İnsanlığa qarşı yönəlmiş dəhşətli cinayət

 

Azərbaycan dövləti erməni şovinistlərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Məqsəd tarixi ədalətin bərpasına nail olmaq, cinayətkarları ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. 20 il öncə Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Xocalıda baş verənlərlə bağlı həmin dövrdə Xocalıda icra hakimiyyətinin başçısı vəzifəsində işləyən, hazırda Milli Məclisin deputatı olan Elman Məmmədovla görüşüb söhbətləşdik.

- Xocalı faciəsindən 20 il ötür. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ən ağır zərbə məhz Xocalıya vuruldu, soyqırımı aktı bu şəhərdə həyata keçirildi. Ötən 20 ildə Xocalı yarasının ağrıları azalıbmı?

- Xeyr, Xocalıda 1988-1992-ci  illərdə baş verən hadisələr heç vaxt unudulmayacaq. Çünki bu faciə hər bir xocalılının, hər bir azərbaycanlının qanına, canına hopub. 1988-ci ildən 1992-ci ilə qədər olan dövrün hər bir anını, saniyəsini yaşamışam. Mənim yaşantılarım bu gün evimin dörd divarına həkk olub. Hər dəfə müxtəlif istiqamətlərdə cəbhə bölgəsinə yaxınlaşanda Xocalıdan çıxarkən gəldiyimiz dağlara baxıram və həmin vaxt baş verən müdhiş anları yenidən xatırlayıram. Bu elə bir dəhşətli zərbədir ki, günü-gündən insana daha ağır təsir edir. Yadına düşəndə ki, 20 ildir Xocalısız qalmısan, çox kədərlənirsən, ağrıyırsan.

Ermənilər tərəfindən Xocalının işğalının çox ciddi səbəbləri var idi. Əvvəla, Xocalının yerləşdiyi coğrafi mövqe ermənilərin strateji maraqlarının həyata keçirilməsində onlara çox gərəkli idi. Bakıdan qərb istiqamətində gedəndə Xocalıya qədər Ağdamdır. Ağdamdan şose yolu ilə Xocalıya 16 kilometrlik məsafədir. Ancaq bu 16 kilometr arasında 11 kilometr qərb tərəfdə Əsgəran qalasıdır. Əsgəran zolağı boyunca erməni kəndləri yerləşir ki,  məkrli duşmənlərimiz burada azərbaycanlılar qarşısında cəbhə xətti yaratmışdılar. Xocalıdan 10 kilometr qərbə isə Xankəndi şəhəridir və Xocalının ətrafı yenə də erməni kəndləridir. Qeyd edim ki, orada elə bir azərbaycanlı yaşayış məskəni yoxdur ki, iki erməni kəndini keçməmiş ora gedə biləsən. Xocalı tamamilə erməni yaşayış məntəqələrinin əhatəsində idi. Bizə ən yaxın olanı isə Şuşanun Malıbəyli və Quşçular kəndi idi. Xocalı ilə bu kəndlər arasında olan yaşayış məntəqələrində ermənilər yerləşmişdilər. Digər yaxın kənd isə Cəmilli kəndi idi və ora getmək üçün yenə də ən azı iki erməni kəndindən keçməli olurdun. Eyni zamanda, Xocalı düşmən kəndləri arxasında yerləşirdi. Düşmən Ağdama hücum etmək istəyərkən arxada olan Xocalı özünümüdafiə dəstələrindən qorxurdu. Xocalı Bakı-Ağdam-Laçın-Şuşa magistral yolunun üstündə idi. Dağlıq Qarabağda yeganə hava limanı da məhz Xocalıda yerləşirdi. Hava limanı yaşadığım evdən 500 metr aralıdaydı. Üstəlik Bakıdan Xankəndiyə gedən dəmir yolu da Xocalıdan keçirdi. Biz Xocalıda elə bir müdafiə sistemi yaratmışdıq ki, istədiyimiz vaxt bu yolları bağlayırdıq. Həmin yollar bağlananda Xankəndidən Əsgərana avtomobillə 40 kilometrdən çox məsafə qət etmək tələb olunurdu. Xocalı bu strateji mövqeyinə görə düşmənin əsas hədəflərindən birinə çevrilmişdi.

