Hər çəməndən bir çiçək

 

Müxtəlif  müəlliflərin eyni mövzuya janrda yazılmış bədii əsərlərdən ibarət qeyri-dövri məcmuəyə almanax da deyirlər. Azərbaycanda bu növ nəşrlər əsasən ötən əsrin iyirminci illərindən başlayaraq yayılıb.

Bu gün də müəlliflərin yaradıcılıq nümunələrinin toplandığı almanaxlar nəşr edilir. Belə topluların özəllikləri təkcə onda deyil ki, orada müxtəlif janrlı və ya mövzulu ədəbi-bədii nümunələr verilir. Bu üsulun üstünlüklərindən biriodur ki, almanaxlar digər kitablardan fərqli olaraq müxtəlif müəllifləri bir-biri ilə, onları isə oxucularla  eyni vaxtda görüşdürməsidir. Hər hansı şairya yazıçının yaradıcılığı ilə maraqlanan oxucu almanaxda daha çox müəlliflə üz-üzə olur. Belə toplulardan birişair-publisist Bəydadaş Cəfərlinin tərtibçiliyi və redaktorluğu ilə işıq üzü görən "Abşeron inciləri-2011 (poeziya almanaxı)"dır.

Bu kitabda 40 qələm sahibinin şeirləri yer alıb. Kitabı oxuduqca özünü sanki qırxotaqlı poeziya sarayında hiss edirsən. Bu "poeziya sarayı"nda yaradıcılığı ilə tanış olduğumuz şairlər respublikamızın ayrı-ayrı bölgələrində dünyaya göz açıblar. Onları birləşdirən isə sözün qəhrini və nazını çəkmələridir.

Oxucuların istək və zövqləri  müxtəlif olduğu kimi, şairlərimizin də dünyaya fəlsəfi baxışları eyni deyil. Məhz bu istəkləri nəzərə alaraq, müxtəlif mövzularda şeirlər yazırlar. Mövzuya yanaşma da bu kitabda müxtəlifdir.

Yazıçı və şairlər  ilk növbədə öz ömürlərini yazırlar. Onlar yaratdıqları obrazları özləri yaşayırlar. Güllər Məmmədqızının  şeirlərindəki arzu və istəklər isə  xalqımızınkıdır. Onun kədəri doğma yurdu Kəlbəcərdən uzaq düşməsi, arzusu isə o yerlərə qayıtmaq olub. Bu şairə ananın, təəssüf ki,   ömrü o günə çatmayıb, amma, poetik nəfəsi doğma yerlərə qayıtmaq  üçün bir çağırışdır.

Kitabda diqqəti çəkən digər məqamlardan biri də Aytən Təhmasibin rəngarəng yaradıcılıq nümunələridir. Buradakı şairlərin ən  gənci Aytəndir. Çox gənc olmasına baxmayaraq poeziya aləmində  o, erkən yaşlarında böyük uğurlar qazanıb.

Məlahət Yusifqızının təkcə "Kişi əlləri" şeirindən isə ayrıca söz açmağa  dəyərdi.   Almanaxı səhifələdikcə qürur hissi keçirirsən: Həsənoğlu, Nizami Gəncəvi, Məhsəti və Natəvandan... başlayan Azərbaycan poeziyası nəsillər dəyişdikcə zənginləşir. Yeni gələn hər ədəbi nəfəsdə isə bir təravət hiss olunur, almanaxdakı kimi: klassizmlə modernizm  burada  vəhdət təşkil edir ki, bu da poeziya aləmini bir az da zənginləşdirir.

 

Azərbaycan.- 2012.-19 fevral.- S.  6.