Xocalı faciəsi beynəlxalq hüquq normalarına görə soyqırımı və insanlığa qarşı cinayət sayılır

 

 Azərbaycanın çağdaş tarixində unudulması mümkün olmayan, bütövlükdə xalqın təhtəlşüuruna dərin iz salaraq onu daim milli özünüdərk ruhunda kökləyən faciəli hadisələr var ki, əsrlər ötsə də heç zaman qan yaddaşımızdan silinməyəcəkdir. Ermənilərin faşist xislətini, gerçək mahiyyətini çılpaqlığı ilə açan Xocalı soyqırımı da məhz belə dəhşətli hadisələrdəndir. 20 il öncə - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə belə amansız cinayətə rəvac vermiş erməni cəlladları dünyanın əzazil, qəddar və qaniçən insanları olduqlarını, terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiq etmişlər. Bu kütləvi və amansız soyqırımı aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş qəddar cinayətdir. Hüquqi baxımdan yanaşdıqda aydın görünür ki, erməni silahlı birləşmələrinin çirkin niyyəti Xocalı şəhərindəki azərbaycanlıları məhz milli-dini zəmində son nəfərədək qətlə yetirmək olub. Ermənilər hətta beynəlxalq hüquq normalarına görə də ən təhlükəli sayılan soyqırımı cinayətinə məqsədli şəkildə əl atmış, misli görünməmiş qətliam törətmişlər.

Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev qəzetimizə müsahibəsində Xocalı soyqırımının istintaqı barədə geniş məlumat vermişdir.

- Cənab general, ermənilər azərbaycanlılara qarşı əsrlər boyu dəfələrlə kütləvi qırğınlar törətməklə etnik təmizləmə siyasəti aparmışlar.  Bu siyasətin başlanğıcı nə vaxta təsadüf edir və bunun kökündə nələr dayanır?

- Əvvəla onu qeyd edim ki, başqa dövlətlərin ərazilərinə göz dikən erməni ideoloqları millətçiliyi və şovinizmi, qonşu xalqlara nifrət ideologiyasını rəhbər tutaraq son iki əsrdə siyasi və hətta terrorçu təşkilatlar yaratmış, erməni diasporunun və lobbisinin imkanlarını bu məqsədlərə səfərbər etmişlər. Hələ 1828-ci ildə Türkmənçay müqaviləsi bağlandıqdan sonra ermənilərin İran və Türkiyədən Dağlıq Qarabağa və digər Azərbaycan torpaqlarına köçürülməsinə başlanılmışdır.

XIX əsrin sonlarından etibarən çar Rusiyasının və digər dövlətlərin gizli və açıq himayəsindən istifadə edən erməni millətçiləri "Böyük Ermənistan" yaratmaq xülyasına düşmüş, ələ keçirmək istədikləri əraziləri yerli sakinlərdən təmizləmək niyyəti ilə müxtəlif dövrlərdə Şərqi Anadoluda və Cənubi Qafqazda soyqırımı və terror aktları törədərək, 2 milyona qədər günahsız türkü və azərbaycanlını vəhşicəsinə qətlə yetirmişlər. 1905-1907-ci illərdə, habelə 1918-1920-ci illərdə İrəvanda, Zəngibasarda, Vedidə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və Azərbaycanın digər yerlərində, habelə Tiflisdə yerli azərbaycanlı əhali faktiki olaraq soyqırımına məruz qalmışdır.

Sovetlər dönəmində, yəni 1921-1992-ci illərdə Azərbaycan torpaqlarında yaradılmış Ermənistanda yaşayan azərbaycanlı əhalinin hüquqları ermənilər tərəfindən kobudcasına pozulmuş, onların ana dilində təhsil almalarına əngəllər törədilmiş, onlara qarşı repressiyalar həyata keçirilmişdir. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilmiş, qədim toponimlərin müasir adlarla misli görünməyən əvəzolunma prosesi baş vermişdir.

Xalqımıza və ölkəmizə qarşı siyasi və hərbi təcavüz həyata keçirmək üçün ideoloji zəmin yaratmaq məqsədilə bizim mənəviyyatımıza, milli qurürumuza və mənliyimizə, ləyaqətimizə qarşı məkrli, hiyləgər xislətli erməni ideoloqları tərəfindən geniş miqyaslı böhtan kampaniyaları aparılmışdır.

Erməni millətçilərinin azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin cəzasız qalması, bu cinayətlərə heç bir siyasi-hüquqi qiymət verilməməsi sovet hakimiyyəti dövründə xalqımıza qarşı düşmənçilik siyasətinin daha da genişlənməsinə rəvac vermişdır. SSRİ rəhbərliyinin köməyi ilə Ermənistan SSR-in hakim dairələri 1948-1953-cü illərdə əzəli türk torpaqları olan İrəvandan, Göyçədən, Vedidən, Zəngəzurdan, Dərələyəzdən və başqa yerlərdən yüz minlərlə azərbaycanlının deportasiya edilməsinə nail olmuşlar.

Ermənilərin sovet rejimindən bəhrələnərək həyata keçirdikləri antiazərbaycan təbliğatı ötən əsrin 80-ci illərinin sonunda daha da güclənmişdir. Bu məqsədlə ilk növbədə Qorbaçov - erməni millətçiləri birliyi arzularının həyata keçməsinə imkan verməyən insanın, xalqımızın böyük oğlu Heydər Əliyevin 1987-ci ildə SSRİ rəhbərliyindən istefasına nail oldular.