Xocalı işğal edildiyi gecəyə qədər düşmən qüvvələrlə mübarizə apardı. Qeyd edim ki, ermənilərə ilk zərbəni də məhz Xocalı vurmuşdu. 1988-ci il sentyabrın 18-i bazar günü idi. Ermənilər Xankəndidəki meydanda mitinq keçirirdilər. Mitinqdə qərar vermişdilər ki, Xocalı dağıdılmalı və əhali oradan çıxarılmalıdır. Təxminən 10-12 min erməni həmin vaxt Xocalının üstünə gəlmişdi. Xocalılılarda həmin vaxt cəmi 20 ov tüfəngi var idi. Dəhrə, yaba, balta - kimin əlinə nə keçdi, götürüb özünümüdafiəyə qalxmışdı. O zaman Əsgəranda SSRİ DİN-in daxili qoşunlarının bir hissəsi yerləşirdi və bizimlə onlar arasında 5 kilometr məsafə vardı. Ermənilərin hücuma keçdiklərindən xəbər tutanda Əsgəranın polis şöbəsinə təcili məlumat verdik ki, bizə kömək edin. Həmin vaxt daxili qoşunların əsgərləri yaxın 5 kilomertlik yolla deyil, Xankəndidən keçməklə bizə tərəf gəlmişdilər. Bu da iki saatdan çox vaxt aparmışdı. Həmin müddətdə Xocalı əvvəlcə müdafiə olundu, sonra isə hücuma keçdi və 10-12 min nəfər erməni geri qaçmağa başladı. O vaxt ermənilər qaçanda xeyli itki vermişdilər. Sonradan məlum oldu ki, hücumda iştirak edənlərin əksəriyyəti Ermənistanın həbsxanalarından çıxarılmış xüsusi residivist dəstələrdir və onlar bir neçə ay hərbi təlim keçiblər. Hamısı boz kostyumda idi. Səhəri gün Zori Balayan bir qrup həkimlə gəlib Xocalı hava limanına endi. Həmin vaxt aereport rusların və ermənilərin nəzarətində idi. O vaxtkı Azərbaycan rəhbərliyi isə bizim köməyimizə üç gündən sonra gəldi. Erməni radiosu Zori Balayanın dilindən məlumat verdi ki, Xocalıdan 19 meyit aparmışıq. Xocalı ermənilərə ilk zərbəni həmin vaxt vurmuşdu. Hadisədən sonra Xocalı ermənilərin qəniminə çevrildi. Azərbaycandan Laçın və Şuşaya gedən yolu, belə demək mümkünsə, Xocalı işlədirdi. Yəni o yolun işləməsi xocalılılardan asılı idi. Ermənilər Əsgəranda Ağdam-Şuşa yolunu bağlayan kimi, Xocalı da adekvat addım atırdı. Elə olurdu ki, Yerevana gedən avtobusları üç gün buraxmırdıq. Məcbur olurdular bizimlə danışıqlar aparıb yolu açsınlar.

1992-ci il fevralın 9-da axşam saatlarında vertolyotla Ağdama uçdum və oradan da başqa bir vertolyotla Bakıya gəldim. Səhərisi gün Müdafiə Nazirliyinə gedib qərargah rəisi Dadaş Rzayevlə görüşdüm. Onun otağında polkovnik Arif Salahov da var idi. Onların iştirakı ilə böyük əməliyyat xəritəsini açdıq. Həmin xəritədə mən bütün cığırları belə göstərdim. Bildirdim ki, əlverişli məqam var. Əgər Azərbaycan cəld hərəkət edib Ağdamda olan qüvvələrlə Əsgəran zolağını vurub, o qüvvələri gətirib Xocalıda yerləşdirsə, Xankəndi bizim olacaq və bununla da Qarabağ məsələsində Azərbaycanın qələbəsi təmin ediləcək! Çünki Xankəndi qalacaq ortada. Yüksəklikdən Şuşa, aşağı tərəfdən isə Xocalı hücum edib düşməni məhv edəcək. Əgər geciksək, ermənilər Xocalını alıb Xankəndidə olan qüvvələri Əsgəran zolağına keçirəcək, bununla da Qarabağ məsələsi onların xeyrinə həllini tapacaq.

1996-cı ildə ulu öndər Heydər Əliyev xocalılıları qəbul edən zaman mən orada bir saatdan artıq çıxış etdim. Çıxışıma cavab olaraq bir həftədən sonra məni rəhbərliyə çağırdılar və qabağıma bir qəzet qoydular. Qəzetin adı "Naqornıy Karabax" idi. Bu qəzetdə Levon Məlik Şahnazaryan Moskvada mənim çıxışıma cavab yazmışdı. Yazısının başlığı isə belə idi: "Dağlıq Qarabağın xalq azadlıq ordusu Xocalını azad edib". Guya biz "işğal" etmişdik və onlar Xocalını azad ediblər. Sonra Şahnazaryan deyir ki, 1992-ci ildə hərbçilərin yığıncağında iştirak edib. Orada belə bir məsələ səslənib ki, əgər Azərbaycan bizdən öncə Əsgəranı alıb qüvvələri Xocalıya keçirsə, bizi məhv edəcəklər. Ancaq biz əminik ki, Azərbaycan bunu etməyəcək. Çünki bu ölkənin başı hazırda hakimiyyət davasına qarışıb. Ona görə biz Azərbaycandan qabaq Xocalını türklərdən azad elədik və qüvvələrimizi Əsgərana keçirərək qələbəmizi təmin etdik.                                       

- Xocalı faciəsi həddindən artıq qəddarlıqla törədilib, xüsusi amansızlıq olub. Doğrudur, digər kəndlərdə, rayonlarda da qırğınlar baş verib. Amma nədən məhz Xocalıda belə amansızcasına qətliam törədildi?

