«Heydər Əliyev və müstəqil Azərbaycanın ilk Konstitusiyası» kitabı çapdan çıxmışdır

 

Azərbaycanın ən yaxın tarixinin öyrənilməsi işinə daha bir töhfə olan "Heydər Əliyev və müstəqil Azərbaycanın ilk Konstitusiyası" kitabı çapdan çıxmışdır. "Azərbaycan" nəşriyyatı tərəfindən çap olunmuş kitabın redaktoruön söz müəllifi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, II dərəcəli dövlət ədliyyə müşaviri Südabə Həsənovadır.

AzərTAc xəbər verir ki, kitabda ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın ilk Konstitusiya layihəsini hazırlayan komissiyanın iclaslarındakı çıxışları toplanmışdır. Bundan əlavə, nəşrdə komissiya, işçi qrupu ilə bağlı Milli Məclisin, həmçinin Mərkəzi Seçki Komissiyasının referendumun nəticələrinə dair qərarları, Konstitusiyanın mətni verilmişdir.

Kitabın hazırlanmasının əhəmiyyətini qeyd edən Südabə Həsənova ümummilli lider Heydər Əliyevin Konstitusiya layihəsinin üzərində işləyən komissiyanın iclaslarında söylədiyi fikirlər illər ötsə də aktuallığını saxladığını vurğulayaraq yazır: "Ulu öndərin dövlətçilik, konstitusiya quruculuğu tarixi, milli dəyərlərimiz və 90-cı illərin ictimai-siyasi vəziyyətinin təhlili ilə bağlı fikir və tövsiyələrinin əhəmiyyətini və aktuallığını bu gün də itirmədiyini nəzərə alaraq yeni konstitusiya layihəsinin hazırlanmasının bilavasitə iştirakçısı və şahidi kimi bu kitabı nəşr etdirməyi vətəndaşlıq borcu hesab edirik".

Doğrudan da ulu öndərin kitabda əksini tapmış fikirləri dövlət quruculuğu nəzəriyyəsində böyük önəm daşıyan məsələləri önə çəkir. "Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, qanunvericilik, ali icra, məhkəmə hakimiyyətləri - bunların hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Dövlət xalqın işi olmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir", - deyə ümummilli lider vurğulamışdır.

Ulu öndər Heydər Əliyevin kitabdakı çıxışlarından həm Azərbaycanın qanunvericilik tarixi, həm də ölkədə baş vermiş bir çox siyasi-ictimai hadisələr haqqında məlumat almaq mümkündür. Bu baxımdan kitab Azərbaycanın yaxın tarixinin, xüsusən də Konstitusiya tarixinin öyrənilməsi baxımından dəyərli töhfədir. Burada yer alan materiallar ölkəmizdə başlanan demokratik dövlət quruculuğu prosesinin vacib mərhələlərindən birini izləməyə imkan verir.

Yeni nəşrdə yer alan materiallardan görünür ki, 1995-ci ilin iyununda işə başlayan komissiya çox gərgin və məhsuldar işləmişdir. Komissiyanın iclaslarında Konstitusiyada hansı prinsiplərin, milli və ümumbəşəri dəyərlərin əks olunması barədə aparılan müzakirələr böyük maraq doğurur. Bu kontekstdə Azərbaycanın dövlət dili ilə bağlı aparılan polemika diqqəti cəlb edir. Çıxışlarında dilimizin böyük inkişaf dövrü keçdiyini, formalaşıb özünəməxsus ad götürdüyünü dəfələrlə vurğulayan ümummilli lider onun dövlət dili səviyyəsinə çatdığını bildirmişdir. "Tarixi keçmişimizə, əcdadlarımıza böyük hörmət və ehtiram hissini bildirərək, bu gün biz tarixi bir addım atmalıyıq: müstəqil Azərbaycan Respublikasının dövlət dilini qəbul etməliyik. Müstəqil Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir", - deyə ulu öndər vurğulamışdır.

Ümummilli lider Heydər Əliyevin birbaşa rəhbərliyi altında hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunan müstəqil Azərbaycanın Konstitusiyası bu gün ölkəmizin hərtərəfli inkişafının təminatçısıdır. Bununla bağlı kitabın ərsəyə gəlməsində böyük əmək sərf etmiş Südabə Həsənova yazır: "Qürurla deyə bilərik ki, ulu öndərimizin banisi, memarı və müəllifi olduğu Azərbaycan Respublikasının ilk demokratik Konstitusiyası yaşayır və ölkəmizi tərəqqiyə aparır. Dövlətimizin başçısı İlham Əliyev öz gündəlik fəaliyyətində daim bu Konstitusiyaya istinad edərək dövlətçiliyimizi, iqtisadiyyatımızı və cəmiyyətimizi daha yüksək inkişafa aparır. Bunu hazırda ölkəmizdə həyata keçirilən genişmiqyaslı dövlət proqramlarının reallaşması, iqtisadi, sosial və mədəni siyasətin nəticələri təsdiq edir".

 

Azərbaycan.- 2012.-21 fevral.- S.  1.