Mənalı ömür yolunun ibrətamiz
səhifələri
Akademik Asəf Nadirovun
"Həyat insanlara xidmət edəndə
və onlara səmimi olanda
daha mənalı və cəlbedici olur" adlı yeni
kitabı barədə mülahizələr
Əməkdar elm xadimi, akademik Asəf Nadirovu uzun illərdən bəri yaxından tanıyan, onunla ünsiyyətdə olan, həyat və elmi yaradıcılıq yolunu müşahidə edən həmkarları kimi, tam səmimi olaraq deyirik ki, onun müəllifliyi ilə belə bir kitabın ərsəyə gələcəyinə inanırdıq. Qəlbimizin ən dərin guşələrində olsa da, ümid edirdik ki, özünün qeyd etdiyi kimi, yaşadığı uzun və mənalı ömür yolunun zəngin hadisələrlə dolu maraqlı anlarını, bugünkü və gələcək nəsillərə örnək olası həyat səhifələrini ömrünün 50 ildən çoxunu sərf etdiyi elmi yaradıcılıqdan - quru akademik üslublu yazılarından sonra bədii-publisistik ovqatda qələmə alacaq, ilk növbədə də Vətəninə və xalqına xidmətdə keçən ömür yolunun naməlum qatlarını bütün cəmiyyət üçün açıqlayacaqdır.
Əslində, burada "naməlum qatlar" ifadəsi o qədər də yerinə düşmür, çünki Asəf müəllimin bütün həyatı onu əhatə edən insanların gözü qabağında keçib, müəllifin öz dili ilə desək, "Ömrümün və bəxtimin ən böyük uğurlarından biri yəqin budur ki, ilk gənclik illərindən başlayaraq, demək olar, bütün şüurlu həyatım boyu həmişə son dərəcə nəcib və xeyirxah insanlarla ünsiyyətdə və onların əhatəsində olmuşam. Onların yaşadıqları və təqlid olunmağa layiq ömür yollarının canlı şahidi olduğum çoxlu əməli-saleh işləri və davranışları mənim əsl həyat məktəblərimdən olub. Bu əsilli adamların yüksək insani keyfiyyətlərindən görüb-götürdüklərimdən savayı, həm də onlar tərəfindən əqidəmdən irəli gələn davranışıma və rəftarıma göstərdikləri münasibətlərində ifadə olunan məmnunluq kimliyimi dərk etməyə, habelə əxlaqi və mənəvi aləmimdən razılıqları məndə müəyyən xatircəmlik və əminlik yaratmışdır".
Akademik A.Nadirovun bir insan və alim olaraq görüb-götürdüyü və seçdiyi həyat tərzi, haqq, ədalət, insaf və insanlıq naminə atdığı və başqaları tərəfindən etiraf edilən, təqdir edilən xeyirxah addımları onun özünün belə bir düşüncəsindən irəli gəlmişdir ki, adamların hamısı çox yüksək insani keyfiyyətlərin daşıyıcısıdırlar: "Mən həmişə insanlara çox inanmışam, bəzən hətta bundan ziyan çəkməyimə baxmayaraq, yenə də xasiyyətimə hakim kəsilmiş bu duyğular məni heç vaxt tərk etməmişdir", - deyə məhz bu inamla da onlarla ünsiyyətdə hər bir fərdə xas olan yaxşı cəhətləri görməyə çalışmış, bu davranış tərzi də həyatda hamı ilə ehtiramlı münasibətlər qurmasına səbəb olmuşdur.
1956-cı ildə Moskvada SSRİ Elmlər Akademiyasının aspiranturasını bitirməyə üç ay qalmış namizədlik dissertasiyasını müdafiə edərək Vətənə qayıtdıqdan sonra dərhal və özünün də qeyd etdiyi kimi, çox sürətlə akademiyada vəzifə iyerarxiyasında pillə-pillə qalxan, müxtəlif vaxtlarda tez-tez respublika miqyaslı məsul vəzifələrə dəvət alan A.Nadirov bunların səbəbini qulluq borcuna məsuliyyətlə yanaşmaq və əməksevərliklə yanaşı, özündə Tanrı payı hesab etdiyi hamıya hörmətlə yanaşmağı və cəmiyyət tərəfindən qəbul edilən sadə həyat tərzinin taleyinə göstərdiyi böyük təsirlə əlaqələndirir. Eyni zamanda, tam əsasla demək olar ki, bu gün Azərbaycan cəmiyyətində böyükdən-kiçiyə istisnasız olaraq hamının əsl insan və əsl alim kimi qəbul etdiyi akademik A.Nadirovun vətəndaş və şəxsiyyət kimi yetişməsində onun nəsil şəcərəsi, əsli-nəsli böyük rol oynamışdır. Müəllif kitabında bu barədə fəxrlə belə yazır: "Mən ilk növbədə özümü ona görə çox xoşbəxt adam sayıram ki, soykökümə məxsus mənəvi-etik ənənələrdən barınmışam, onların bariz nümunəsi kimi atamın ləyaqətlə və vicdanla yaşadığı həyat örnəyi, daima göz qabağımda canlanan ibrətamiz əməlləri mənim cəmiyyətdə yararlı bir insan kimi böyüməyimdə əvəzsiz rol oynamışdır".