1988-ci ildə keçmiş SSRİ mərkəzi hökumətinin, xüsusən də onun başında duran avantürist - xəyanətkarlığın simvoluna çevrilmiş Mixail Qarbaçovun ermənipərəst siyasətindən istifadə edən erməni millətçiləri Ermənistan ərazisində etnik təmizləməni başa çatdırmaq niyyəti ilə azərbaycanlıların yaşadıqları rayon və kəndlərə basqınlar etməyə, azərbaycanlıları doğma torpaqlarından qovaraq "türksüz Ermənistan" siyasətini planlı şəkildə həyata keçirməyə başlamışlar. Ermənistan hökuməti, bədnam "Qarabağ" və "Krunk" komitələri, Eçmiədzin kilsəsinin nümayəndələri SSRİ rəhbərliyinin himayəsi ilə azərbaycanlıların qovulması prosesində minlərlə qanlı aksiyalar törətmişlər. Etnik təmizləmə nəticəsində Ermənistanın 185 yaşayış məntəqəsi boşaldılmış, 250 mindən artıq azərbaycanlı, 18 min müsəlman kürd ev-eşiyindən zorla qovulmuşdur. Minlərlə şəxs qəddarlıqla döyülüb işgəncə verilməklə qətlə yetirilmiş, qaçıb canlarını qurtarmağa çalışan yüzlərlə soydaşımız güllələnmiş, yandırılmış, əzab və işgəncələrə dözməyərək ölmüşdür. Digər bir qismi suda boğulmaqla, asılmaqla, elektrik cərəyanına verilməklə, başları kəsilməklə qətlə yetirilmişlər.

Respublikaya o vaxt başçılıq edən Əbdürrəhman Vəzirovun qətiyyətsizliyi, vəzifəni itirmək qorxusundan millətin sonrakı taleyinə təsir edən bu cinayətkar hərəkətlərə biganə münasibət bəsləməsi, siyasi iradə ortaya qoymaq qabiliyyətində olmaması xalqın böyük faciələrlə üzləşməsinə gətirib çıxarmışdır.

Ermənistan ərazisinin azərbaycanlılardan təmizlənməsini başa çatdırdıqdan sonra Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı Ermənistana ilhaq etmək üçün 1988-ci ildən başlayaraq Ermənistanın Silahlı Qüvvələri və Dağlıq Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri ilə birlikdə keçmiş sovet ordusunun hərbi qurumlarının yaxından köməyi ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində azərbaycanlılar yaşayan rayon və kəndləri işğal etmək məqsədi ilə fəal döyüş əməliyyatlarına başlamışlar. 1988-ci ilin fevral-mart aylarında Əsgəranda, o cümlədən Dağlıq Qarabağın digər ərazilərində azğınlaşmış erməni yaraqlıları tərəfindən azərbaycanlıların vəhşicəsinə qətlə yetirilməsi və 100-dən artıq evin qarət edilib yandırılması; 1990-ci ilin mart ayının 23-dən 24-nə keçən gecə Qazax rayonunun Bağanis-Ayrım kəndinin dağıdılması, bir ailənin diri-diri ocaqda yandırılması; 1988-1991-ci illərdə Xankəndi şəhərinin Kərkicahan qəsəbə sakini Georgi Sarkisyanın ermənilərdən ibarət mütəşəkkil cinayətkar qruplar yaradaraq azərbaycanlıların evlərinə mütəmadi silahlı basqınlar etməsi; 28 avqust 1991-ci il tarixdə erməni silahlılarının Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərini ağır artilleriya silahlarından, zirehli texnikalardan atəşə tutmaları və nəticədə hər iki kənd sakinlərinin bir qisminin öldürülməsi; 22 dekabr 1991-ci il tarixdə erməni silahlı dəstələrinin Əsgəran rayonunun azərbaycanlılar yaşayan Meşəli kəndinə silahlı basqın edərək 25 nəfər dinc sakini qətlə yetirməsi, 40-dan artıq yaşayış evini yandırıb, kənd sakinlərinin əmlaklarını və mal-qarasını talan etməsi; 8 mart 1991-ci il tarixdə Xocavənd rayonunun Qaradağlı kənd sakinlərinin erməni silahlıları tərəfindən öldürülməsi; 15-17 fevral 1992-ci il tarixlərində həmin kənddə əsir götürülmüş 116 nəfər silahsız dinc əhalinin 67 nəfərinin amansızlıqla qətlə yetirilməsi və digər dəhşətli cinayətlərə prinsipial siyasi və hüquqi qiymətin verilməməsi, qabaqlayıcı tədbirlərin görülməməsi Xocalı soyqırımına zəmin yaratmış oldu. 25 fevral 1992-ci il tarixdə isə erməni silahlı dəstələri SSRİ Silahlı Qüvvələrinin 366-cı motoatıcı alayının komandir və şəxsi heyəti ilə birlikdə Xocalı şəhərinə hücum edərək dinc əhalini kütləvi surətdə, xüsusi amansızlıqla və işgəncə verməklə öldürmüş, külli miqdarda dövlət əmlakını, xüsusi mülkiyyətdə olmuş əmlakı məhv etmiş, çoxsaylı dinc əhaliyə divan tutaraq onları girov götürmüşdür. Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni-tarixi irsini təşkil edən obyektləri xüsusi qəddarlıqla məhv etmişlər. Ələ keçirdikləri ərazilərdə onlar vandalizm aktları törədərək, tarixi və arxeoloji abidələri, muzey və rəsm qalereyalarını qarət edərək yandırmış, məbəd və məscidləri təhqir etmişlər.

