Baş Prokurorluqda 2011-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir

 

Fevralın 3-də Baş Prokurorluqda mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər, ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2011-ci ildə  görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, baş prokuror Zakir Qaralov iclasda hesabat məruzəsi ilə çıxış etmişdir. Bildirilmişdir ki, son illər ərzində Azərbaycanda həyata keçirilən müasir məzmunlu və gələcəyə istiqamətlənmiş məqsədyönlü siyasət nəticəsində ölkə həyatının bütün sahələrində yüksək nəticələr əldə edilmiş, müstəqilliyimizin və suverenliyimizin əsasları daha da möhkəmləndirilmişdir. Dünyanı bürümüş maliyyə böhranı şəraitində vətənimizin iqtisadi qüdrəti artırılmış, yüksək sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunmaqla hüquqi və demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesləri yeni müstəviyə qaldırılmış, dünya birliyinə inteqrasiya dönməz xarakter almışdır.

Bildirilmişdir ki, dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünü qeyd etdiyimiz 2011-ci il Azərbaycan Respublikasının müstəqil inkişaf tarixinin mühüm dövrlərindən biri olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində göstərildiyi kimi, 2011-ci ildə əsas makroiqtisadi göstərici kimi əhalinin pul gəlirləri 19,6 faiz, 900 minə yaxın təqaüdçünün orta pensiyası 40 faiz, qeyri-neft sektoru 10 faiz artmış, sosial yardım alan ailələrin sayı 120 minə çatmış,  ilk dəfə olaraq valyuta ehtiyatları 40 milyard dollarlıq həddi keçmiş və investisiyaların həcmi 20 milyard dollara bərabər olmuş, 94 min yeni iş yeri açılmaqla son səkkiz ildə bu göstərici 1 milyondan artıq olmuş, inflyasiya 7,9 faiz, yoxsulluq 7,6 faiz və işsizlik 5,4 faizlik səviyyəyə qədər aşağı enmişdir.

Azərbaycan dövlətinin yürütdüyü balanslaşdırılmış və müstəqil xarici siyasətin, bütün beynəlxalq məsələlərdə prinsipial mövqe tutmasının və praktiki hərəkətləri ilə özünü bütün dünyada etibarlı tərəfdaş kimi sübuta yetirməsinin, dünya birliyi dövlətlərinin mütləq əksəriyyətinin etimadını qazanmasının nəticəsidir ki, müstəqilliyinin bərpasının 20 illik tarixi dövründə ən böyük uğura nail olaraq 155 ölkənin dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv seçilmişdir.

Diqqətə çatdırılmışdır ki, 2011-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dövlət səviyyəsində Prezident İlham Əliyevin rəhbərliyi altında zəruri xarici siyasət həyata keçirilmiş, işğal altındakı torpaqlarımızı azad etməyə qadir olan Milli Ordumuzun döyüş qabiliyyətinin və ölkəmizin hərbi qüdrətinin artırılması istiqamətində məqsədyönlü tədbirlər görülmüşdür. Ölkəmizin hərbi xərclərinin 3 milyard 413 milyon ABŞ dolları həddinə çatması, müdafiə sənayemizin imkanları hesabına 600-ə yaxın çeşiddə hərbi təyinatlı məhsulların istehsalı bir daha göstərir ki, Azərbaycan Respublikası öz ərazi bütövlüyünü bərpa etməyə qadirdir və dövlət başçısı, Ali Baş Komandan tərəfindən bu istiqamətdə həyata keçirilən siyasət  torpaqlarımızın işğaldan azad edilməsi  ilə nəticələnəcəkdir.

Bir fikir xüsusi vurğulanmışdır ki, hesabat ili prokurorluq orqanları üçün də uğurlu olmuşdur. Ötən il Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə və məhkəmə orqanları ilə əlaqəli şəkildə müstəqil dövlətçiliyimizin maraqlarının və ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa, ilk növbədə, onun mütəşəkkil təzahürlərinə qarşı qətiyyətli mübarizənin təşkili, cinayət təqibi çərçivəsində vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmini sahəsində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Görülmüş işlər müsbət nəticələrini vermişdir. Prokurorluq orqanlarının bütün səyləri, ilk növbədə, Prezident İlham Əliyevin rəhbər göstərişlərinə müvafiq olaraq qarşıda  duran  vəzifələrin layiqli icrasına, prokurorluğun hərtərəfli müasirləşdirilməsi məqsədlərinə xidmət edən islahatların yüksələn templərlə davam etdirilməsinə, "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə işin səmərəliliyinin hərtərəfli artırılmasına  istiqamətləndirilmişdir.

