Dünya xalqlarına, dövlət
başçılarına, parlamentlərə və beynəlxalq
təşkilatlara müraciət
O bir olan Yaradanın
adı ilə!
Artıq
20-ci ildir ki, Azərbaycan Respublikasının
milyonlarla vətəndaşının
iradə və hislərini ifadə edərək, dinindən, dilindən, irqindən və milli mənsubiyyətindən
asılı olmayaraq bütün dünya ictimaiyyətinə, planetimizin
taleyi üçün
məsuliyyət daşıyan
dünya liderlərinə,
dövlət rəhbərlərinə,
parlamentlərə və
beynəlxalq təşkilatlara
üz tutur, israrla müraciət edirik. Çünki əminik ki, dünyada elə bir xalq, elə
bir din ola
bilməz ki, ümumbəşəri mənəvi
dəyərləri inkar
etsin, zor, qətl, təcavüz kimi qeyri-humanist əməllərə haqq
qazandırsın, qanlı
cinayətlərə bəraət
versin.
Bəşəriyyət insanlığa qarşı
cinayətləri daima
nifrətlə damğalamış,
insan sifətini itirmiş qatillərin əməllərini hər
zaman lənətləmişdir. Bəşər övladının qan yaddaşında ikili standartlar yolverilməzdir.
Lakin artıq iyirmi ildir ki, barəsində
aləmə car çəkdiyimiz,
dünya tarixinin qanlı səhifələrindən
birini təşkil edən Xocalı faciəsi bu günədək beynəlxalq
səviyyədə tam olaraq
qınaq obyektinə çevrilməmiş, onun
baiskarları layiqli cəzalarını almamışlar.
1992-ci il fevralın
26-da Xocalının 10 mindən
artıq dinc, silahsız, müdafiəsiz
əhalisinin erməni
quldurlarının amansız
basqınına məruz
qalması, 613 nəfərin
xüsusi qəddarlıqla
qətlə yetirilməsi,
qocalara, uşaqlara, hamilə qadınlara belə rəhm olunmaması, 1275 nəfərin
əsir götürülərək
ağır işgəncələrə
məruz qalması, meyitlərin üzərində
təhqiramiz həqarətlər
edilməsi kimi vəhşiliklərə biganə
qalmaq bəşəriyyətə
başucalığı gətirmir.
Lakin təəssüf və təəccüb doğuran
fakt odur ki, əksər dünya dövlətləri
və beynəlxalq təşkilatlar misli görünməmiş bu
cinayətin üzərindən
hələ də sükutla keçirlər.
Acı reallıq ondan ibarətdir ki, zaman-zaman törətdikləri
cinayətlərə görə
hələ də cəza almamış, heç bir beynəlxalq qurumun, hətta BMT-nin qətnamələrinə məhəl
qoymadıqları halda
heç bir sanksiya ilə üzləşməmiş erməni
ekstremistləri ərazimizin
20 faizini işğal etmiş, milyonlarla azərbaycanlını doğma
yurdlarından didərgin
salmış, qəsb
etdikləri torpaqlarda vandalizm aktları həyata keçirərək
mədəniyyət abidələrimizi,
məscid və qəbiristanlıqlarımızı xarabalığa çevirmiş,
maddi və mənəvi terroru gerçəkləşdirmiş, tarixi sənəd və əşyaları mənimsəyərək özününküləşdirmişlər.
Xocalıda törədilən məqsədyönlü soyqırımı
aktı isə bütün bu vəhşiliklərin kulminasiya
nöqtəsi olmuşdur.
Ən yeni tarixin bu
qanlı faciəsinin
- Xocalı soyqırımının
canlı şahidləri,
tarixi sübutları,
vizual dəlilləri mövcuddur.
Təəssüf doğuran haldır ki, müasir dünyada əsl soyqırımları ilə
deyil, soyqırımı
kimi qələmə verilən, tarixi cəhətdən sübuta
yetirilməyən hadisələrlə
bağlı qayğılananların
şahidi oluruq. Beynəlxalq aləmdə
saxta soyqırımlarının
tanınması, soyqırımı
törətmişlərin "soyqırımı qurbanları"
kimi qələmə verilməsi yönündə
meyillər bizi narahat edir. Yaxın tarixdə - 1992-ci
ildə Azərbaycan xalqının yaşadığı
Xocalı qətliamına
hüquqi-siyasi qiymət
verilməsi ilə bağlı illərdir etdiyimiz müraciətlərimizin
gözlənilən nəticə
verməməsinə rəğmən,
biz inanırıq ki, dünya soyqırımlarına
məruz qalmış
Azərbaycan xalqının
səsinə biganə
qalmayacaq, onun haqq işinin zəfər çalmasına,
tarixi ədalətin bərpasına yardımçı
olacaqdır. Ümidvarıq ki, Xocalıda
törədilmiş soyqırımı
ilə bağlı Azərbaycan həqiqətlərinin
israrla dünyaya yayılması yalançı
təbliğat qurmaq məqsədilə informasiya
plagiatından belə
çəkinməyən erməni
təcavüzkarlarının əsl simasının açılmasına yardım
göstərəcəkdir.
Biz, din xadimləri olaraq, bütün dünya xalqlarına sülh, səadət, əmin-amanlıq,
rifah diləyir və hər kəsə xatırlatmağı
vacib sayırıq ki, Rəbbimiz qarşısında vicdan naminə müqəddəs
borcumuz ədalətin
bərqərarına nail olmaqdır.
Bu gün bizim
həmvətənlərimiz Uca Yaradanın köməyi ilə bəşəriyyətdən ədalətli
mövqe nümayişini
gözləyirlər. Bəşəriyyət bu
gün haqq-ədalətə
səs verməsə,
sabah nahaq
və rəzalətin
qurbanı ola bilər. Odur ki, üzümüzü bir daha dünya
ölkələrinin dövlət
başçılarına, parlamentlərinə, dini liderlərinə, ictimai və dini təşkilatlarına
tutaraq Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin
təcavüzünə və
vəhşiliklərinə prinsipial hüquqi qiymət verməyə, Xocalı müsibətini soyqırımı aktı
kimi tanımağa çağırırıq.
Qoy Uca Yaradan hamımıza
savab əməllərdə,
düzgünü yanlışdan
seçməkdə və
ədalətli olmaqda yardımçı olsun! Amin!
Şeyxülislam
Allahşükür PAŞAZADƏ,
Qafqaz Müsəlmanları İdarəsinin sədri
Aleksandr İŞEİN,
Rus Pravoslav Kilsəsi
Bakı və Azərbaycan yeparxiyasının
yepiskopu
Semyon İXİİLOV,
Azərbaycandakı Dağ Yəhudiləri
İcmasının başçısı
Vladimir FEKETE,
Roma Katolik kilsəsinin Azərbaycandakı
ordinarisi
Azərbaycan.- 2012.- 22 fevral.- S. 3.