Ermənistanın apardığı təcavüzkar müharibə və törədilən zorakılıq nəticəsində 10 minlərlə Azərbaycan vətəndaşı şəhid olmuş, 50 mindən artıq həmvətənimiz yaralanmış və əlil olmuş, 900 yaşayış məntəqəsi, 100 min yaşayış binası, 600-dən artıq təhsil və 250 tibb müəssisəsi, yüzlərlə sənaye, kənd təsərrüfatı müəssisələri, zavod, fabrik dağıdılmış, respublika ərazisinin 20 faizini təşkil edən 17 min kv.km-dən artığı işğal olunmuş və 1 milyona qədər azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

O vaxtkı ölkə rəhbərliyini təmsil edən vəzifəli şəxslər qorxaqlıq və qətiyyətsizlik nümayiş etdirərək XX əsrdə bəşəriyyəti heyrətə salan bu müdhiş cinayət barədə ilk günlərdə xalqa məlumat verməkdən belə çəkinmişdir. Sonrakı hakimiyyət dövründə isə bu insanlıq əleyhinə cinayətə lazimi siyasi və hüquqi qiymət verilməsi üçün heç bir tədbir görülməmişdir. Yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə respublikada hakimiyyətə qayıdışından sonra erməni millətçiləri tərəfindən xalqımıza qarşı törədilmiş terror və soyqırımı cinayətləri barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, həmin cinayətlərə düzgün siyasi və hüquqi qiymət verilməsi üçün məqsədyönlü işlər aparılmışdır.

Ulu öndərin 26 mart 1998-ci il tarixdə imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərmanla azərbaycanlılara qarşı müxtəlif illərdə mütəmadi olaraq törədilmiş soyqırımı cinayətlərinə, o cümlədən Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmişdir.

- Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində ermənilərin törətdikləri ağır cinayətlərlə bağlı həmin dövrdə ayrı-ayrı cinayət işləri başlanılmışdır. Bildiyimizə görə, hal-hazırda həmin cinayət işləri bir icraatda birləşdirilməklə, hərbi prokurorluqda istintaq edilir. Bu barədə oxucularımıza ətraflı məlumat verərdiniz.

- Yuxarıda qeyd etdiyim kimi, erməni qəsbkarları zaman-zaman xalqımıza qarşı ağır cinayətlər törətmişlər. Prokurorluq və digər hüquq-mühafizə orqanları 1988-ci ildən erməni silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində, həmçinin Ermənistanda saxlanılan azərbaycanlı əsir və girovlara dözülməz işgəncələr verilməsi, onların bir qisminin öldürülməsi, şikəst edilməsi, azərbaycanlılara qarşı təxribat və terror aktlarının törədilməsi, əhalinin məcburi köçürülməsi, yaşayış məntəqələrində maddi sərvətlərin, tarixi mədəniyyət abidələrinin dağıdılması, habelə ermənilərin törətdikləri digər ağır cinayət faktları ilə əlaqədar ayrı-ayrı cinayət işləri başlayaraq istintaq aparmışlar. Xalqımıza qarşı törədilmiş bu ağır cinayətlərin istintaqı və onlara hüquqi qiymətin verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş təqsirkar şəxslərin müəyyənləşdirilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədi ilə 18 dekabr 2003-cü il tarixdə Azərbaycan Respublikası baş prokurorunun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlərinin əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılmışdır. Qeyd edilən cinayətlər üzrə müxtəlif vaxtlarda icraatı dayandırılmış cinayət işləri üzrə icraat təzələnməklə, istintaq aparılması həmin qrupa həvalə edilmişdir. Respublika baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralovun 2005-ci il 5 may tarixli qərarına əsasən cinayət işinə prosessual rəhbərliyin həyata keçirilməsi respublika hərbi prokuroruna həvalə edilmişdir.

Həmin cinayət işlərinin ibtidai istintaqının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun həyata keçirilməsini, işlərin hərtərəfli, tam və obyektiv aparılmasını, səmərəliliyini, operativliyini təmin etmək məqsədi ilə müəyyən işlər görülmüş, vahid istintaq-əməliyyat planı hazırlanaraq təsdiq edilmişdir. Həmin planda törədilmiş hər bir hadisə üzrə araşdırılmalı xüsusatlar, həyata keçirilməli istintaq hərəkətləri öz əksini tapmışdır. Cinayət təqibi üzrə toplanmış materialların həcminin böyüklüyü, şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxslərin, həmçinin araşdırılmalı olan xüsusatların sayının çoxluğu, eyni zamanda, həmin cinayətlərin törədilmə üsul və vasitələri, xarakteri nəzərə alınaraq icraatı təzələnmiş işlər üzrə soyqırımı, işgəncə və terrorçuluqdan ibarət olmaqla üç əsas istiqamət müəyyənləşdirilmişdir. Qanunsuz erməni silahlı birləşmələri tərəfindən Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərdə törədilən cinayət əməlləri 1 oktyabr 2000-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı fəslində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə cinayətlərə aid edilmişdir. Yeri gəlmişkən qeyd etmək istərdim ki, cinayət işinin istintaqı hərbi prokurorluq orqanlarında son dövrlərdə keçirilən islahatlardan sonra daha da sürətlənmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"na müvafiq olaraq respublikanın baş prokuroru Zakir Qaralovun 30 mart 2009-cu il tarixli əmrinə əsasən Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin tərkibində Xüsusi istintaq şöbəsi yaradılmış, yuxarıda göstərilən cinayət işinin istintaqı həmin şöbəyə həvalə edilmişdir. Bundan sonra beynəlxalq hüquq normalarına uyğun soyqırımı, deportasiya, işgəncə və digər epizodlar üzrə hərtərəfli istintaq hərəkətləri aparılmış, nəticədə 1 yanvar 2012-ci il tarixədək sülh və insanlıq əleyhinə müharibə cinayətləri törətmiş 239 nəfər, o cümlədən soyqırımı epizodları: Xocalı üzrə 39 nəfər, Qaradağlı üzrə 6 nəfər, Bağanıs-Ayrım üzrə 18 nəfər, Meşəli üzrə 6 nəfər, Kərgicahan üzrə 47 nəfər, işgəncə faktı üzrə 35  nəfər, terrorçuluq faktı üzrə 3 nəfər, digər epizodlar üzrə 85 nəfər, habelə banditizm, qəsdən adam öldürmə, qanunsuz silah saxlama və s. cinayət törətmiş 48 nəfər, bütövlükdə isə cəmi 287 nəfər barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı çıxarılmışdır. Məhkəmə qərarına əsasən barələrində həbs-qətimkan tədbiri seçilmiş və axtarışa verilməsi ilə əlaqədar müvafiq sənədlərin əməliyyat-axtarış  orqanlarına göndərilməsi təmin edilmişdir.