Dövlət başçısı İlham Əliyevin 2008-ci il 27 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın icrası yekunlaşdırılmışdır. Prokurorluq orqanlarına dövlət səviyyəsində yüksək qayğı və diqqətin təzahürü olmaqla, fəaliyyətimizin bütün sahələrini əhatə edən Dövlət Proqramı Azərbaycan Prokurorluğunun tarixində hərtərəfli inkişaf və müasirləşdirilmə dövrünün əsasını qoymuşdur. 2009-2011-ci illər ərzində həyata keçirilən tədbirlər nəticəsində prokurorluq orqanlarının fəaliyyəti və strukturu hərtərəfli təkmilləşdirilmiş, maddi-texniki təminat müasir standartlar səviyyəsində yaxşılaşdırılmış, işçilərin sosial müdafiəsi daha da gücləndirilmişdir. Prokurorluğun işində yeni elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmuş və mərkəzləşdirilmiş informasiya-kommunikasiya sistemi yaradılmış, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyi yüksəldilmişdir.

Dövlət Proqramının icrası qaydasında yeni yaradılan Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən bir sıra mühüm proqramlar, o cümlədən "Xüsusi məlumat" informasiya sistemi, "Azərbaycan Respublikasında qeydə alınmış cinayət xarakterli məlumatlar üzrə cinayət təqibinin nəticələrinə dair" ("E-Cinayət") məlumat sistemi yaradılmış, "İmtahan" informasiya sistemi vasitəsilə prokurorluq əməkdaşlarının hazırlıq səviyyəsinin test üsulu ilə yoxlanılması həyata keçirilmişdir. Hüquqi təminat və informasiya idarəsinin İnformasiya texnologiyalarının tətbiqi xidmətinin imkanlarından istifadə olunmaqla, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması istiqamətində məqsədyönlü işlər görülmüş, "Elektron hökumət" layihəsi çərçivəsində Baş Prokurorluqda "Elektron Sənəd Dövriyyəsi" Proqramının yaradılmasının ilkin mərhələsi başa çatdırılmış, cari ilin əvvəlindən etibarən kağız dövriyyəsi ilə paralel sistemin real fəaliyyətinə başlanılmışdır. İnformasiya texnologiyalarının bu yeni metodunun Baş Prokurorluğun bütün qurumlarında hərtərəfli mənimsənilməsi və tətbiqi, sistemin normal fəaliyyətinin təmin olunması, mərhələ-mərhələ Bakı şəhər, respublika tabeliyində olan rayon və şəhər prokurorluqlarının sistemin işinə cəlb edilməsi barədə tapşırıqlar verilmişdir.

Prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənməsinin müasir dövrün tələblərinə uyğun yeniləşdirilməsi sahəsində həyata keçirilmiş tədbirlərə uyğun olaraq, son üç il ərzində Baş Prokurorluq üzrə  "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin təşkili məsələlərini tənzimləyən 47 əmr, 15 təlimat və qaydalar icraya yönəldilmişdir. Normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində görülmüş işlərin nəticəsi olaraq "Azərbaycan Respublikası Baş Prokurorunun əsas əmr və göstərişləri" adlı kitabın  yeni nəşrinin çapdan çıxması müsbət işlər kimi qiymətləndirilmişdir.

Son üç ildə 6 tabe prokurorluq üçün yeni inzibati binaların  tikilmiş, 20-dən çox rayon və şəhər prokurorluğunda əsaslı təmir işləri aparılmış, 17 struktur qurum üçün inzibati binaların layihələndirilməsi və tikintisinə başlanılmışdır. Hazırda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi üçün Bakı şəhəri, İ.Dadaşov küçəsində 3450 kv.m ərazisi, iki hissədən ibarət müasir və milli ornamentlərlə zəngin, yeni informasiya texnologiyalarının geniş tətbiqi üçün imkanları olan inzibati binanın tikintisi yekunlaşmaq üzrədir. Bütün bu işlər, eləcə də avtomobil parkının yeniləşdirilməsi məqsədilə xidməti istifadə üçün 49, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun ehtiyacları üçün isə 8 müxtəlif markalı avtomaşınların, habelə 10 müasir kriminalistika avtomobillərinin alınması üçün həyata keçirilən tədbirlər müsbət dəyərləndirilmişdir.

