Azərbaycan nümayəndə heyəti «Elazığ-Bakı mədəniyyət və sənət görüşü»ndə iştirak edir

 

Fevralın 2-də Türkiyənin Elazığ şəhərində "Elazığ-Bakı mədəniyyət və sənət görüşü" başlamışdır.

Mədəniyyət və Turizm Nazirliyindən  bildirmişlər ki, Elazığ valiliyinin, bu şəhərin bələdiyyəsinin, Xaricdə Yaşayan Türklər və Qohum Toplular Başkanlığının, Fırat Universitetinin, Elazığ Ticarət və Sənaye Evinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycandan geniş nümayəndə heyəti iştirak edir.

Nümayəndə heyətinə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov, Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli, Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, tədqiqatçı alim Hacıağa Almaszadə, filoloq Asif Rüstəmli, C.Cabbarlının ev-muzeyinin müdiri Qəmər Bağırova, şair Əjdər Ol, eləcə də ədəbiyyat və incəsənət nümayəndələri, media mənsubları daxildirlər.

Fevralın 4-dək davam edəcək "Elazığ-Bakı mədəniyyət və sənət görüşü" çərçivəsində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Elazığın Cümhuriyyət məhəlləsində Azərbaycan parkı və Azərbaycan şəhidləri abidəsinin açılışı olacaqdır. Fırat Universitetində isə "Müstəqilliyinin 20 ilində Azərbaycan" mövzusunda tədbir keçiriləcəkdir.

Tədbir çərçivəsində "Manas" nəşriyyatında çapdan çıxmış "Cəfər Cabbarlının həyatı, sənəti və mücadiləsi" və "Elazığ çələngi" kitablarının təqdimatı, "Almas İldırıma sayğı" mövzusunda görüşün keçirilməsi də planlaşdırılmışdır.

Elazığ Bələdiyyəsi Mədəniyyət və Konfrans Mərkəzində keçiriləcək mərasimdə isə türk dünyasında "İlin ədəbiyyat adamı" seçilmiş xalq yazıçısı Anarın həyat və yaradıcılığından bəhs edən televiziya filmi nümayiş olunacaq, ədibə fəxri doktor mükafatı təqdim ediləcəkdir.

"Elazığ-Bakı mədəniyyət və sənət görüşü" çərçivəsində Fırat Universitetində "Füzuliyə sayğı gecəsi" də keçiriləcəkdir. Gecədə Azərbaycan sənətçiləri ilə yanaşı, Elazığdan olan musiqiçilər də iştirak edəcəklər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.-3 fevral.- S.  6.