- 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırımı oldu. Baş vermiş bu hadisələrlə bağlı həmin illərdən sonra hüquq-mühafizə orqanları bu istiqamətdə nə kimi işlər görmüşdür?

- Bu hadisə XX əsrin ən dəhşətli və qəddar cinayətlərindən biridir. Xocalı faciəsi tarixdə bizə məlum olan Babiyar, Xatın, Liditse, Sonqimı, Srebrenitsa faciələri ilə eyni səviyyədə durur. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamı və ən qanlı səhifəsıdir.

Konkret olaraq Xocalı şəhərində törədilmiş soyqırımı cinayəti ilə əlaqədar mühüm faktlar müəyyən olunub.

İstintaqla müəyyən edilmişdir ki, 25 fevral 1992-ci il tarixdə, saat 22 radələrində Ermənistandan Azərbaycan Respublikası ərazisinə qanunsuz keçirilmiş silahlı qüvvələr, Dağlıq Qarabağın millətçi ermənilərindən təşkil olunmuş qanunsuz silahlı birləşmələrı,  keçmiş SSRİ Müdafiə Nazirliyinin 366-cı motoatıcı alayının komandir heyəti və hərbi texnikası ilə birgə Xocalı şəhərinə hücuma keçmişlər. Hücumda 366-cı alayın komandiri Zarviqorov Yuri Yuryeviç və mayor Ohanyan Seyran Muşeqoviçin komandanlığı altında alayın 2-ci batalyonu, Nabokix Yevgeni Aleksandroviçin komandanlığı altında 3-cü batalyonu, həmçinin 1-ci batalyonun qərargah rəisi Çitçiyan Valeriy İsaakoviç, habelə alayda xidmət edən 50-dən çox erməni və digər millətlərdən olan zabit və gizirlər iştirak etmişlər. Eyni zamanda, hücum zamanı 90-dan çox tank, piyadaların döyüş maşını, top, D-30 qaubitsası və digər müasir hərbi texnikadan istifadə olunmuşdur. Hücumdan əvvəl şəhər şiddətli artilleriya atəşinə tutulmuş, sonra çoxsaylı ağır tanklar, PDM və zirehli transportyorlar şəhərə daxil olmuş, dinc əhali xüsusi amansızlıqla qətlə yetirilmişdir. Bu zaman azğınlaşmış erməni quldurları mülki əhaliyə, o cümlədən qadınlara, uşaqlara, qocalara aman vermədən müxtəlif çaplı odlu silahlardan atəş açmış, tank, PDM və digər texnikanın altına salaraq əzməklə qətlə yetirmişlər. İstintaqla müəyyən olunmuşdur ki, qanunsuz erməni silahlı qüvvələri mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş azərbaycanlıları milli mənsubiyyətlərinə görə yollarda, Kətik meşəsində, Naxçıvanik yolunda, Qaraqaya ətrafında, Dəhraz kəndi yaxınlığında, Şelli istiqamətində, Əsgəran asfalt yolunun 86-cı kilometrliyində və digər ərazilərdə amansızlıqla qətlə yetirmişlər. Əsir götürülənlərdən 18 nəfəri Əsgəran rayon Daxili İşlər Şöbəsində işgəncə verilməklə öldürülmüşdür. Hücum zamanı dinc əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədilmiş, dözülməz işgəncələr verilmiş, insanların başlarının dərisi soyulmuş, müxtəlif əzaları kəsilmiş, gözləri çıxarılmışdır. Qadınların qarınları yarılmış, adamlar diri-diri torpağa basdırılmış və ya yandırılmış, meyitlər zorakılığa məruz qalmışdır. Xocalıda mülki əhalinin düşünülmüş şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biri də budur ki, həmin gün əhalinin qaçıb canını qurtarmaq istəyən xeyli hissəsi ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələnmişlər.

Xocalı faciəsi ilə bağlı həmin şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalmış, 613 nəfər, o cümlədən 63 nəfər azyaşlı uşaq, 106 nəfər qadın vəhşicəsinə qətlə yetirilmiş, 8 ailə bütünlüklə məhv edilmiş, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, 1275 nəfər əsir və girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyildir.