Eyni zamanda, Prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətlərini müəyyənləşdirən uzunmüddətli proqram və islahat tədbirlərinin fundamental əsası kimi mühüm əhəmiyyətə malik  olan "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın hazırda icra mərhələsində olan tədbirlərin gündəlik nəzarətdə saxlanılması, onların yekunlaşdırılması istiqamətində konkret işlərin görülməsi barədə tapşırıqlar verilmişdir.

Mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürü kimi korrupsiya və rüşvətxorluğa  qarşı mübarizənin yeni müstəvidə daha səmərəli təşkili 2011-ci ildə Azərbaycan Prokurorluğunun qarşısında duran əsas vəzifələrdən biri olduğu diqqətə çatdırılmışdır. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin strukturunun daha da təkmilləşdirilməsi, yeni məzmunlu mütəxəssislər qrupunun yaradılması,  idarəyə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətlərinin verilməsi, işçilərin ümumi sayı və aylıq vəzifə maaşlarının əhəmiyyətli dərəcədə artırılması, korrupsiya halları ilə rastlaşan vətəndaşların müraciətlərinə təxirəsalınmadan baxılması məqsədlərinə xidmət edən "161 - Qaynar xətt" əlaqə mərkəzinin yaradılması Azərbaycan Prezidenti tərəfindən göstərilən qayğının və dövlət dəstəyinin təzahürü kimi qiymətləndirilmişdir.

 Ötən il idarə tərəfindən rüşvətlə bağlı, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və bu xarakterli digər faktlar üzrə 229 şəxs barəsində 142 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün müvafiq məhkəmələrə göndərilmişdir.  "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olan vətəndaş müraciətləri üzrə operativ tədbirlər görülməklə vəzifəli şəxslərin korrupsioner fəaliyyətləri ilə bağlı 27 cinayət işi başlanmış, idarənin fəaliyyətinin  Avropa standartlarına uyğun təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, digər dövlətlərin hüquq-mühafizə və ixtisaslaşdırılmış antikorrupsiya qurumları ilə əməkdaşlıq əlaqələri qurulmuşdur. "Tvinninq Proqramı" çərçivəsində Avropa İttifaqının  ekspertləri ilə birgə hazırlanmış və Litva Respublikasının Xüsusi İstintaq Xidməti ilə birgə həyata keçirilən "Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə dəstək" layihəsinin uğurla başa çatdırılması kimi tədbirlərin əhəmiyyəti diqqətə çatdırılmışdır.

"Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında" Azərbaycan Prezidentinin 2009-cu il 22 iyun tarixli fərmanının qeyd-şərtsiz icrası prokurorluq orqanlarının qarşısında duran əsas vəzifələrdən biri kimi müəyyənləşdirilmişdir. Baş Prokurorluğun əlaqədar qurumları və bütün tabe prokurorlara həmin fərmanın və Baş Prokurorluq üzrə müvafiq əmrin yerinə yetirilməsi istiqamətində zəruri işlərin davam etdirilməsi, aşkarlanan korrupsiya hüquqpozmaları üzrə qətiyyətli tədbirlərin görülməsi və qabaqlayıcı tədbirlərin səmərəliliyinin, sahibkarlıq subyektlərinin fəaliyyətinə müdaxilələrin və əsassız yoxlamaların qarşısının alınması  barədə tapşırıqlar verilmişdir.

Nazirlər Kabinetinin cari il yanvarın 16-da keçirilmiş iclasında korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha da  gücləndirilməsi barədə  dövlət başçısı İlham  Əliyevin verdiyi tapşırıqlara müvafiq olaraq, 2012-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi, əlaqədar struktur qurumlar və tabe prokurorluqlar tərəfindən digər hüquq-mühafizə orqanları ilə əlaqəli  şəkildə daha geniş miqyasda korrupsiya və rüşvətxorluğa qarşı qətiyyətli və sistemli mübarizə aparılması, mütəşəkkil cinayətkarlığın bu təhlükəli təzahürlərinin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin təmin olunması barədə tapşırıqlar verilmişdir.