Şübhəsiz ki, buradaca A.Nadirovun nəsil şəcərəsinə nəzər salmaq, xüsusilə atası Abbasqulu Allahverdi oğlu barədə bir neçə kəlmə söyləmək yerinə düşər. Müəllifin özü atası haqda çox az, xəsisliklə söz açır, lakin elə bu yığcam sətirlərdən də aydın olur ki, ata tərəfdən Nadir şah nəslinin bir qoluna mənsub olan və 77 il ömür sürən Abbasqulu Nadirov, çoxları kimi, "sovet hakimiyyətinin varlığının ilk günlərindən onun gətirdiyi yenilikləri böyük şövqlə qarşılayaraq ömrünün axırına qədər heç bir tərəddüd etmədən bu quruluşa dərin inamla bağlı olmuş", "sovet hakimiyyətinin ilk dövrlərində bir müddət təhlükəsizlik xidməti orqanlarında işlədikdən sonra əsasən partiya sistemində müxtəlif vəzifələrdə fəaliyyətini davam etdirmişdir": o cümlədən indiki Şərur və Ordubad rayon partiya komitələrinin birinci katibi işləmiş, həmin rayonların sosial-iqtisadi yüksəlişi, maarif və mədəniyyətinin inkişafı, tikinti-abadlaşdırma işlərinin aparılması, bütün Naxçıvanda məşhur olan Zəvvar suvarma arxının, su kəmərlərinin, elektrik xətlərinin çəkilməsi, yolların salınması və s. üçün var qüvvəsini sərf etmişdir.
Müəllif bu faktların obyektiv təsdiqi kimi, Abbasqulu Allahverdi oğlu barədə "Naxçıvan" ensiklopediyasından, "Elm" nəşriyyatı tərəfindən nəşr edilmiş "Naxçıvan iqtisadiyyatı XX əsrdə" monoqrafiyasından və "Əlincə yaddaşı. Naxçıvan 1914-1972" kitabından, coğrafiya elmləri doktoru, professor Ə.Əyyubovun dövri mətbuatda çap olunmuş məqaləsindən müəyyən parçaları, habelə şair C.Cavadlının eksklüziv xatirəsini öz kitabına daxil etmişdir. Həmçinin, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan M.S.Ordubadinin Abbasqulu Nadirova ünvanladığı və AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun arxivində saxlanılan iki məktub da təsdiqləyici mənbə kimi əvəzsizdir. Həmin məktublarda böyük yazıçı "Əziz və möhtərəm dostum" adlandırdığı Abbasqulu Allahverdi oğlunu bir insan və rəhbər-təşkilatçı kimi belə xarakterizə edir: "Sən gedəndən sonra yanımda olanlara dedim: -- Sizin bir çoxunuz yoldaş Nadirovdan razı qalmayacaqsınız. Çünki bunun iş metodu bolşevikcəsinədir. O sizdən doğruluq, düzlük tələb edəcəkdir. Yalançılar və demoqoqlarla mübarizə aparacaqdır. Tənbəlliyə yol verməyəcəkdir", "Sizdə rəhbərlik vicdanı və rəhbərlik damarı vardır. Sizin Ordubadda apardığınız islahat və xalqı... zəhmətin ətrafında təşkil etməyiniz Sizin qiymətinizi təyin etdi".
