Rusiya İctimai
Palatasında Azərbaycan, Ermənistan və Rusiyanın mədəniyyət
və ictimai xadimlərinin iştirakı ilə «dəyirmi
masa» keçirilmişdir
Bu gün Moskvada, RF İctimai Palatasında Azərbaycan, Ermənistan və Rusiyanın mədəniyyət və ictimai xadimlərinin iştirakı ilə "Millətlərarası dialoqun möhkəmlənməsində və münaqişələrin tənzimlənməsində cəmiyyətin və mədəni əməkdaşlığın rolu" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
"Dəyirmi masa"da Azərbaycan tərəfindən Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu, Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullayev, Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri Murad Adıgözəlzadə, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli və Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi iştirak etmişdir.
"Dəyirmi masa"nın gedişində vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan və Ermənistan ictimaiyyəti arasında qarşılıqlı etimad tədbirlərinin və dialoqun fəallaşdırılması məsələləri müzakirə olunmuşdur. Hamının bir-birinə hörmətlə yanaşmasının çox vacib olması qeyd edilmişdir. Ünsiyyətin və xoş münasibətlərin tənzimlənməsinin zəruri olması və bu məsələdə Rusiya İctimai Palatasının Azərbaycanla Ermənistan arasında körpü rolu oynaya bilməsi vurğulanmışdır.
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy demişdir ki, bu tədbir ziyalıların nümayəndələrinin qərarlar qəbul etmək üçün deyil, iki-üç müştərək tədbir planlaşdırmaq imkanından istifadə edilməsi üçün onların ilk görüşüdür. İctimai Palata mühüm təsisatdır. O, hadisələrə baxışları çox müxtəlif olan, bir-birinin opponenti sayılan, lakin bir-birinə düşmən olmayan insanların iştirak etdiyi diskussiyaları sivil görüşlərə çevirir.
Polad Bülbüloğlu qeyd etmişdir ki, "dəyirmi masa" iştirakçıları vətəndaş cəmiyyətinin nümayəndələridir və burada heç bir siyasi məsələ qarşıya qoyulmur. Diplomat demişdir ki, əsas məqsəd siyasətçilərin qlobal problemləri həll etməsinə imkan verən əlverişli fon yaratmaqdır.
Tədbirdə Rusiya tərəfindən İctimai Palatanın nümayəndələri, Ermənistan tərəfindən isə Ermənistan Respublikasının Rusiya Federasiyasındakı səfiri Oleq Yesayan, Ermənistan Milli Məclisinin deputatı Germine Nağdalyan və Ermənistan ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Asya HACIZADƏ,
AzərTAc-ın
xüsusi müxbiri
Moskva
Azərbaycan.- 2012.-23 fevral.- S. 7.