Ötən il ədalət mühakiməsinin həyata keçirilməsində prokurorluğun iştirakının əsas sahəsi kimi dövlət ittihamının müdafiəsi işinin düzgün təşkili istiqamətində də bir sıra məqsədyönlü tədbirlərin reallaşdırıldığı, bu mühüm sahə üzrə müsbət iş göstəricilərinə nail olunduğu, Dövlət Proqramının tələblərinə müvafiq qaydada kadr tərkibinin müasir tələblərə uyğun işləmək bacarığına malik əməkdaşlar hesabına mütəmadi yeniləşdirildiyi,  məhkəməyə qədər və məhkəmə baxışı mərhələlərində yol verilmiş çatışmazlıqların aradan qaldırılması sahəsində işin səmərəliliyinin artırıldığı, hesabat ilində peşəkarlıq səviyyəsində fəaliyyətlərinə görə 10 nəfər əməkdaşın xidməti qaydada fərqləndirildiyi  diqqətə çatdırılmışdır. İdarə tərəfindən "Dövlət ittihamçısının məlumat kitabçası" və "Dövlət ittihamçılarının nümunəvi ittiham nitqləri" kimi əyani tədris vəsaitlərinin hazırlanması müsbət hal kimi dəyərləndirilmişdir. Qeyd edilənlərlə yanaşı, dövlət ittihamçılarının aşkar edilmiş pozuntular üzrə xüsusi qərarların çıxarılmasında təşəbbüskarlığının artırılması, əsassız, formal əsaslara və subyektiv meyarlara görə protestlər verilməsi hallarının qarşısının alınması, dövlət ittihamının müdafiəsi işinin keyfiyyətinə mənfi təsir göstərən hal kimi, cinayət işlərinin əvvəlcədən öyrənilməməsi kimi qüsurların aradan qaldırılması və işin səmərəliliyinin artırılması barədə tapşırıqlar verilmişdir.

Kollegiya iclasında vurğulanmışdır ki, Prezident İlham Əliyevin siyasi iradəsinə müvafiq olaraq, müraciətlərə baxılması və vətəndaşların qəbulu işini fəaliyyətinin prioriteti kimi müəyyənləşdirən Azərbaycan Respublikası Prokurorluğu 2011-ci il ərzində bu istiqamətdə real nəticələri olan tədbirlər həyata keçirmişdir. Bütün instansiyalarda müraciətlərə mahiyyəti üzrə obyektiv baxılması və vətəndaşların prokurorluq orqanlarında təxirəsalınmadan maneəsiz qəbulunun təmin olunması ilə əlaqədar zəruri işlər görülmüşdür. Bu sahədə işin düzgün təşkili məsələlərini tənzimləyən tam yeni məzmunlu əmr verilmiş, Müraciətlərə Baxılması İdarəsinin strukturu təkmilləşdirilməklə onun tərkibində Qəbul şöbəsi yaradılmışdır. Lakin bu sahədə çatışmazlıqların hələ də mövcudluğu diqqətə çatdırılmaqla tələb edilmişdir ki, müraciətlərə baxılması və vətəndaşların qəbulu işi gündəlik nəzarətdə saxlanılmaqla, həmin fəaliyyət istiqaməti üzrə işin düzgün təşkili, bu sahəyə cavabdeh əməkdaşların məsuliyyətinin artırılması təmin olunsun.

Diqqətə çatdırılmışdır ki, 2011-ci ildə prokurorluq orqanlarında şəffaf və obyektiv meyarlara əsaslanan kadr siyasəti davam etdirilmişdir. Dövlət Proqramında nəzərdə tutulmuş tapşırıqların icrası nəticəsində bu sahədə uğurlara, kadrların seçilib yerləşdirilməsi və vəzifədə irəli çəkilməsi, onların fəaliyyətinin düzgün qiymətləndirilməsi, tərkibinin gənc hüquqşünaslar hesabına mütəmadi yeniləşdirilməsi və onların hazırlıqlı mütəxəssislər kimi formalaşdırılması işinin təşkilində müsbət göstəricilərə nail olunmuşdur. Ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasətinə   müvafiq olaraq, ötən ildə ədalətli və şəffaf prosedurlar əsasında gənc kadrların prokurorluqda qulluğa sayca 10-cu qəbulu həyata keçirilmişdir. Bu prosesdə uğur qazanaraq Ədliyyə Akademiyasında icbari təhsil almış 108 gənc hüquqşünasın prokurorluqda qulluğa qəbul edilmələri, onların tabe qurumlara təyinatlarının aparılması, ümumilikdə 2002-ci ildən başlayaraq bu yolla işə qəbul edilənlərin prokurorluğun kadr tərkibinin 50 faizini təşkil etməsi yüksək qiymətləndirilmişdir.

