Litva Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır

 

 Azərbaycanın Litvadakı səfirliyindən bildirmişlər ki, xarici işlər nazirinin müavini Xələf Xələfov fevralın 2-də Litvaya səfərə gəlmişdir. Səfərin məqsədi ikitərəfli siyasi məsləhətləşmələri aparmaqdır.

Səfər çərçivəsində Xələf Xələfovun Litvanın xarici işlər naziri və hökumətlərarası müştərək komissiyanın həmsədri Audronius Ajubalis, Litva Baş nazirinin müşaviri Laimonas Talat-Kelpşa, Litva Seyminin xarici işlər komitəsinin sədri Emanuelis Zingerisxarici işlər nazirinin müavini Asta Skaisgyriyte-Liauskiene ilə görüşləri olmuşdur.

Görüşlərdə ölkələrimiz arasında əməkdaşlığın hazırkı vəziyyətindən razılıq bildirilmiş, münasibətlərin potensial istiqamətləri müzakirə olunmuş, ikitərəfli və çoxtərəfli əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində görüləcək işlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Bundan əlavə, cari ilin birinci yarısında Litvanın xarici işlər naziri Andronius Ajubalisin Azərbaycana rəsmi səfəri və bunun çərçivəsində hökumətlərarası komissiyanın ikinci iclasının keçirilməsi barədə razılıq əldə olunmuşdur. Həmçinin Litvanın Baş naziri Andrius Kubiliusin Azərbaycana rəsmi səfərinin həyata keçiriləcəyi bildirilmişdir. Bu səfər çərçivəsində ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı məqsədilə biznes sammitinin keçirilməsi məsələsi müzakirə edilmişdir. Litva Seymi ilə parlamentlərarası əlaqələrin, həmçinin müxtəlif təşkilatların parlament assambleyaları çərçivəsində əməkdaşlığın vacibliyi vurğulanmışdır. Avropa İttifaqının "Tvinninq" layihəsi çərçivəsində iki ölkənin parlamentləri arasında səmərəli əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunmuşdur. Müqavilə-hüquq bazasının möhkəmləndirilməsi məqsədilə baxılmaqda olan ikitərəfli sənədlərin qısa müddətdə razılaşdırılması qərara alınmışdır.

X.Xələfov görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın davamlı iqtisadi inkişafı, regionalqlobal məsələlərdə ölkəmizin mövqeyi, həyata keçirilən islahatlar və layihələr barədə ətraflı məlumat vermişdir.

Görüşlərdə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə iştirak etmişdir.

 

 

Nigar HÜSEYNOVA,

AzərTAc-ın xüsusi müxbiri

Vilnüs

 

Azərbaycan.- 2012.-4 fevral.- S.  4.