Azərbaycanda
bərpa olunan enerji mənbələrindən
istifadənin perspektivləri genişdir
İqtisadi
inkişaf müxtəlif növ enerjiyə tələbatın
artması ilə müşayiət olunur. Bunun nəticəsində
ekoloji problemlər meydana çıxır. Qlobal istiləşmə,
səhralaşma və quraqlıq, biomüxtəliflik, ozon
qatının dağılması kimi problemlər son vaxtlar
insan həyatı, ümumiyyətlə, bütün canlı
aləm üçün real təhlükəyə
çevrilmişdir. Dünyada, o cümlədən Azərbaycanda
belə mühüm problemlərin həlli "Ozon
qatının qorunması haqqında Vyana Konvensiyası"
(1985), "Ozon qatını dağıdan maddələr
haqqında Monreal Protokolu" (1987) və Protokola düzəlişlər
(London-1990, Kopenhagen-1992, Monreal-1997), "Dayanıqlı
İnkişaf haqqında" BMT-nin XXI əsrin gündəliyi
konfransı (Rio-de Janeyro-1992), Avropa ölkələrinin ətraf
mühit nazirlərinin konfransı (Lyusem-1993),
"Dayanıqlı energetika və parnik effekti yaradan qaz
tullantılarının azadılması haqqında Kioto
Protokolu"nun (1997) prinsiplərinə əsaslanır. Bu
prinsiplərə uyğun olaraq, yaradılmış konsepsiya
artıq bəyənilmiş və "Ətraf mühitin
Mühafizəsi üzrə Milli İcra Planı"na daxil
edilmişdir.
Konkret
icra mexanizmləri nəzərə
alınmaqla bərpa olunan enerji
mənbələrindən istifadəni inkişaf
etdirmək üçün Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 oktyabr
2004-cü il tarixli sərəncamı
ilə "Azərbaycan Respublikasında alternativ
və bərpa olunan enerji
mənbələrindən istifadə olunması üzrə
Dövlət Proqramı" təsdiq olunmuşdur.
Vaxtında qəbul olunmuş Dövlət
Proqramı milli energetikanın tərəqqisi
naminə yeridilən məqsədyönlü siyasətin məntiqi
nəticəsidir.
Yaxın
20-30 il ərzində neft müqavilələrinin
reallaşdırılması, neft və qazın dünya
bazarlarına ixracı ölkənin iqtisadi cəhətdən
güclənməsi ilə yanaşı, energetik və ekoloji problemlərin
artmasına gətirib çıxara bilər. Azərbaycanda
tüstü qazlarının (parnik effekti yaradan qazlar) əsasını
karbon qazı təşkil edir
ki, onun da emissiyasının 97 faizi
energetikanın payına düşür. Birbaşa təsirli tüstü
qazlarının emissiyasının dəyişmə
dinamikasına görə 2000-2025-ci illərdə onun həcmi artacaq. Digər
tərəfdən, nəzərə almaq
lazımdır ki, karbohidrogen
xammalının ehtiyatları tükənməz deyil.
Enerji
istehlakının effektivliyini artırmaq, bununla da zərərli
maddələrin tullantılarını azaltmaq məqsədilə
təbiəti mühafizə tədbirlərinin
görülməsi və mütərəqqi texnologiyaların
tətbiqi ilə müsbət nəticələr əldə
olunur. Amma bu, kifayət
deyil. Karbohidrogen xammalından istifadədə qənaətə, zərərli
maddələrin tullantılarının azalmasına ənənəvi
enerji növlərinin bərpa olunan enerji mənbələri
ilə tədricən əvəzlənməsi yolu
ilə nail olmaq mümkündür. Hazırda bərpa olunan enerji mənbələri
energetikanın inkişafında ən perspektivli
istiqamət kimi özünü
təsdiqləmişdir.
