Ordubad rayonunda yeni məscid tikilmişdir

 

Sabirkənddə tikilən  məscidin açılış mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni dini məbədlərin əhalinin istifadəsinə verilməsini islami dəyərlərin yaşadılmasına xidmət etdiyini bildirmiş, dindarları təbrik etmişdir.

Məscidin axundu Həsən Rəfiyev demişdir ki, muxtar respublikada mənəvi dəyərlərin, dini və mədəni abidələrin qorunub saxlanmasına böyük diqqət və qayğı göstərilir. Muxtar respublikada 2012-ci ilin "Milli dəyərlər ili" elan edilməsi bu sahədə həyata keçirilən tədbirlərin daha intensiv xarakter almasına səbəb olmuşdur. Sabirkənddə yeni məscidin tikilməsi də kənd sakinləri tərəfindən milli dəyərlərə yüksək diqqətin ifadəsi kimi qiymətləndirilir. Axund Həsən Rəfiyev yaradılan şəraitə görə kənd sakinləri adından minnətdarlığını bildirmişdir.

Sonra Ali Məclisin sədri və kənd ağsaqqalları yeni məscid binasında yaradılan şəraitlə tanış olmuşlar.

Ötən il tikintisinə başlanan məsciddə eyni vaxtda 500-dən artıq dindar ibadət edə biləcək. Məscidin həyətində dəstəmaz yerləri yaradılmış, divarları və sütunları Azərbaycan nəqqaşlıq məktəbinin ənənələri əsasında binada müasir işıqlandırma sistemi quraşdırılmış, qadınlar üçün ayrıca ibadət yeri ayrılmış, mehrab qurulmuşdur. İki girişi olan məscid binasının günbəzi naxış və ornamentlərlə bəzədilmişdir.

Məscidin ərazisində də abadlıq işləri aparılmış, yeni içməli su və qaz xətti çəkilmiş, ağac və gül kolları əkilmişdir.

 

 

Azərbaycan.- 2012.-4 fevral.- S.  3.