Xalqa və sənətə xidmət
missiyası
Mədəniyyət tarixinə öz dəst-xətti və orijinal yaradıcılığı ilə daxil olan istedadlı rejissor Məhərrəm Haşımov qısa ömründə xalqa və sənətə xidməti hər şeydən üstün tutardı. Unudulmaz Mehdi Məmmədov yazırdı: "Rejissor müşahidəsinin və fikrinin bədii forması səhnə hadisələridir, canlı insan obrazlarıdır. Rejissor olmaq istəyən adam əgər öz fikirlərini səhnə hadisələrində, iştirakçıların münasibətlərində ifadə etməyi bacarırsaE demək, o, doğrudan da istedadlı rejissordur". Həqiqətən də bu sözləri Məhərrəm Haşımovun yaradıcılığına şamil etmək mümkündür. Xatirələrdən, arxiv materiallardan bəlli olur ki, bu unudulmaz rejissor dərin həyat müşahidəsinə malik çox ciddi, daim müasirlik duyğuları və xəlqilik ruhu ilə yaşayan rejissor olub.
Tarixi 1873-cü ildən başlayan Azərbaycanın professional teatrı ilə bərabər rejissorluq sənəti də doğularaq inkişaf etmişdir. Azərbaycan teatr sənətinin ilk professional rejissoru həm də istedadlı aktyor olan Hüseyn Ərəblinski sayılır. Onun haqqındakı xatirələr, təəssüratlar, dövri mətbuatdakı yazılar da təsdiqləyir ki, bu böyük səhnə xadimi həqiqi rejissorluq məharətinə malik bir şəxsiyyət idi. Ondan başlanan yolun davamçıları sırasında Məhərrəm Haşımovun da öz yeri var. O, A.V.Lunaçarski adına Moskva Dövlət Teatr Sənətşünaslıq İnstitutunda təhsil alan ilk azərbaycanlı rejissorlardan biri idi. Belə bir fikir var ki, yüksək sənəti ancaq yüksək ideyalı, yüksək əxlaqlı, fədakar adamlar yarada bilər. Hər şeydən əvvəl rejissorun özü sənətə vurğun kəsilməli, yüksək etika nümunəsinə sahib durmalıdır ki, onun yaratdığı, quruluş verdiyi əsərlər də dolğun və nikbin alınsın. Məhərrəm Haşımov aktyorlarla ünsiyyət qurmağı, onlarla yaradıcılıq münasibəti yaratmağı bacaran çox nüfuzlu və ciddi rejissor olub. O, aktyor sənətinin, aktyor yaradıcılığının özünəməxsus sirlərinə dərindən bələd idi. Çünki rejissor ilk növbədə teatr sənətinin təkcə nəzəriyyəsini deyil, həm də təcrübəsini dərindən bilməlidir. Bu səbəbdən də Məhərrəm Haşımov mükəmməl biliyə və müşahidə qabiliyyətinə malik olduğundan obrazı dolğun yaratmaqda aktyorun ən yaxın köməkçisinə çevrilirdi. Təzyiq göstərmək, hegemonluq onun təbiətindən uzaq idi. İşlədiyi əsər üzərində çox çalışardı. Ən başlıcası ona can atardı ki, tamaşada cərəyan edən hadisələrin dövrünü dəqiq və dürüst öyrənsin. Məhz bundan sonra yaradıcı kollektivlə işləmək Məhərrəm Haşımov üçün çətin olmurdu.
O, 1912-ci ilin fevralında Bakıda anadan olub. Teatra həvəsi lap uşaq
yaşlarından başlayıb.
Məhəllə yeniyetmələrini başına yığaraq
müxtəlif "tamaşalar"
hazırlayardı. Həmişə də özü "rejissorluq" missiyasını
yerinə yetirərdi.
Elə bu həvəs və məhəbbət də onu teatra
bağladı. Moskvada təhsilini
bitirdikdən sonra Bakıya qayıdan gənc rejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrında işə
qəbul edirlər.
