Azərbaycan nümayəndə heyəti Moskvada bir sıra görüşlər keçirmişdir

 

Azərbaycanın Rusiyadakı səfirliyi Azərbaycan, Rusiya və Ermənistanın mədəniyyət və ictimai xadimlərinin fevralın 22-də Moskvada keçirilmiş görüşü barədə məlumat yaymışdır.

Səfirliyin mətbuat xidmətinin məlumatında deyilir ki, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin bu il yanvarın 22-də Soçi şəhərində keçirilmiş görüşünün tövsiyələri nəzərə alınaraq humanitar əlaqələrin inkişafı çərçivəsində Moskvada Azərbaycan və Ermənistan ziyalılarının görüşü təşkil edilmişdir.

Fevralın 21-də hər iki ölkənin nümayəndələri və səfirləri Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir, professor Mixail Şvıdkoyun bədii rəhbərliyi ilə fəaliyyət göstərən "Müzikl Teatr"ın açılış tamaşasında iştirak etmişlər. Tədbirdə, həmçinin Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, Moskvanın tanınmış incəsənət və mədəniyyət xadimləri, diplomatik korpusun nümayəndələri də iştirak etmişlər.

Fevralın 22-də nümayəndə heyətləri Rusiya Federasiyasının İctimai Palatasında görüşmüşdür.

Görüşdə Azərbaycan tərəfdən Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla, Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri Murad Adıgözəlzadə və səfir Polad Bülbüloğlu iştirak etmişlər. Ermənistan tərəfi isə görüşdə Dövlət Teatr və Kinematoqrafiya İnstitutunun rektoru Armen Mazmanyan, parlamentin deputatı Qermine Nağdalyan, "Aravot" qəzetinin baş redaktoru Aram Abramyan, Rolan Bıkov adına Fondun direktoru Nune Manukyan və səfir Oleq Esayan ilə təmsil olunmuşdur.

Rusiya tərəfdən görüşdə Mixail Svıdkoy, Rusiya İctimai Palatasının Katibinin birinci müavini Mixail Ostrovski, Rusiya İctimai Palatasının beynəlxalq əməkdaşlıq və ictimai diplomatiya üzrə işçi qrupunun rəhbəri Aleksandr Sokolov, Palatanın tolerantlıq və vicdan azadlığı, KİV-lərin dəstəklənməsi üzrə komissiyalarının üzvləri Alla Qerber və Andrey Dementyev iştirak etmişlər. MDB dövlətlərinin Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Armen Smbatyan da görüşdə olmuşdur.

Sonra nümayəndə heyətləri "Rossiyskaya qazeta"nın redaksiyasında söhbəti davam etdirmişlər. Qəzetin baş redaktoru Vladislav Fronin, baş redaktorun müavini Yadviqa Yuferova və baş direktorun müavini, beynəlxalq layihələr müdiriyyətinin rəhbəri Yevgeni Abov söhbətdə iştirak etmişlər.

Söhbət zamanı tərəflər Azərbaycan və Ermənistan cəmiyyətlərində tolerantlığın vacibliyini, xüsusən, media nümayəndələrinin ictimaiyyət qarşısında məsuliyyətinin artırılmasının zəruriliyini qeyd etmişlər.

Daha sonra nümayəndə heyətləri söhbəti Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir Mixail Şvıdkoy tərəfindən təşkil olunmuş naharda qeyri-formal şəraitdə davam etmişlər.

 

 

Azərbaycan.- 2012.-23 fevral.- S.  7.