Qeyd edilmişdir ki, hesabat dövründə prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, ciddi nizam-intizam yaradılmaqla prinsipiallıq və neqativ hallara münasibətdə barışmazlıq şəraitinin formalaşdırılmasının nəticəsi olaraq, 68 əməkdaş intizam qaydasında cəzalandırılmış, 40 nəfərə şiddətli töhmət və töhmət elan olunmuş, 9 əməkdaş tutduğu vəzifədən azad edilmiş, prokurorluqda xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə 4 əməkdaş prokurorluq orqanlarından xaric olunmuşdur. Baş Prokurorluğun əlaqədar struktur qurumları və tabe prokurorlardan, bundan sonra da bütün mənfi təzahürlərə qarşı barışmaz mübarizəni qətiyyətlə davam etdirilməsi, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, möhkəm nizam-intizam yaradılması məsələlərində prinsipiallığın artırılması tələb edilmişdir.

İclasda prokurorluğun digər hüquq-mühafizə orqanları, ilk növbədə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə qarşılıqlı əlaqəli birgə fəaliyyətinin nəticəsi olaraq cinayətkarlığa və onun mütəşəkkil təzahürlərinə  qarşı mübarizə yeni müstəviyə qaldırılmaqla bu sahədə uğurların əldə edildiyi xüsusi vurğulanmışdır.  Bildirilmişdir ki, əvvəlki hesabat dövrü ilə müqayisədə respublika üzrə qeydə alınmış ağır və xüsusilə ağır, o cümlədən qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd, qəsdən sağlamlığa az ağır zərər vurma, seksual xarakterli zorakılıq hərəkətləri, quldurluq və hədə-qorxu ilə tələb etmə cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azalmışdır. Banditizm və cinayətkar birlik yaratma, adamları girov götürmə kimi cinayətlər, ümumiyyətlə, qeydə alınmamış, törədilmiş 24263 cinayətin 82,9 faizi açılmışdır. Daxili işlər orqanları ilə birlikdə aparılmış məqsədyönlü istintaq və əməliyyat-axtarış  tədbirləri nəticəsində əvvəlki illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan 246, o cümlədən 51 ağır və xüsusilə ağır cinayətlər açılmışdır. Keçmiş illərdə törədilməklə bağlı qalan 2 qəsdən adam öldürmə cinayətinin, o cümlədən Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat qurumları ilə əlaqəli şəkildə Gəncə şəhər sakini B.Nəsirovun 2006-cı il iyulun 2-də Göygöl rayonu Çaykənd kəndi ərazisində, habelə 2008-ci il martın 1-də A.Juravlyovun Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində qəsdən öldürülmələri kimi ağır cinayətlərin üstü açılmış və hər iki iş üzrə istintaq yekunlaşdırılmaqla təqsirləndirilən şəxslər məhkəmə məsuliyyətinə verilmişdir.

Ötən il prokurorluğun fəaliyyətinin əsas istiqamətlərindən olan istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin aparılan islahatlara müvafiq olaraq yeni müstəvidə təşkili istiqamətində görülən işlərin müsbət nəticələri olmuş, il ərzində bütün istintaq orqanları üzrə 15661 cinayət işinin istintaqı yekunlaşdırılmaqla ittiham aktları təsdiq olunan 9650 iş məhkəmələrə göndərilmişdir. Ümumi müddət pozuntusu ilə istintaq olunma faizi 7,7-ə bərabər olmuş, cinayət işləri üzrə maddi ziyan ödətdirilməsi ilə əlaqədar səmərəli tədbirlər həyata keçirilmiş, istintaq üzərində prokuror nəzarəti daha da gücləndirilmişdir. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları tərəfindən  çoxsaylı ağır və xüsusilə ağır cinayətlərin peşəkarlıq səviyyəsində istintaqı aparılmışdır. Belə ki, 2010-cu ilin sentyabrında Lənkəran rayonunun Qumbaşı kənd sakini Elşən Hüseynovun odlu silahdan açılmış atəşlə öldürülməsi və digər şəxsə xəsarətlər yetirilməsi, 2011-ci ilin iyul ayında "Azər-Ross" MTK-nın həmtəsisçisi Ə.Piriyevin öldürülməsi və mühasibin qəsdən öldürülməsinə cəhd edilməsi faktları üzrə də idarə əməkdaşları tərəfindən keyfiyyətli istintaq aparılmış və qanunauyğun tədbirlər  görülmüşdür. 