Hazırda cinayət işinin Xocalı soyqırımı epizodu üzrə 3000 nəfərə qədər şəxs şahid və zərərçəkmiş şəxs qismində dindirilmiş, 2000 nəfərə yaxın şəxs zərərçəkmiş şəxs qismində tanınmış, 800-dən artıq müxtəlif ekspertizalar keçirilmişdir. Xocalı şəhərinin işğalı ilə əlaqədar dövlət mülkiyyətinə və vətəndaşların xüsusi mülkiyyətinə dəymiş maddi ziyan müəyyən olunmuş, əşyaların maddi sübut kimi tanınması təmin edilmiş, habelə baxış, götürmə və s. zəruri istintaq hərəkətləri aparılmışdır. Nəticədə 39 nəfərin (onlardan 18 nəfər 366-cı alayın hərbi qulluqçuları, 8 nəfər Xankəndi və Əskəran Daxili İşlər Şöbəsinin əməkdaşları, 5 nəfər digər vəzifəli şəxslərdir) və 8 nəfər mülki vətəndaşın  Xocalı soyqırımında iştirakı tam sübuta yetirilmişdir. Onların Azərbaycan Respublikası CM-nin soyqırımına görə məsuliyyət nəzərdə tutan 103-cü maddəsi, habelə sülh və  insanlıq əleyhinə, müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan CM-nin 107 (deportasiya), 113 (işgəncə), 115.4 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.17-ci (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılmışdır. Hazırda Xocalı soyqırımının törədilməsində iştirak etmiş şəxslərin barəsində sübutların toplanması, onların şəxsiyyətləri barədə tam anket məlumatlarının əldə edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Cinayət işi üzrə kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları keçirilmiş və müəyyən edilmişdir ki, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan və ya 170 milyon ABŞ dollarından artıq ziyan vurulmuşdur. İş üzrə istintaq tədbirləri davam etdirilir.

- Soyqırımı cinayəti respublikamızın cinayət qanunvericiliyinə Xocalı faciəsindən sonra daxil edilib. Bəziləri belə halı, yəni qanunun geriyə qüvvəsini düzgün hesab etmirlər. Belə mövqenin nə dərəcədə hüquqi əsası var?

- Soyqırımı cinayətinə zaman məhdudiyyəti tətbiq olunmur. Milli qanunvericilikdə bu cinayətin sonradan təsbit edilməsi bu məsələdə heç bir maneə yaratmır. Törədildiyi zaman beynəlxalq hüquqa görə cinayət sayılan əməlin milli hüquq sistemində retroaktiv təqibi məqbul sayılır.

Azərbaycan hökuməti Xocalı faciəsini soyqırımı kimi dəyərləndirərkən 9 dekabr 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən 260 saylı qətnamə ilə qəbul edilən "Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəza" haqqında Konvensiyanı, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının IV maddəsini, Ruanda üzrə Beynəlxalq Tribunalın Nizamnaməsinin I maddəsini, həmçinin "Xocalı soyqırımı günü haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 24 fevral 1994-cü il tarixli qərarını, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il fərmanını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsini əldə əsas tutur.

Bu məsələdə Erməni silahlı birləşmələri tərəfindən Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərdə törədilən cinayət əməllərinin 2000-ci ildə qüvvəyə minmiş Azərbaycan Respublikası CM-nin 16-cı fəslində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə cinayətlərə aid olması, habelə Azərbaycan Respublikasında sülh və insanlıq əleyhinə cinayətlərə, soyqırımı və müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan mövcud cinayət qanunvericiliyi normalarının tətbiqi, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın və "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın müvafiq müddəalarına uyğunlaşdırmaq məqsədi ilə qəbul edilən Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında Azərbaycan Respublikasının 12 may 2006-cı il tarixli Konstitusiya Qanunu əsas götürülmüşdür. Həmçinin sülh və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərə cinayət məsuliyyətinə cəlb etmə müddətinin tətbiq edilməməsi barədə Azərbaycan Respublikası CM-nin 75.5-ci maddəsində təsbit olunmuş müddəaları, bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələrin tətbiq edilməli olması nəzərə alınaraq, istintaq zamanı Azərbaycan Respublikasının 31 may 1996-cı il tarixli qanun ilə tərəfdar çıxdığı 9 dekabr 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən 260 saylı qətnamə ilə qəbul edilən "Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəza" haqqında Konvensiyası, BMT Baş Məclisinin 239 saylı 26 noyabr 1968-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş və 11 noyabr 1970-ci il tarixdə qüvvəyə minmiş "Müddətin hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə tətbiq edilməməsi haqqında" Konvensiyasına istinad olunur. Bu sırada BMT Baş Məclisinin 39/46 saylı 10 dekabr 1984-cü il tarixli qətnaməsi ilə qəbul edilmiş "İşgəncələrə və digər qəddar, insanlıqdan kənar, yaxud ləyaqəti alçaldan davranış və cəza növləri əleyhinə" Konvensiyası, "Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında" 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyası, Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 6-cı maddəsi, Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixdən qoşulduğu "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" 1950-ci il Konvensiyasının, "Hərbi əsirlər ilə rəftara dair 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyası"nın, Azərbaycan Respublikasının 22 iyul 1992-ci il tarixdə qoşulduğu BMT-nin Baş Assambleyasının "Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın" müddəaları əsas götürülmüşdür. Qeyd olunanlara əsasən Xocalıda törədilən əməl beynəlxalq hüquq normalarına müvafiq olaraq sülh və insanlıq əleyhinə cinayətlərə aiddir.