Çox
ağır və ziddiyyətli bir zaman idi. 1937-ci ilin repressiyaları
ölkədə tüğyan
edirdi. Belə çətin bir
dövrdə yaradıcılıqla
məşğul olmaq
minbir əzabla başa gəlirdi. Sərbəst fikrə, cəsarətli
ifa tərzinə qoyulan sərt qadağalara baxmayaraq Məhərrəm Haşımov
çalışdığı teatrda özünü novator rejissor kimi tanıda bildi. O, bu teatrın səhnəsində
Şillerin "Qaçaqlar",
Cəfər Cabbarlının
"Aydın" kimi
tamaşalarına quruluş
verdi. Əlbəttə, dövrün küləkləri
onun da həyatından
izsiz keçmirdi.
Müxtəlif təzyiqlərə, iradlara, hətta xəbərdarlıqlara tuş
gəlsə də, öz həyat həqiqətinə, sənət
prinsiplərinə sadiq
çıxdı. Zahirən başını
salamat saxlamağı
bacarsa da, mənən aldığı
zərbələr ona
ağır xəstəliklər
bəxş etdi.
İçini yeyən dərdin
sonrakı nəticəsi
onun ömrünə
son nöqtə qoymağa
qəfləti məqam
gəzirdi.
Məhərrəm Haşımovun rejissorluq işinin ikinci əsas mərhələsi
Azərbaycan Dövlət
Rus Dram Teatrı ilə bağlıdır. O, fasilələrlə
20 ildən artıq işlədiyi bu mədəniyyət ocağında
"Xəzər üzərində
şəfəq" (İ.Qasımov),
"Aydın" (C.Cabbarlı),
"Maskarad" (V.Lermontov),
"Damokl qılıncı"
(N.Hikmət) və onlarla tamaşalara quruluş verdi.
Ölkədə tanınan və
sevilən rejissor burada direktor, baş rejissor kimi fəaliyyət göstərərək sənətkarlıq
məharətinin hərtərəfli
diqqət çəkməsi,
inkişaf etməsi üçün bir zaman qazandı. Yaradıcılıq fəaliyyətinə görə təltif olunduğu mükafatların
əksəriyyətini məhz
burada çalışdığı
illərdə aldı.
1951-ci ildə İmran Qasımovun "Xəzər üzərində
şəfəq" tamaşasına
görə teatrın
bir qrup yaradıcı heyəti
SSRİ Dövlət mükafatına
layiq görüldü.
Tamaşanın rejissoru kimi
onun da bu
mükafatda öz yeri oldu.
Bioqrafiyasına yazılan iş
yerlərindən ikisi
diqqətimizi çəkdi.
1951-1956-cı illərdə
Azərbaycan Dövlət
Opera və Balet Teatrında, 1960-1965-ci illərdə
isə "Azərbaycanfilm"
kinostudiyasında direktor
vəzifəsində çalışmışdır.
Həmin illər Məhərrəm Haşımovun
rəhbərlik etdiyi
"Azərbaycanfilm"də istehsal olunan bədii filmlərin adlarına fikir verin: "Koroğlu",
"Səhər", "Bizim küçə",
"Telefonçu qız",
"Əhməd haradadır?",
"Möcüzələr adası", "Romeo mənim
qonşumdur", "Sehrli
xalat", "Ulduz",
"Su ərizəsi", "Arşın mal alan" (ikinci dəfə) və s. Hüseyn Seyidzadə, Ağarza Quliyev, Əlisəttar Atakişiyev, Həsən Seyidbəyli, Adil İsgəndərov, Şamil
Mahmudbəyov, Tofiq Tağızadə, Rauf Kazımovski kimi müqtədir kinorejissorların
ekranlaşdırdığı bu filmlərin həyata vəsiqə almasında, bir sıra bədii şuralardan qalib çıxmasında Məhərrəm
Haşımovun da bir müəssisə direktoru kimi öz möhürü və razılığı
var idi. Doğrudur, adı bu filmlərin
titrlərinə düşməsə
də, özü həmişə çəkiliş
meydanında olarmış.