Şübhəsiz ki, belə yüksək mənəvi keyfiyyətlərə malik bir insanın ailəsində tərbiyə alıb boya-başa çatan, baba və nənələrindən daha çox mərifətli olmaq, böyüklərə hörmət göstərmək, zəifləri müdafiə etmək, yalan danışmamaq, Allaha qəlbən itaət etmək (ateizmin tüğyan etdiyi bir zamanda!), həyatda özünü ləyaqətlə aparmaq və s. barədə əxlaq dərsləri alan Asəf Nadirov həyatının sonrakı dövrlərində onu əhatə edən insanlar arasında məhz ilkin uşaqlıq və gənclik illərində əxz etdiyi mənəviyyat əsasında seçilmiş, yüksəlmiş və şan-şöhrət sahibi olmuşdur. Bütün bunlar barədə müəllif kitabın "Arxada qalan ömrümün çox da tam olmayan səhifələri", "Bütövlükdə ilk gənclik illərim çox solğun keçsə də, hər halda bu həyatı mən yaşamışam" və "Tələbəlik illəri insanın kamilləşməsinin ən məsul dövrüdür" adlı bölümlərində ətraflı söhbət açır, xüsusən tələbəlik dövründə və əmək fəaliyyətinin ilk illərində özünün dünyagörüşünün formalaşmasında və ümumi inkişafında müstəsna rol oynamış tarixi şəxsiyyətlərlə tanışlıq və ünsiyyətlərini minnətdarlıq hissi ilə xatırlayır:
"Tələbəlik illərimin son dövrlərində xalqımızın əzəmətli yazıçısı Süleyman Rəhimovun ailəsinin ən yaxın adamlarından biri idim", "onun evində bütün bayramlar və başqa münasibətlərlə əlaqədar tez-tez yığıncaqlar olurdu. Mən bu qonaqlıqlarda Səməd Vurğun, Mirzə İbrahimov, Əli Vəliyev və başqa görkəmli ədiblərimizlə bir masanın ətrafında oturub onların maraqlı söhbətlərini, başlarına gələn məzəli hadisələri və zarafatlarını eşidirdim";
"Tələbəlik illərində mən vaxtaşırı Məmməd Səid Ordubadinin də evinə gedirdim... Böyük ədib xüsusi maraqla mənim təhsilimin gedişi barədə müxtəlif suallar verirdi... Mən bu evdə tez-tez bir yerdə, bəzən ayrı-ayrılıqda Mirzə İbrahimovu, Süleyman Rüstəmi, Bülbülü görürdüm. Onlar da mənə çox dəyərli məsləhətlər verirdilər";
"Artıq 60 ildən çoxdur ki, Elmlər Akademiyasında fasiləsiz işlədiyim dövrdə bu nəcib və şərəfli insanların bir çoxunun, xüsusən də Yusif Məmmədəliyevin mənim taleyimə göstərdikləri diqqət və qayğı qəlbimdə həmişəyaşar dərin minnətdarlıq hissləri yaratmışdır...".
Eləcə də o vaxtkı Azərbaycan Dövlət Universitetinin rektoru, professor Cəfər Xəndan Hacıyev, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Nəzər Heydərov və Ali Sovetin Rəyasət Heyətinin katibi Səftər Cəfərov, Y.H.Məmmədəliyevdən sonra Azərbaycan Elmlər Akademiyasının prezidenti olmuş Musa Əliyev, habelə qeyri-azərbaycanlılar - SSRİ EA-nın baş elmi katibi A.V. Topçiyev, A.Nadirovun elmlər namizədi dissertasiyasının elmi rəhbəri olmuş professor P.M.Alampiyev...
Bu insanların hər biri həm şəxsi nümunəsi və həm də müdrik məsləhətləri ilə neçə-neçə insan kimi, gənc A.Nadirovun da öz imkanlarını düzgün qiymətləndirərək və mənəvi saflığını qoruyaraq həyatda və elmdə özünəməxsus bir yolla irəliləməsinə, pillə-pillə ucalmasına, son nəticədə kamil bir insan kimi indiki müdriklik zirvəsinə ucalmasına birbaşa və ya dolayısı yardımçı olmuşlar. Akademik Asəf Nadirovun özünün mənəvi müəllimlərindən əxz etdiyi yüksək əxlaqi keyfiyyətlər isə millətimizin və elmimizin yeni-yeni nəsillərinin yetişməsinə xidmət etmişdir. "Həyat insanlara xidmət edəndə və onlara səmimi olanda daha mənalı və cəlbedici olur" kitabının "Elmlər Akademiyasında işləmək seçimim həyatımın ən böyük uğurudur", "İnsan həyatda öz imkanlarını düzgün qiymətləndirməyi və mənəvi saflığını qorumağı bacarmalıdır", "Daima təəssüratlandığım səmimi və xoş insan münasibətləri mənim üçün həyatda hər şeydən qiymətlidir" və " Bəzi insanlar dünyaya dərin bağlılıqları ilə onu daha da gözəlləşdirmək əvəzinə sanki bu ecazkar varlığın mənasızlığına eyhamlı münasibət bəsləyirlər" adlı bölümlərində bütün bunlar barədə yığcam şəkildə, eyni zamanda konkret həyati faktlarla bəhs olunur.