Bakı şəhər prokurorluğu orqanları tərəfindən də fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması və cinayətkarlığa qarşı kəsərli mübarizənin təmin olunması istiqamətində məqsədyönlü tədbirlər görülmüşdür. Nərimanov rayonu ərazisində ər-arvad Əkbərovların qətlə yetirilmələri, Nəsimi rayonunda xəbərsiz itkin düşmüş Reyhan İsgəndərlinin meyitinin Xızı rayonu ərazisində aşkar edilməsi  kimi xüsusilə ağır cinayətlərin açılması, konkret cinayət işləri üzrə peşəkarlıq səviyyəsində istintaq aparıldığı müsbət hal kimi dəyərləndirilmişdir. Peşəkar istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində  Sumqayıt şəhərində İlyas Vahabovun yaşadığı binanın qarşısında naməlum şəxslər tərəfindən öldürülməsi, Siyəzən rayonu ərazisində naməlum kişi meyitinin aşkar edilməsi, Şirvan şəhərində Azər Məmmədovun və Xaçmaz rayonunda Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rayon şöbəsinin əməkdaşı Cümşüd Xudaverdiyevin qəsdən öldürülmələri hadisələrinin açılması və başlanmış cinayət işlərinin peşəkarlıq səviyyəsində istintaqının aparılması  xüsusi vurğulanmışdır.

Kollegiya iclasında görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunmuşdur. İstintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol verilən çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması   üçün konkret tapşırıqlar verilmişdir. Baş Prokurorluğun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə 2011-ci ilin nəticələrinə görə artımı müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin layiq olduqları məsuliyyətə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi vurğulanmışdır.

Hesabat ilinin nəticələrinə görə 18 qəsdən adam öldürmə cinayətinin, o cümlədən Bakı şəhərinin Xətai rayonunda 3, Yasamal rayonunda 2, Qaradağ, Səbail və Binəqədi rayonlarının hər birində 1, habelə Gəncə şəhəri və Ağdam rayonunun hər birində 2, Sumqayıt şəhər, Zaqatala, Neftçala, Tovuz, Şəmkir və Astara rayonlarının hər birində 1 belə cinayətin bağlı qalması bu sahədə fəaliyyətin qüsurları kimi qiymətləndirilmiş, həmin hadisələrin açılması üçün təxirəsalınmaz tədbirlərin  görülməsi barədə tapşırıqlar verilmişdir.

Vəzifə borcuna xəyanət etməklə, 2010-cu il noyabrın 11-də Göygöl rayonunun Topalhəsənli kəndi ərazisindən keçən "Gəncə" çayının sahilində kənd sakini Gülavat Namazovanın üzərində çoxsaylı xəsarətlər və zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsinə baxmayaraq, törədilmiş qəsdən adam öldürmə cinayətinin başqa ad altında qeydiyyata alınması ilə faktiki olaraq cinayətin uçotdan gizlədilməsinə yönəldilmiş qanunsuz hərəkətlərə yol vermiş  Göygöl rayon prokuroru Füzuli Əliyev və prokurorluğun müstəntiqi Babək Paşayevin vəzifədən azad edilmələri barədə əmrdən bütün prokurorlar və istintaq işçilərinin  çox ciddi nəticə çıxarmalı olduqları diqqətə çatdırılmışdır.

İstintaq işinin keyfiyyətinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin zəruri tələblər səviyyəsində təşkili üçün ciddi təminatlar yaradan Baş Prokurorluq üzrə "Prokurorun ibtidai araşdırmaya prosessual rəhbərliyinin səmərəliliyinin artırılması, istintaq və təhqiqat üzərində nəzarətinin gücləndirilməsi və bu sahədə işin daha da təkmilləşdirilməsi haqqında" 2010-cu il 28 iyul tarixli 10/70 saylı  yeni əmrin tələblərinə qeyd-şərtsiz əməl olunması, habelə həmin əmrin daha da təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlərin  görülməsi barədə  konkret tapşırıqlar verilmişdir.

