Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

 

Fevralın 3-də İran İslam Respublikasının Ərdəbil vilayətinin ostandarı Hüseyn Sabirinin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına ikigünlük işgüzar səfərə gəlmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Ərdəbil vilayətinin ostandarı Hüseyn Sabirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Ali Məclisin Sədri Azərbaycan ilə İran arasında tarixi əlaqələrin yeni mərhələdə uğurla davam etdirildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan-İran münasibətlərinin inkişafına Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın qonşu vilayətləri arasında əlaqələrin dərinləşməsi də öz töhfəsini verir. İranın Şərqi və Qərbi Azərbaycan vilayətləri ilə Naxçıvan Muxtar Respublikası arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Beynəlxalq statusa malik Culfa və Şahtaxtı dövlət sərhəd buraxılış məntəqələrinin fəaliyyəti, Şahtaxtı-Poldəşt körpüsünün, Culfa-Culfa yeni avtomobil körpüsünün tikilib istifadəyə verilməsi qarşılıqlı münasibətlərin uğurlu inkişafının nəticəsidir. Hazırda vətəndaşlarımız gömrük keçid məntəqələrindən istifadə edərək rahatlıqla gediş-gəliş edə bilirlər.

Ərdəbil vilayəti ilə qurulan faydalı əməkdaşlığın da yüksələn xətlə inkişaf etdiyini deyən Ali Məclisin Sədri qarşılıqlı səfərlərin əlaqələrin genişlənməsi baxımından əhəmiyyətli olduğunu bildirmişdir. Ali Məclisin Sədri Hüseyn Sabirinin Naxçıvan Muxtar Respublikasına səfərinin əlaqələrin gələcək inkişafı baxımından əhəmiyyətini qeyd etmiş, İran İslam Respublikasının milli bayramı - İslam İnqilabı Günü münasibətilə İran xalqına təbriklərini çatdırmışdır.

Ərdəbil vilayətinin ostandarı Hüseyn Sabiri səmimi görüşə görə minnətdarlıq etmiş, İran İslam Respublikasının Azərbaycanla, eyni zamanda Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirmişdir. İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarını Ali Məclisin Sədrinə çatdıran qonaq Naxçıvana ikinci dəfə səfər etdiyinimuxtar respublikada sürətli inkişafın şahidi olduğunu bildirmişdir. Ali Məclisin Sədrini münasib bildiyi vaxtda Ərdəbil vilayətinə səfərə dəvət edən Hüseyn Sabiri demişdir ki, Ərdəbil vilayəti ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin dərinləşməsi üçün real imkanlar vardır. Hər iki tərəfin səyləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi münasibətlərin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Görüşdə mədəniyyət, turizm, təhsil, nəqliyyat, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

İranın Naxçıvandakı baş konsulu Məhəmmədtağı Məhəmmədəli görüşdə iştirak etmişdir.

Ərdəbil vilayətinin ostandarı Naxçıvana səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək, muxtar respublikanın görməli yerləri ilə tanış olacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 4 fevral.- S. 3.