Asəf müəllimin elmi və ictimai fəaliyyəti barədə də kitabda zəngin məlumatlar vardır, lakin indiki halda biz həmin məlumatlardan deyil, onun qibtəediləsi insani keyfiyyətlərə sahib olmasına dəlalət edən bir-iki faktı müəllifin öz yozumunda misal gətirməklə kifayətlənəcəyik.
Birinci misal: "Anadan olmağımın 60 və 70-ci ildönümləri münasibətilə Elmlər Akademiyasının Rəyasət Heyətinin müxtəlif yubiley tədbirləri keçirmək məqsədilə qəbul etdiyi qərarlardan istifadə edərək həmkarlarım və çoxlu başqa ziyalılar yubiley tədbirləri keçirməyin hazırlıq işlərinə başladılar. Bundan xəbər tutan kimi mən dərhal və qəti şəkildə nəinki sənədlərdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini dayandırdım, hətta yubiley mərasimləri təşkil etmək arzuları ilə təşəbbüs göstərən bəzi idarələrin də bu istiqamətdə başladıqları işlərin qarşısını aldım... Anadan olmağımın 75 illiyi ilə əlaqədar Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yubiley tədbirləri keçirmək üçün daha əhatəli yeni bir qərarı da qəbul olunmuşdu... Mən qəti olaraq yenə də yubiley yığıncağının keçirilməsinin əleyhinə çıxdım. Bütün etirazlarıma və müqavimətlərimə baxmayaraq, yubiley təşəbbüskarları... məni inandırırdılar ki, indi adamların çoxunun hər 5 ildən bir özlərinə yubileylər keçirdikləri bir vaxtda sənin 75 illik həyatında heç olmasa bir dəfə də yubiley tədbiri keçirməməyin cəmiyyətdə anlaşılmazlıq yarada bilər...".
Daha bir misal. Akademik xatırlayır: "70-ci illərin əvvəllərində ailəmizin tərkibinin artması ilə əlaqədar "Xruşşovka" tipli ikiotaqlı balaca mənzil bizə xeyli darısqallıq edirdi... Hər cəhətdən ləyaqətli insan kimi tanınan qayınatam Ağamalı İsmayılovla köməkləşərək Coğrafiya İnstitutunda yaradılmış kooperativ evində mənzil tikdirmək qərarına gəldik. Yeni mənzilə köçərkən köhnə mənzilimizi hətta bir qədər də səliqəyə salaraq onun açarlarını könüllü surətdə evlər idarəsinə verdim. Bu zaman idarənin rəisinin qeyri-adi baxışları, bəzi müəmmalı sualları və nəhayət, heyrət dolu nəzərləri, habelə hərəkətləri də diqqətimdən yayınmadı. Bu hadisədən az sonra institutun direktoru, akademik Həsən Əliyev məni yanına çağırdı və həyəcanlı halda aşağıdakı sözləri dedi: "Görünür, başın xarab olub. 106 mənzil alan əməkdaşlar içərisində köhnə evini saxlamaq haqqı və hüququ olanlardan ən birincisi sən idin. Ona görə də köhnə evi də səndə saxlamağı qərara almışdıq. Axı bir neçə ildən sonra böyük oğlun evlənəcək, onda nə edəcəksən?". Onunla bu məzmunda söhbətə qədər qohumlarım, tanış-dostlarım tərəfindən üzüm kifayət dərəcədə danlandığından deyilən irada artıq mən dərhal cavab verməyə hazır idim: "Həsən müəllim, Siz bilirsiniz ki, adamlar məni necə tanıyırlar. Nə vaxtsa ailə quracaq oğluma ev saxlamaqla, bəs bu gün mənim ətrafımda evsiz olan əməkdaşların üzünə hansı mənəvi haqla baxa bilərəm?". Həsən müəllim dərin fikrə getdi, az sonra yerindən qalxaraq mənə yaxınlaşdı, hər iki əlimdən tutaraq dedi: "Halal olsun... Düz hərəkət etmisən. Sağlıq olsun, oğlun evlənəndə sizin mənzil probleminizin həlli mənim boynuma".
