Qusar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" Qusar rayonunda da uğurla həyata keçirilir. Dövlət proqramının icrası nəticəsində rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində bir sıra mühüm işlər görülmüş, o cümlədən təhsil, səhiyyə, idman, mədəniyyət və digər sosialyönümlü obyektlər tikilərək istifadəyə verilmiş, genişmiqyaslı yenidənqurma və abadlıq-quruculuq işləri həyata keçirilmişdir.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Qusar rayonu üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Qusar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Qusar Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2,0 (iki) milyon manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
20 fevral 2012-ci il
Azərbaycan.- 2012.-21 fevral.- S. 1.