Milli varlığın ifadəsi
1999-cu ildə UNESKO tərəfindən 21 fevralın Beynəlxalq Ana Dili Günü kimi qeyd edilməsi haqqında qərar verilib. Dünyanın ana dili uğrunda belə qətiyyətlə mübarizəyə qalxması çox mühüm əhəmiyyət kəsb edir. Bir daha təsdiqlənir ki, həm nitqimizdə, həm də yazılarımızda ədəbi dilin tələblərinə tabe olmaq, onun qayda-qanunlarına əməl etmək hər birimizin vətəndaşlıq borcudur. Dil insanın mənəvi aləminin əks-sədasıdır. Ulu Tanrının insana bəxş etdiyi ən ecazkar və qüdrətli nemətdir. Dil hər bir millətin, xalqın varlığı deməkdir. Dünyada yüzlərlə dil mövcuddur. Doğma ana lisanımız olan Azərbaycan dili isə bizim üçün bu dillərin sırasında ən möhtəşəmidir.
Əlbəttə, hər bir
dilin özəlliyi və özünəməxsus
gözəlliyi var. Bunu kimsə inkar edə bilməz. Amma bir vətəndaş olaraq bizim üçün Azərbaycan dilinin əvəzi yoxdur. Bu dilin cazibəsini
heç bir dildə tapmaq olmaz. Vaxtilə əcnəbi dillərə
meyilli olan insanlar ana dilində
danışmağı özlərinə
ar bilirdilər. Hətta elə bir dövr
yaranmışdı ki,
Azərbaycanın rəsmi
dairələrində, dövlət
idarələrində özgə
dildə danışmağa
üstünlük verilirdi.
Quruluşun sərt rejimi
bir sıra məmurlar arasında doğma dilimizə qarşı ögey münasibət yaratmışdı.
Bütün ziddiyyətli dövrlərdə
Azərbaycanın yazıçı
və şairləri dilimizin keşikçisi olmaq missiyasını ləyaqətlə yerinə
yetirdilər. Onlar ana
dilində yazıb yaratdılar. Bunun da nəticəsində dilin şirinliyi, təbiiliyi qorunub saxlandı.
XX əsrin son 30 ili ərzində Azərbaycan
dilinin hərtərəfli
inkişafı, onun təkcə sözdə deyil, gündəlik təcrübədə ümumişlək,
dövlət dilinə
çevrilməsi beynəlxalq
münasibətlər sisteminə
- diplomatiya aləminə
yol açması, zənginləşə-zənginləşə
nüfuz qazanması, hətta dünyanın mötəbər kürsülərindən
eşidilməsi ümummilli
lider Heydər Əliyevin qayğısı
və fədakarlığı
sayəsində baş
verib. Ulu öndərin ana
dilimizə bəslədiyi
məhəbbət və
prinsipiallıq sayəsində
1978-ci ildə Konstitusiyanın
73-cü maddəsinə Azərbaycan
dilinin dövlət dili olması barədə xüsusi bir müddəa daxil edildi. Ulu öndər Heydər Əliyev çıxış
və nitqlərində
ana dilinin gözəlliyindən, zənginliyindən
məharətlə istifadə
edərək dilçi
və ədəbiyyatçılardan
daha səlis və rəvan danışardı. Tərifində də, tənqidində də elə ifadələr, sözlər
işlədərdi ki,
bəzən ən təcrübəli dilşünas-alim
də ulu öndər Heydər Əliyevin yaddaşına,
sözdən istifadə
etmək məharətinə,
Azərbaycan dilinə
yanaşmaq istedadına
heyrətlənməyə bilmirdi.
Həyat
göstərdi ki, Heydər Əliyev bütün ömrü boyu Azərbaycan dilinə məhz millətin taleyi kimi yanaşaraq onu sevməklə bərabər, keşiyində
də mərdliklə
dayandı, nüfuzunu
qaldırdı, tərəqqisi
üçün illərlə
mübarizə apardı
və istəyinə
nail oldu. Elə bu
şərəfli xidmətin
nəticəsidir ki, ana dilimizin adı
çəkilən kimi
ulu öndəri xatırlayırıq. Müstəqil Azərbaycan dövlətinin
dil siyasətinin müəyyənləşməsində Heydər Əliyevin xidmətləri unudulmazdır.
