Türkiyənin «Yeni çağ» qəzetində «Dövlət xadiminin portreti: İlham Əliyev» sərlövhəli məqalə dərc olunmuşdur

 

Xəbər verildiyi kimi, yazıçı, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun və Viktor Andrianovun "İlham Əliyev: Azərbaycan Prezidentinin portreti" kitabı türk dilində çap olunmuşdur. Bununla əlaqədar Türkiyənin "Yeni çağ" qəzetində jurnalist Selcan Taşçının "Dövlət xadiminin portreti: İlham Əliyev" sərlövhəli geniş məqaləsi dərc edilmişdir.

AzərTAc xəbər verir ki, məqalənin müəllifi 480 səhifəlik kitabı oxuduqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev haqqında düşüncələrini qələmə aldığını yazmışdır. Müəllif bildirir ki, atası - ümummilli lider Heydər Əliyev ilə fəxr edən, onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev bu dahi şəxsiyyətin öz xalqı üçün gördüyü möhtəşəm işlərin kölgəsində qalmamış, müstəqil Azərbaycanı daha böyük uğurlara çatdırmışdır.

Məqalədə qeyd olunur ki, kitabın "Eşqin adı" bölməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyətindən söhbət açılır. Müəllif öz ölkəsinin nüfuzlu xanımlarına bu bölməni mütləq nəzərdən keçirməyi tövsiyə edir. Azərbaycanı beynəlxalq aləmdə tanıtmaq, Xocalı soyqırımı ilə bağlı həqiqətləri geniş coğrafiyada diqqətə çatdırmaq üçün üzərinə götürdüyü məsuliyyətlə dünya mətbuatının diqqətini çəkən Leyla Əliyevanın da Türkiyədə eyni statusdakı gənclərə nümunə olduğu bildirilir.

Yazıda qeyd edilir ki, kitabın ən mühüm cəhətlərindən biri onun "Dövlət necə idarə olunur?" sualına cavab vermək xüsusiyyətidir. "Qonşuları ilə problem istəməyən dövlət necə siyasət yürütməlidir?" sualına müəllif Prezident İlham Əliyevin kitabda əks olunmuş fikirləri ilə cavab verir: "Başqa dövlətlərin daxili işlərinə qarışmamaq bizim xarici siyasətimizin əsas prinsiplərindən biridir. Ölkələrin bir-birlərinin işlərinə daha az qarışdıqları vəziyyətdə dünyanın daha etibarlı bir yer olacağına əminik. Buna görə hər hansı bir ölkənin daxili siyasəti ilə bağlı prosesi heç vaxt prioritet məsələmiz olaraq görmürük. Başqalarının da bizim işlərimizə qarışmasını istəmirik".

Məqalədə deyilir ki, Prezident İlham Əliyevə görə dövlət üçün vacib məsələ onun müstəqilliyidir. Bunun ilk şərti isə nə xarici dövlətlərdən, nə də beynəlxalq təşkilatlardan asılı olmamaqdır. Müstəqil dövlət müstəqil siyasət yeritməli, etibarlı tərəfdaş olmalıdır. Bütün beynəlxalq qurumlarla münasibətlər qarşılıqlı etimad ruhunda qurulmalıdır.

S.Taşçı yazır ki, kitabda Azərbaycan Prezidenti üçün əsas məsələnin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli və işğal altındakı torpaqların azad edilməsi olduğu bildirilir. Məqalədə Azərbaycan Prezidentinin bu məsələ ilə bağlı qətiyyətli mövqeyi diqqətə çatdırılır: "Dağlıq Qarabağ heç vaxt müstəqil ölkə kimi tanınmayacaqdır. Azərbaycan buna heç vaxt yol verə bilməz. Ermənistan rəhbərləri bunun mümkün olmayacağını anlamalıdırlar".

Münaqişənin həlli ilə bağlı ikili standartlardan çıxış edən ölkələri qınayan Prezident İlham Əliyevin aşağıdakı sözləri məqalədə xüsusi vurğulanır: "Ermənistan və Dağlıq Qarabağın separatçı rejimi silahlanma üçün bu qədər pulu haradan əldə etmişlər?!" Bu istiqamətdə fikirlərini davam etdirən S.Taşçı yenə də Azərbaycan Prezidentinin fikirlərindən sitat gətirir: "Ermənilər yığcam yaşadıqları hər bir ölkədə öz müqəddəratlarını təyin etmək istəsələr, ortaya necə bir mənzərənin çıxacağını təsəvvür etmək çətindir. Bu halda dünyada çoxlu erməni dövləti qurulmalıdır. Azərbaycanlılar da bir çox xarici ölkələrdə yaşayırlar. Lakin heç vaxt belə bir işə qol qoymayıblar... Ermənistan Azərbaycan ilə heç bir sahədə rəqabət aparacaq səviyyədə deyildir. Erməni lobbisi olmasa, münaqişə çox sadə bir şəkildə həll edilər".

Neftin Azərbaycanın həyat sığortası olmasının vurğulandığı yazıda Prezident İlham Əliyevin bu təbii sərvətin tarixini yaxşı bilməsi qeyd edilironun aşağıdakı sözləri sitat gətirilir: "Azərbaycanda çalışan neft şirkətlərinin öz maraqlarını güdmələrini başa düşürəm. Bu, təbiidir. Ancaq biz ölkəmizin maraqlarını bu şirkətlərin mənfəətlərindən üstün tutmalıyıq".

Müəllif kitabda Azərbaycan Prezidentinin mətbuatla bağlı düşüncələrinin də geniş şəkildə əks olunduğunu diqqətə çatdıraraq dövlətimizin başçısının təriflərə münasibəti barədə mülahizələrini diqqətə çatdırır: "Bunu çox mənfi qiymətləndirirəm... Haqqımda mədhiyyələr oxunmasına ehtiyacım yoxdur. Bundan utanıram. Bəzilərinin qəsidə yazmalarına demokratik baxımdan maneə ola bilmədiyim üçün məni bağışlayın. Bu, utancverici vəziyyətdir. Xahiş edirəm, məni tərifləməyin, buna ehtiyac yoxdur, mən çox mühüm vəzifənin həvalə olunduğu sıravi insanam".

 

Azərbaycan.- 2012.-21 fevral.- S.  1.