Birmənalı olaraq deyə bilərik ki, Xocalı sakinləri olan azərbaycanlılara qarşı törədilmiş bütün əməllər beynəlxalq normativ aktlara uyğun olaraq soyqırımı kimi qiymətləndirilir və beynəlxalq hüquq prinsiplərinə görə insanlığa qarşı cinayət sayılır.

- Ermənilər Xocalıda törədilən soyqırımı ilə bağlı göstərilən kadrların Kosovodan götürüldüyü barədə cəfəng informasiya yayırlar. Bununla bağlı nə deyə bilərsiniz? İstintaq bu barədə araşdırma aparıbmı?

- İstintaq orqanı öz fəaliyyətində real faktlara və mötəbər dəlillərə, sübutlara əsaslanır. Xocalıya silahlı hücum zamanı öz canlarını qurtarmaq məqsədilə Xocalını məcburən tərk edib Ağdam rayonu istiqamətində qaçmağa cəhd edərkən Əsgəran rayonunun Naxçıvanik kəndinə gedən yolla Ağdamın Şelli kəndi arasındakı ərazidə erməni silahlıları tərəfindən təqib edilərək  odlu silahlardan açılan atəşlərlə öldürülən dinc sakinlərin videokadrları vardır. Bu görüntülərlə yanaşı, cinayət işinin materiallarına Ağdam məscidinə gətirilmiş meyitlərin də fotoşəkilləri əlavə olunmuşdur.

Meyitlərin tanınması ilə bağlı 400-dən artıq istintaq hərəkəti keçirilmiş və həmin meyitlər öz qohumları və yaxınları tərəfindən tanınaraq şəxsiyyətləri dəqiqləşdirilmiş, bununla əlaqədar Xocalı Rayon İcra Hakimiyyətinə verilmiş   sorğulara alınmış müvafiq cavablarla həmin şəxslərin Xocalıda qeydiyyatda olmaları təsdiq edilmişdir. Həmçinin erməni silahlıları tərəfindən qətlə yetirilmiş həmin şəxslərin bir çoxunun sağlığında çəkilmiş fotoşəkillər onların qohumlarından əldə edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İstintaq materiallarına əlavə edilmiş həmin fotoşəkillərin  və kadrların ən sadə üsulla müqayisəsi də Xocalı soyqırımı zamanı qətlə yetirilmiş azərbaycanlıların Kosovada serblər tərəfindən öldürülənlərlə tamamilə başqa-başqa adamlar olduğunu bir daha sübut edir.

Bundan başqa, Xocalı soyqırımı 1992-ci ildə törədilib və həmin vaxtda da çəkilmiş fotoşəkillər, video görüntülər dəfələrlə nümayiş etdirilib. Kosovo hadisələri isə bundan çox sonra baş vermişdir. On illər sonra törədilmiş qətliamın kadrları əvvəlcədən necə nümayiş etdirilə bilərdi ki?! Elə buradan da erməni ideoloqlarının saxtakarlığı bir daha üzə çıxır.

- Cənab general, Xocalı ilə bağlı aparılan istintaqı digər cinayət işlərinin istintaqından fərqləndirən əsas xüsusiyyətlər hansılardır?

- Hər şeydən əvvəl qeyd etməliyəm ki, bu qəbildən olan cinayətlərin istintaq təcrübəsi bizdə olmamışdır. Ona görə də istintaq-əməliyyat qrupunun üzvləri bu işlərin istintaqı gedişində çoxsaylı xüsusi ədəbiyyat oxumuşlar. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, bu cinayət işi istintaq xüsusiyyətinə, spesifikliyinə, mürəkkəbliyinə və həcminə görə digər cinayət işlərindən fərqlənir.

Belə ki, cinayətin törədilməsindən xeyli vaxt keçib. Məlum obyektiv və subyektiv səbəblərdən ilkin istintaq hərəkətləri, xüsusilə hadisə yerlərinin, meyitlərin müayinəsi və başqa istintaq hərəkətlərinin yerinə yetirilməsi bəzən qeyri-mümkün olmuş, bəzən də bu hərəkətlər lazımi keyfiyyətlə aparılmamışdır. Araşdırılmalı hallar üzrə dindiriləcək şəxslərin böyük qismi ölkə xaricində və ya işğal altında olan ərazilərdə - Ermənistanda və Dağlıq Qarabağda himayə olunur. Bu səbəbdən də həmin ərazilərlə bağlı istintaq aparmaq mümkün deyil. Bundan başqa, bir sıra zəruri sənədlər işğal vaxtı məhv edilmişdir. Digər obyektiv çətinliklər də mövcuddur. Ancaq bu fərqlərə və çətinliklərə baxmayaraq, cinayət törətmiş şəxsin milliyyətindən asılı olmayaraq, istintaqın tamlığı və obyektivliyi mütləq gözlənir. Məqsəd heç də cinayət törətmiş şəxsin erməni olmasını deyil, cinayət törətmiş şəxsin əməlini sübut etməkdir. Qeyd etməliyəm ki, Azərbaycan Respublikası digər dövlətlərlə öz münasibətlərini beynəlxalq normaların tələblərinə ciddi surətdə əməl etməklə qurduğundan Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərdə  soyqırımı, habelə sülh və insanlıq əleyhinə  başqa ağır və xüsusilə ağır cinayətlər törətmiş şəxslərə münasibətdə beynəlxalq hüquqa əsaslanan normaların və milli qanunvericiliyin tələblərinə ciddi riayət edilməsinə xüsusi diqqət yetiririk.