Bərpa
olunan enerji mənbələri arasında ehtiyatlarının
miqyasına və ekoloji təmizliyinə görə Günəş
enerjisi daha perspektivlidir. Azərbaycan öz coğrafi mövqeyinə görə Günəş
enerjisi ehtiyatları ilə zəngindir. Abşeron yarımadasında və Xəzər dənizinin sahilboyu ərazisində Günəş
işığının müddəti il
ərzində 2500 saata, Naxçıvan Muxtar Respublikasında isə 2900 saata bərabərdir. Məlum olduğu
kimi, Naxçıvan ölkənin elektrik təchizatı şəbəkəsindən
kənarda qalmışdır və ona
görə bu regionda
bərpa olunan enerji mənbələrindən
istifadə həyati əhəmiyyət kəsb edir. Hesablamalar göstərir
ki, muxtar respublikanın
enerji ehtiyaclarının təxminən
yarısını alternativ enerji mənbələri hesabına ödəmək
olar. Külək enerjisinə gəldikdə
isə məlumdur ki, Abşeron
yarımadasında və Xəzər dənizinin sahilboyu ərazisndə il ərzində
270 gündən artıq güclü küləklər əsir. Burada küləyin orta illik sürəti saniyədə 7,2 metrdir. Ölkənin digər regionlarında
küləkli günlərin sayı 20-70 gün
həddindədir. Hesablamalar göstərir
ki, 500 kiloVatt gücə
malik olan bir külək elektrik
stansiyası daş kömür
stansiyası ilə müqayisədə 750-1250 ton
karbon qazının, 3-6 ton
digər zərərli maddələrin emissiyasının
qarşısını alır. Abşeron
yarımadasında külək qurğularının tətbiqi
ölkə iqtisadiyyatına mühüm
töhfə verər. Bu ərazidə külək enerjisindən
genişmiqyaslı istifadə ümumi enerji balansının 20 faizini
təmin edər və bu qədər də
üzvü yanacağa
qənaət olunar. 20 il
ərzində külək enerjisindən istifadə etməklə
2,4 milyon ton mazuta qənaət etmək və bu zaman 7,5 milyon
ton karbon
qazının atmosferə atılmasının
qarşısını almaq mümkündür.
Ekoloji cəhətdən təmiz bərpa
olunan enerji mənbələrinə
kiçik çayların enerjisi də daxildir.
Kiçik su elektrik stansiyalarının yaradılması ilə
ucqar bölgələri elektrik enerjisi ilə təmin etmək,
uzaq məsafələrə ötürülən elektrik
enerjisində itkiləri azaltmaq, zərərli qazların
tullantılarının qarşısını almaq olar.
Geotermal
enerji dedikdə müxtəlif dərinliklərdə yerləşən
və atmosferdə havanın temperaturundan yüksək
temperatura malik olan flyuidlər və quru dağ
süxurlarının istiliyi nəzərdə tutulur. Azərbaycanın
müxtəlif rayonlarında yerin
altından səthə istilik axını
yayılır, nəticədə temperatur
daha yüksək olur.
Bu temperatur
artımından geotermal stansiyaların
yaradılması üçün və ya aşağı potensiallı istilik mənbəyi kimi
istifadə oluna bilər.
Geotermal enerji bərpa
olunan enerji resurslarından istifadə edən
alternativ enerji mənbələrinə aiddir. O, planetdə ən böyük enerji
ehtiyatlarından biridir. Geotermal enerjinin ekoloji təhlükəsizliyi
yeni geotermal elektrik stansiyaların inşası tələbatını
yaradır. Hazırda geotermal enerjidən bir sıra ölkələrdə
istifadə olunur.
Energetika
üçün yeraltı sulardan istifadə zamanı
hansı problemlər yaranır? Onlardan ən əsası işlənmiş suyun
yeraltı su horizonuna geriyə vurulmasının zəruriliyidir.
Termal sularda müxtəlif zəhərli
metalların (bor, qurğuşun, sink, kadium, arsen) və kimyəvi
birləşmələrin (ammiak, fenollar) böyük miqdarda
duzları vardır ki, bu da həmin suların səthdə
yerləşən təbii su sistemlərinə
axıdılmasını istisna
edir.
Dünyada
geotermal su elektrik stansiyalarının təyin olunmuş
gücü 1990-cı illərin əvvəllərində 5000
MVt-dək, 2000-ci illərin əvvəllərində 6000 MVt-dək
təşkil edirdi. 2008-ci ilin axırlarında bu göstərici
10500 MVt-dək yüksəlmişdir.
ABŞ
geotermal elektrik enerjisinin irimiqyaslı
istehsalçısıdır. 2005-ci ildə bu ölkədə 16 milyard KVt-saatadək
enerji istehsal edilmişdir. 2008-ci ildə ABŞ-da geotermal
elektrik stansiyalarının ümumi gücü təxminən
3000 MVt təşkil edirdi. 2013-cü ilədək bu göstəricinin
4400 MVt-dan çox olması planlaşdırılır. Ölkədə alternativ enerji mənbələrindən
biri kimi geotermal elektrik energetikası hökumətin
xüsusi dəstəyinə
malikdir.