- Ermənilərlə türklər arasında olan tarixi hadisələrin xronikasına nəzər salsaq, bir daha görərik ki, bütün tarixi dönəmlərdə ermənilər türklərə və azərbaycanlılara qarşı həmişə son dərəcə amansız, qəddar olublar. Bu, türk toplumuna qarşı yönəlmiş bir faşizmdir! Onlar türkün ölüsündən də qisas alıblar. Əlsiz-ayaqsız insanlara, qadına, körpə uşaqlara qarşı amansız olublar. Xocalıda bu qəddarlıq özünü bir daha göstərdi. Bu, ermənilərin vəhşi hərbi taktikasıdır. Onlar əhali arasında vahimə, qorxu yaratmaq üçün bu cür qəddar üsullara əl atırdılar. Mən anamın cəsədini qırğın yerindən 20 gündən sonra çıxartdım. Axırıncı 36 şəhidin cəsədi meşədən hadisədən xeyli sonra - mart ayının 16-da çıxarıldı. Meyitlər tanınmaz halda idi. Anamın meyitini zorla tanıya bildim. Gecə əynində olan paltarları yadımda qalmasaydı, bəlkə heç meyiti tanımayacaqdım. İlkin görüntülərdə insanların hansı vəziyyətə salındığının kadrları da var. Bir gündən sonra belə ölmüş insanların cəsədləri üzərində vandalizm aktı törədilib. Meyitlərin başının dərisini soymaq, gözünü çıxarmaq, qulaq-burnunu kəsmək, bir-birinin üstünə yığaraq yandırmaqdan belə çəkinməyiblər. Yaralılara ölənə qədər olmazın zülm veriblər, çaydan keçmək üçün meyitlərdən "körpü" düzəldiblər. Hələ ölməmiş uşağı meyitlərin üstünə ataraq od vurub yandırıblar. Bunu orada iştirak etmiş Xeyriyan adlı Livan ermənisi xatirələrində yazır. Bunlar hamısı erməni yazıçılarının yazdıqları kitablarda da öz əksini tapıb.

"Böyük Ermənistan" ideyasının əsas ideoloqlarından biri olan Zori Balayanın Xocalı soyqırımında birbaşa iştirakını təsdiqləyən faktlar mövcuddur. Zori Balayan 1996-cı ildə dərc olunmuş "Ruhumuzun canlanması" adlı kitabında Xocalıda baş verən soyqırımı barədə qeyd edir: "Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra bu uşağın başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum xalqımın bir faizinin belə qisasını aldığı üçün sevincindən qürurlanırdı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni vətənsevər kimi öz vəzifəmi yerinə yetirdim".

Onların Xocalıda törətdikləri vəhşilikləri Roma kilsəsi də alqışlamış və bunu xaçın qələbəsi kimi təqdim etmişdi.

- Qeyd etdiniz ki, yolları bağlayırdıq və Xankəndidən Əsgərana gediş-gəliş çətinləşirdi. Bunu hansı qüvvələrin vasitəsilə həyata keçirirdiniz və Xocalının müdafiəsi necə qurulmuşdu?

- Xocalının müdafiəsində yerli əhalidən başqa Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş 21 nəfərdən ibarət döyüşçü də var idi. Bu dəstəyə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adını almış leytenant Aqil Quliyev rəhbərlik edirdi.  Həmin 21 nəfərin də 5 nəfəri müəyyən səbəblərə görə yanvar ayında Xocalını tərk etdi. Bu dəstədə 12 nəfər sonadək mübarizə apararaq başda Aqil Quliyev olmaqla qəhrəmanlıqla şəhid oldular. Onlardan 4-ü isə sağ qaldı. Digər müdafiəçilərə gəldikdə isə, onlar - 817 saylı Xocalı ərazi özünümüdafiə taboru idi. Bu taborun xocalılılardan ibarət 200-dək döyüşçüsü vardı. Ancaq onların 1 nəfəri də hərbçi deyildi. Bu taboru da silah-sursatla tam təmin edə bilməmişdik. Taborda olan ən ağır atıcı silahımız 2 dənə 12,7 çaplı DŞK pulemyotu, 4 əl pulemyotu, 2 əl qumbaraatanı idi. Qalanları isə avtomat, tapança və ov tüfəngi ilə silahlanmışdı. Xocalının müdafiəsində hava limanının 25 nəfərdən ibarət polisi, 50 nəfər isə Xocalı polisi də var idi. Ümumilikdə 300 nəfərə yaxın döyüşçü Xocalını müdafiə edirdi. Mən o zaman 5 nəfərdən ibarət gizli bir komitə yaratmışdım (1988-ci il - E.M.). Gizli ona görə ki, həmin vaxt hələ sovet hökuməti, DTK var idi. Onun adını Xocalını Müdafiə Komitəsi qoymuşdum. İndi o 5 nəfərdən 3-ü sağdır.

