Qəhrəmanın parlaq obrazı

 

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun parlaq  obrazını, Vətən, torpaq, xalq qarşısındakı misilsiz xidmətlərinin bədii təcəssümünü yaratmaq nə qədər şərəflidirsə, bir o qədər də məsuliyyətli və çətindir. Əlbəttə, belə igid, cəsur, qorxmaz, düşmənin bağrını yaran qəhrəmanlarımız haqqında sayca çox olmasa da, sanballı əsərlər yazılır və onların əsasında bəziləri özünün səhnə təcəssümünü də tapıb.

 

Bədii publisistikası ilə dövri mətbuatda imzası tanınan şairə Fəridə Ləmanın qələmindən və qəlbinin dərinliklərindən süzülüb gələn "Təəssüb" poeması da məhz belə mövzuya həsr edilib.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ad günü (7 fevral), təbii ki, şəhidliyindən - ölümsüzlüyündən sonra  təkcə dünyaya göz açdığı ata ocağında, ana qucağında deyil,  bütünlüklə xalqımız tərəfindən qeyd edilir.  Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Bura Vətəndir" məclisi  və həmin mərkəzin Qadınlar Şurasının Gənc Tamaşaçılar Teatrı ilə birgə layihəsi əsasında şairə-publisist Fəridə Ləmanın "Təəssüb" əsəri tamaşaya qoyulub.  Eyni adlı əsər əsasında hazırlanmış ədəbi-bədii kompozisiyanın Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun  ad günü ərəfəsində tamaşaçılara təqdim olunması heç də təsadüfi deyildir. Bu bir daha onu göstərir ki, Vətən uğrunda sinəsini düşmən gülləsinə sipər etmiş oğul-qızlarımızın şərəfli ömürləri daim nümunəyə çevrilir, örnək sayılır, ümumiyyətlə, bədii əsərlərin mövzusuna  çevrilir. Belə ömürlərin daim qəlblərdə yaşaması onların bədii əsərlərin obrazlarına çevrilməsindən də asılıdır. Çünki  gələcək nəsillər qəhrəmanları təkcə yaddaşlardan  tarix kitablarından deyil,  bədii əsərlərdən də oxuyub öyrənir və tamaşalardakı obrazlarından tanıyırlar.

Azərbaycan Himni səsləndirildikdən sonra İlham Əsədovun ifasında "Qalmaz belə, qalmaz dünya" mahnısı tamaşaçılara təqdim edilib. Milli Qəhrəmanın həyat və fəaliyyətinə, döyüş yollarına həsr olunmuş "Təəssüb"  poeması barədə tamaşaçılara məlumat verən Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov onu da qeyd etməyi unutmayıb ki, bu  kimi əsərlərə səhnə ömrü verməyə kollektivimiz həmişə hazırdır: "Teatr, aktyor, rejissor da belə döyüşür. Bu döyüşkənliyi bizə qəhrəmanlarımızla yanaşı, onların ömür yolundan soraq verən əsərlər öyrədir. Əsərdəki lirik duyğular  aktyorları qəhrəmanlığa səsləyir. Onlarda mübarizlik hissi, döyüşkənlik təlqin edir".

Azərbaycan İctimai-Siyasi Universitetinin rektoru professor Rasim Nəbiyev isə "Təəssüb"ün  bədii təxəyyülün deyil, real hadisələr əsasında qələmə alındığından daha təsirli olduğunu bildirib.

Kompozisiyanın quruluşçu-rejissoru  Prezident təqaüdçüsü, xalq artisti Ağaxan Salmanov, ssenari müəllifi və aparıcısı isə əməkdar mədəniyyət işçisi, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti, "Bura Vətəndir" məclisinin rəhbəri Səriyyə İsmayılovadır.

Respublikanın əməkdar artisti Lətifə Əliyeva burada Mübarizin  sanki doğma anasına çevrilir:

 

 Vətən qiymətini verdi, verəcək,

Mübariz ruhunla zəfər gələcək.

Sən Milli Qəhrəman, şərəfli oğul,

Adınla dünyaya  çox ər gələcək.

 

Ata obrazının ifaçısı Kərəm Hadızadənin yaratdığı rol isə igid oğlunu döyüşlərə yola salıb, onu qəhrəman kimi qarşılayan Ağakərimdir. Qəhrəmanın obrazını yaratmaq, əlbəttə, daha çətin, məsuliyyətli və şərəflidir. Qəhrəman Mübarizin parlaq obrazını  yaratmaq burada Elşən Hacıbəyovun sanki boyuna və xarakterinə biçilib. Seçim çox uğurludur. Müəllifin özünü isə səhnədə əməkdar artist Kəmalə Hüseynova canlandırır.

Əlirza Atambəylinin ifasında "Yenilməz" mahnısı ilə sona çatan ədəbi-bədii kompozisiya Milli Qəhrəmanın örnək və  şərəfli ömrünə töhfə  kimi qiymətləndirilib və müəlliflə yanaşı, teatrın kollektivinə uğurlar diləyiblər.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2012.- 7 fevral.- S.7.