Muzeydə «Qədim
çeşnilərimiz yeni təzahürdə»
adlı sərgi keçirilmişdir
Fevralın 2-də Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Gənclər Gününə həsr olunmuş "Qədim çeşnilərimiz yeni təzahürdə" adlı sərgi keçirilmişdir.
"Azərbaycan Xalçaları" İctimai Birliyi tərəfindən təşkil olunmuş sərginin açılış mərasimində dünya muzeylərində nümayiş etdirilən xalçalarımız barədə danışılmışdır.
Sərgidə qədim xalçaların çeşniləri əsasında İctimai Birliyin gənc üzvləri tərəfindən toxunmuş 20-yə yaxın xalça nümayiş olunmuşdur.
Nümayiş olunan əl işləri arasında Quba-Şirvan, Gəncə-Qazax və Qarabağ xalça məktəblərinə aid olan nümunələrin qədim ənənələri saxlanılmaqla müasir formada toxunan Şıxlı, Pirəbədil, Quba, Çələbi, Novxanı, Qəşəd, Qədim Minarə, Qonaqkənd, Kürdəmir, Bico xalçaları daha çox diqqəti cəlb etmiş və maraqla qarşılanmışdır.
AzərTAc
Azərbaycan.- 2012.-3 fevral.- S. 7.