Maraqlı odur ki, hər iki müəssisədən uzaqlaşdığı vaxtlar yenə də üz tutduğu doğma ünvan məhz Dövlət Dram Rus Teatrı oldu. Elə ömrünün sonunu da bu teatrda qarşıladı. Mədəniyyətşünas Polad Zeynalov bu unudulmaz rejissor haqqında yazır: "Məhərrəm Haşımovun ömür yolu ilə alın yazısında Bəşir Səfəroğlunun taleyi arasında bir uyğunluq var. Təkcə sənətdəki uğurlara görə yox, bu uyğunluq lənətə gəlmiş xəstəlikdən, onun gəldiyi zamanın, məkanın "seçdiyi" sənətkarların xalq içərisində sevilməsinin oxşarlığından, eyniliyindən irəli gəlirdi. Xəyalında böyük yaradıcılıq planları quran rejissor Məhərrəm Haşımov aktyor Bəşirlə eyni vaxtda xəstə yatırdı, eyni günlərdə, eyni şəhərdə müalicə alırdı". Deyirlər ki, Məhərrəm Haşımov daxilən çox nikbin, ağrı-acıya dözməyi bacaran, xəstəliyə qalib gələcəyinə inanan, həyat eşqili bir insan olub. Bəşirin ölüm xəbərini eşitdikdə çox sarsılıb. Bu qara xəbər sonra məhz onun da ünvanına yazılıb. Cəmi 57 il yaşayan xalq artisti, Dövlət mükafatı, M.F.Axundov adına Azərbaycan Dövlət mükafatı laureatı Məhərrəm Haşımov 1969-cu ildə dünyasını dəyişib. Aktyor və rejissor sənətinin çox qeyri-adi, bəlkə də xiffətli bir məqamı var. Onların məharəti, ustalığı haqqında ancaq görənlər daha müfəssəl və ətraflı danışa bilirlər. Sanki bu sənətkarların ömürləri kimi xidmətləri də elə o andaca bitir. Amma bir məsələ var ki, Məhərrəm Haşımovun səhnədə tətbiq etdiyi maraqlı üslublar, rejissor işi bu gün də öz əhəmiyyətini saxlamaqdadır. Onun yaradıcılıq yolunu ardıcılları ehtiram və məhəbbətlə öyrənərək davam etdirirlər. Rejissor uğurunun bir qismi də savad və mədəniyyətlə bağlıdır. Onlar bir-birini tamamlayanda rejissorun istedadı daha parlaq və qüdrətli olur. Bu mənada xatirələrdən bəlli olur ki, Məhərrəm Haşımov kompozisiya bacarığına, tamaşanı küll halında bitkin səhnə əsəri kimi təşkil etmək qabiliyyətinə görə nadir istedad sahibi idi. Bu gün də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində təhsil alanlar məhz Məhərrəm Haşımovun sənətini öyrənərək, təcrübəsindən bəhrələnərək gələcəkdə öz işlərində tətbiq etmək bacarığına nail olmağa çalışırlar. Bu unudulmaz rejissordan öndə gedənlər az olsa da, özündən sonrakı cığırlarda gələnlərin sayı çoxdur. Xalqa və sənətə xidmət etməyi həyatının ən vacib amalı sayan Məhərrəm Haşımov milli teatrın çiçəklənməsində cəfakeşlik və fədakarlıq göstərdi. Məşhur teatrşünaslardan birinin fikridir: "Özünüzü incəsənətdə deyil, incəsənəti özünüzdə sevin". Böyük ideyalarla yaşayan, qəlbi büllur arzularla çırpınan, Azərbaycan teatrının tərəqqisi yolunda hər cür əzab-əziyyətə sinə gərən, zəngin daxili aləmə malik olan xalq artisti Məhərrəm Haşımov məhz daxilində incəsənəti sevən bir rejissor idi. Bu səbəbdən də həyatda azömürlü olsa da, mədəniyyətimizdə əbədi yaşamaq haqqını aldı!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2012.- 3 fevral.- S. 7.