Yavər Əzimov və Ələsgər Novruzov vəfat ediblər. Sağ qalanlar isə Xocalının həkimi, hazırda Daxili İşlər Nazirliyinin pansionatının rəisi polkovnik Eldəniz Allahverdiyev, Xocalı Təhsil Şöbəsinin müdiri Murad Şükürov və bir də mənəm. Biz o vaxt fikirləşib Xocalıda müdafiə sistemi qurmuşduq. Şəhəri dairəvi şəkildə, hər tərəfdən müdafiə edirdik. 32 müdafiə postu qurulmuşdu.

Xocalıda vəziyyətin gündən-günə pisləşdiyini gördüyümdən Müdafiə Nazirliyinə dayanmadan müraciət edirdim ki, heç olmasa bizə bircə nəfər hərbi təhsili olan mütəxəssis göndərin. Amma göndərmirdilər. Xocalı 300 nəfərlə müdafiə olunurdu.             

- Xocalıya qarşı əməliyyat necə hazırlandı, qüvvələr nisbəti necə idi, orada kimlər iştirak edirdi və hansı silahlardan istifadə olunurdu?

 

- Xocalıda olan öz qüvvələrimizi qeyd etdim. Bizə qarşı olan düşmən qüvvələri isə dəfələrlə güclü idi. Bu istintaq marerialları ilə də tam təsdiqini tapıb. Rus hərbi jurnalisti olan Viktoriya İveleva Xocalıya hücum ərəfəsində və hücum zamanı orada olub. O, xatirələrində yazır ki, Xocalıya hücumda mən də iştirak edirdim və hücumu belə qiymətləndirir: "Ön sırada 366-cı motoatıcı alayın bütün hərbi texnikası gəlirdi. Hərbi texnikanın ardınca alayın canlı qüvvəsi, üçüncü sırada isə erməni cəza dəstələri gəlirdi. Biz də - jurnalistlər, həkimlər onlardan arxada gəlirdik".

Xocalıda baş verənlərin soyqırımı olduğunu həmin dövrdə bir sıra ölkələrin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri də təsdiqləmişlər. Bu baxımdan faciə baş verən gün Xankəndidə ezamiyyətdə olmuş Fransanın "Libardion" qəzetinin əməkdaşı  Jül  Gen Vaynerin  qeydləri xüsusi maraq doğurur. Xocalı soyqırımını qorxulu yuxuya bənzədən Vayner jurnalistika ilə məşğul olduğu 25 il ərzində müharibələrin getdiyi çoxlu müxtəlif ölkələrdə olduğunu, lakin Xocalı şəhərindəki kimi dəhşətli və tükürpədici mənzərələrlə rastlaşmadığını yazmışdır. Jurnalist "Libardion" qəzetində çap etdirdiyi  "Erməni terrorizminin canlı şahidi oldum" sərlövhəli yazıda  Xocalıda baş verənlərin qabaqcadan cızılan senari olduğunu açıq bəyan etmişdir. Onun fikrincə, bunda məqsəd bütövlükdə bəşəriyyətin gözünü qorxutmaq olmuş, erməni terrorizmi dünyanı məhz bu yolla "ram etməyə" çalışmışdır. Fransalı müxbir Xocalı qətliamında iştirak edən erməni terror dəstələrinin necə amansızlıq etdiklərinin canlı şahidi olduğunu yazmışdır. Mənfur Sovet ordusunun 366-cı motoatıcı alayının ermənilərlə birgə Xocalı üzərinə hücumundan bir gün əvvəl Xankəndidə bu alayın qərargahında olan Vayner orada  rus polkovniki Zaviqarovun əməliyyata ciddi hazırlaşdığının şahidi olduğunu göstərmişdir: "Hələ Xocalı işğal edilməmişdən bir gün əvvəl 49 azərbaycanlı əsir alınaraq kütləvi şəkildə güllələndi. Batalyon və hərbi hissələrin komandirləri dinc əhalinin məhvinə qərar vermişdilər. Hücumdan bir  neçə saat əvvəl 366-cı alayın qərargahında 58 azərbaycanlı qətlə yetirildi. Onların çoxu qadın və uşaqlar idi. Cəsədlərin gömüldüyü quyuların yanından keçmək mümkün deyildi. Çünki oradan dəhşətli dərəcədə meyit iyi gəlir, itlərin, çaqqalların səsləri eşidilirdi", - deyə müşahidələrini obyektiv şəkildə qeydə almış fransalı jurnalist Xocalıya hücum ərəfəsində Ermənistanın hakimiyyət orqanları rəhbərlərinin 366-cı motoatıcı alayın qərargahında olduğunu da vurğulamışdır.

"Xocalının işğalına dair istintaq materialları"nda göstərilir ki, hücumda mayor Ohanyan Seyran Muşeqoviçin komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Üevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriysayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və gizir iştirak etmişdir. Bundan əlavə, hər erməni kəndinin özünün müdafiə dəstəsi, qondarma "Dağlıq Qarabağ respublikası" adlandırılan qurumun özünün ordusu və Ermənistandan gələn ordu da  iştirak edirdi. 