- Fransa Senatı qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləməklə bəşəri dəyərlərə - söz və ifadə, düşüncə azadlığına xəyanət etməklə yanaşı, həm də islam dünyasına, xüsusi olaraq türk dünyasına bir qərəz nümayiş etdirdi. Sizin fikrinizcə, Fransa Senatının bu absurd və heç bir əsasa söykənməyən qərarı nə kimi nəticələr verə bilər?

- Fransa Senatının qəbul etdiyi qanun hüquq normalarından tamamilə uzaqdır və siyasi motivlidir, beynəlxalq hüququn ədalətli məhkəmə araşdırması prinsipini kobud şəkildə pozur, insanları öz fikirlərinə və duyğularına görə cinayət məsuliyyətinə cəlb etməyin mümkünlüyünə yol açan ən mürtəce və dünya təcrübəsinə uyğun gəlməyən bir praktikaya rəvac vermiş olur. Yeri gəlmişkən qeyd edim ki, bu gün bir neçə ölkənin parlamenti 1915-ci ildə Osmanlı İmperiyasının ərazilərində, guya ermənilərin kütləvi şəkildə soyqırımına məruz qalması barədə bəyanatlar, qərarlar və s. qəbul etmişdir. Bundan əlavə, hətta İsveçrədə "erməni soyqırımı"nı inkara görə cinayət məsuliyyəti müəyyən edən qanun qəbul olunmuşdur. Qəribə burasıdır ki, yaşadığımız dövrdə, hal-hazırda da faciənin yüzlərlə canlı şahidlərinin həyatda olduqları bir vaxtda, video çəkilişlərin, o cümlədən xarici ölkələrin media mənsubları tərəfindən çəkilmiş fotolar, video görüntülərin mövcud olduğu halda,  Xocalı, Qaradağlı və başqa şəhər və kəndlərdə azərbaycanlıların erməni faşistləri tərəfindən soyqırımına məruz qalmaları görməməzliyə vurulur, amma 100 il bundan əvvəl törədilməsi iddia olunan və heç bir tutarlı dəlillərə söykənməyən məsələyə belə canfəşanlıqla qərəzli münasibət bildirilir. Məsələnin hüquqi tərəfi bir yana qalsın, əslində Türkiyədə erməni qırğını faktının olmaması nəinki müasir dövrümüzün tədqiqatçıları, bilavasitə I Dünya müharibəsindən sonra araşdırma aparmış nüfuzlu tədqiqatçılar tərəfindən də tamamilə təsdiq olunmuşdur.

Çoxlarına məlum olmayan belə bir faktı nəzərə çatdırmaq istəyirəm ki, I Dünya müharibəsinin qalibləri tərəfindən, konkret olaraq Böyük Britaniya Krallığı Baş Prokurorluğu tərəfindən ermənilərin sərsəm iddiaları ilə bağlı, erməni qırğınını törətdikləri iddia olunan 100-dən çox türk haqqında bir sıra dövlətlərin ərazisində araşdırma aparılmışdır. Qafqazda, İraqda, Misirdə və digər yerlərdə 2 il ərzində aparılmış bu araşdırmaların nəticəsi olaraq Krallığın Baş Prokurorluğu "Ermənilərin qətlə yetirilmələri ilə bağlı hüquqi baxımdan heç bir keçərli dəlil tapılmamışdır" qərarına gəlmiş və məsələnin hətta hüquq məhkəməsində araşdırılmasına yer olmadığı" barədə rəy verməklə, "Osmanlı torpaqlarında ermənilərin qətl edilməsilə bağlı cinayət işi başlanmasına əsas olmadığını" 29 iyun 1921-ci il tarixdə İngiltərə hökumətinə bildirilmişdir.  Böyük Britaniya Krallığı Baş Prokurorluğunun bu qərarı əslində "Erməni soyqırımı olmamışdır" demək üçün əsas verən sanballı bir sənəddir və ermənilərin iddialarını darmadağın edir. Paradoks ondadır ki, 1915-ci ildə məlum toqquşmalar zamanı əslində ermənilər tərəfindən daha çox türklər öldürülmüşdür. Lakin bu məsələyə ikili standartlar mövqeyindən yanaşılmaqdadır.

Belə ikili standartların olmasını ingilis tarixçisi Andrey Manqo özünün "Sultandan Atatürkə - Türkiyə" əsərində olduqca yığcam və obyektiv şəkildə şərh edərək göstərir ki, 1915-ci il olaylarında qəti dəqiq rəqəmlərə görə ermənilərə nisbətən daha çox müsəlman (türk və kürd) Anadoluda can vermişdir. Fəqət yalnız ermənilərin çəkdikləri sıxıntılar yetərincə qeydə alınmışdır. ABŞ Osmanlı İmperiyasına qarşı savaşa girmədiyi üçün həmin bölgədə amerikan misyonerlər və konsoloslar, eləcə də alman əsgərlər və mülki şəxslər də ermənilərə qarşı olan hadisələrə şahidlik etdilər. Ancaq müsəlman əhalisinin yaşadığı sıxıntılar, onlara qarşı törədilən hadisələr qərb müşahidəçiləri tərəfindən görməzliyə vurulmuşdur.

İnsanlara qarşı törədilən vəhşiliklərə, soyqırımına təqsirkarın və zərərçəkənin kimliyinə, onun müsəlman, xristian və ya başqa inanc sahibi olduğuna görə deyil, törədilmiş cinayətə görə qiymət verilməlidir. Orta əsrlər dövrünün kriteriyaları çoxdan keçib, indi XXI əsrdir. Çox təəssüf ki, özünü demokratiyanın beşiyi hesab edən Fransa kimi ölkələrdə bu təkzibedilməz həqiqətlər bəzən qəsdən qulaqardına vurulur.

