Azərbaycanın BMT
yanında daimi nümayəndəsi qurumun baş katibinə
Xocalı soyqırımı ilə bağlı məktub
göndərmişdir
Azərbaycanın BMT yanında daimi
nümayəndəsi, səfir Aqşin Mehdiyev təşkilatın
baş katibi Pan Gi Muna məktub göndərmişdir.
Daimi nümayəndəlikdən AzərTAc-a
bildirmişlər ki, məktubda Xocalı faciəsi və ermənilər
tərəfindən azərbaycanlılara qarşı törədilmiş
digər cinayətlər barədə ətraflı məlumat
verilmişdir.
Faciə
ilə bağlı faktları diqqətə çatdıran Aqşin Mehdiyev məktubunda
qeyd etmişdir ki, 1992-ci il fevralın 25-dən
26-na keçən gecə Ermənistan silahlı birləşmələri
Xocalı sakinlərinə qarşı soyqırımı
aktı həyata keçirmişlər. Bu hərbi təcavüz nəticəsində
Xocalı şəhəri darmadağın edilmiş,
dinc sakinlərə amansızcasına divan tutulmuşdur. 613 nəfər,
o cümlədən 106 qadın, 63 uşaq və 70 ahıl insan
xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər təhqir olunmuş, 487 dinc sakin ağır
yaralanmış, 1275 nəfər girov götürülmüşdür.
Girovların 150 nəfərinin taleyi bu günədək məlum deyildir.
Səfir
Aqşin Mehdiyev BMT baş katibinə məktubunda faciənin Xocalı əhalisinin
başına yalnız azərbaycanlı olduqları üçün gətirildiyini bildirmişdir. Qeyd edilmişdir ki,
Xocalı şəhəri təcavüz, işğal
və etnik təmizləmə üçün meydan kimi seçilmiş,
ağlasığmaz vəhşiliklər törədilmiş,
hamilə qadınların dərisi soyulmuş,
başları kəsilərək süngüdən keçirilmiş, cəsədlər
tanınmaz hala salınmışdır.
Məktubda
bildirilmişdir ki, Azərbaycanın
hüquq-mühafizə orqanları çoxsaylı müstəqil
mənbələrə, bu faciənin
şahidlərinə və sənədlərə əsaslanaraq
Xocalıda törədilmiş cinayətlərdə Ermənistanın
məsuliyyətini təsdiqləyir. Bu məsuliyyət
beynəlxalq hüququn ümumi
normalarından və insan hüquqları
haqqında Avropa Konvensiyasından irəli
gəlir.
Diplomat məktubunda yazır ki, bir çox
cinayətlərlə bağlı beynəlxalq səviyyədə
görülmüş ardıcıl tədbirlər,
həmçinin beynəlxalq cinayətkarların mövcud hüquqi çərçivədə
mühakimə olunması və cəzalandırılması
Azərbaycan hökumətində belə bir
əminlik yaradır
ki, Xocalı qətliamı və Ermənistanın
Azərbaycana təcavüzü zamanı törədilən
digər ağır cinayətlər də cəzasız
qalmayacaqdır.
Səfir
Aqşin Mehdiyev baş katibə ünvanladığı bu məktubun Baş Məclisin
gündəlikdə duran 35, 39, 65, 67, 69,
83 və 84 nömrəli maddələrinə uyğun
olaraq, eləcə də Təhlükəsizlik
Şurasının sənədi kimi
yayılmasını xahiş etmişdir.
Azərbaycan.-
2012.- 26 fevral.- S.1.