2003-cü
ildə Filippində geotermal elektrik enerjisinin gücü 1930
MVt təyin olunmuşdur. Burada buxar-su termləri ölkədə bütün
elektrik enerjisinin 27 faizinin istehsalını
təmin edir.
Elektrik
stansiyalarının təyin olunmuş 953 MVt gücü ilə
Meksika 2003-cü ildə dünyada geotermal enerji istehsalına
görə üçüncü yerdə olmuşdur. Əsas geotermal zona olan Serro
Prietoda ümumi gücü 750 MVt olan stansiyalar var.
Hidrotermal
mənbələr də böyük maraq doğurur. Bu mənbələrdə yeraltı
istilik quyu vasitəsilə isti termal suların axını ilə
yer səthinə çıxarılır. Suyun temperaturu
hidrotermal lay dixilindəki təzyiqdə doyma temperaturundan
yüksək olur. Təzyiq düşərkən su
qaynayır və əmələ gələn buxardan buxar
turbinində istifadə oluna bilər. Aşağı
temperaturlu flyuidlərdən isti su təchizatı, istixana və
binaların qızdırılması, istilik nasosları vasitəsilə
texnoloji proseslər üçün istifadə oluna bilər.
Bərpa
olunan enerji mənbələrindən istifadə sahəsində
təhsil və kadr hazırlığı böyük əhəmiyyət
kəsb edir. Bu məqsədlə
1993-cü ildən etibarən Azərbaycan Texniki Universitetinin
İstilik və soyuqluq texnikası kafedrasında bərpa
olunan enerji mənbələri ixtisası üzrə bakalavr və
bərpa olunan enerji çevrilmələrində gedən
proseslərin istilik fizikası ixtisası üzrə magistrlər
hazırlanır. Universitetdə tədris və elmi-tədqiqat
proseslərində istifadə üçün bərpa olunan
enerji mənbələri laboratoriyası
yaradılmışdır. Laboratoriyada elektrik enerjisi almaq
üsün Günəş modulu və külək mühərriki
quraşdırılmışdır. Tədris
prosesinin keyfiyyətini yüksəltmək üçün
kafedranın əməkdaşları beynəlxalq konfranslarda
müntəzəm iştirak edir və bu sahədə
tanınmış alimlərlə elmi mübadilə
aparır, inkişaf etmiş ölkələrdə
uzunmüddətli elmi ezamiyyətdə olur, həmin ölkələrin
aparıcı universitetləri ilə qarşılıqlı əlaqələr
yaradılır.
Bərpa
olunan enerji mənbələri ilə məşğul olan
mütəxəssislər bu sahənin perspektivlərinə
şübhə etmirlər. Ən başlıca məsələ ölkədə bərpa
olunan enerji mənbələrindən istifadə sahəsində
qanunvericilik bazasının yaradılmasıdır. Bununla bərabər,
sahənin inkişafına mane olan bir sıra amillər də
var. Bunlardan alternativ enerji mənbələrinin perspektivləri
barədə əhalinin lazımi dərəcədə məlumatlandırılmamasını,
bərpa olunan enerji mənbələrindən istifadənin
özünəməxsus xüsusiyyətlərindən irəli
gələn digər səbəbləri - ənənəvi təcrübənin
yoxluğunu, peşəkarların azlığını,
müasir texnologiya və reklamların
çatışmamasını, rəqabət qabiliyyətinin
aşağı səviyyəsini, xaricdə istifadə olunan
avadanlıqlar haqqında informasiyanın
qıtlığını, cəlbedici layihələrin
olmamasını, sistemli infrastrukturun zəifliyini və s. göstərmək olar.
Artıq
bu problemlərin həlli istiqamətində müvafiq dövlət
orqanları tərəfindən ardıcıl tədbirlər
görülür. Azərbaycan
Respublikası Sənaye və Energetika Nazirliyinin tərkibində
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə
Dövlət Agentliyi yaradılmışdır.
Dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq
əlaqələri qurulmuş, bərpa olunan enerji mənbələrindən
istifadə etməklə yeni elektrik stansiyalarının
inşası haqqında bir neçə saziş
imzalanmışdır. Pilot layihələr
reallaşdırılır. Şübhə etməmək
olar ki, yaxın illərdə Azərbaycan bərpa olunan enerji
mənbələrindən səmərəli istifadə edən
ölkələr arasında yer alacaq.
Astan ŞAHVERDİYEV,
Milli Məclisin deputatı, professor
Azərbaycan.- 2012.- 16 fevral.- S.7.