- Ümumiyyətlə, xalqımıza qarşı törədilən soyqırımılarının tanıdılması  istiqamətində biz daha nələr etməliyik ki, bu faciələri dünyaya çatdıraq?

- Erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı törədilmiş faciələri, o cümlədən Xocalı soyqırımını ört-basdır etmək və unutdurmaq, qondarma "erməni soyqırımı"nı qəbul etdirmək üçün beynəlxalq miqyasda apardıqları təbliğat kampaniyasının qarşısının alınması sahəsində göstərilən səylərin artırılması indiki dövrün ən aktual vəzifələrindən biridir. Bu sahədə hər bir azərbaycanlının üzərinə böyük məsuliyyət düşür.

Öz haqlarımızı qətiyyətlə müdafiə etməli, haqlarımızı pozanları isə cəzalandırmalıyıq. Bunun mümkünlüyü haqqında yox, vacibliyi haqqında düşünməliyik və ardıcıl olaraq bu məqsədlərə doğru getməliyik! Yolun uzun və çox çətin olacağı bizi ruhdan salmamalıdır.

Amma gərəkdir ki, haqlı olmaqla yanaşı, inandırmağı da bacaraq. Hər kəs nə istədiyimizi və istədiyimizə nail olmaq üçün necə çalışacağımızı aydın anlamalıdır.

Sübutların toplanmasında və dəyərləndirilməsində xeyli çətinliklər ola bilər və var. Amma problem bunda da deyil! Başqalarını inandırmağı bacarmaq lazımdır!

Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Hər il Prezident Administrasiyası tərəfindən müvafiq tədbirlər proqramı təsdiqlənir və icra edilir. Xocalı soyqırımının, insanlığa və Azərbaycan xalqına qarşı törədilmiş bu vəhşi cinayətin ifşa olunması, onu törədənlərin cəzalandırılması Azərbaycan dövlətinin indiyə qədər yürütdüyü daxili-xarici siyasətin əsas prioritet istiqamətlərindən biridir. Faciənin 20-ci ildönümü münasibətilə cənab Prezident İlham Əliyev 17 yanvar 2012-ci il tarixdə xüsusi sərancam imzalayıb. Sərəncamda faciənin 20-ci ildönümünün qeyd olunması, Xocalı faciəsinin bütünlüklə dünya ictimaiyyətinə çatdırılması, dünya ictimaiyyətində bu faciəyə ədalətli münasibətin formalaşdırılması, dünya parlamentlərində bu qətliamın pislənməsi və yaxud mümkün olan yerlərdə faciənin soyqırımı kimi tanıdılması Azərbaycanın xarici və daxili siyasətinin prioritet istiqaməti olaraq vurğulanır.

Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev də xüsusi sərəncam imzalayıb. Həmin sərəncam daxili və xarici mexanizmləri işə salmaq, Prezident İlham Əliyevin sərancamından irəli gələn məsələləri həll etmək məqsədi daşıyır. Bu işlər başlanıb və davam edir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüququn normaları, ədalət Azərbaycanın tərəfindədir və bunu dünya ictimaiyyəti də birmənalı dərk edir. Beynəlxalq birliyin tamhüquqlu üzvü olan Azərbaycan hələlik münaqişənin sülh yolu ilə həlli üçün səylərin davam etdirilməsini zəruri saysa da, ərazi bütövlüyünün pozulması ilə uzun müddət barışmaq niyyətində deyildir!

Qeyd etmək lazımdır ki, bu istiqamətdə artıq bir fəallıq, tərpəniş hiss olunmaqdadır. İslam Əməkdaşlıq Təşkilatının Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi xüsusi qətnamə beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini "İnsanlığa qarşı cinayət" kimi tanıdan bir sənəddir. 51 ölkənin qəbul etdiyi qətnamədə Xocalı faciəsinə "erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı" və "insanlığa qarşı cinayət" kimi qiymət verilmişdir. Bundan başqa, Pakistan və Meksika parlamentləri Xocalı soyqırımını tanımışdır. Bu il qardaş Türkiyə Respublikasında Xocalı soyqırımına müvafiq qiymət verilməsi, erməni işğalçılarının törətdikləri soyqırımı barədə dünya ictimaiyyətinə haqq səsimizin bir daha çatdırılması məqsədilə kütləvi izdihamlı tədbirlərin keçirilməsi planlaşdırılır. Bütün bunlar  möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü xarici siyasətin mühüm  uğuru kimi qiymətləndirilməlidir. Bu sahədə Heydər Əliyev Fondu və onun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın ciddi səyləri və xidmətlərini xüsusi dəyərləndirmək lazımdır. Bütün bu tədbirlərin mühüm əhəmiyyəti vardır və bu işi bir daha sistemli və ardıcıl aparmalıyıq. Bu, hər kəsin vətəndaş borcu, insanlıq mövqeyidir! Mən qəti şəkildə əminəm ki, Xocalı soyqırımı kimi cinayət cəzasız qalmayacaq! Xocalı faciəsinin dünyada əsl hüquqi və siyasi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılmasına nail olunacaqdır!

 

 

Müsahibəni apardı: Elnur HACIALIYEV

 

Azərbaycan.- 2012.- 22 fevral.- S.  5, 6.