Moldova televiziyası Azərbaycanın «Eurovision-2012» hazırlıqlarından bəhs edən reportaj yayımlamışdır

 

Azərbaycan paytaxtında səfərdə olmuş "Moldova-1" televiziyasının çəkiliş heyəti yanvarın 25-də Bakıdakı "Buta Palace"da  keçirilmiş "Eurovision-2012" mahnı müsabiqəsinin rəmzi açarının təqdim edilməsi mərasimindən, eləcə də may ayında reallaşacaq şouya hazırlıqlardan bəhs edən reportajını ölkə tamaşaçılarına təqdim etmişdir.

AzərTAc eurovision.az saytına istinadla xəbər verir ki, Bakının bu möhtəşəm müsabiqəyə hazırlıqlarına heyran olan moldovalı telejurnalistlərin reportajında Azərbaycan paytaxtında "Eurovision-2012" mahnı yarışmasının uğurlu keçiriləcəyinə böyük inam ifadə olunur.

Telereportajda Azərbaycan muğamından, xalq artisti Alim Qasımovun "Buta Palace"dakı ifasından, "Eurovision" ulduzları Ruslana və Səfurə Əlizadənin çıxışlarından da bəhs edilmişdir.

"Eurovision-2011"in qalibləri Eldar Qasımov və Nigar Camal Moldova tamaşaçılarına bu müsabiqənin onların həyatlarını dəyişdirdiyini demişlər. "Eurovision-2009"un qalibi Aleksandr Rıbak və "Eurovision-2010"un birincisi olmuş Lena Mayer isə "Moldova-1" telekanalına müsahibələrində "Buta Palace"dakı təqdimat mərasiminin möhtəşəm hazırlandığını, Bakının bu yarışmaya layiqli ev sahibliyi edəcəyini bildirmişlər.

 

 

Azərbaycan.- 2012.-3 fevral.- S. 7.