Türkiyədə Elazığ – Bakı mədəniyyət günləri keçirilir

 

Fevralın 3-də Türkiyənin Elazığ şəhərində Elazığ-Bakı mədəniyyət günlərinin açılışı olmuşdur.

Elazığ valisi Muammer Erol və bələdiyyə sədri Süleyman Selmanoğlu bu mədəniyyət günlərində iştirak edəcək nümayəndə heyətini qəbul etmişlər. Vilayətin rəhbərləri bildirmişlər ki, qardaş ölkənin mədəniyyət və incəsənətini geniş kütlələrə tanıdacaq bu tədbir Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuşdur. 

Jurnalistlərə məlumat verilmişdir ki, tədbir çərçivəsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri və deputatların iştirakı ilə müstəqilliyimizin bərpa olunmasının 20-ci ildönümünə həsr olunmuş konfranslar keçiriləcəkdir. İki gün davam edəcək mədəniyyət günlərində şair Almas İldırım və dramaturq Cəfər Cabbarlının yaradıcılığına həsr olunmuş seminarlar təşkil olunacaqdır. Bundan başqa, xalq yazıçısı Anara Fırat Universitetinin Fəxri doktoru diplomunun təqdim olunması və Füzulini anma gecəsi də nəzərdə tutulmuşdur.

Tədbirlərin yekununda Azərbaycandan gəlmiş muğam ustaları və rəqs qrupu Elazığ sakinləri üçün konsert verəcəklər.

 

* * *

 

Türkiyənin Elazığ şəhərində Azərbaycan parkı və Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılmış abidənin açılışı olmuşdur.

Açılış mərasimində Elazığ valisi Muammer Erol, Türkiyə parlamentinin deputatı Şuay Alpay, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, Avrasiya Yazarlar Birliyinin sədri Yakup Deliömeroğlu, Fırat Universitetinin rektoru, professor Feyzi Bingöl, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri iştirak etmişlər.

Yakup Deliömeroğlu bildirmişdir ki, Elazığda ucaldılan bu abidə Qafqaz İslam Ordusunun canlarını Azərbaycanın müstəqilliyi uğrunda fəda etmiş azərbaycanlı və türk şəhidlərinin xatirəsinə Türkiyədə ilk heykəldir. Biz, Bakıda qəhrəmanlıqla həlak olmuş 1300 əsgərin, habelə Dağlıq Qarabağda, Xocalıda şəhid olmuş insanların xatirəsini hər zaman qəlbimizdə yaşatmalıyıq.

Xalq Yazıçısı Anar vurğulamışdır ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinə dəstək olmuşdur. Bizim sevincimiz də, kədərimiz də birdir. Sevincli günlərdə Elazığdakı Xəzər gölü ətrafında şeir məclisinə toplaşır, kədərli günlərimizdə birlikdə şəhidlərimizin xatirəsini anırıq.

Millət vəkili Şuay Alpay isə babası Məhmət Kasım bəyin 1918-ci ildə Gəncədə erməni quldur dəstələrinə qarşı vuruşduğunu və şəhid olduğunu söyləmişdir. O bütün şəhidlərin xatirəsinin hər iki qardaş ölkənin xalqlarının qəlbində daim yaşayacağını demişdir.    

Sonra Elazığ valisi və Azərbaycandan gəlmiş qonaqlar Azərbaycan parkının ərazisini gəzmiş, şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoymuşlar.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2012.-4 fevral.- S.  7.