18 iyun 2001-ci il
tarixdə ümummilli
lider tərəfindən
"Dövlət dilinin
tətbiqi işinin təkmilləşdirilməsi haqqında"
fərman verildi. Həmin tarixi fərmanda Azərbaycan ədəbi dilinin portreti çox aydın çəkildi, keçdiyi
tarixi yola ətraflı işıq salındı. Həmin
fərmanda deyilir: "Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir
ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır. Azərbaycan dilinin
dünya dilləri arasında ən kamil dillərdən biri olduğu həqiqətini bir çox xalqların görkəmli nümayəndələri
də dönə-dönə
etiraf etmişlər.
Onlar öz əsərlərində
bu dili XIX əsrdə Avropada geniş yayılmış
fransız dili ilə müqayisə edərək onu Avrasiyanın hər tərəfində işlənilən
bir dil kimi
yüksək qiymətləndirmişlər".
Bu tarixi fərman
Azərbaycan ədəbi
dilinin taleyinə, sözün həqiqi mənasında, yaşıl
işıq saldı.
2001-ci ilin avqust ayında
isə ümummilli liderin ana dilinə
bəslədiyi məhəbbətin
bir tarixi hadisəsi də baş verdi.
Azərbaycan dilini dövlətçiliyin
əsas rəmzi kimi qiymətləndirərək
1 avqust ölkəmizdə
Azərbaycan Əlifbası
və Azərbaycan Dili bayramı kimi qeyd edildi.
Ulu öndərə məxsus bir fikir bu gün
də bizim hər birimiz üçün istiqamətverici
məna daşıyır:
"...Musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz, Azərbaycan
dili olmasa, Azərbaycan dilində mahnılar da olmaz, musiqi də
olmaz".
Təbii ki, dilin təşəkkülü
həmişə müxtəlif
proseslərdən keçir. Bu gün istər danışıq, istərsə
də yazılı şəkildə işlətdiyimiz
Azərbaycan dili də mürəkkəb bir yol keçmişdir.
Qəzetimizdə dəfələrlə ana dili ilə
bağlı müxtəlif
problemlərə toxunmuş,
dilimizə xələl
gətirən nöqsanları
göstərmiş, alimləri,
ziyalıları, jurnalistləri
ana dilimizin keşiyində dayanmağa
səsləmişik. Unutmaq olmaz
ki, ana dilimiz
çox zəngindir, hər sözün neçə mənası,
yozumu var. Ona görə də istər yazıda, istərsə də nitqdə məntiqli olmaq, sözü düzgün və yerində ifadə etmək lazımdır.
"Azərbaycan" qəzetində dəfələrlə
şəhərimizdə reklam
və elanların dili, eləcə də fəaliyyət göstərən şirkətlərin,
müəssisələrin, şadlıq saraylarının,
hətta qəzetlərin
adı ilə bağlı müxtəlif
qüsurların olduğu
barədə yazılar
dərc edilmişdir.
Amma hələ də bu qüsurlar davam edir. Bəzən elə reklama rast gəlinir ki, mənası anlaşılmır. Bəzi üzdəniraq
"sənətçilərin" çimərlik geyimində
səhnəyə, ekrana
çıxması və
ədəbsizlik nümayiş
etdirməsi dildə də göyərir.
Ədəbi dilimizin qanun-qaydalarına
əməl olunmur.
Ayrı-ayrı ləhcələrin, jarqon ifadələrin yazılarda baş alıb getməsi qəbuledilməzdir. Vaxtilə
xalq yazıçısı
Əzizə Cəfərzadə
ilə apardığımız
söhbətdə bu söz aşiqi yana-yana söyləmişdi:
"Özəl kanallarda
ana dilimiz yapmalara, xoşagəlməz
hallara məruz qalır. Bu kanallardakı
əməkdaşların əksəriyyəti
dilimizi korlayır, bərbad hala salır. Bilmirəm qəsdən, yoxsa
bilməyərək ətirli
gülüstanı zibilləyirlər.
