«Azərbaycan
xalçaları - Şirvan qrupu» kitabçası çapdan
çıxmışdır
"Azər-İlmə" xalçaçılıq müəssisəsi növbəti nəfis nəşrini oxuculara təqdim edir. "Azərbaycan xalçaları öz qrupları" ilə silsiləsindən "Azərbaycan xalçaları - Şirvan qrupu" kitabçası işıq üzü görmüşdür.
"Azər-İlmə"dən AzərTAc-a bildirmişlər ki, ilk dəfə olaraq bu kitabçada Şirvan xalçaçılığının inkişaf mərhələləri, səciyyəvi xüsusiyyətləri ətraflı tədqiq olunmuşdur. Oxucular bu nəşr əsasında Şirvan bölgəsində toxunan ən nadir xalçalarla, onların özünəməxsus cəhətləri, toxunma texnologiyası, rəng və kompozisiya xüsusiyyətləri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Azərbaycanın tarixi-coğrafi ərazisi olan Şirvan qədim adət-ənənəsi, zəngin mədəni irsi ilə həmişə fərqlənmişdir. Burada toxunan xalçalar da tarixən çeşnilərinin orijinallığı, naxış və ornamentinin zənginliyi baxımından zövqləri oxşamışdır. Son orta əsrlərdə toxunmuş Şamaxı xalçalarına Afinanın "Benaki", Nyu-Yorkun "Metropoliten", Londonun "Viktoriya və Albert", Sankt-Peterburqun muzeylərində rast gəlmək olar.
Yeni çapdan çıxmış kitabçada bölgənin tarixinə, xalçaçılıq ənənələrinə nəzər yetirilmiş, 23 əntiq və müasir xalça nümunəsi, onların təsviri və xarakteristikası verilmişdir.
Azərbaycan, rus, ingilis, ərəb, fransız və alman dillərində çap olunan kitabçanın beynəlxalq tədbirlərdə, görüşlərdə paylanması, dünya sənətşünasları, tarixçilər arasında yayılması nəzərdə tutulmuşdur.
Kitabçada yer alan Şirvan
xalçaları "Azər-İlmə"nin kolleksiyasında
qorunur. Layihənin rəhbəri professor Vidadi Muradovdur.
Azərbaycan.- 2012.-21 fevral.- S. 7.