Xocalıya hücum planı hərbin bütün qaydalarına əsaslanaraq hazırlanmışdı. Bir məlumata görə, bu plan 366-cı alayın qərargahında işlənib, ancaq sonrakı dəqiq məlumat belədir ki, plan hazırlanaraq qərargaha göndərilib. Planın Tbilisidə yerləşən 4-cü ordunun qərargahında hazırlandığı bildirilir. 366-cı alayın komandiri polkovnik-leytenant Zarviqarova həmin gecə - hücum başlamamışdan bir saat əvvəl zəng edərək təbrik ediblər ki, sən artıq generalsan. Bildirilib ki, general rütbəsini ona görə veririk ki, Xocalıya hücumu uğurla başa çatdırasan. Bunu həmin dövrdə orada olan rus polkovniki Savelyev də xatirələrində yazıb. Məsələ burasındadır ki, fevralın 25-də səhər tezdən Zaqafqaziya hərbi dairəsi üzrə "komanda ¹ 1" elan olunub. Yəni "1 nömrəli hazırlıq komandası" verilib və Azərbaycan ərazisində bütün rus hərbi hissələrində qulluq edənlərin ailələrini (kənarda yaşayanları) gətirib təhlükəsizlik baxımından hərbi hissənin ərazisinə yerləşdiriblər. Bu ondan xəbər verir ki, artıq Moskva bilirdi ki, Xocalıya hücum olacaq və plan təsdiq edilib. Hücuma gəldikdə isə, Sovet ordusuna məxsus bütün texnika 366-cı motoatıcı alayda var idi. Reaktiv qurğulardan tutmuş bütün ağır və yüngül texnika həmin gecə Xocalıya hücuma keçmişdi. Böyük bir hərbi arsenal əliyalın Xocalının üstünə gəlmişdi.

- Deyirsiniz ki, 366-cı motoatıcı alayın bütün silahlı texnikası və əlavə qüvvələr Xocalı ətrafına yığılmışdı. Bəs siz həmin günü hücum olacağını bilirdinizmi?

 - Bütövlükdə Xocalıya nə vaxtsa hücum olacağını bilirdik, amma konkret həmin günü yox. Həmin gün axşam yuxarı postdan məlumat gəldi ki, bizə tərəf hərbi texnika irəliləyir. Aqil Quliyevin postu şose yolunun üstündə idi. İlk döyüş orada başladı. Tanklar postu darmadağın etdilər. Milli Qəhrəmanın dəstəsi orada qəhrəmancasına döyüşərək həlak oldu. Onda mən komanda verdim ki, nə qədər ehtiyatda olan qüvvə varsa, hamı səngərlərə yığışsın. Bu mühasirə halqası iki saatdan çox davam etdi. Hücumu saniyəsinə qədər dəqiqləşdirmişdilər. Saat 23.00 radələrində bütün silah növlərindən necə atəş başladısa, yer-göy lərzəyə gəldi. İnsan qışğırığı qulaq batırırdı. Xocalı bu cür qüvvənin qarşısında aciz idi. Təxminən gecə saat 3 radələrinə qədər müqavimət göstərdik. Ondan sonra əhali şəhəri tərk etməyə başladı. Xocalı şəhərini öncə texnika göyə sovurdu, arxasınca isə canlı qüvvə insanlara divan tutdu.

- Siz hadisələrin qaynağında idiniz. Ermənilər Xocalını yerlə yeksan edib sonra həmin mövqeyi ələ alaraq Dağlıq Qarabağı tam işğal etmək niyyətində idilər. Bununla əlaqədar o vaxtkı respublika rəhbərliyinə, eləcə də müvafiq qurumlara məlumat verirdinizmi və nədən köməyinizə kimsə gəlmədi, əlavə qüvvə göndərilmədi?