Lakin hadisələrin sonrakı gedişi Həsən müəllimə öz vədini yerinə yetirməyə imkan vermir. Akademik H.Əliyevin dünyasını dəyişməsindən düz 12 il sonra Milli Elmlər Akademiyasının 60 illik yubileyi münasibətilə ayrılan mənzillərdən biri akademik A.Nadirova qismət olur...
"Azərbaycanın 50 akademikindən biri olaraq uzun müddət mənzilim olmayıb, təbiət vurğunu olduğuma baxmayaraq və iş qabiliyyətimin bərpası üçün zəruri olan bağım, şəxsi minik vasitəm, pulum və var-dövlətim yenə də yoxdur. Bununla belə mən özümü çox zəngin insan hesab edirəm, taleyimdən də tamamilə razıyam. Çünki mən öz yaşayışımı əqidəmdən və mənəvi-əxlaq tələblərimdən irəli gələn əməllərimə uyğun da qurmuşam. Mən özümü ona görə xoşbəxt hesab edirəm ki, insanlar məndən çəkinmirlər, mənimlə ünsiyyətdən tez ayrılmağa tələsmirlər. Müxtəlif insanlara nə vaxtsa kömək əli uzatdığım üçün onların səmimi minnətdarlıqlarını eşitdikcə həyatda necə gəldi yaşamadığımı fərəhlə dərk edirəm... Məhz insan münasibətlərində qazandığım bu qarşılıqlı xoş duyğular sayəsində şəxsi yaşayış tərzimin hər hansı kəm-kəsirləri əhəmiyyətsiz görünmüş, bəlkə də həyatda ürəyimcə ömür sürməyimi təmin etmişdir... Bütün şüurlu ömrümü o duyğularla yaşamışam ki, tutduğum vəzifələrdə insanlara gözlədikləri köməkliyi göstərməklə Vətənə sədaqətlə xidmət etməliyəm" - təxminən iki aydan sonra ömrünün 83-cü baharına yetişəcək akademik Asəf Nadirovun həyat kredosu, hamımıza nümunə, örnək olası həyat qanunu və yaşam tərzi bax, budur! O akademikin ki, yaşının bu ahıl çağında da ölkənin ictimai-iqtisadi həyatında gedən əzəmətli işlərə heyrətamiz əməksevərlik və yorulmaz fəallıqla müntəzəm olaraq münasibət bildirməyi, konseptual xarakterli elmi məqalələrlə dövri mətbuatda, akademik elmi nəşrlərdə çıxış etməyi özünün alim-vətəndaş borcu hesab edir. Məhz belə alim uzunömürlülüyünə, ibrətamiz həyat kredosuna, həyat qanunlarına və həyat tərzinə görə bu böyük soydaşımıza bizim tərəfimizdən minnətdarlıqla sonsuz sayda yalnız "Çox sağ olun! Var olun!" - düşür...
"Qəti inanıram ki, çox az vaxtdan sonra Azərbaycanda bəxtəvər ömrünü yaşayan hər bir vətəndaş mütləq deyəcək: "Burada heç zaman həyatın bütün tərəfləri indiki qədər gözəl olmamışdır" - Bu da Asəf müəllimin sözləridir. Biz hörmətli akademikin bu fikir əminliyinə birmənalı olaraq şərik çıxmaqla, sonda belə bir arzumuzu da dilə gətiririk: Asəf müəllim, arzusunda olduğunuz həmin xoşbəxt həyatı sizin də yaşayacağınıza zərrə qədər şübhə etmirik. Əvvəla, ona görə ki, həmin bəxtəvər günlər çox yaxındadır; ikincisi də odur ki, o fərəhli yaşayışın məhz xalqımızın ləyaqətli və nəcib nümayəndələrinə - onlardan biri də sizsiniz - qismət olacağı şəksizdir!
Ziyad SƏMƏDZADƏ,
Azərbaycan Respublikası
Milli Məclisinin İqtisadi siyasət
komitəsinin sədri, akademik
Vahid NOVRUZOV,
iqtisad elmləri doktoru,
professor
Azərbaycan.- 2012.- 4 fevral.- S. 7.