçün bir neçə beynəlxalq maliyyə  qurumları  ilə danışıqlar  aparılır.

Əsas məqsədimiz Azərbaycanı kənd yerlərinə maliyyə xidməti göstərən və mənfəətlə işləyən bir maliyyə qurumuna çevrilməkdir. Bunun üçün "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının respublikanın bütün inzibati ərazisini əhatə edən texniki bazası, möhkəmləndirilmiş filiallar şəbəkəsi, ölkə daxilində və xaricində treninqlər keçərək müasir iş üslubunu mənimsəmiş, işi günün tələbləri səviyyəsində qurmaq bacarığına malik olan kadr potensialı vardır.

Fəaliyyət göstərdiyimiz dövr ərzində qazandığımız uğurlardan biri də kreditin qaytarılmasında ödəniş əmsalının yüksəldilməsidir. Çalışırıq ki, ədalətli əməkhaqqı, mükafatlandırma və digər həvəsləndirmə sistemlərindən istifadə etməklə, həyata keçirilən düzgün faiz siyasətini, müasir informasiya texnologiyalarının tətbiqi və menecmentin təkmilləşdirilməsi nəticəsində müştərilərimizlə aramızda olan münasibətləri tərəflərin biznes maraqlarına əsaslansın. Bu gün Kredit Təşkilatı Azərbaycanın  maliyyə  bazarında peşəkar iş təcrübəsi ilə kənd təsərrüfatında çalışan sahibkarlar arasında böyük nüfuz qazanması, müştəriləmizlə bizim aramızda olan səmimiyyətdən, bərabər və şəffaf iş birliyindən, etibara əsaslanan tərəfdaşlıq əlaqələrindən xəbər verir və bizi daha yaxşı işləməyə sövq edir.

Ümumiyyətlə, Azərbaycanın son illərdəki inkişaf dinamikasına nəzər saldıqda, belə qənaətə gəlmək olar ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətçiliyimizin  daha da möhkəmləndirilməsi, ölkəmizin siyasi, sosial-iqtisadi, mədəni və bütün başqa sahələrdə inkişafının təmin olunması, əhalinin rifah halının, bütün kateqoriyalardan olan insanların sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər hazirda yüksək templə davam edir. Keçən qısa dövr ərzində nəinki mərkəzi şəhərlərdə, eləcə də regionlarda soisal-iqtisadi inkişaf sürətləndirilmiş, abadlıq-quruculuq işlərinin aparılması ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Ölkəmizdə aqrar-sənaye  kompleksini inkişaf etdimək, ərzaq təminatını yaxşılaşdırmaq üçün ilk növbədə bazar iqtisadiyyatı prinsiplərinə uyğun olan qanunvericilik bazasının yaradıldığını, torpaq islahatlarının həyata keçirildiyini, aqrar islahatlar nəticəsində ləğv olunmuş, eləcə də işğal altnda olan rayonlarda təsərrüfat subyektlərinin borclarının silinməsi, onlara digər güzəştlərin edilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının torpaq vergisi istisna olmaqla, qalan bütün vergilərdən azad olunması, regionlarda mühüm kənd təsərrüfatı layihələrinin həyata keçirilməsi, fermerlərə yanacağın, sürtkü yağının və gübrənin alınmasına çəkilən xərclərin 50 faizinin dövlət tərəfindən qarşılanması, taxıl əkininə görə subsidiyaların verilməsi, texniki təminatın yaxşılaşdırılması üçün "Aqrolizinq"in yaradılması istehsalçılara lizinq yolu ilə güzəştli şərtlər əsasında texnikanın və gübrələrin verilməsi belə qənaətə gəlməyə əsas verir ki, "Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət  Proqramı (2008-2015-ci illər) "   uğurla yerinə yetiriləcəkdir.

Azəbaycan Respublikası  Prezidentinin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində iqtisadiyyatda keçid dövrü artıq başa çatmış və iqtisadiyyat keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu mərhələdə qazanılmış uğurların davam etdirilməsi, iqtisadi inkişafın davamlılığının təmin olunması məqsədilə dövlət başçısının müəyyən etdiyi siyasətə uyğun olaraq qarşıdakı illərdə prioritet istiqamətlər müəyyənləşdirilmişdir.

Biz  isə  "Aqrarkredit" Səhmdar Kredit Təşkilatı olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş strateji vəzifələrin uğurla və vaxtında həyata keçirilməsi üçün əzmkarlıqla çalışaraq, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, regionlarda rentabelli müəssisələrin yaradılması və inkişaf etdirilməsinə köməklik göstərməklə bundan sonra da regionların sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına nail olmasına öz töhfəmizi vermək üçün bütün qüvvəmizi səfərbər  edəcəyik.

 

Məmməd MUSAYEV, 

 

"Aqrarkredit" Səhmdar Kredit Təşkilatı İdarə Heyətinin sədri

 

Azərbaycan.- 2012.- 7 fevral.- S.6.