- Bu məsələlər 1988-ci ilin fevralında başlamışdı. Bu müddət ərzində Xocalı dəfələrlə mühasirədə qaldı, blokada şəraitində yaşadı. 1991-ci ilin noyabrında isə Xocalının yolu birdəfəlik bağlandı. Oktyabrın 30-dan noyabrın 1-nə keçən gecə Bakıdan Ağdama gedəndə məni saxladılar ki, o tərəfə keçmə. Əsgəranda bir maşın vurublar və yenə pusquda dayanıblar. Sizi də vuracaqlar. Amma mən maşını sürərək keçib getdim. Gecə idi. Əsgəranın içərisində yavaş-yavaş maşınla irəliləyirdik. Birdən gördüm ki, yuxarı tərəfdən traktor üstümüzə gəlir. Mən cəld tərpənib maşını səki ilə sürdüm və əllərindən birtəhər qurtulduq. Traktorla qabağımızı kəsib bizi tutmaq istədilər. Qalanı zorla keçdik. Həmin gündən Xocalının Azərbaycanla olan maşın yolu əlaqəsi kəsildi. Respublika rəhbərliyinin bizə köməyi sıfır dərəcəsində idi. Xocalı 3-4 gün mühasirədə qalsaydı, deyərdik ki, xəbər tutmayıblar. Amma bu mühasirə 4 ay davam etdi. 1991-ci il noyabrın 1-dən 1992-ci il fevralın 25-nə qədər. Mən deputat deyildim. Amma gəlirdim, zorla Ali Sovetin iclas zalına daxil olurdum. Neçə dəfə çıxış etmişəm. Hətta bəzilərini təhqir də etmişəm, yalvarmışam. Xocalı camaatı adından Prezident Aparatına, Ali Sovetə, Müdafiə Nazirliyinə müraciətlər etmişəm, teleqramlar vurmuşam. Yalvarırdıq, xahiş edirdik ki, yolumuzu açın, kömək göndərin. O vaxt Bakıda vəzifə uğrunda qızğın mübarizə gedirdi. Mən Ali Sovetə gəldim və deputatlara müraciət etdim ki, Xocalıda insanlar qırılır, şəhəri məhv edəcəklər. Prezident Ayaz Mütəllibov da iclasda idi. Sual verdim ki, zalda əyləşənlərdən kimsə Dağlıq Qarabağda olan yaşayış məntəqələrinin birinin müdafiə imkanlarının nə dərəcədə olduğunu söyləyə bilərmi? Bir adam söz demədi. "Demblok"dan Rəhim Qazıyev ayağa qalxıb dedi ki, mən bilirəm. Dedim, otur aşağı, sən də heç nə bilmirsən! Dağlıq Qarabağda vəziyyətin ağır olduğunu bildirsəm də, respublika rəhbərliyi konkret addım atmaq əvəzinə susmağı üstün tutdu. Ona görə də bu cür hadisələr baş verdi.

- Azərbaycanın o vaxtkı rəhbərliyinin sizə qarşı mövqeyi bəlli idi. Xocalıya faktiki olaraq kömək göstərmirdilər. Xocalının işğalına dair istintaq materiallarında da göstərilir ki, MTN Xocalıda yaranmış gərgin durumla bağlı fevralın 14 və 16-da Müdafiə Nazirliyinə müraciət göndərib. Belə bir halda soyqırımının miqyasını azaltmaq üçün konkret nə iş görmək olardı?

- Öz vətəninin, anasının qədrini bilən insan torpağın başının üstünü təhlükə alanda qaçmamalıdır. O, torpağını qorumalı, döyüşməli və orada da ölməlidir! Bizim bəxtimiz gətirdi ki, ölmədik! Təhlükəni ilk gündən görürdük. Ancaq o vaxtkı Azərbaycan rəhbərliyinə arxayın idik. Hər gün telefonla neçə dəfələrlə söz verirdilər ki, möhkəm dayanın, gəlirik, yolu açırıq. Bunlar istintaq materiallarında da əksini tapıb. Biz sübut etmişik və üzərində də durmuşuq ki, bizə söz verənlər kimlər olub. Fevralın 24-ü günü də söz verdilər ki, möhkəm durun, sabah gəlib çayımızı Xocalıda içəcəyik. Respublika rəhbərliyindən bir nəfər  demədi ki, başınızın çarəsini qılın, əhalini şəhərdən çıxarın. Biz özbaşına, respublika rəhbərliyinin xüsusi qərarı olmadan insanları köçürə bilməzdik. Əhalinin qırğından xilas olması üçün tədbirlər görmək mümkün idi. Ancaq bizə kömək gəlmirdi. Mən icazə vermişdim ki, kimin xəstəsi varsa, şəhərdən çıxarsın. Əhalinin bir qismi şəhərdən çıxmışdı. Axırıncı dəfə fevral ayının 13-də Ağdamdan Gəncənin hava limanına getdim. Abbas Abbasov, Eldar Həsənov, Dadaş Rzayev orada idilər. Dadaş Rzayev məni qucaqladı və dedi ki, hər şey danışılıb. Bir-iki günə hərbi texnika ilə Əsgəranda olan erməni qüvvələrini vuracağıq və qüvvələri keçirəcəyik Xocalıya. Sonradan isə məlum oldu ki, həmin gün Dadaş Rzayevin Goranboya yerdəyişməsi ilə bağlı əmr veriblər. İki hərbi təyyarəni Xocalıya göndərdim. Onun ardınca isə Mİ-26 təyyarəsi ilə Xocalıya getdim. Qadın və uşaqları çıxarmağa başladıq. Adamlar həmin təyyarədə üst-üstə yığılmışdılar. İki dəfəyə 300-dək qadın və uşaq çıxardıq. Xocalıdan gizli yolla böyük insan kütləsini çıxarmaq mümkün deyildi. Ələ keçə bilərdilər. Həmin qırğının miqyasını azaltmaq isə mümkün idi. Birinci, Əsgəran zolağı Azərbaycan ordusu tərəfindən vurulub dağıdılmalı idi. Ağdamdakı 3 minə yaxın hərbi qüvvə Xocalıdan bütün mülki əhalini çıxara bilərdi. Digər bir yol o idi ki, ölkə rəhbəri Gəncəyə gedib rus hərbçilərinə yalvarmalı idi ki, vertolyotlarla heç olmasa mülki vətəndaşları oradan çıxarsınlar. Amma bu da baş vermədi. Qeyd edim ki, qadınların çoxu çıxmaq istəmirdi. Çünki onlar əlində silah səngərdə olan döyüşçülərin anaları, həyat yoldaşları idi! Uşaqlara dedim ki, mənim də anamı, yoldaşımı gətirin vertolyotla yola salaq. Heç biri gəlmədi. Anam dedi ki, oğlum, mən səndən çox yaşamışam, canım sənin canından əziz deyil ki! Bəs mən gedim, burada sənə kim yemək bişirsin, sizə kim baxsın?! Qonşu qadınlar da dedilər ki, biz sizdən artıq deyilik, balalarımız burada qırılacaq, biz də çıxıb gedəcəyik?! Heç ana da övladını atıb gedərmi?