Dövlət başçısı İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın icrası ilə əlaqədar qısa müddət ərzində Tədbirlər Planının işlənilib hazırlanması və təsdiqindən sonra onun icrası istiqamətində zəruri tədbirlərin görülməsi barədə müvafiq qurumlara göstərişlər verilmişdir.

Kollegiya iclasında vurğulanmışdır ki, 2011-ci ildə Azərbaycan Respublikasının hərbi prokurorluq orqanları tərəfindən fəaliyyət istiqamətləri üzrə işin səmərəli təşkili, cinayətkarlığa və qanun pozuntularına qarşı mübarizənin gücləndirilməsi, hərbi qanunvericiliyin tələblərinin pozulması hallarının qarşısının alınması, xidməti, icra və əmək intizamı möhkəmləndirilməklə tapşırılan işə görə əməkdaşların məsuliyyətinin artırılması, Dövlət Proqramına müvafiq olaraq hərbi prokurorluğun işinin müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlərin icrası təmin olunmuşdur. Dağlıq Qarabağ və Azərbaycan Respublikasının işğal olunmuş digər ərazilərində qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətlərinin istintaqı ilə əlaqədar Hərbi Prokurorluğun xüsusi istintaq şöbəsi tərəfindən 2011-ci ildə böyük həcmdə işlər görülmüşdür.

Naxçıvan Muxtar Respublikası Prokurorluğu tərəfindən 2011-ci ildə muxtar respublika ərazisində cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, fəaliyyət istiqamətləri üzrə işin müasir tələblər səviyyəsində daha da təkmilləşdirilməsi, yaradılmış yüksək tələbkarlıq və prinsipiallıq şəraitinin nəticəsi olaraq müsbət iş göstəricilərinə nail olunması, qeydə alınmış bütün cinayətlərin, o cümlədən keçmiş illərdən bağlı qalan 18 hadisənin açılması, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin, müraciətlərə baxılması və vətəndaşların qəbulu, kadr işinin düzgün təşkili üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsi təqdirəlayiq hal kimi qiymətləndirilmişdir.

 Diqqətə çatdırılmışdır ki, Azərbaycan Respublikasının dünya dövlətləri birliyinə inteqrasiyası proseslərinin daha da dərinləşməsi, ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi kimi tarixi əhəmiyyətli beynəlxalq uğurun qazanılması ilə səciyyələnən 2011-ci ildə milli prokurorluq orqanları tərəfindən digər dövlətlərin prokurorluqları, hüquq-mühafizə orqanları və nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da genişlənmişdir. Ölkəmizin beynəlxalq öhdəliklərdən irəli gələn hüquqi yardım və ekstradisiya məsələlərinin icrası istiqamətində, habelə bir sıra digər sahələrdə real nəticələri olan tədbirlər həyata keçirilmişdir.

Baş prokurorun müavini-respublika hərbi prokuroru Xanlar Vəliyev, baş prokurorun müavini Namiq Əsgərov, Bakı şəhər prokuroru Əziz Seyidov və digər natiqlərin çıxışlarında 2011-ci il ərzində görülmüş işlər barədə ətraflı məlumatlar verilmişdir. "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin daha da artırılması, prokurorluq orqanlarının işinin müasir məzmunda təkmilləşdirilməsinə yönəldilmiş konkret təkliflər irəli sürülmüşdür.

Kollegiya iclasına yekun vuran baş prokuror Zakir Qaralov ümidvar olduğunu bildirmişdir ki, fəal vətəndaşlıq mövqeyi və xidməti vəzifələrinin icrasına vicdanlı münasibət nümayiş etdirməklə 20 illik tarixi olan dövlət müstəqilliyimizin və suverenliyimizin müdafiəsi istiqamətində səlahiyyətləri daxilində bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin edən Azərbaycan Respublikası Prokurorluğunun kollektivi bundan sonra da əlaqədar dövlət təsisatları ilə birlikdə ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi məqsədləri naminə öz xidmətlərini göstərəcəkdir. 

 

 

Azərbaycan.- 2012.-4 fevral.- S.  5.