Bu, heç yaxşı
hal deyildir. Hər bir vətəndaş öz dilini qorumalıdır, keşiyində
durmalıdır. Neçə dil bilirəm və müxtəlif dillərdə də mühazirələr oxuyuram.
Təkcə öz ali məktəblərimizdə
deyil, vaxtilə xarici məktəblərdə
də çalışıb
işləmişəm. Müxtəlif arxivlərdə araşdırmalar
aparmışam. Deməyim odur
ki, Azərbaycan dilinin gözəlliyini heç bir dildə görməmişəm".
Ümummilli lider Heydər Əliyev həmişə
məsləhət görürdü
ki, hansı ölkədə yaşamasından
asılı olmayaraq, hər bir azərbaycanlı
öz ana dilini, milli adət-ənənələrini
unutmamalıdır. Dil xalqın
milli sərvətidir.
Onunla bağlı müxtəlif
qərarlar, fərmanlar
imzalamaqda məqsəd
bu olub ki,
ana dilimiz hərtərəfli inkişaf
etsin. Ümummilli lider Heydər
Əliyevin hələ
sovet dövründə
quruluşun müxtəlif
təzyiqlərinə, diktələrinə
baxmayaraq, Azərbaycan
dilinin çiçəklənməsinə,
hərtərəfli inkişafına,
beynəlxalq münasibətlər
sisteminə yol tapmasına, zənginləşməsinə
böyük əhəmiyyət
verirdi. Ulu öndər həmişə
dili ədəbiyyatla,
mədəniyyətlə, mənəviyyatla
və vətənpərvərliklə
bağlayırdı. Məşhur
bir ifadəsi böyük mənalar, duyğular kəsb edirdi: "Öz dilini bilməyən, öz dilini sevməyən adam
öz tarixini də yaxşı bilməz". Ulu öndər Heydər
Əliyev Azərbaycan
dilini millətin milliliyini saxlayan ən böyük vasitə sayırdı.
Həzrət Əliyə məxsus fikirdir: "Dilini gözəl sözlərə öyrətsən qınaqdan qurtararsan". Maraqlıdır ki, bu müdrik tövsiyədə "gözəl sözlər işlət" deyilmir. Məhz "gözəl sözlərə öyrət" məsləhət görülür. Çünki öyrənilən əbədidir, qalasıdır, yaşayandır! Unudulmaz akademik Həsən Əliyev isə deyərdi: "Dil ağlın ifadəsidir". Deməli, ana dilinə məsuliyyətlə yanaşmaq hər kəsin öz daxili aləminin, mənəviyyatının əks-sədasıdır. Daha dəqiq söyləsək, güzgüsüdür. Qoy gözləriniz bu güzgüdə həmişə gözəllik görsün!
Bir məsələni də
təəssüflə bildirək ki, bəzən
dilin qorunmasına, zənginləşməsinə
mənəvi borcu olanlar
belə, ana dilimizi
korlayırlar. Azərbaycanda söz
meydanı indiki kimi bu qədər geniş və
zəngin olmayıb. Təəssüf ki, çoxu bu imkandan qədərincə bəhrələnə
bilmir. Elə bil ki, hər şeyin
açarı söz pəhləvanlarının
pəncəsinə keçib. Xüsusilə
də, televiziya kanallarında baş alıb gedən anarxiya
bu sahədə müəyyən
qüsurların yaranmasına səbəb olub.
Dil torpaq sahəsi deyil ki, onu
istədiyin şəkildə şumlayıb müəyyən
formaya salasan, sinəsinə
qondarma ifadələri toxum
kimi səpəsən. Bir
daha təkrar edirik:
şivələrə, dialektlərə, başqa
dillərə tor atmağa
ehtiyac yoxdur! Dünyaya göz açanda
laylanı hansı dildə eşidibsənsə, orta məktəbdə hansı dilin
qrammatikasını öyrənibsənsə, elə o dildə də yazmalısan,
danışmalısan. Ədəbi dilin tələblərinə
tabe olmaq, onun qayda-qanunlarına əməl etmək
hamının borcudur!
Azərbaycan.- 2012.-21 fevral.- S. 7.