Xocalılılar doğma şəhərləri üçün əllərindən gələni etdilər. Axır məqama qədər nəyə qadir idiksə, onu da etdik. Amma bizə kömək edən, yol göstərən olmadı, dadımıza çatan tapılmadı. Bizi aldadıb orada saxlamağın, qırğına verməyin məqsədi nə idi, - bunu bilmirəm. Mərkəzdə hakimiyyət davası gedirdi, Xocalı isə taleyin ümidinə buraxılmışdı.

- Ölkəmizin milli maraqları tələb edir ki, tarixi faktları, şahid ifadələri, video və fotoçəkilişləri olan Xocalı faciəsinin soyqırımı kimi dünyada tanıdılması istiqamətində görülən işlərin miqyasını daha da artıraq. Bu istiqamətdə daha nə etmək tələb olunur?

- Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-  "Xocalı soyqırımı günü haqqında" xüsusi qərar qəbul etmiş, sənəddə hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanmışdır. Ümummilli liderin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir.

Ümumiyyətlə, Azərbaycan hökuməti Xocalı faciəsini soyqırımı kimi dəyərləndirərkən 9 dekabr 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən 260 A saylı qətnamə ilə qəbul edilən "Soyqırımının qarşısının alınması və ona görə cəza" haqqında Konvensiyanı, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının IV maddəsini, Ruanda üzrə Beynəlxalq Tribunalın Nizamnaməsinin I maddəsini, Beynəlxalq Cinayət Məhkəməsinin statusunu, həmçinin "Xocalı soyqırımı günü haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 24 fevral 1994-cü il tarixli qərarını, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il fərmanını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsini əldə əsas tutur. Xocalı soyqırımı ilə bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) və əhalini deportasiya etmə və ya məcburi köçürmə (107) maddələri ilə cinayət işinin istintaqı aparılır. İstintaq zamanı 280-ə yaxın erməni və rus millətindən olan şəxslərin təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərarlar çıxarılmış, barələrində həbs-qətimkan tədbiri seçilmiş və axtarışları ilə əlaqədar müvafiq sənədlər İnterpolun Azərbaycan Milli Bürosuna göndərilmişdir.

Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün hər il hökumət səviyyəsində müəyyən tədbirlər həyata keçirilir. Eyni zamanda, Milli Məclisin dünya parlamentlərinə müraciətində soyqırımı aktının real mahiyyəti, onun soyqırımı kimi tanıdılmasını şərtləndirən amillər konkret faktlar əsasında əksini tapır. Xocalı faciəsi ilə bağlı Milli Məclis 75 müraciət, bəyanat və qərar qəbul edib. Bu baxımdan faciənin 15 illiyi ilə bağlı Milli Məclisin 2007-ci il 27 fevral tarixdə qəbul etdiyi bəyanatda deyilir: "Dinc əhalinin vəhşicəsinə kütləvi qırğını bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri olmaqla XX əsrin Xatın, Lidiçe, Babi Yar kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Xocalı soyqırımı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini zəbt etmək məqsədi ilə Ermənistan Respublikasının apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin miqyasına görə ən dəhşətlisidir. Azərbaycan Respublikasının Milli Məclisi hesab edir ki, Xocalı soyqırımı unudulmamalı, dünya birliyi tərəfindən beynəlxalq hüquqi qiymətini almalıdır. Faciənin  ideoloqları, təşkilatçıları və icraçıları yaxalanaraq layiq olduqları cəzalara çatdırılmalıdırlar. Azərbaycan Respublikasının Milli Məclisi Birləşmiş Millətlər Təşkilatına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurasına, Avropa Birliyinə, İslam Konfransı Təşkilatına, Müstəqil Dövlətlər Birliyinə, digər beynəlxalq təşkilatlara, dünya ölkələrinin parlamentlərinə və hökumətlərinə müraciət edir ki, erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımını tanısınlar və pisləsinlər, gələcəkdə bu cür cinayətlərin baş verməsinin qarşısını almaq üçün təsirli tədbirlər görsünlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə, xüsusən onların arasında təməl rolunu oynayan dövlətlərin ərazi bütövlüyü prinsipinə əsasən sülh yolu ilə həllinə kömək göstərsinlər".

Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaq üçün indiyədək görülmüş işlər daha da genişləndirilməli, bu sahədə virtual məkanın - internetin hüdudsuz imkanlarından geniş istifadə olunmalıdır. Eyni zamanda səfirliklərimiz və diaspor təşkilatlarımız birgə işləməli, faciə ilə bağlı həqiqətlərin yerləşdikləri ölkələrin ictimaiyyətinə çatdırılması üçün fəallıq göstərməlidirlər. Bu baxımdan Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi qeyd etmək lazımdır. Fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən "Xocalı uşaqların gözü ilə" rəsm müsabiqəsinin, əl işlərinin, fotoşəkillərin dünyanın qabaqcıl ölkələrində keçirilən sərgisi beynəlxalq ictimaiyyətdə XX əsrin ən böyük faciəsi haqqında dolğun təsəvvürlər formalaşdırmışdır.

Dünyanın 56 ölkəsinin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Parlament Assambleyasının VI sessiyasında Xocalı faciəsi insanlığa qarşı cinayət kimi qiymətləndirilib. İƏT-in Xocalı hadisələrini insanlığa qarşı cinayət kimi qiymətləndirməsindən hüquqi əsas kimi istifadə edib bu ölkələrin parlamentlərində müzakirələrin keçirilməsinə və soyqırımı kimi tanıdılmasına nail olmaq üçün hərtərəfli fəaliyyət göstərilməlidir. Diaspor təşkilatlarının gücündən maksimum istifadə edilməli və onların fəaliyyətləri uzlaşdırılmalıdır.

2010-cu il fevralın 25-də Massaçusets ştatının Nümayəndələr Palatası Xocalıda qırğın törədlilməsi faktının tanınması haqqında qətnamə qəbul etmişdir. ABŞ-ın və Kanadanın bir sıra ştatları və şəhərləri, o cümlədən Kaliforniya ştatı Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan qətnamə və proklamasiyalar qəbul etmişlər. ABŞ-ın Texas ştatı Ermənistan tərəfindən Xocalıda çox ağır cinayətlər törədilməsi faktını tanımışdır. Bu ştatın Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş 535 nömrəli qətnamədə Azərbaycanın bu şəhərinin erməni işğalından qaçaraq yaxa qurtarmağa çalışan dinc sakinlərinin Ermənistan silahlı qüvvələri və Sovet ordusunun hissələri tərəfindən qırğına məruz qalması pislənilir. Meksika və Pakistanın da parlamentləri Xocalı soyqırımını tanıyıb. Ermənilərin Xocalıda törətdikləri dəhşətli soyqırımı aktı zaman keçdikcə öz həqiqi qiymətini alır. Hər il olduğu kimi, bu il də qardaş Türkiyə Böyük Millət Məclisində faciə ilə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulub. Qardaş ölkənin parlamentində ermənilərin insanlığa qarşı yönəlmiş bu soyqırımı cinayəti pisləniləcəkdir. Ermənilərin Xocalıda törətdikləri soyqırımı aktı ilə bağlı dünyanın bir sıra ölkələrində də anım mərasimlərinin keçirilməsi və beynəlxalq ictimaiyyətin diqqətinin bu məsələyə yönəldilməsi nəzərdə tutulub.

Bu istiqamətdə aparılan işlər öz nəticələrini verir. Qeyd edim ki, 2002-ci ildə cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan nümayəndə heyəti Avropa Şurasında olarkən məsələ ilə bağlı mən də çıxış etdim. Sədr Xorvatiyadan idi. Ona şəkilləri göstərib izahat verirdim. O da gördü ki, qətlə yetirilənlər mülki əhali olub. Çıxışımı bitirdim və o, ayağa qalxaraq əlini ürəyinin üstünə qoyub cənab İlham Əliyev qarşısında baş əydi və başsağlığı verdi. Artıq bütün beynəlxalq təşkilatlar Azərbaycanın haqq səsini eşidir.

Xocalı şəhərində törədilmiş vəhşiliyin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hər bir azərbaycanlı da üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. Soyqırımı günü diaspor təşkilatları nüfuzlu Avropa ölkələrində mitinqlər, nümayişlər təşkil edərək, həmin ölkələrin ictimaiyyətinin diqqətini bu məsələyə cəlb edərək faciəni törədənlər barədə geniş məlumatlar verirlər. Aparılan məqsədyönlü tədbirlər nəticəsində Xocalıda törədilmiş soyqırımı aktı barədə beynəlxalq ictimaiyyət geniş məlumatlandırılır.

 

Elnur HACIALIYEV,

 

Rəşad BAXŞƏLİYEV,

 

 

Azərbaycan.- 2012.-21 fevral.- S. 4, 5.