Rəsmi Bakı
AŞ PA-nın bəzən ikili standartlar nümayiş etdirməsindən
narazıdır
Fevralın 2-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrexlə görüşüb. Azərbaycanın Avropa Şurası ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu söyləyən Oqtay Əsədov bildirib ki, əlaqələrin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Azərbaycan AŞ PA qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir. Ancaq Avropa Şurası Parlament Assambleyasında yenidən Azərbaycanla bağlı "siyasi məhbus" məsələsi gündəmə gətirilib. Buna görə də Azərbaycan bu məsələyə öz narazılığını ifadə edib. AŞ PA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyəti də bu məsələyə etirazını bildirib.
Milli Məclisin Sədri vurğulayıb ki, AŞ PA-nın bir dövlət üçün ayrıca məruzəçi təyin etməsi ayrı-seçkilikdən irəli gəlir və bu, Azərbaycana qarşı ikili standartlarla yanaşılması kimi qəbul olunur. Məruzəçi Kristof Ştresserin bu vəzifəyə təyin olunduğu gündən Azərbaycana qarşı qərəzli mövqe tutduğunu bildirən Milli Məclisin Sədri qonaqların diqqətinə çatdırıb ki, artıq məruzənin adının dəyişdirilməsinə baxmayaraq, Ştresser hələ də Azərbaycanda "siyasi məhbus" axtarır. "Bu şəxs Almaniya Bundestaqında təmsil olunan deputatlardan Azərbaycan əleyhinə imza toplamaqla məşğul olub. Ancaq özü həmin sənədə imza atmayıb. Səbəb kimi isə Azərbaycan üzrə məruzəçi olduğunu göstərib" - deyən Oqtay Əsədov bildirib ki, Avropanın digər ölkələri Ukrayna, Belarus üzrə də AŞ PA-nın məruzəçiləri var. Ancaq onlar ölkə ilə bağlı ümumi məlumatları toplayıb hesabat verirlər.
Görüş zamanı AŞ PA-nın həmməruzəçisi Pedro Aqramunt de Mora Azərbaycanda həyata keçirilən demokratik, hüquqi islahatları yüksək qiymətləndirib. Qonaq ölkəmizin AŞ PA-dakı nümayəndə heyətinin sessiyalarda yüksək səviyyədə təmsil olunduğunu söyləyərək qeyd edib ki, Azərbaycanda olduqları müddətdə bir sıra görüşlər keçirib və lazımi məlumatlar toplayıb.
Görüşdə qarşılıqlı maraq
doğuran məsələlər ətrafında geniş fikir
mübadiləsi aparılıb.
Azərbaycan.- 2012.- 3 fevral.- S. 1.